İmişli: əzmkarlıq və səriştə uğurları artırır

Bu günlərdə İmişliyə getmişdim. Axşamüstü idi. Bütün günü Mil səmasında yandırıb-yaxan yay günəşi artıq üfüqə doğru hərəkət edir, sanki, “gizlənməyə” çalışırdı. Bu arada Araz tərəfdən sərin meh əsməyə başladı. Həqiqətən, meh gün ərzindəki cansıxıcı istidən  sonra lap yerinə düşdü. 
 
Yolumu əvvəlcə rayon icra hakimiyyətinə saldım. Burada bildirdilər ki, RİH başçısı Vilyam ­Hacıyev Telişli  kəndində əhali ilə səyyar görüş keçirmək üçün səhər tezdən ora yola düşüb. Rayonun əsas idarə və müəssisələrinin rəhbərləri də oradadırlar. Gözlərim önünə bir neçə il əvvəl İmişlinin qərb istiqamətində dövrəyə alan Kür çayının lap kənarında yerləşən uzaq Telişli kəndinin tozlu-kəsəkli yolları  canlandı. Qeyri-ixtiyari olaraq, “Telişlinin yolları məni çox yormuşdu”,- dedim. 
Həmsöhbətim gülümsəyərək dilləndi: 
– Düzdür, Telişli rayonun ən ucqar kəndlərindən biridir. Amma ötən il Telişli istiqmətində gözəl yol çəkilib. 
RİH nümayəndəsi sonra əlavə etdi ki, son illər rayonda, demək olar ki, bütün yollar yenidən qurulub. İmişlidə son illər infrastrukturun inkişafı sahəsində, həqiqətən, böyük işlər görüldüyü barədə məlumatım vardı. Əslində, bu barədə “Xalq qəzeti”nin səhifələrində dəfələrlə yazmışam. 
Mən son illər bu rayonda davamlı uğurların əldə olunduğunun şahidi olmuşam. Düşünürəm ki, bu uğurlar, ilk növbədə, Azərbaycan dövlətinin, möhtərəm Prezidentimiz İlham Əliyevin bölgələrin inkişafına göstərdiyi böyük, davamlı qayğını özündə bariz şəkildə əks etdirir. 
İmişli camaatı torpağa bağlı, əməksevər insanlardır. Onlar dövlətimizin qayğısından həvəslənərək bütün sahələrdə daha yaxşı nəticələr qazanmaq əzmindədir. Bilirlər ki, yaxşı iş həm üz ağardır, həm də hər bir ailənin daha yaxşı güzəran keçirməsinə səbəb olur. 
 
Kəndlərdə səyyar qəbullar 
 
Səhərisi gün İmişli RİH-in başçısı Vilyam Hacıyev öz kabinetində mənə bir gün əvvəl Telişlidə keçirilən səyyar qəbuldan həvəslə söz açdı. Dedi ki, insanların qayğı və problemlərini dinləyiblər, bir sıra müşkülləri yerindəcə həll ediblər. Təbii ki, RİH başçısının səyyar qəbullarının əhali üçün faydası çoxdur. Məsələn, elə həmin Telişli kəndindəki səyyar qəbulda rayonun bütün əsas idarə və müəssisə rəhbərləri, eləcə də rayondakı hüquq-mühafizə orqanlarının nümayəndələri də iştirak ediblər. 
Telişli camaatı səyyar qəbuldan çox razı qalıb. Axı bir var, 40-45 kilometr yol qət edib, rayon mərkəzinə gələsən, hansısa idarə, müəssisə rəhbərinin qəbuluna düşüb problemin həllinə çalışasan, bir də var rayonun məsul işçiləri özləri kəndə təşrif buyurub insanları narahat edən çətinlikləri həll edələr. 
Bəli, məmurlar xalqın xidmətində durmağa borcludurlar. Bu barədə söz düşəndə Vilyam müəllim bunları dedi: 
– Azərbaycan Prezidenti, möhtərəm İlham Əliyev bizdən, dövlət məmurlarından tələb edir ki, xalqın içində olaq, insanların qayğı və problemlərini öyrənib, onların maksimum həllinə nail olaq. Bu, bizim vəzifə və vətəndaşlıq borcumuzdur!
Bəli, yerlərdə görüşlər keçirməkdə əsas məqsəd problemləri oparativ, yerindəcə həll etməkdir. Necə deyərlər,  bu günün işini sabaha qoymaq olmaz. Ona görə ki, sabahın da öz işi var. İmişli RİH rəhbərliyi bu məsələyə məhz bu mövqedən yanaşır. O məsələlərin həlli ki, müəyyən dəqiqləşmə, vaxt tələb edir, onlar nəzarətə götürülür və mövcud qanunlar çərçivəsində həlli üçün bütün mümkün işlər görülür. 
Yeri gəlmişkən, bu günlərdə İmişli RİH-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci yarımilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasından  doğan vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Tədbirdə İmişli RİH-in başçısı  Vilyam Hacıyev hesabat məruzəsi ilə çıxış edib. 
Həm məruzədə, həm də çıxışlarda qeyd olunub ki, 2018-ci ilin birinci yarımilində İmişli rayonunun sosial-iqtisadi inkişafında da yaxşı nəticələr əldə olunub. Bеlə ki, iqtisаdiyyаtın əsаs sаhələri üzrə 173 milyon mаnаtlıq məhsul istеhsаl еdilmiş, yаxud хidmət göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. 
 
Sənaye sektoru inkişafdadır 
 
Maraqlıdır ki, İmişli, əsasən, aqrar rayon olmasına baxmayaraq, bu gün burada sənaye məhsullarının çəkisi ümumi məhsul buraxılışında  üstünlük təşkil edir. Bu məqamda yenidən bir neçə fakt və rəqəmi xatırlatmalı olacağam. Belə ki, 2018-ci ilin birinci yarımilində 62 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir.  İstehsal olunan sənaye məhsullarının 90,2 faizi qeyri-dövlət sektorunun payına düşür.
Yeri gəlmişkən, İmişlidə fəaliyyət göstərən bir sıra sənaye müəssisələrinin adlarını çəkim. Sevindirici haldır ki,  İmişlidə bütün Qafqazda ən böyük şəkər zavodu fəaliyyət göstərir. 2006-cı il martın 23-də istifadəyə verilən bu zavodun açılışında möhtərəm Prezidentimiz cənab İlham Əliyev iştirak etmişdir. Məlumat üçün bildirək ki, zavod şəkər tozu istehsal edir, sutkalıq istehsal gücü 1000 tondur. Müəssisədə 850 nəfər işçi çalışır, orta aylıq əməkhaqqı 430 manat təşkil edir. İmişli şəkər zavodunun nəzdində spirt, bitki yağları, eləcə də qarışıq yem zavodları yaradılıb. Qarışıq yem zavodu 2009-cu ildə istifadəyə verilib, sutkalıq istehsal gücü 600 tondur.
Bundan başqa, İmişlidə “Araz” Konservləşdirilmiş Şirələr və Konyak zavodu,  “İmişli Broyler-Quşçuluq” MMC fəaliyyət göstərir. MMC sutkada  5 ton quş əti istehsal etmək gücündədir. Rayon ərazisində yerləşən Muradxanlı Neft Mədənində hər gün on tonlarla qara qızıl çıxarılır. 
İmişli rayonunda geniş dəmiryol şəbəkəsi mövcuddur. Rayonda dəmir-beton zavodları, qum-çınqıl karxanaları fəaliyyət göstərir. Bunlar məşğulluğa müsbət təsir göstərməklə bərabər, rayon büdcəsinə də xeyli vəsaitin daxil olmasına imkan yaradır. 
Məlumat üçün bildirək ki, İmişli dövlət büdcəsindən dotasiya almayan rayonlarımızdan biridir. 
 
Aqrar sahənin uğurları artır 
 
İmişli rayonunun iqtisadiyyatında kənd təsərrüfatı məhsullarının istehsalı xüsusi yer tutur. Ölkədə aparılan aqrar islahatların uğurla həyata keçirilməsi nəticəsində rayonda kənd təsərrüfatı inkişaf etmişdir. Son illərdə pambıq, taxıl, çuğundur  əsas bitkiçilik sahəsi kimi qalmaqdadır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı müvafiq tapşırıq vermişdir. Bu il İmişli rayonunda 13 min 645 hektar torpaq sahəsində pambıq əkilmişdir. Hazırda pambıq sahələrində becərilmə və suvarma işləri  aparılır.
Baramaçılıq uğurla inkişaf etdirilir. Carı ildə rayon ərazisində 134 kümçüyə ipəkqurdu paylanaraq, 10 min 87 kiloqram yaş barama istehsal edilmişdir ki, bu da ötən illə müqayisədə 25,6 faiz çoxdur.
2018-ci ilin birinci yarımili ərzində heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilmiş, rayon üzrə mal-qaranın sayı 94 min 153, qoyunların sayı 253 min, quşların sayı isə 997 min  başa çatmışdır. Rayon ərazisində 19084 hektar sahədə taxıl, bundan 5760 hektar sahədə arpa, 13324 hektar sahədə buğda, 209 hektar sahədə kartof, 109 hektar sahədə şəkər çuğunduru, 322.6 hektar sahədə tərəvəz və 329.4 hektar sahədə bostan bitkiləri əkilmişdir. 18284 hektar taxıl sahələrində biçin aparılmış, orta məhsuldarlıq 34 sentner olmuşdur.
Əkinçilik üçün müəyyən edilmiş torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinə xidmət edən kanalların lildən təmizlənməsi və genişləndirilməsi işləri başa çatdırılmışdır. Rayon ərazisində R-2, Gavur arxı, Arazyanı, MTS, Qızılarx, ikinci qol kanallarında əsaslı şəkildə lildən təmizlənmə işləri görülmüş, Beşdənbir, Şirinqum, Qulubəyli kanallarında, Cavadxanlı, Muradxanlı, Məmmədli, Aranlı, Sarıxanlı, Boşçalılar kəndləri ərazisində olan kanallarda işlər davam etdirilir.
 
Fermerlərin iş təcrübəsi yaylır 
 
İmişlidə öz işinə məsuliyyətlə yanaşan, qabaqcıl fermerlər çoxdur. Belə adamlar haqqında deyirlər ki, onlar “torpağın dili”ni yaxşı bilirlər. Belə fermerlərdən biri də  Aranlı kənd sakini Nadir Vəliyevdir. Ötən il onun fermer təsərrüfatı 135 hektarda pambıq əkib becərib. Bu sahədə 2 min tondan çox xam pambıq məhsulu əldə edilib. Nadir ilə onun tarla düşərgəsində görüşdüm. Gəlişimə çox sevindi. Əvvəlcə bir qədər giley-güzar etdi ki, son vaxtlar qələm əhli, jurnalistlər əmək adamlarını unutmağa başlayıblar. Onun sözlərinə görə, mətbuat ya siyasətdən, ya da  şou əhlindən yazır. Məhsul bolluğu yaradanları, nədənsə, unudurlar. Etiraf edim ki, mən Nadirin fikirlərilə razılaşmalı oldum.  
Fermer göz işlədikcə uzanan pambıq sahələrini göstərib dedi ki, kollektiv bu il ötən ildə olduğundan da yaxşı məhsul becərib. Deməli, daha çox pambıq toplayıb dövlətə təhvil vermək imkanı yaranıb. O, dərin məmnunluq hissilə qeyd etdi ki, Azərbaycan dövlətinin rəhbəri cənab İlham Əliyev ölkəmizdə pambıqçılığın inkişafına böyük diqqət və qayğı göstərməklə, çox müdrik iş görür. Onun sözlərinə görə, bu sahənin sürətli inkişafı aqrar sektorda başqa sahələrin də davamlı inkişafına müsbət təsir göstərəcək. Ən azı, pambıq emalı zavodlarında işlər sürətlənəcək, ölkəmizin büdcəsinə çoxlu valyuta gələcək.  Nadir sonra məlumat verdi ki, bu il onun fermer təsərrüfatının üzvləri pambıq əkini sahəsini artırıblar. Lakin əsas məqsədləri məhsuldarlığın artımına nail olmaqdır ki, qazancları daha da çox olsun.  Aranlı kəndində başqa iki fermerlə – Sərvan Novruzov və  Gülağa Abdullayev ilə də görüşüb tanış oldum. Hər ikisi pambıq sahələrində bol məhsul yetişdirirlər. Məqsədləri məhsuldarlığı artırmaqdır. Hər iki fermer təsərrüfatında xeyli adam çalışır. Vaxtilə onların çoxu işsiz idi. 
Aranlı kəndində qabaqcıl fermerlə görüşüb onlardan söz açmağımı İmişli RİH başçısı Vilyam Hacıyev də xahiş etmişdi. Vilyam müəllimin sözlərinə görə, rayonda qabaqcıl fermerlərlə tez-tez görüşlər keçirilir. Məqsəd qabaqcıl, təcrübəli fermerlərin  iş təcrübəsini yaymaqdır.  
 
Təhsil və səhiyyəyə qayğı artıb
 
Rayonda təhsil müəssisələrinin həm maddi-texnili bazası gücləndirilir, həm də tədrisin keyfiyyəti yaxşılaşdırılır. Bu cəhdlər xeyli dərəcədə öz bəhrəsini verir. Qeyd edək ki, İmişli rayonunda 57 tam orta, 3 ümumi orta, 2 ibtidai, 1 peşə təhsil müəssisəsi, 4 məktəbdənkənar, 15 dövlət və 1 özəl olmaqla 16 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Son 10 ildə rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazası yaxşılaşmış, 41-ə yaxın məktəbin binası yenidən inşa edilmiş, yaxud əsaslı təmir olunmuşdur. Bundan əlavə, İmişli şəhər 7 saylı, Yalavac, Məmmədli, Qulubəyli kənd tam orta məktəblərinin və Qaradonlu kənd Uşaq bağçası-körpələr evinin əsaslı təmir edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə rəsmi müraciət edilmişdir.
Aranlı kənd 2 saylı 132 şagird yerlik yeni tam orta məktəb binasının tikintisinin layihə-smeta sənədləri hazırlanıb. Yaxın günlərdə tikinti işlərinə başlanılacaq. Muradxanlı kəndində isə 56 şagird yerlik ümumi orta modul tipli məktəb binasının tikintisi üçün lazımi sənədləşmə işləri aparılır. 
Rayonda 9 xəstəxana, 12 həkim məntəqəsi, 29 tibb məntəqəsi və 1 poliklinika, 2 gigiyena və epidemiologiya mərkəzi, 1 taun əleyhinə şöbə fəaliyyət göstərir. Həmin müəssisələrdə də 161 həkim və 612 orta ixtisaslı tibb işçisi çalışır. Hazırda rayonun səhiyyə müəssisələrində ayrı-ayrı ixtisaslar üzrə 80 həkimə ciddi tələbat vardır. 2018-ci ilin birinci rübündə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və səhiyyə obyektlərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində rayonda müəyyən işlər görülmüşdür. Əhalinin müayinəsi üçün 9 həkim briqadası vaxtaşırı ucqar kəndlərə göndərilərək tibbi müayinələr aparmış, ehtiyacı olanları müalicəyə cəlb etmişlər. Yoluxucu xəstəliklərlə mübarizə daimi nəzarətdə saxlanılmış, bu sahədə müvafiq tədbirlər həyata keçirilmişdir.
Rayonda  diabetli xəstələr dərmanla təmin edilmişlər. Həmçinin imtiyazlı təbəqədən olan xəstələr Səhiyyə Nazirliyi tərəfindən verilmiş dərman və sarğı materialları ilə təmin edilmişlər.  
Rayonda mədəniyyət sahəsində bir sıra işlər görülmüşdür. Belə ki, rayon mərkəzi kitabxanasında, İmişli şəhər uşaq incəsənət məktəbində, eləcə də, mədəniyyət mərkəzinin dam örtüyündə təmir işləri aparılmışdır. İl ərzində bayram və əlamətdar günlər qeyd olunmuş, sərgilər, fotostendlər, məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar hazırlanmış və filmlər göstərilmişdir.
 
Abadlıq-quruculuq işləri vüsət alıb
 
Bu dəfə İmişlidə olarkən rayon ağsaqqalı, 71 yaşlı  Dünyamalı Əliyevlə Səməd Vurğun adına parkda görüşüb xeyli söhbət etdim. Dünyamalı kişi dedi ki, İmişli şəhəri bu gün bölgənin abad, ən gözəl rayon mərkəzlərindən biridir. Onun sözlərinə görə, imişlililər öz şəhərlərini çox sevirlər. Burada abadlıq-quruculuq işləri, həqiqətən, heç vaxt səngimir. Son günlər  İmişli şəhərinin bir çox küçələrinə yeni, daha keyfiyyətli asfalt örtüyü qoyulur. Heydər Əliyev prospektində yeni səki daşları və tamet qoyularaq abadlıq işləri aparılır.
İmişli Rayon Statistika İdarəsinin inzibati binasında əsaslı təmir işlərinə başlanılmışdır. Hazırda “ASAN Həyat” kompleksinin və Bayraq Muzeyinin tikintisi işləri davam etdirilir. 
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasında tikinti işlərini tamamlamaq üzrədir. Həmçinin, rayonda bu təbəqədən olan insanlar üçün fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulmuşdur.
132 şagird yerlik Aranlı kənd 2 saylı orta məktəb binasının tikintisi, Muradxanlı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması və “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin tikintisi nəzərdə tutulmuşdur.
Əhalinin sosial müdafiəsi ilə bağlı davamlı işlər görülür. İmişli RİH-də mənə bildirdilər ki, 2018-ci ilin yanvar–iyun aylarında rayonda 1500-dən çox iş yeri açılmışdır. Rayon əhalisinin məşğulluğunun təmin olunması ilə bağlı müvafiq tədbirlər həyata keçirilmiş, yarım il ərzində 159 nəfər daimi işlə təmin olunmuş, gəlirləri ehtiyac meyarından aşağı olan 872 ailəyə ünvanlı sosial yardımların verilməsi təmin edilmişdir.
Son vaxtlar rayonda əhаlinin еlеktrik еnеrjisi, qаz və içməli su ilə təminаtı daim yaxşılaşır. 2018-ci ilin 6 ayı ərzində istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi ilə 10 və 0,4 kv-luq xətlərdə yenidənqurma işləri aparılmış, mövcud istismar müddətini başa vurmuş dayaq və naqillər yenisi ilə əvəz edilmiş, güc mərkəzləri yaradılmışdır. Bu müddətdə 50  müxtəlif güclü transformator cari təmir, 45 trasformator yarımstansiyası isə əsaslı təmir edilərək əhalinin istifadəsinə verilmişdir. Rayon ərazisində yararsız hava elektrik naqillərinin və dayaqlarının dəyişdirilməsində müvafiq işlər aparılmışdır. Belə ki, rayonun Xəlfəli və Telişli kəndlərində həyətyanı sahələrdən açıq naqillərlə keçən hava xətləri yol kənarı ilə yenidən çəkilmişdir. Hazırda Aranlı, Qızılkənd, Hacırüstəmli, Çaxırlı və Məzrəli kəndlərində elektrik təsərrüfatlarında müvafiq təmir işləri aparılır.
Regional Qaz İstismarı İdarəsinin İmişli Xidmət sahəsi tərəfindən rayonda 2018-ci ilin 6 ayında 160 yeni fərdi ev, 10 qeyri-əhali sektorunu təmsil edən obyekt qazlaşdırılaraq istismara verilmişdir. Qeyri-əhali sektoru üzrə isə abonent sayı 116 olmuşdur.  Rayonun  37 yaşayış məntəqəsinin tam qazlaşdırılması təmin edilmişdir. 
Qızılkənd və Aranlı kəndlərində qaz xətlərinin çəkilişinə başlanmışdır.
Kəndlərin su təchizatını yaxşılaşdırmaq, əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə hazırda rayonun 43 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Bununla yanaşı, əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə  Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli 2754 saylı sərəncamı ilə Şahverdili, Göbəktala, Məhəmmədli və Rəsullu kəndlərinə yeni su xətlərinin çəkilməsi başa çatmışdır. İmişli şəhərinin bütün küçə və məhəllələri içməli su ilə təmin olunmuşdur. Bundan əlavə, Yeni Bəhrəmtəpə qəsəbəsində məskunlaşan məcburi köçkün və qaçqın ailələrinə 550 mexaniki su sayğacı quraşdırılmış və abonentlərin istifadəsinə verilmişdir. Bundan başqa, ümumi uzunluğu 15715 metr olan mikrotunelin qazıntısına başlanılmış və 230 mikrotunel üçün lazım olan şaxtaların 12-nin tikinti işləri aparılmışdır.
İmişli barədə bu qeydlərimi bitirən zaman RİH başçısı Vilyam Hacıyevin sözləri yadıma düşdü. O, böyük əminliklə dedi ki, imişlililər  bundan sonra da ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə çalışacaq, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bütün qüvvələrini sərf edəcəklər. 
Səməd HÜSEYNOĞLU, 
“Xalq qəzeti”nin 
bölgə müxbiri 
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında