Naxçıvanın yüksək inkişafı müasirliyi ilə seçilən səhiyyə müəssisələrimizin timsalında da aydın görünür

 Ötən illər ərzində ölkəmiz, o cümlədən Naxçıvan Muxtar Respublikası sürətli inkişaf yolu keçib, böyük uğurlar əldə edilib. Naxçıvanda işıq üzü görən “Şərq qapısı” qəzetinin arxivini vərəqləyərkən qəzetin 25 noyabr 1992-ci il tarixli sayında dərc olunan “Xəstə, halın necədir?” sərlövhəli məqalə ilə tanış olarkən qazanılan uğurların miqyasını daha da yaxşı anlamaq mümkün olur. Yazıdakı ümidsizliyi ifadə edən fikirlərlə tanış olarkən inana bilmirsən ki, blokadanın yaratdığı ağır çətinliklərlə üz-üzə qalan bir məkan bir gün belə bir zirvəyə yüksəlib. Doğrudur, məqalədə diqqətə çatdırılan çatışmazlıqlar, əsasən, Naxçıvan Muxtar Respublika Xəstəxanasındakı mövcud şəraitsizlik, soyuq payız və qış günlərində elektrik enerjisinin olmaması səbəbi ilə qarşılaşılan problemlərdir. Ancaq bu problem kəskin kontinental iqlimə malik olan Naxçıvanda elə qızmar yay günləri üçün də xarakterik idi. Gəlin, fikir bildirməyə tələsməyək. Naxçıvanın dünəni ilə bu gününü müqayisə etmək üçün əvvəlcə həmin məqalə ilə tanış olaq. 
 
Xəstə, halın necədir?
 
...Neçə vaxtdan bəri muxtar respublikamızın blokada şəraitində qalması yaşayış tərzini bir az da mürəkkəbləşdirib. Evlərdə, iş yerlərində elektrik enerjisinin, lazımi istiliyin olmaması müxtəlif problemlər yaradır. Belə vəziyyət sağlam adamların da səhhətinə müəyyən dərəcədə təsir edir. Bəs xəstələrin halı necədir? 
Yaxınlarının, dost-tanışlarının vəziyyəti ilə maraqlanmaq istəyənlər xəstəxanaya gələrkən onların halını sözsüz başa düşürlər. Soyuq, bəzən də qaranlıq palatalar ilk baxışda soruşmadan vəziyyəti göstərir. Naxçıvan Respublika Xəstəxanasının baş həkimi Mustafa Fətullayev də bu sözlərə şərik çıxdığını bildirir: – Xəstələrin tez sağalması üçün, ilk növbədə, palatalarda, otaqlarda lazımi istiliyin yaradılmasını əsas şərt kimi qəbul edirik. Lakin bizdən asılı olmayan səbəblərə görə zəruri şəraiti yarada bilmirik. Xəstəxanamızın qazanxanası təmirdən təzəcə çıxıb. Lakin mazut, qaz olmadığından ondan istifadə edə bilmirik. Məcbur qalan xəstələr vəziyyətdən çıxış yolunu elektrik qızdırıcılarından istifadə etməkdə görürlər. Bunun isə nə demək olduğunu hamı bilir. Standarta uyğun olmayan qızdırıcılar hər an yanğın törədə bilər... Bundan başqa, gərginlik həddindən artıq sərf edildiyindən elektrik xətləri tez-tez sıradan çıxır. Bəzən günlərlə xətlərin təmiri ilə məşğul oluruq. Elektrikin, istiliyin olmaması, xüsusilə cərrahiyyə şöbəsində vəziyyəti ağırlaşdırır. Tez-tez çətinliklərlə qarşılaşırıq. Əməliyyat aparılarkən elektrik enerjisinin kəsilməsinin nə demək olduğunun izaha ehtiyacı yoxdur. Xəstəxanamızda olan 5 kilovatlıq generatordan belə, çətin məqamlarda yalnız cərrahiyyə şöbəsində istifadə edirik. 550 çarpayılıq xəstəxanada yalnız 440-a yaxın xəstəyə tibbi xidmət göstərə bilirik. Hamı başa düşür ki, bu cür vəziyyətin tezliklə aradan qaldırılması üçün yuxarı təşkilatlar tərəfindən gərgin iş aparılır. Yəqin ki, İran və Türkiyə respublikaları tərəfindən muxtar respublikamıza çəkilən elektrik xətləri istifadəyə verildikdən sonra vəziyyət nisbətən yaxşılaşar. 
Ümidlə yaşamaq yaxşıdır. Amma hələlik vəziyyət, deyildiyi kimi, çətindir. Bizə isə qalır xəstələrə “yastığın yüngül olsun” deməklə onlara xoş arzularımızı bildirmək.
 
X.Sadiqova, 
“Şərq qapısı” qəzeti 
25 noyabr 1992-ci il
 
Naxçıvan Muxtar Respublika Xəstəxanası ümid yeri, şəfqət ünvanıdır
 
Ötən əsrin 90-cı illərinin əvvəllərindən blokadaya salınan Naxçıvan Muxtar Respublikasında, demək olar ki, bütün sahələrdə vəziyyət çox ağır idi. Ermənilərin çirkin əməllərinə paralel olaraq, mərkəzi hakimiyyətin də biganə münasibəti ucbatından bir tərəfdən qədim diyarımızın işğal təhlükəsi ilə üz-üzə qalması, digər tərəfdən, ərzaq qıtlığı, süfrəmizin neməti olan çörəyə belə, həsrət qalmağımız, işığın, təbii qazın olmaması, bütün bunların fonunda təbiətin də bizi sınağa çəkməsi – yayın şiddətli istilər, qışın isə sərt şaxtalar ilə müşahidə edilməsi vəziyyəti daha da gərginləşdirirdi. Yaxşı ki həmin illərdə ulu öndərimiz Heydər Əliyev Naxçıvanda idi. Məhz onun ciddi səyləri nəticəsində bir sıra problemlər həll edilirdi. Lakin yaranmış vəziyyət bütün məsələləri tam həll etməyə imkan vermir, bəzi çətinliklərin aradan qaldırılması üçün zaman tələb olunurdu... 
Həmin vaxtlarda isə ümid ilə üz tutduğumuz xəstəxanalardan çox vaxt nagüman qayıdırdıq. Yuxarıdakı məqalədə də qeyd olunduğu kimi, tibbi əməliyyat aparılarkən işığın sönməsi və bu zaman xəstənin həyatını itirməsi, qan çatışmazlığı, anti­sanitar vəziyyətdə olan xəstəxana palatalarında səhhəti daha da ağırlaşan insanlar həmin illərin reallıqları idi. Çox böyük xoşbəxtlikdir ki, bu gün artıq bütün bunların hamısı geridə qalıb.
Əvvəlcə onu qeyd edək ki, həmin məqalədə əhəmiyyətli bir məsələ kimi ortaya qoyulan elektrik enerjisi çatışmazlığı problemi bu gün muxtar respublikamızda, sözün həqiqi mənasında, artıq tarixə qovuşub. Ötən illər ərzində bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər və muxtar respublikanın əlverişli iqlim şəraiti, coğrafi mövqeyi alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə imkan verib. Əgər əvvəllər muxtar respublikada 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, hazırda bu müəssisələrin sayı 8-ə, ümumi gücü 239,4 meqavata çatdırılıb. Görülən işlər muxtar respublikamızı çıraqbana, enerji ixrac edən regiona çevirib. Bu gün doğma diyarımızın heç bir bölgəsində, müəssisəsində istər yay, istərsə də qış aylarında elektrik enerjisi ilə bağlı heç bir çətinlik yaşanmır. Hər hansı bir təbii fəlakət səbəbindən elektrik enerjisinin verilişi dayandırılarsa, bu zaman bütün səhiyyə müəssisələrində və digər mühüm obyektlərdə mövcud olan elektrik generatorları dərhal işə düşəcək və bütün zəruri ehtiyaclar ödəniləcək, həkimlərimiz ümidsizliyə düşməyəcək, xəstələrimiz isə şəfa tapacaqlar. 
Digər bir tərəfdən, muxtar respublikamızda səhiyyə sisteminin keyfiyyətcə yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən tədbirlər sosialyönümlü siyasətin mühüm tərkib hissəsi kimi diqqəti cəlb edir. Ötən illər ərzində Naxçıvanda səhiyyə sisteminin maddi­-texniki bazası və infrastrukturu yüksək səviyyədə yenilənib, tibb ocaqları üçün yeni binalar tikilib, mövcud binalar yenidən qurularaq ən müasir avadanlıqlarla təchiz edilib, bu isə vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub. Bütün bunları Naxçıvan Muxtar Respublika Xəstəxanasının timsalında da aydın şəkildə görə bilərik. 
2013-cü ilin əvvəlindən burada əsaslı təmir və yenidənqurma işləri aparılıb. 2015-ci il dekabrın 1-də dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə xəstəxananın yeni binasının açılışı olub. Açılış mərasimində çıxış edən ölkə Prezidenti ötən illər ərzində görülən yüksək səviyyəli işləri nəzərdə tutaraq vurğulayıb: “Xəstəxana ən yüksək standartlara cavab verir. Xarici görünüşü də çox gözəldir, əzəmətlidir, bir memarlıq əsəridir. Eyni zamanda burada quraşdırılan avadanlıq ən yüksək standartlara cavab verir, ən qabaqcıl firmaların istehsalı olan avadanlıq quraşdırılıb. Çox gözəl dizaynı var. İnteryer, palatalar, əməliyyat otaqları, dializ bölməsi də gözəldir. Yəni burada bir neçə bölmə fəaliyyət göstərir. Bu xəstəxananın istifadəyə verilməsi ilə Naxçıvanda səhiyyə infrastrukturunun yaradılması prosesi başa çatır”.
Görülən işlər “Xəstə, halın necədir?” adlı məqalədə ürək yanğısı ilə qeyd olunan “xəstələr üçün lazımi şəraiti yarada bilmirik” sözlərini də tarixə qovuşdurub. Çünki Naxçıvan Muxtar Respublika Xəstəxanasında ən müasir şərait yaradılıb, şəfa ocağının imkanları bu gün dünyanın ən müasir tibb müəssisələrinin meyarlarına uyğundur. Bütün tələblərə cavab verən xəstəxanada hərtərəfli dövlət qayğısı sayəsində tibb sənayesinin son nailiyyətlərinə söykənən texniki vasitələr, kompüter müayinə avadanlığı və sistemləri var. Burada dünyanın tanınmış təhsil ocaqlarında təcrübə keçmiş yüksək səviyyəli tibb işçiləri fəaliyyət göstərir, illərin təcrübəsini qazanan peşəkar həkimlərimiz bilik və bacarıqlarını əhalinin sağlamlığının qorunmasına sərf edirlər. 19 şöbə, 6 bölmədən ibarət olan xəstəxanadakı xidmətlərdən hər gün istifadə edən muxtar respublika sakinləri burada şəfa taparaq razılıqla ayrılırlar. 
Həmin yazıda səhiyyə müəssisəsidəki ağır vəziyyətdə olan xəstələrin dözülməz şəraitdə olmasından yanarlıqla söhbət açılır. Bu gün isə səhiyyə müəssisəsinə ağır vəziyyətdə gətirilən xəstələr əvvəlcə xəstəxana binasının birinci mərtəbəsində yerləşən, hər cür tibbi avadanlıqlarla təchiz edilən Planlı təcili təxirə­salınmaz yardım şöbəsinə yerləşdirilir, burada ona ilk yardım göstərilir. Bu əhəmiyyətli bölmə barədə bizə məlumat verən şöbə müdiri Pəri Əliyeva deyir ki, burada 1 palata, 1 əməliyyat otağı mövcuddur. Palata 6 funksional çarpayıdan ibarətdir. Bütün tibbi cihaz və ləvazimatlarla – xəstəbaşı monitorlar, süni tənəffüs, portativ ultrasəs aparatları, infuziya və inyeksiya üçün infuzomatlar, immoblizasiya xərəkləri, koaqulyator, oksigen reduktorları və sair ilə tam təchiz olunub. Şöbənin 12 nəfərlik tibbi personalı xəstələrin xidmətindədir. Şöbənin dərman təchizatı xəstəxananın daxili imkanları hesabına ödənilir.
Pəri həkim onu da qeyd edir ki, xəstəxanaya daxil olan bütün növ təcili xəstələrin – avtoqəzalar, müxtəlif etiologiyalı zəhərlənmələr, təcili terapevtik xəstəliklər, beyin qan dövranı pozğunluqları, mədə-bağırsaq qanaxmaları, allergiyalar və allergik reaksiyalar və kəllə-beyin travmalarının qəbulu bu şöbədə aparılır. Xəstələrə ilkin olaraq tibbi yardım göstərilir, ehtiyac olan bütün müayinələrdən keçirildikdən sonra müvafiq şöbələrə yerləşdirilir və yaxud da planlı təcili təxirəsalınmaz yardım şöbəsində nəzarətdə saxlanılır. Şöbənin əməliyyat otağında, sadəcə, kiçik – ambulator əməliyyatlar həyata keçirilir. 
Təbii ki, nə yüksək texnologiyaya malik avadanlıqlar, nə də yüksək şərait heç vaxt həkimi, onun xəstəyə münasibətini, diqqətini əvəz edə bilməz. Qəbul şöbəsinin müdiri Ramidə Bağırova ilə söhbətimiz zamanı o da bu məsələyə toxunaraq dövlətimizin insan amilinə verdiyi yüksək qiyməti xəstələrlə ünsiyyətdə ön planda saxladıqlarını xüsusi qeyd etdi. O dedi ki, xəstənin ağır vəziyyətində həkimin qayğısı, səmimiyyəti ən təsirli müalicə vasitəsidir. Hər bir xəstəyə fərdi yanaşmaq üçün yalnız onun özünəxas müalicə üsulu tapmağa səy göstəririk. 
Ağır və məsuliyyətli əməliyyatların yerinə ­yetirildiyi travmatologiya şöbəsində də xəstələr üçün hər cür şərait var. Əməliyyatdan yeni çıxan gənc həkim travmatoloq-ortoped Həbib Hüseynovla söhbətimiz zamanı o, bizə əhəmiyyətli bir əməliyyat barədə söhbət açdı: – Ötənlərdə Musa Həsənov adlı şəxs sol əl biləyinin subtotal amputasiyası diaqnozu ilə xəstəxanaya daxil oldu. Onun vəziyyəti çox ağır idi. Çünki ehtiyatsızlıq ucbatından kəsici alətlə qolunun sümüyü tamamilə kəsilmişdi. Kəsilən nahiyəni müayinə etdik, ilkin tibbi yardım göstərildikdən sonra əməliyyata qərar verdik. Xəstəmizin çoxlu qan itirməsinə, əl biləyinin qopmuş vəziyyətdə olmasına baxmayaraq, qol amputasiya edilmədi, anatomik struktura bərpa olundu. Onu da deyim ki, əgər vaxtında müdaxilə olunmasa idi, xəstə nəinki sol qolunu itirəcəkdi, hətta ölüm təhlükəsi ilə də üz-üzə qalacaqdı. Belə bir vəziyyətlə illər öncə qarşılaşsaydıq, dəqiq deyə bilərəm ki, bu, xəstənin ölümü ilə nəticələnəcəkdi. Çünki həmin vaxtlarda bugünkü müasir tibbi avadanlıqlarımız, maddi-texniki bazamız, dərman və qan ehtiyatımız yox idi. Bu gün xəstəxanada yaradılan şərait biz həkimlərin də səmərəli fəaliyyətinə zəmin yaradır, bütün çətinlikləri aradan qaldırır.
Xəstəxanalar üçün qan ehtiyatının əhəmiyyətini yuxarıda qeyd etmişdik. Bu gün muxtar respublikamızda bu məsələ diqqət mərkəzində saxlanılır. Xəstəxananın üçüncü mərtəbəsində yerləşən mərkəzi qan bankının şöbə müdiri Məmmədəli Həsənovla söhbət zamanı bildirdi ki, xəstəxanada yaradılan və mühüm əhəmiyyət daşıyan Qan bankının fəaliyyəti nəticəsində muxtar respublikanın bütün səhiyyə müəssisələrinin qana olan tələbatı ödənilməklə bərabər, burada müxtəlif məqsədlər üçün qanın komponentləri olan plazma, eritrositar və trombositar kütlənin alınması, saxlanması və məqsədyönlü istifadəsi də həyata keçirilir.
Onun sözlərinə görə, ənənəvi qanvermə aksiyaları ilə əhalinin donorluğa aktiv cəlb edilməsi pullu donorluqdan tam imtina edilməsinə imkan yaradıb. Hazırda tibb müəssisələrinin və xəstələrin qana olan ehtiyacı tam ödənilir. 
Xəstəxanada olarkən 11 palatalı, 33 yerlik urologiya şöbəsində stasionar müalicə alan 70 yaşlı Fatma nənənin dediyi sözlər əvvəlki illərdəki vəziyyətlə bu günün müqayisəsi baxımından diqqətimizi cəlb etdi. O qeyd etdi ki, bir vaxtlar bu xəstəxanada işıqsız qaldığımız günlərdə yayda istidən, qışda isə soyuqdan yatmaq mümkün olmurdu. Həmin illərdə xəstəxanada müalicə olunmaq əvəzinə bəzən istinin təsirindən halımız pisləşir, bəzən isə soyuqdan daha da ağırlaşırdıq. Həkimin yazdığı dərmanları isə çox zaman tapa bilmirdik. Vaxt var idi ki, burada içməyə su da tapılmırdı. Haradan olsun? Gah işıq sönür, gah da su xətlərində nasazlıq olduğunu deyirdilər. Yaxşı yadımdadır, o vaxtlar məni əməliyyata gətirmişdilər. Yenə işıq söndü, cərrahiyyə otağında qaldım. Havanın isti olması məni əldən salmışdı. Şükürlər olsun bu günümüzə. O qədər gözəl şərait var ki, xəstə özünü evindəki kimi rahat hiss edir. 
Ümumi terapiya şöbəsində müalicə alan 77 yaşlı Mələk nənə də həkimlərdən və burada yaradılan şəraitdən razılığını bildirdi: – Mən çox ağır vəziyyətdə bu şöbəyə gətirilmişdim. Düşünürdüm ki, yaşım ötüb. Yəqin ki, həkimlər heç nə edə bilməyəcəklər. Həmin gün həkimim İsmət İmanova yanımdan ayrılmadı, əlindən gələni etdi, məni ağır vəziyyətdən çıxardı, ümidlərimi özümə qaytardı. Maşallah, həkimlərimiz peşəkar, mehriban, gülərüzdürlər. Xəstəxananın da şəraiti çox gözəldir. Ən yaxşısı isə buradakı mehriban ab-hava xəstələri sağaldır. Yaradanlara, quranlara, insanlara qayğı göstərənlərə həmişə dua edəcəyəm. Allah dövlətimizi var eləsin. 
Çıxışda daha bir muxtar respublika sakini ilə – Kəngərli rayonunun Yurdçu kəndindən ağır vəziyyətdə xəstəxanaya gətirilən 80 yaşlı Əbülfəz Əliyev ilə qarşılaşdıq. O, qəzet üçün material hazırladığımızı öyrənəndə burada dövlətimizin yaratdığı şəraitdən ağızdolusu danışdı, həkimlərdən razılığını bildirdi: – Bala, həkimlər məni o dünyadan qaytardılar. Bura gətirilməmişdən qabaq evdə birdən-birə ürəyim narahat oldu, o dünyanı görüb gəldim. Deməynən, mədəmdə yara deşilibmiş. Yolda deyirdim ki, məni evimə qaytarın, barı evimi-ocağımı görüm, gözüm nisgilli getməyim. Amma sağ olsun həkimlərimiz, məni ölümün əlindən aldılar. Əvvəlki vaxt olsaydı, yəqin ki, indi yaşamayacaqdım. Dövlətimiz, Prezidentimiz, Ali Məclis sədri var olsunlar! Bizi həyata bağlayan, yaşadan onların qayğısı, diqqətidir!
Fikrimizcə, Fatma və Mələk nənənin, Əbülfəz Əliyevin dedikləri “Şərq qapısı” qəzetinin 25 noyabr 1992-ci il tarixli sayında dərc olunan “Xəstə, halın necədir?” sərlövhəli məqalədəki suala verilən ən yaxşı cavabdır...
Rauf KƏNGƏRLİ,
Ramiyyə ƏKBƏROVA,
Naxçıvan
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında