Hərbi xidmətə çağırış uğurla davam edir

Ümummilli liderimiz Heydər Əliyev gənclərimizin taleyüklü vəzifələrindən danışarkən vurğulayırdı ki, müasir Azərbaycan gəncliyinin qarşısında dayanan ən mühüm vəzifə doğma ordumuzda şərəflə xidmət etmək və torpaqlarımızı hərbi təcavüzdən qorumaqdır. Doğrudan da, bu günümüzün gəncliyi qürur hissi duymalıdır ki, ona tapşırılan vəzifə həm də doğulub boya-başa çatdığı məmləkətinə müqəddəs övlad borcudur. Bu günlər ölkəmizin şəhər və rayonlarında bir canlanma, bayram əhval-ruhiyyəsi duyulmaqdadır, bu da ənənəvi olaraq gənclərin ordu sıralarına yaz çağırışı kampaniyasının başlanması ilə əlaqədardır.
Səhər tezdən Samux Rayon Hərbi Komissarlığının həyətində qələbəlikdir, çağırış yaşı tamam olmuş gənclər və doğmaları buraya toplaşıblar. Elə komissar başda olmaqla hərbi qurumun kollektivi də, necə deyərlər, gücləndirilmiş iş rejimindədir, hər bir çağırışçı, yaxud müraciət edən hər kəs diqqətlə dinlənilir və konkret qərarlar qəbul edilir. Söhbətləşdiyim valideynlərə görə, əvvəllər belə işgüzar və səmimi mühit yox idi, elə bil hamı sözünü deməyə çətinlik çəkirdi. Həqiqət belədir, son illər Azərbaycanın ordu quruculuğunda qazanılmış uğurlar, aparılan məqsədyönlü islahatlar, eləcə də Müdafiə Nazirliyi rəhbərliyi tərəfindən hərbi çağırış sistemində şəffaflığın təmin edilməsi insanların ürəyincədir.
Hərbi komissar Sərdar Həsənov söhbətimizdə bir əsas məsələyə toxunaraq qeyd etdi ki, son vaxtlar hərbi qulluqçuların sosial hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər, yerlərdə Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün görülən işlər insanların həm dövlət rəhbərliyinə, həm də ordumuzun möhkəmlənməsinə inam hissini daha da artırıb. Hərbi komissarla birgə həyətdəki lövhədə dərc edilmiş siyahının qarşısında toplaşmış adamlara yaxınlaşırıq. Kimin nə sualı ortalığa çıxırsa, komissar bütün məsələlərə aydınlıq gətirir. Qalib Nəbiyev oğlu Anarı hərbi xidmətə yola salmaq üçün gəlib. Əsgər atası üçüncü oğul övladını hərbi xidmətə yola saldığını bildirir. Əvvəllər bu ailənin iki övladı da milli ordumuzun sıralarında xidmət edib.
Azərbaycanın qərb bölgəsində yerləşən Tovuz rayonunda da çağırış uğurla həyata keçirilir. Bu rayon ta qədimdən qəhrəman, əməksevər insanları ilə ad çıxarıb. Erməni daşnaklarının ölkəmizə hərbi təcavüzü dövründə Tovuz rayonu da özünün qanlı-qadalı günlərini yaşayıb. Bu gün ölkəmizin hərb xadimləri də etiraf edirlər ki, bu sərhəd bölgəsinin düşmənlərin hücumlarından qorunmasında yerli əhalinin mənəvi dəstəyi böyük rol oynayıb.
Məhz həmin illərdə Tovuz sakinləri bir yerə cəm olaraq doğma yurdu düşmən təcavüzündən qorumaq ücün əllərindən gələni etmişlər. Həmçinin yüzlərlə tovuzlu gənc Azərbaycanın başqa bölgələrində də erməni hərbi bölmələrinə qarşı döyüşlərdə fəal iştirak edib. Cəsarətlə demək lazımdır ki, ötən illərin qəhrəmanlıq salnaməsi bu gün də uğurla davam etdirilir. Hazırda Azərbaycanın hərbi təhsil ocaqlarında oxuyan gənclər arasında tovuzluların da sayı çoxdur.
Son iki ildə 165 nəfər tovuzlu ali hərbi məktəblərə qəbul olunub. Hərbi komissar polkovnik - leytenant A.Fəttahovun açıqlamasına görə, gənclərin hərbi peşələrə marağının yüksəlməsində son illər rayonda həyata keçirilən məqsədyönlü vətənpərvərlik tərbiyəsi işi mühüm rol oynayır.
Sonra hərbi komissar bildirdi ki, ölkə vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması haqqında Prezident İlham Əliyevin məlum fərmanı ilk gündən uğurla həyata keçirilir. Gənclər təyin olunduqları hərbi hissələrə yola düşmək üçün vaxtında hərbi komissarlığa toplaşır və burada onların ordu sıralarına təntənəli şəraitdə yola salınması təşkil edilir.

{nl}

V.ƏLİYEV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında