İyulun 25-də Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2018-ci ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev görülmüş işlər barədə ətraflı məlumat verib.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mükəmməl konseptual əsaslarla davam etdirilməsi nəticəsində ötən dövrlərdə olduğu kimi, 2018-ci ilin birinci yarısında da bütün sahələrdə irimiqyaslı uğurlara imza atılıb. Hüquqi-demokratik dövlət quruculuğunun inkişafına və cəmiyyətin sosial-iqtisadi rifahına hesablanmış müdrik siyasətin məntiqi nəticəsi olaraq, bu il aprelin 11-də keçirilən demokratik, azad və şəffaf seçkilər yolu ilə xalqımız dərin inam və etimadını bir daha nümayiş etdirərək İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçib.
Ötən dövrdə dövlətimizin başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və s. korrupsiyaya qarşı mübarizə tədbirlərinə əsaslanan ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilib.
Xüsusi vurğulanıb ki, əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin başlıca xətti kimi müəyyənləşdirib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi prokurorluq orqanlarının digər qurumları ilə əlaqəli şəkildə bütün səylərini qarşıya qoyulmuş vəzifələrin uğurla və daha səmərəli şəkildə icra edilməsinə, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas təminatlarından olan ictimai-siyasi sabitliyin qorunmasına və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə yönəldib.
Bu müddətdə Baş İdarə tərəfindən vətəndaşların 3874 müraciətinə baxılıb, həmçinin 126 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 82-si (65 faiz) üzrə cinayət işi başlanılıb, 44 (35 faiz) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 28 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunub.
Bildirilib ki, korrupsiya hüquqpozmaları barədə müraciətlərin fasiləsiz rejimdə qəbulu məqsədilə yaradılan Baş İdarə ilə vətəndaşlar arasında mühüm əhəmiyyətli dialoq vasitəsi rolunu oynayan “161 - Qaynar xətt” Əlaqə Mərkəzinə hesabat dövründə 1970 müraciət daxil olub. Həmin müraciətlərin 16-sı üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həlli təmin olunmaqla vətəndaşların pozulmuş hüquqları bərpa edilib. Aşkarlanan qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilib.
Diqqətə çatdırılıb ki, ötən dövrdə Baş İdarənin əməliyyat qurumlarının keçirdikləri tədbirlər nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 4, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 5 cinayət işi başlanıb.
Cari ilin birinci yarısında Baş İdarədə 184 şəxs barəsində 115 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmin cinayət işlərindən 79 şəxs barəsində 42 iş mənimsəmə və israf etmə, 50 şəxs barəsində 30 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 12 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 9 şəxs barəsində 9 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, 2 şəxs barəsində 2 iş rüşvət alma (passiv rüşvətxorluq), qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 51 milyon 194 min manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 16 milyon 578 min manat və ya 32,5 faizini ödənilməsi təmin edilib. Qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 25 milyon 342 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.
Hesabat dövründə Baş İdarə rəisi, Baş İdarə rəisinin müavinləri, idarə və ya şöbə rəisləri, təşkilati və informasiya təminatı idarəsinin prokurorları tərəfindən ümumilikdə 250 vətəndaş qəbul edilib.
Kamran Əliyev vurğulayıb ki, korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətləri və hüquqpozmalarının yayıldığı sahələrin müəyyənləşdirilməsinə diqqət artırılıb. Preventiv tədbirlərin təsir gücünün məhz bu istiqamətlərə yönəldilməsi son illərin təcrübəsi ilə bir daha öz təsdiqini tapmaqdadır. Belə ki, əvvəlki dövrlərdə olduğu kimi hesabat dövründə də korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarənin əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib. On üç xüsusat üzrə inzibati pozuntu aşkar edildiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 54-cü, 192.1-ci və 198.0.1-ci maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilib. Araşdırılması üçün aidiyyəti üzrə müvafiq qurumlara göndərilmiş müraciətlər üzrə aparılmış xidməti yoxlamalar nəticəsində isə vəzifəli şəxslərin hərəkətlərində aşkarlanan cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 10 vəzifəli şəxsə xəbərdarlıq, 8 vəzifəli şəxsə töhmət verilib. Həmçinin 2 vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb olunub, 3 nəfər isə vəzifəsindən azad edilib. Habelə araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 47 təqdimat göndərilib.
Həmçinin hesabat dövründə Baş İdarə tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” 2017-ci il 28 aprel tarixli Fərmana uyğun olaraq, bu sahədə vətəndaşların əmək hüquqlarının pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə qarşı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi ilə birgə ən ciddi mübarizə tədbirləri davam etdirilib. Mərkəzdən daxil olmuş 17 material əsasında aparılmış araşdırmalar zamanı bir sıra şirkətlərin rəhbərləri tərəfindən ayrı-ayrı şəxslərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xidmətlərin yerinə yetirilməsinə cəlb olunmaları halları müəyyən edildiyindən 1 cinayət işi və 5 inzibati xəta haqqında iş üzrə icraat başlanması təmin edilib. Həmin şirkətlərin rəhbərlərinə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci və 23-cü maddələrinə əsasən gələcəkdə hər hansı bir işlərin görülməsi zamanı işlərə cəlb edilmiş işçilərin hüquqlarının pozulması hallarına yol verilməməsi, əks təqdirdə barələrində daha ciddi məsuliyyət tədbirləri görüləcəyi barədə 13 rəsmi xəbərdarlıq elan edilib. Eləcə də bu növ qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara 28 təqdimat verilib. Həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində əmək münasibətləri rəsmiləşdirilmədən tikinti şirkətlərində işə cəlb olunan 258 işçi ilə əmək müqavilələrinin bağlanması təmin edilib.
Mətbuat konfransında çıxış edən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin dövlət orqanları tərəfindən 86 faiz icra edildiyini və Milli Fəaliyyət Planının Azərbaycanda və regionda ilk dəfə olaraq Elektron Monitorinq Sistemi (ems.gov.az) vasitəsi ilə qiymətləndirildiyini bildirib. O, korrupsiyaya qarşı həyata keçirilmiş mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində “ASAN xidmət” mərkəzlərinin sayının və fəaliyyət coğrafiyasının daha da genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.
K.Cəfərov cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində institusional və qanunvericilik tədbirlərin həyata keçirildiyini, yeni Maliyyə Monitorinq Xidmətinin yaradıldığını, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın səlahiyyətləri çərçivəsində bu sahədə müvafiq Dövlət Proqramının icrasına nəzarətin həyata keçirildiyini, qanunvericiliyin icra vəziyyətinin araşdırıldığını və Avropa Şurasının MONEYVAL Komitəsinin tövsiyələrinə uyğun olaraq təkliflərin hazırlandığını bildirib.
Həmçinin korrupsiyanın qarşısının alınması sahəsində Komissiyanın “Qanunvericiliyin təkmilləşdirilməsi üzrə” İşçi Qrupu tərəfindən yeni Milli Strategiya və Tədbirlər Planının layihəsinin hazırlandığı və prosesin ilin sonuna kimi müvafiq dövlət orqanları, beynəlxalq ekspertlər və təşkilatlar, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə yekunlaşacağı qeyd olunub.
Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlarında korrupsiyaya qarşı mübarizə sahəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 2018-ci ilin birinci yarımili ərzində gördüyü işləri müsbət dəyərləndiriblər.
Mətbuat konfransında, həmçinin bildirilib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın və mövcud qanunvericiliyin səmərəli tətbiqi üçün qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin zəruriliyi nəzərə alınaraq hesabat dövründə Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilib. Ölkəmizin korrupsiyaya qarşı mübarizədə əldə etdiyi mühüm nailiyyətlər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilib.
Beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlərin məntiqi nəticəsi olaraq, Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə İstanbul Fəaliyyət Planı çərçivəsində əməkdaşlığı ötən dövrdə də uğurla davam etdirilib. Bu il OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə 19-ci monitorinq görüşündə Şəbəkənin IV Monitorinq Raundu üzrə ölkəmizə dair verilmiş tövsiyələrin böyük qismində icrası istiqamətində əsaslı nailiyyətin əldə olunması barədə yekdil fikrə gəlinib və dövri hesabat müsbət qiymətləndirilərək qəbul edilib.
Həmçinin ötən il OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) Hüquq Mühafizə Orqanları Şəbəkəsinin Bakıda keçirilmiş 8-ci görüşü təşkilat tərəfindən iştirakçılar arasında qabaqcıl təcrübənin paylaşılmasına verdiyi töhfələrə görə nümunəvi əməkdaşlıq platforması kimi qiymətləndirilib.
Bundan başqa, respublikamızın dünya prokurorlarını bir qurumda birləşdirən ilk və yeganə təşkilat olan Beynəlxalq Prokurorlar Assosiasiyasının işində fəal iştirakı, təşəbbüskarlığı və səmərəli təmsilçiliyi nəzərə alınaraq, Assosiasiyanın İcraiyyə Komitəsinin 45-ci iclası bu il aprelin 9-10-da Bakıda keçirilib. Təşkilata üzv ölkələrin prokurorluq orqanlarının yüksək səviyyəli şəxslərinin iştirak etdikləri tədbirdə Assosiasiyanın rəsmi internet səhifəsinin anti-korrupsiya saytının fəaliyyətinin Azərbaycan Prokurorluğu tərəfindən hazırlanması xüsusi qiymətləndirilib.
Diqqətə çatdırılıb ki, ötən yarım il ərzində Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla yanaşı, bu sahədə qabaqcıl və müsbət təcrübəyə malik olan ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə də ikitərəfli səmərəli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində zəruri tədbirlər görülüb. Belə ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin başçılıq etdiyi nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Tehrana etdiyi səfər zamanı Baş İdarə ilə İranın Baş Təftiş Təşkilatı arasında korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması sahəsində Anlaşma Memorandumu imzalanıb.
Bundan başqa, Avropa İttifaqının Avropa Qonşuluq Siyasətinin “Şərq Tərəfdaşlığı” və TAİEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) aləti çərçivəsində, Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsini (MONEYVAL), Beynəlxalq Antikorrupsiya Akademiyasi (IACA), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı (GUAM) və digər təşkilatlarla səmərəli əməkdaşlıq aparılıb.
Baş İdarənin fəaliyyətində korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar və xarici ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə yanaşı, respublikanın dövlət qurumları ilə də qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı mühüm yer tutub. Hesabat dövründə Baş İdarə ilə Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Gömrük Komitəsi arasında müvafiq olaraq əhalinin sağlamlığının qorunması, qida təhlükəsizliyinin və gömrük işi sahəsində korrupsiyaya qarşı birgə mübarizənin daha səmərəli şəkildə təmin edilməsi məqsədilə anlaşma memorandumları imzalanıb.
Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilib. Baş İdarənin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu, Baş İdarə tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri, istintaqı aparılan cinayət işləri və digər mühüm məsələlərlə əlaqədar KİV-lərdə ictimaiyyətə mütəmadi məlumat verilib.
Mətbuat konfransında cari il iyulun 8-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması ilə bağlı göstərişlərinə uyğun olaraq, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərini davam etdirəcəyi xüsusi vurğulanıb.
Sonda QHT-lərin və KİV-lərin nümayəndələrinin sualları ətraflı cavablandırılıb.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.