“Görülmüş işlərin nəticəsidir ki, 2018-ci ilin birinci yarısında rayonda məhsul buraxılışı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artaraq 118 milyon 629 min manatlıq olub. Artım tikintidə 2,4 dəfə, kənd təsərrüfatında 4 faiz, ticarətdə 5 faiz, rabitədə 11,3 faiz, nəqliyyatda 2 faiz, pərakəndə əmtəə dövriyyəsində 9,1 faiz, pullu xidmətlərdə 2,3 faizdir. 804-ü daimi olmaqla 844 iş yeri açılıb. Əsas kapitala yönəldilən investisiyaların həcmi 2,3 dəfə artaraq 10 milyon 335 min manat təşkil edib”.
Bu faktlar Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon toplantısındakı hesabatındandır.
Natiq daha sonra qeyd etdi ki, aqrar sektorda həyata keçirilmiş tədbirlər nəticəsində rayonda 2018-ci ilin birinci yarısında kənd təsərrüfatı məhsullarının istehsalı 38 milyon 628 min manata çatdırılıb. Cari ilin məhsulu üçün 10 min 933 hektar sahədə əkilmiş payızlıq taxıl, o cümlədən 7581 hektar buğda sahələrinə aqrotexniki xidmət göstərilib. Kənd təsərrüfatı işlərinin aparılması ilə əlaqədar rayonda 632 ədəd özüyeriyən texnikadan istifadə edilib, “Aqrolizinq” ASC-nin rayon bölməsi fermerlərə güzəştli qaydada 767,55 ton mineral gübrə və 886 litr pestisid satıb.
Bu il rayonda 750,3 hektar sahəyə tütün əkilərək 2265 nəfər mövsümi işə cəlb edilib və sahələrdən indiyədək 150 tondan çox tütün yığılıb. Rayonda mövcud olan fındıq bağlarının sahəsinin iki dəfə artırılması ilə əlaqədar müvafiq tədbirlər davam etdirilir. Bu ilin yaz mövsümündə 352 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud fındıq sahələri 18 min 503,5 hektara çatdırılıb.
Rayonun kümçüləri “Şəki-İpək” ASC-yə 48 min 104,4 kiloqram barama təhvil verərək, proqnoz tapşırıqlarını 121,7 faiz yerinə yetiriblər. Baramaçılığın dirçəldilməsi və gələcəkdə istehsalının və tədarükünün artırılması məqsədilə rayonda 2016-2017-ci illərdə 275 min 980 ədəd tut tinginin əkilməsi təmin edilib.
Zaqatala üçün ənənəvi və ixrac potensialı yüksək olan sahələrdən biri də gülçülükdür. Bu sahənin inkişaf etdirilməsi üçün 2016-cı ildən rayon ərazisində gül plantasiyasının salınmasına başlanılıb və “AZ ROSE” MMC-nin sifarişi əsasında Aşağı Tala kəndi ərazisində gül yağı emalı zavodu istifadəyə verilib. Bu il müəssisədə 64 hektar bar verən qızıl gül plantasiyasından 120,7 ton qızıl gül ləçəyi tədarük edilib, 38,1 kiloqram gül yağı istehsal edilib. Hazırda 129 hektar “Qızılgül”, 35 hektar sahədə “Lavanda” olmaqla cəmi 164 hektar gül plantasiyalarına aqrotexniki qulluq göstərilir.
Azərbaycan Respublikası Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 12 mart 2018-ci il tarixli sərəncamına əsasən rayonda 13 subartezian quyularının qazılması nəzərdə tutulmuşdu. Artıq “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən Zaqatala şəhərində, Əliabad qəsəbəsi, Bəhmətli, Kürdəmir, Car, Kəpənəkçi və Qandax kəndlərinin hər birində 1 ədəd subartezian quyuları qazılıb, Faldarlı kəndində isə artezian quyusunun qazılması davam etdirilir.
Rayon rəhbəri qeyd etdi ki, ilin ilk yarısı ərzində rayon ərazisində bütün maliyyə mənbələri hesabına 9 milyon 917 min manatlıq tikinti, abadlıq və quruculuq işləri görülüb. Zaqatala Rayon Məhkəməsi üçün yeni inzibati binanın, şəhərin Şəhriyar küçəsində Fövqəladə Hallar Nazirliyinin xətti ilə inşa edilən çoxmənzilli yaşayış binasının tikintisi davam etdirilib. Mosul kənd uşaq bağçası, Uşaq və Ailələrə Dəstək Mərkəzinin inzibati binası əsaslı təmir işləri aparılaraq istifadəyə verilib.
Rayonda ümumi sahəsi 4649 kvadratmetr olan 35 fərdi yaşayış evi tikilərək istifadəyə verilib. Sahibkarlar tərəfindən 2,43 milyon manat həcmində yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisi aparılıb. “Günəş Plaza” şadlıq sarayının açılışı olub. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə rayonda Qarabağ əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün 3 fərdi yaşayış evi tikilərək istifadəyə verilib.
Zaqatala rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin yenidənqurulması işləri başa çatdırılıb.
Əhaliyə göstərilən xidmətin səviyyəsindən danışan natiq qeyd etdi ki, abonentlərin təbii qazla təminatının yaxşılaşdırılması nəqsədi ilə rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrində qaz xətlərində təmir işləri davam etdirilib. Yaşayış məntəqələrində enerji təminatı sahəsində də müəyyən işlər görülüb. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Zaqatala Elektrik Şəbəkəsi tərəfindən əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə lazım olan təmir işləri həyata keçirilib. 234 elektron tipli sayğac quraşdırılıb, 2010 sayğac yenisi ilə əvəzlənib.
Rayonun yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində də işlər davam etdirilib. Yararsız vəziyyətdə olan su xətləri dəyişdirilib, sızmaların qarşısı alınıb, müxtəlif ərazilərdə su boruları yeniləri ilə əvəz edilib.
Mübariz Əhmədzadə sonda dedi: “Dövlətimizin başçısı ölkəmizin iqtisadi və hərbi qüdrətini, beynəlxalq nüfuzunu gücləndirməkdən ötrü böyük inam və qətiyyətlə çalışır, yurdumuzun işğaldan tam azad edilməsi üçün böyük cəsarət və əzm göstərir. Xalqımız inanır ki, böyük Qayıdışın reallaşması artıq uzaqda deyil”.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.