Ölkənin 25 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulub

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2018-ci ilin yanvar-iyun ayları üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində 2018-ci ilin birinci yarımilində ölkə iqtisadiyyatı dinamik inkişaf edib, bütün sahələrdə müsbət irəliləyiş təmin olunub. 
 
Bütövlükdə isə cari ilin ilk yarısının Azərbaycanın ictimai-siyasi həyatı üçün bir sıra əlamətdar hadisələrlə zəngin olduğunu diqqətə çatdıran Q.Hüseynov bildirib ki, ölkəmizdə keçirilmiş prezident seçkilərində İlham Əliyev xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib, Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordunun yaradılmasının 100 illiyi təntənəli surətdə qeyd edilib, Bakıda “Formula 1” mötəbər idman yarışı keçirilib, eyni zamanda, TANAP layihəsinin açılışı olub.
ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Azərsu” ASC-nin sədri 2018-ci ilin 6 ayında istehlakçılara göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm layihələrin həyata  keçirildiyini vurğulayıb: “Fevral ayında Mingəçevir, may ayında isə Xaçmaz və Xızı şəhərlərində, eləcə də Altıağac qəsəbəsində içməli su layihələrinin icrası yekunlaşıb və Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimləri keçirilib. Ümumilikdə, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanmış 50 şəhər və rayon mərkəzinin 25-də su və kanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkələrinin inşası yekunlaşıb. İlin ötən dövründə Prezident Mingəçevir, Tovuz, Ağstafa, Şirvan, Lerik və Ağdaş şəhərlərinin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sistemlərinin yenidən qurulması, eləcə də respublikanın 13 rayonunun ümumilikdə 45 min nəfər əhalisi olan 30 yaşayış məntəqəsinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb”.
Qeyd olunub ki, Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2018-ci il 9 aprel tarixli sərəncamına, həmçinin dövlət investisiya layihəsinə əsasən içməli su çatışmazlığının  müşahidə edildiyi Oğuz rayonunun Astarxanovka, Vladimirovka, Qarabulaq, Ağstafa rayonunun Yeni Gün, Masallı rayonunun Məmmədxanlı, Göyçay rayonunun İkinci Ərəbcəbirli, Qusar rayonunun Aşağı Ləgər və Xızı rayonunun Yeni Yaşma kəndlərində içməli su təchizatı layihələrinin icrası yekunlaşıb. Həmin layihələr hesabına ümumilikdə 10 minə yaxın sakin  keyfiyyətli içməli suya çıxış imkanı qazanıb. Bundan əlavə, dövlət başçısının “İstehlakçıların suölçən cihazlarla təmin edilməsi haqqında” sərəncamına uyğun olaraq işlər davam etdirilib.
“Azərsu” ASC-nin sədri daha sonra qeyd edib ki, 2018-ci ilin yanvar-iyun aylarında ölkə üzrə 510 kilometr içməli su və 201 kilometr kanalizasiya xətləri çəkilib. Görülmüş işlər nəticəsində 7800 nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 30 min 400 nəfərin su təminatı fasiləsiz rejimə keçirilib. Bununla da, fasiləsiz rejimdə su təminatının səviyyəsi ölkə üzrə 67,6 faiz təşkil edib. Ölkə üzrə abonentlərin sayğaclaşma səviyyəsi 79,4 faizə çatdırılıb.
Daha sonra “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov, Texniki-İstehsalat Departamentinin rəisi Aydın Abbasov, Binəqədi Su-kanal İdarəsinin rəisi Elnur Əliyev və 1 №-li Regional Sukanal İdarəsinin rəisi Elşən Həsənzadə çıxış edərək müvafiq sahələr üzrə  2018-ci ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat veriblər.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlarını verib. Qeyd olunub ki, bu il Ağdaş, Qəbələ, Daşkəsən və Ağcabədi şəhərlərində su və kanalizasiya şəbəkələrinin, Astara şəhərində isə su şəbəkəsinin inşası başa çatdırılacaq, eyni zamanda, sutkalıq məhsuldarlığı 140 min kubmetr olan Şəmkirçay sutəmizləyici qurğusu istismara veriləcək. Bununla yanaşı, Prezidentin sərəncamlarına uyğun olaraq Şamaxı, Gədəbəy, Lerik və Tovuz şəhərləri üçün alternativ su mənbələrinin yaradılması layihələrinin icrası tamamlanacaq.
Səhmdar cəmiyyətin sədri, həmçinin qeyd edib ki, ilin sonunadək Strateji Yol Xəritəsinə uyğun olaraq regional sukanal idarələrinin yaradılması prosesi başa çatdırılmalı, yeni elektron xidmətlərin yaradılması davam etdirilməlidir. İclasda, həmçinin iqtisadi səmərəliliyin artırılması, elektrik enerjisi sərfiyyatının azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi, müştərilərlə işin təkmilləşdirilməsi, müştəri informasiya sisteminin əhatə dairəsinin genişləndirilməsi, çoxmənzilli binaların daxili kommunikasiya xətlərinin yenilənməsi və sayğaclaşma işlərinin sürətləndirilməsi barədə müvafiq tapşırıqlar verilib.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında