Azərbaycanda məcburi köçkünlərin sosial problemlərinə həssaslıqla yanaşılır

Azərbaycan dövləti Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində öz yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin həllinə hər zaman həssaslıqla yanaşıb. Bu məsələ ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olub. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə 1993-2003-cü illərdə qaçqın və məcburi köçkünlərə xüsusi qayğı göstərilib, problemlərinin həlli üzrə uzunmüddətli Dövlət Proqramı qəbul edilib, çadır düşərgələrinin ləğvi istiqamətində önəmli addımlar atılıb, soydaşlarımız üçün yeni qəsəbələr salınmağa başlanıb.
 
2003-cü ildən etibarən isə Prezident İlham Əliyev də bu istiqamətdə işləri ardıcıl və məqsədyönlü şəkildə davam etdirib. Ötən müddətdə doğma ocaqlarından didərgin salınan soydaşlarımızın bütün problemləri Azərbaycan dövlətinin gündəlik qayğısına çevrilib, onların sosial problemlərinin həlli ilə bağlı beynəlxalq normalara uyğun hüquqi baza yaradılıb, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində görülən işlərin miqyası daha da genişlənib. 
Dövlətimizin başçısının 2004-cü il 1 iyul tarixli müvafiq sərəncamı ilə təsdiqlənən qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının və sonradan həmin proqrama 2007-ci il 31 oktyabr, 2011-ci il 21 fevral tarixli sərəncamlarla edilən əlavələrin icrası istiqamətində mühüm tədbirlər reallaşdırılıb. İndiyədək 100-ə yaxın müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. Görülən işlər nəticəsində 50 mindən çox ailənin mənzil şəraiti yaxşılaşıb.
Yeri gəlmişkən, fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə xüsusi diqqət göstərib. Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin olunandan sonra da qaçqın və məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşıb, yüksək dövlət postunda ilk olaraq Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşan qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunan müşavirə keçirib, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı fikirlərini bildirib, tapşırıqlarını verib. Bundan sonra məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı bir sıra vacib və təxirəsalınmaz tədbirlər reallaşdırılıb. Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün “Ümid” yaşayış kompleksinin təməli qoyulub, habelə Abşeronun Masazır, Mehdiabad, Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərin ixtiyarına verilib. 
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüşündə yuxarıda qeyd edilənlərlə bağlı geniş məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə adı çəkilən dövlət komitəsi respublikanın bütün bölgələrində müvəqqəti məskunlaşan məcburi köçkünlərin müraciətlərinə xüsusi həssaslıqla yanaşır, onları narahat edən məsələlərin dərindən araşdırılması və həll olunması üçün mövcud qanunvericilik əsasında bütün zəruri tədbirləri həyata keçirir. Birinci vitse-prezident Mehriban Əliyevanın məcburi köçkünlərin qəzalı, həyat üçün təhlükəli bina və tikililərdən yeni mənzillərə köçürülməsinə imkan yaradan layihələrin icrasını daim nəzarətdə saxlayır. Bir müddət əvvəl istifadəyə verilən “Qobu Park” yaşayış kompleksi layihəsinin reallaşdırılması da bunun bariz ifadəsidir.
“Qobu Park” yaşayış kompleksinə təşkil edilən infotur zamanı jurnalistlər dövlətimizin məcburi köçkünlərin mənzil-məişət şəraitinə xüsusu önəm verilməsinin bir daha şahidi oldular. 
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınan kompleksdə dövlət vəsaitindən istifadə olunmayıb. Layihənin maliyyələşməsində sahibkarlar iştirak ediblər.
Yeri gəlmişkən, bu yaşayış kompleksinin ümumi sahəsi 6,4 hektardır. Layihənin sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK-dır. 
“Qobu Park”ın təməli 2017-ci il mayın 30-da Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Tikinti işləri yüksək keyfiyyətlə görülüb və bu ilin may ayında başa çatdırılıb. Layihə üzrə hər biri 2 bloklu, 9 mərtəbəli, 1026 mənzilli 11 yaşayış binası inşa olunub. Yaşayış kompleksinə üçmərtəbəli məktəb binası və uşaq bağçası da daxildir. 
“Qobu Park”da digər zəruri infrastruktur obyektləri - 350 yerlik mərasim evi, poçt, tibb, polis məntəqələri və mənzil-istismar idarəsi də yaradılıb.
Ərazidə 35 min kilovatlıq yarımstansiya inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları qurulub. 
Bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 98-ci şəhərcikdir. Buradakı mənzillərdən 108-i birotaqlı, 396-sı ikiotaqlı, 360-ı üçotaqlı, 162-si isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 73 min kvadratmetrdir. Bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub. 
Bakının Nizami, Suraxanı, Xətai, Nərimanov və Səbail rayonlarında müvəqqəti məskunlaşan ailələrin “Qobu Park”a köçürülməsi hazırda davam etdirilir. Artıq 200-dən çox ailə ərazidəki mənzillərdə məskunlaşıb.
Kompleksə iki istiqamətdə yol çəkilib. Məcburi köçkünlərin “Qobu Park”a köçürülməsi sözügedən komitə tərəfindən həyata keçirilir. 
Ümumiyyətlə, yeni yaşayış kompleksində hazırda qəzalı binalarda məskunlaşan 1026 məcburi köçkün ailəsi mənzillə təmin olunacaq. 
Onu da deyək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsində şəffaflığın və ədalətin təmin edilməsi, mənfi hallara şərait yaradan amillərin tam aradan qaldırılması üçün zəruri tədbirlər reallaşdırır. 
“Qobu Park”ın ilk sakinləri Bakı şəhərinin Nərimanov rayonunda, K.Rəhimov küçəsi, 824/835 ünvanında yerləşən tikintisi yarımçıq qalmış doğum evi binasının zirzəmisində müvəqqəti məskunlaşan və uzun müddət ağır şəraitdə yaşayan 46 ailə olub. Həmin ailələrin nümayəndələri onların yaşayış şəraitinin yaxşılaşdırılmasına göstərilən qayğıdan razılıqlarını bildirdilər.
Şəlalə Məmmədova (Füzuli rayonu): “Qobu Park”da bizim üçün hər cür şərait yaradılıb. Dövlətimizin başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq ki, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına belə böyük qayğı göstərirlər”.
Fərhad Şahməmmədov (Zəngilan rayonu): “Uzun illərdir ki, bu günü gözləyirdik. Özümüz də, övladlarımız da, sözün həqiqi mənasında, yenidən sağlam həyata qayıdırıq. İnşallah, doğma torpağımıza dönəcəyimiz gün də uzaqda deyil”.
Yeganə Ağayeva (Ağdam rayonu): “Ağdamın işğalından sonra həyat yoldaşım, oğlanlarım, iki gəlinim və nəvəmlə birlikdə Nəsimi rayonunda, yarımçıq tikilidə məskunlaşmışam, 46 saylı orta məktəbdə tarix müəllimi işləyirəm. Acınacaqlı şəraitimizlə bağlı Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məktubla müraciət etmişdim. Bundan az sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə dəvət edildim, məskunlaşdığımız yarımçıq tikiliyə baxış keçirildi. İki gün sonra isə ailəmizə şad xəbər verərək, “Qobu Park”da yeni mənzillə təmin olunduğumuzu bildirdilər… Buna görə başda Prezidentimiz İlham Əliyevə, xanımı Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm”.
Xoşbəxt Nağıyev (Laçın rayonunun Alxaslı kəndi): “Bakı şəhərinin Nərimanov rayonunda, yarımçıq tikilidə məskunlaşmışdıq. Məişət şəraitimiz son dərəcə ağır idi. İndi bu yaşayış kompleksində mənzillə təmin edilmişik. Ailə tərkibimizə uyğun olaraq 3 otaqlı mənzil verilib. Püşkatma yolu ilə, tam şəffaf şəkildə evimizi seçdik...”. 
* * * 
Rəsmi məlumata əsasən, hazırda dünyanın bütün münaqişə zonalarında 1 qaçqına 1 ildə sərf olunan ən yüksək vəsait Azərbaycandadır. Elə buna görədir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 2012-ci ildə Azərbaycanı özünün İcraiyyə Komitəsinə üzv seçib. İndi beynəlxalq təşkilatlar tərəfindən dinamik sosial-iqtisadi inkişaf yolunda davamlı uğurların müəllifi olan Azərbaycanın qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində gördüyü irimiqyaslı işləri dünyanın oxşar problemlə qarşılaşan əksər ölkələri üçün nümunə hesab edilir. Bu isə ulu öndər Heydər Əliyevin siyasi, sosial-iqtisadi strategiyasını uğula həyata keçirən Prezident İlham Əliyevin sözügedən istiqamətdə tədbirlərin ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsinin, doğma ocaqlarından didərgin salınan soydaşlarımızın bütün problemlərinin Azərbaycan dövlətinin gündəlik qayğısına çevrilməsinin bariz ifadəsidir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında