Şriftin ölçüsü:
10.04.2011 03:28 | Oxunma sayı: 561
Möhkəm ictimai-siyasi sabitlik və əmin-amanlıq Azərbaycanın uğurlarının əsas amilidir.
Bu fikir Serbiyada yaşayan və təhsil alan azərbaycanlı gənclərin Prezident İlham Əliyevə müraciətində qeyd olunmuşdur.
Belqraddakı Singidunum Universitetinin birinci kurs tələbəsi Şahin Hacıyev və iş adamı Elzadə Həsənov tərəfindən Serbiyada yaşayan və təhsil alan azərbaycanlı gənclər adından imzalanan müraciətin AzərTAc-a daxil olmuş mətnində təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi xətti Prezident İlham Əliyevin uğurla davam etdirməsindən, həyata keçirilən məqsədyönlü islahatlar və quruculuq proqramları sayəsində ölkəmizin regionun lider dövlətinə çevrilməsindən, xarici tərəfdaşlarla və beynəlxalq qurumlarla qarşılıqlı hörmətə və milli maraqlara söykənən səmərəli əməkdaşlıq əlaqələri qurulmasından danışılır.
Möhkəm ictimai-siyasi sabitliyin və əmin-amanlığın Azərbaycanın uğurlarının əsas amili olduğu vurğulanan müraciətdə deyilir: "Ölkəmizdə iqtisadi, siyasi, hüquqi islahatlar bu möhkəm təməl üzərində həyata keçirilir. Ölkədə demokratikləşmə proseslərinə dövlətimiz tərəfindən ciddi önəm verilir və gerçəkləşdirilir. Bir neçə ildir ki, dünyada hökm sürən iqtisadi və maliyyə böhranı böyük iz qoysa da, Azərbaycan bu sınaqdan da uğurla çıxa bilmişdir. Ölkəmizin hər bir yerində quruculuq-abadlıq, bərpa işləri aparılır və bu gün Azərbaycan sürətlə və dinamik şəkildə inkişaf edən bir ölkədir.
Azərbaycanda milli birlik, xalqla Prezident arasında birbaşa təmas, inam və etibar mövcuddur və bu, çox sevindirici haldır. Bütün bunları biz xaricdən izləyib Azərbaycanın gündəlik həyatında müşahidə edirik".
Müstəqilliyin ən böyük sərvətimiz olduğu vurğulanan müraciətdə deyilir ki, gündən-günə inkişaf edən müasir Azərbaycan dövləti qürur mənbəyimizdir. Bu inkişaf Azərbaycan gənclərinin qarşısında böyük perspektivlər açmışdır. Azərbaycan gəncləri öz arxalarında qüdrətli bir dövlətin, onun müdrik Prezidentinin dayandığını hiss edir və bundan ruhlanırlar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işləri xatırladan müraciətdə vurğulanır: "Cənab Prezident, Sizin bu məsələdə milli mənafeyə söykənən mövqeyinizi Serbiyada yaşayan və təhsil alan biz azərbaycanlı gənclər yekdilliklə dəstəkləyirik. Biz əminik ki, yaxın zamanlarda Azərbaycanın dövlət bayrağı doğma Qarabağımızda dalğalanacaqdır və bu işdə Sizin Ali Baş Komandan kimi hər bir əmrinizi yerinə yetirməyə hər an qanımızla və canımızla hazırıq".
Müraciətdə daha sonra deyilir: "Bizim üçün fərəhli haldır ki, Azərbaycan ilə Serbiya arasında münasibətlər son zamanlar sürətlə inkişaf edir. Belqradda Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatası və Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması və onların fəal işi ölkələrimiz arasında dostluq, əməkdaşlıq əlaqələrini yeni müstəviyə çıxarmışdır. Azərbaycan dövləti tərəfindən Belqrad şəhərindəki "Taşmaydan parkı"nın bərpa və yenidən qurulması ilə bağlı işlərin tezliklə başa çatması, parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin heykəllərinin ucaldılması, həmçinin Serbiyanın ikinci böyük şəhəri və mədəniyyət mərkəzi sayılan Novi Sadda, Dunay çayının sahilindəki parkda abadlıq işlərinin də tezliklə yekunlaşdırılması və orada dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün qoyulması, bu tarixi şəxsiyyətlərin xatirələrinin Serbiyada əbədiləşdirilməsi ilə hər iki park Azərbaycan və Serbiya dövlətləri arasında yüz illərlə yaşayacaq dostluğun rəmzinə çevriləcəkdir".
Radikal müxalifətin ölkədə yenidən hərc-mərclik yaratmaq hərəkətlərinin qətiyyətlə pislənildiyi müraciətdə deyilir: "Biz - Serbiyada yaşayan və təhsil alan Azərbaycan gəncləri xarici himayədarların təsiri altına düşmüş bəzi müxalif qüvvələrin ölkəmizdə xaos və hərc-mərclik yaratmaq niyyətlərini pisləyir, buna qarşı qəti etirazımızı bildirir və Azərbaycanımıza hər cür dəstək verməyə hazır və yanınızda olduğumuzu bəyan edirik. Azərbaycanın sürətlə inkişaf etməsinə qısqanclıqla yanaşan, onu sevməyən və ya qənim kəsilən qüvvələr ayrı-ayrı fərdləri, pozucu, dağıdıcı qrupları dövlətçiliyimizə qarşı qanunsuz hərəkətlərə təhrik etməyə cəhd göstərirlər. Azərbaycanda radikal meyilli qrupların son vaxtlar törətdikləri iyrənc əməllər bir daha göstərdi ki, müxalifətin heç bir sosial dayağı və milli dəstəyi yoxdur. Heç bir real bacarığa və dövlətçilik təcrübəsinə malik olmayan səriştəsiz müxalifət XX əsrin 90-cı illərinin əvvəllərində olduğu kimi, müstəqil dövlətçiliyimiz və cəmiyyətimiz üçün gərginlik mənbəyinə və sosial bəlaya çevrilmək arzusundadır. Lakin bunlar faydasızdır və heç bir nəticə verə bilməz. Ona görə ki, mövcud sabitliyi, dinamik inkişafı, ölkədə aparılan uğurlu islahatları pozmağa, ona xələl gətirməyə çalışan qüvvələrə Azərbaycan xalqı heç bir zaman imkan verməz. Biz gənclər də öz növbəmizdə buna göz yummayacaq və belə hərəkətlərə imkan verməyəcəyik!"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.