“Cari ildə 18 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən 29 kilometr uzunluğunda Balakən-Qazbinə-İtitala avtomobil yolunun, 2017-ci ilin sonlarında tikintisinə başlanılan 320 şagird yerlik uşaq incəsənət məktəbinin tikintisi, 130 yerlik Qullar uşaq bağçasının təmiri davam etdirilib, Şərif kəndində inşa edilən 360 şagird yerlik tam orta məktəb binasının tikintisi başa çatdırılıb. Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən 9 min əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun tikintisinə vəsait ayrılıb və 25 kilometr uzunluğunda yolun tikintisinə başlanılıb”.
Bu fikirlər Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon toplantısında təqdim etdiyi hesabat məruzəsində səsləndirildi. Natiq qeyd etdi ki, hesabat dövründə rayonda kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin göstərilməsi sahəsində aparılan məqsədəyönlü işlər və müvafiq tədbirlərin həyata keçirilməsi insanların kənd təsərrufatına marağını artırıb və eyni zamanda, bu sahənin daha da inkişaf etdirilməsinə geniş şərait yaradıb.
Məsələn, barama istehsalının artırılması sahəsində məqsədyönlü işlər görülüb: 572 qutu ipəkqurdu toxumu rayona gətirilərək 221 kümçüyə paylanılıb. 30 tona yaxın barama istehsal olunaraq “Azəripək” ASC-yə təhvil verilib. Bununla da proqnoza 130,3 faiz əməl olunub ki, bu əvvəlki ilə nisbətən 2,7 dəfə çoxdur. Cari ildə baramaçılığın yem bazasının yaxşılaşdırılması üçün 8 min ədəd ting əkilib. Beləliklə əkilən tinglərin ümumi sayı 239 min 500-ə çatdırılıb.
Təsərrüfatlarda 535 hektar sahədə tütünün Virciniya, Berley və itiyarpaq növünün əkilməsi və becərilməsi təmin edilib, emal müəssisələri ilə müqavilələr bağlanılıb və artıq tütün tədarükünə başlanılıb. Təsərrüfatlarda 300 ton Virciniya növlü tütün tədarük edilərək emal müəssisəsinə təhvil verilib. Eyni zamanda, 11 ton quru tütün istehsal olunub.
Rayonda fındıqçılığın inkişaf etdirilməsi sahəsində yeni bağların salınacağı dövlət, bələdiyyə və xüsüsi mülkiyyətdə olan torpaq sahələri müəyyənləşdirilib. 700 hektarda bağ salınıb. Yeni salınan fındıq bağlarının ümumi sahəsi 3968,2 hektara çatdırılıb. Bunun 2792,5 hektarı xüsusi, 733,6 hektarı bələdiyyə, 442 hektarı dövlət mülkiyyəti torpaqlarıdır. Cari ilin payız mövsümündə daha 1000 hektar sahədə fındıq bağlarının salınması nəzərdə tutulur.
Rayonda meyvəçiliyin inkişaf etdirilməsi üçün əlverişli şəraitin olduğu nəzərə alınaraq, bu sahə diqqət mərkəzində saxlanılıb, mövcud bağlara aqrotexniki xidmət göstərilib və məhsuldarlığın artırılması üçün tədbirlər görülüb. Katex kəndində “Balxurma” MMC-nin tikilməsi və fəaliyyətə başlaması meyvə məhsullarının, əsasən də xurmanın satışında uzun illər hökm sürən problemlərin həllinə geniş imkanlar açıb. Əlavə edək ki, müəssisə təkcə bu il 45 ton qurudulmuş xurmanın xarici bazarlarda satışını təşkil edib.
Ötən dövr ərzində əkin sahələrinin suvarılmasının təşkili ilə bağlı Mazım-Tuqay, Balakən-Tuqay suvarma kanallarında, eləcə də Talalar, Katex, Püştətala, İtitala, Şambul və Meşəşambul kənd ərazilərində mövcud kanallar tam təmizlənərək işlək vəziyyətə gətirilib. Balakən çayında Mahamalar kəndinin mühafizəsi üçün daş-beton bəndlər 520 kubmetr həcmində cari, 156 kubmetr həcmində isə əsaslı təmir işləri görülüb.
Natiq qeyd etdi ki, bu il Balakən 2 saylı regional ABAD Mərkəzi ilə əməkdaşlıq edən ailələrin sayı artırılaraq 22-yə çatdırılıb. Ailələrin 12-si qida istehsalı, 10-u isə dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, 60 kameralı tütünqurutma məntəqəsinin tikintisi üçün Hənifə kəndində 2 hektar torpaq sahəsi ayrılıb, kameraların və inzibati binanın tikintisinə başlanılıb. Qurutma kameralarının tikilməsi tütün istehsalına çəkilən xərclərin azalmasına, yeni iş yerləri açılmaqla əhalinin məşğulluğunun təmin edilməsinə və bu sahədən daha çox gəlir əldə olunmasına şərait yaradacaqdır.
Əhaliyə göstərilən xidmətin səviyyəsindən danışan natiq qeyd etdi ki, ötən dövr ərzində elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması məqsədilə 5 yeni transformator istismara verilib, 34 transformator təmir edilib. Yuxarı və aşağı gərginlikli elektrik xətləri üzrə 232 dəmir-beton və metal dayaq yenisi ilə əvəz olunub, elektrik verilişi xətləri 22,3 kilometr məsafədə “SİP” kabel çəkilib, 20,1 kilometr məsafədə təmir edilib.
Əhalinin içməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, rayonun İtitala, Kortala, Meşəşambul, Sarıbulaq, Xalatala, Şərif, Tülü, və Qazma kəndlərində 8 quyu qazılaraq istifadəyə verilib, Katex kəndində növbəti quyu qazılır.
Qeyd edək ki, hesabat məruzəsində bəzi müəssisə və təşkilatların fəaliyyətində buraxılan nöqsanlara da toxunuldu. Bildirildi ki, təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisə və təşkilat rəhbərləri xidməti vəzifələrini yerinə yetirərkən vətəndaşların təklif və şikayətlərinə diqqəti artırmalı, boş iş yerlərinin işləmək arzusunda olan aztəminatlı ailələrin üzvlərinin, bacarıqlı, işgüzar insanların hesabına tutulması işinə səy göstərməlidirlər.
İslam Rzayev sonda vurğuladı ki, balakənlilər həmişə olduğu kimi, bundan sonra da dövlətin qarşıya qoyduğu vəzifələri operativ şəkildə və layiqincə yerinə yetirəcəklər.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.