“BAŞÇILIQ ETDİYİN RAYONU FİRAVAN GÖRMƏK İSTƏYİRSƏNSƏ, GƏRƏK ONU SEVMƏYİ BACARASAN”

          Çoxdanın söhbəti olsa da, heç yadımdan çıxmır. Qərb bölgəsindəki bir rayonun icra hakimiyyəti başçısından soruşdum ki, üç ayda rayonda nə kimi yeniliklər olub, hansı maraqlı tədbirlər həyata keçirmisiniz və sair.

          Sualıma sual dolu baxışlarla cavab verdi və bir qədər də narazı halda “üç ay nə böyük müddətdir ki, nə də baş versin?” – dedi. Qayıtdım ki, cənab Prezidentimiz rübdə bir dəfə Nazirlər Kabinetinin geniş iclasını çağırır, məsul şəxslərin hesabatını dinləyir, tapşırıqlar verir, qarşıda duran vəzifələrdən danışır...

Elə bil birdən ayıldı. Hiss etdim ki, üç ay ərzində rayonda gözə dəyən elə bir iş görə bilməyiblər, bir-iki ənənəvi bayram tədbiri keçirilib, vəssalam. Elə icra hakimiyyətinin saytına da nəzər salmaq kifayət idi ki, rayonun  üç  aydakı fəaliyyəti haqqında təsəvvür yaransın...

          Nədənsə, hər dəfə Şəmkir Rayon İcra Hakimiyyətinin saytına baxanda məhz həmin söhbət yadıma düşür və bir daha əmin oluram ki, işləmək istəməyəndə nə bəhanə desən, tapıb demək mümkündür. Bir dəfə Şəmkir RİH-in üç günlük fəaliyyəti haqqında məlumat əldə etmişdim. Sizi inandırım ki, haqqında söhbət açdığım rayonda üç ay ərzində bir o qədər tədbir keçirilməmişdi. Maraq üçün fikir verin. 1 iyun. İlin ən fəal gənc liderləri mükafatlandırılır. Rayon icra hakimiyyətinin başçısı tədbirdə iştirak edir və mükafatları da özü verir. Yenə həmin gün  Uşaqların Beynəlxalq Müdafiəsi Günü möhtəşəm ümumşəhər tədbiri təşkil olunur. Axşama doğru Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi, Türkdilli Ölkələrin Parlament Assambleyası, Mədəniyyət Nazirliyi, Milli Kitabxana, TİKA, “Azərkitab” Kitab Təbliğatı Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyi ilə Şəmkirdə VIII Beynəlxalq şairlər günü çərçivəsində Əhməd Cavad və Mehmet Akif Ersoyun xatirəsinə həsr edilmiş tədbir keçirilir. Bir gün sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş möhtəşəm elmi-praktik konfrans keçirilir, rayon rəhbəri, Milli Məclisin deputatları, o cümlədən AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Türkiyənin Gəncədəki baş konsulu Orhan İşıq və ətraf rayonlardan qonaqlar iştirak edirlər. Tədbirdən sonra qonaqlar Şəmkirin gözəl guşələrinə aparılır, onlara tikintisi başa çatmaqda olan “Azforel” balıqçılıq təsərrüfatı  göstərilir. Ertəsi gün RİH başçısı Alimpaşa Məmmədov rayonun Dəllər-Cəyir və Sarıtəpə kəndlərində yerləşən kümxanalarına baş çəkir, baramaçılarla görüşür, problemləri ilə maraqlanır. Bir saat keçməmiş Rusiya Fedarasiyasından olan iş adamları rayona qonaq gəlirlər. Yenə görüş, müqavilə imzalamaq, hər kəsə diqqət göstərmək, rayonla yaxından tanış etmək…Həmin gün Yeni Göycə kəndinin sakinləri də başçını gözləyirlər. Əvvəlcədən planlaşdırılan səyyar görüşdür, getməmək olmaz…Bax beləcə 3 gün başa çatır. Nəzərə alın ki, sadaladıqlarımız nisbətən böyük tədbirlərdir. Digər tədbirləri də buraya əlavə etsək, görün Şəmkirin gündəlik həyatı nə qədər zəngindir!

          ...Bayaqdan rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla söhbət edirəm. Amma bir qədər narahatam. Yox, elə fikirləşməyin ki, kimsə, nəsə mane olur və ya digər bir problem var. Qətiyyən! Xudmani bir yerdə əyləşmişik, ətraf gül- çiçək, qarşımızda pürrəngi çay. Görüş yerini də özü seçib. Deyir kabinet sanki adamı sıxır, bir qədər də rəsmiyyətçiliyə çəkir. Telefon zəngləri, aparat işçilərinin müraciəti və digər müdaxilələri də nəzərə alsaq, rahat, səmimi bir söhbət yəqin ki, alınmayacaq. Narahatlığımın səbəbi Alimpaşa müəllimin işlərinin həddindən çox olmasına baxmayaraq, mənə, qəzetimizə həvəslə vaxt ayırması, diqqət göstərməsidir. Lakin o bunu zərrə qədər də büruzə vermir, bəziləri kimi nümayişkəranə şəkildə saatına da baxmır, həmsöhbətini diqqətlə dinləyir, suallarına təmkinlə, hərtərəfli cavab verməyə çalışır.

 

–Alimpaşa müəllim, bir az fikirli görünürsünüz, nə barədə düşünürsünüz?

          Bir qədər gülümsəməyə çalışsa da sualımın nahaqdan verilməməməsini sanki təsdiqləyirmiş kimi uzaqlara baxır və sonra da “deyirəm, görəsən səhv etmirəm ki...” deyib mətləbə keçir:

– Rayondan 4 nəfəri mükafata təqdim etmişik. Deyirəm, görəsən səhv etməmişik. Bəlkə onlardan daha layiqlisi var, yaddan çıxıb qalıb, unutmuşuq. Bax, ən  qorxduğum şey budur...Mükafat, ad alan insana gərək kənardan heç kim dodaq büzməsin, layiq olub-olmadığını müzakirə predmeti etməsin, yekdilliklə, bir ağızdan “layiqdir” desin.

          Rayon rəhbərinin təşəbbüsü ilə hər ilin sonunda, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən Yeni il gecəsində “İlin müəllimi”, “İlin bələdiyyə sədri”, “İlin həkimi” və qalib olan digər peşə sahiblərinə mükafatları təqdim edərkən ətrafdakılara da sual dolu baxışlarla nəzər salması  yadıma düşdü və onun narahatlığını bir daha anladım. Rayonda bu adlar uğrunda, sözün əsl mənasında, mübarizə aparılır, kimin, hansı təşkilatın daha şanslı olduğu sosial şəbəkələrdə ilboyu müzakirə olunur, təkliflər irəli sürülür. Mən özüm bu tədbirlərin bir neçəsində iştirak etmişəm və şahidi olmuşam ki, mükafatlar, həvəsləndirici adlar heç vaxt kiminsə, nəyinsə xətrinə və ya formal olaraq verilmir. Bu, əsl mübarizədir, yarışdır, adamları, ayrı-ayrı kollektivləri daha yaxşı çalışmağa səfərbər edən əvəzsiz bir ideoloji işdir.

 

Yeri gəlmişkən, Şəmkirdə olan ideoloji işi, onun maraqlı forma və metodlarını digər şəhər və rayonlarda da görmək pis olmazdı. Yadımdadır, onda Alimpaşa Məmmədov yenicə rayon icra hakimiyyətinin başçısı işləyirdi, cəmi iki-üç ay idi. Saytlarından oxudum ki, aşağı siniflərdə oxuyan orta məktəb şagirdlərini icra hakimiyyətinə dəvət ediblər və “Mən icra başçısı olacağam” adlı tədbir keçiriblər. Şagirdlər növbə ilə başçının kreslosunda əyləşib, yanındakılara “göstərişlər” veriblər, yeri gələndə bəzilərini “danlayıblar”. Düzü, hələ onda fikirləşmişdim ki, bu rayonun başçısı ideoloji işə belə önəm verirsə, orada digər məsələlər, o cümlədən iqtisadiyyat, abadlıq, tikinti, quruculuq işləri daha yaxşı təşkil olunacaq. Bir qədər keçdi, hiss etdik ki, yanılmamışıq. “Gənc müəllimlər”,  ardınca “Gənc həkimlər” birlikləri yaradıldı. Ən istedadlı, qabiliyyətli peşə sahibləri bu birliklərə daxil edildilər və rayonda xeyirxah, təmənnasız bir iş başlandı. Kənd və qəsəbələrə getdilər, açıq dərslərdə oldular, məsləhətlər verdilər, xəstələri pulsuz müayinə etdilər. Həmin iş bu gün də davam etdirilir və hamı onların fəaliyyətindən razıdır. İndi bu təşəbbüsə müxtəlif kateqoriyadan olan peşə sahibləri qoşulublar. “Gənc tərbiyəçilər” Birliyi də xeyirxah təşəbbüsün işığında yaranan ictimai qurumdur. Çoxları elə bilirdi ki, bu təşəbbüslər tez parladığı kimi tez də sönəcək. Lakin belə olmadı. Nəinki onların fəaliyyəti zəiflədi, əksinə daha da gücləndi, yeniləri yarandı. Bir məsələni vurğulamaq istərdik ki, Alimpaşa Məmmədov indiyədək başladığı heç bir işi yarımçıq qoymayıb, əksinə onun daha da təkmilləşdirilməsinə çalışıb, həvəsləndirici metodları işə salıb. Özü nəzarət edir, tədbirlərində iştirak etməyə çalışır...

          Yoldan içərisi əsgərlərlə dolu bir maşın keçdi. Deyib gülürdülər. Alimpaşa müəllim bir xeyli, ta gözdən itənədək onların arxasınca baxdı. Bu mənzərədən işıqlanan sifətinə elə tezcə də sanki bir qaranlıq çökdü və üzümə baxıb “Nurlan, Təbriz, Vüqar yadıma düşdü, Vüsalı, Altunu xatırladım, Xanoğlanın “oğlumla fəxr edirəm” söylədiyi atasının qabarlı əlləri gəlib durdu gözümün qabağında” – dedi.

          Rayon rəhbərinin adlarını çəkdiyi əsgərlər Şəmkirdən olan Aprel şəhidləri idi. Onların bir çoxunun dəfn və ad günü mərasimlərində də iştirak etdiyimdən, bəzilərinin valideynlərini də tanıdığımdan,  evlərində olduğumdan artıq bilirdim kimlərdən söhbət gedir. Təkcə Xanoğlan  Xəlilov aprel şəhidi deyildi, həmin qələbə döyüşlərindən 10 ay sonra qoşunların təmas xəttində qəhrəmancasına həlak olmuşdu. Yadıma iki il qabaq, təxminən aprelin ortalarında, ilin birinci yarısının yekunlarına həsr olunmuş toplantıda Alimpaşa Məmmədovun çıxışı düşdü. Onun çıxışına qulaq asanda elə bildim ki, dünyada Azərbaycan əsgərindən güclüsü yoxdur! Yer kürəsində bizim ordudan möhtəşəm ordu ola bilməz! Dünyada Azərbaycan Prezidenti qədər güclü lider tanımıram!

 

Başçı danışırdı, rayon iqtisadiyyatının, təhsilin, mədəniyyətin, səhiyyənin uğurlarından, problemlərindən söz salırdı, lakin yenidən şəhidlərimizin üzərinə qayıdırdı. Gizlətmirəm, o çıxış zamanı hərbi-vətənpərvərlik mövzusunda bir neçə yazının tezizlərini dəftərçəmə köçürdüm və artıq həmin yazılardan dərc olunanları da var. Bu faktı ona görə qabarıq şərh edirəm ki, şəhidlərimizə, onların ruhuna hörmət-izzət təkcə sözdə deyil, əməldə də olmalıdır. Rayon icra hakimiyyətinin başçısı Şəmkirdən olan şəhidlərimizin qarşılanmasından tutmuş, onların dəfnlərində, yas mərasimlərində, xatirə və ad günlərində hamısında iştirak etdi, çıxışları ilə nümunə göstərdi, hər bir ailənin problemləri ilə maraqlandı, bir neçə dəfə gəldi, getdi, əl tutdu... Yeni il gecəsində şəhid valideynlərinə “İlin adamı” ödülünü  təqdim etdiyi zaman gözlərinin dolduğu, əllərinin əsdiyi anı neçə illər də keçsə unutmaq olmayacaq. Elə oradaca ikiqat əyilib şəhid anasının əllərindən öpməsi gözlərimiz önündən heç vaxt getməyəcək.       

          ...Alimpaşa müəllim “bu il deyəsən, daha çox isti  olacaq” deyərək, sanki söhbətimizin mövzusunu dəyişdirmək istədi və əlini yaxınlıqdakı gül zanbağının vaxtından əvvəl quruyan yarpağına toxundurdu: Amma istənilən havada şəmkirlilər vəziyyətdən çıxmağı bacarırlar. Bu rayonun adamları bilirsiniz nə qədər torpağa bağlı adamlardır?! Çalışırıq ki, onlara kömək edək, ən çətin hava şəraitində yanlarında olaq, problemlərini bilək...

          – Bəs süni əngəllər necə, tez-tezmi olur?

          Qəfil sualım sanki ürəyindən xəbər verdi. Dedi ki, bu yerlərin fermerlərini, digər iş adamlarını az qala adbaad tanıyıram. Nə əkirlər, nə biçirlər, nəyi necə qazanırlar, bilirəm, məlumatım var. Görəndə ki, kiminsə həyətində yeni bir ev ucalmağa başlayıb sevincimdən qəlbim dağa dönür. Amma hiss edəndə ki, kiminsə bu halal zəhmətə qara əli uzanıb, onu mən bağışlaya bilmərəm:

          – Keçən il günlərin birində eşitdim ki, Əmək müfəttişliyinin yerdəki nümayəndəsi istixanalarda işləyənlər qarşısında müəyyən şərtlər qoyub və xoşagəlməyən söhbətlər qulağıma gəlib çatırdı. Çağırıb xəbərdarlıq etdim. And-aman elədi ki, gördüyümüz işlərin hamısı qanun çərçivəsindədir. Yenə də rahatlıq tapmayıb onun naziri ilə danışdım və dedim ki, Şəmkirdə istixanalarda işləyənlərin sayı 6 min nəfərə yaxındır. Hər ailədə orta hesabla 5 nəfərin olduğunu götürsək, deməli, Şəmkirdə 30 min nəfər istixanalardan  dolanır, özünə ev-eşik qurur, maşın alır və sair. Gəlin mane olmayaq...

          İcra hakimiyyəti başçısının sözünə qüvvət, hazırda Şəmkirdə 1000 hektara yaxın istixana var. Bu il əlavə olaraq  daha 100 hektarın salınması gözlənilir. Artıq ötən aylarda bunun 50 hektarı istifadəyə verilib. Keçən il rayondakı istixanalardan 127 min 977 ton məhsul yığılıb. Onun 111 min 342 tonu pomidordur. Özü də bu pomidoru Rusiya bazarlarında, necə deyərlər, yerə düşməyə qoymurlar. Onun dadı da, görünüşü də, keyfiyyəti də digər ölkələrin eyni adlı məhsulundan əməlli-başlı seçilir və daha yüksək qiymətə satılır. Yəni təlabat böyükdür.

          Yeri gəlmişkən qeyd edim ki, Alimpaşa Məmmədov istənilən bir işin, layihənin perspektivlərini əvvəlcədən görür, onu ölçüb-biçir, götür-qoy edir, hesablayır, gəlir-çıxarını bilir. Ən başlıcası isə bu məhsulların xarici bazarlara çıxarılması məsələlərinə diqqət yetirir, bu bazarı tapır və sair. Məsələn, hazırda rayon ərazisində “AZFOREL” balıqçılıq təsərrüfatında son tamamlama işləri görülür. Nümunəvi, nəinki respublikada, Qafqazda tayı-bərabəri olmayan bir müəssisədir. İndinin özündə bu yerlər qonaqlara göstərilir və onlar, sözün yaxşı mənasında, heyrətlənirlər. Burada müasir avadanlıqlardan və intensiv texnologiyalardan istifadə etməklə sənaye üsulu ilə balıq yetişdirilməsi və tam emalı təşkil ediləcəkdir. Təsərrüfatda il ərzində 2500 ton balıq məhsulları (əsasən də forel balığı) istehsal olunacaq. Əldə olunan məhsullar daxili bazarla yanaşı,  Rusiya, Ukrayna, Belarus və Orta Asiya ölkələrinə ixrac ediləcək. Müəssisə istehsal edəcəyi məhsullar üzrə Qafqaz regionunda əsas təchizatçılardan biri olmaq niyyətindədir və bunun üçün də öz istehsal sahəsində müasir avadanlıqların tətbiqi ilə keyfiyyətli məhsul istehsal etmək, həmçinin, genişmiqyaslı marketinq siyasəti həyata keçirməyi nəzərdə tutur.     Hazırda burada 2 rəngdə (qırmızı və ağ) olmaqla 12 növ forel balığı yetişdirilir.

          “Şəmkir Aqropark” da nəhəng, perspektivi olan möhtəşəm bir layihədir. Burada respublikada ilk dəfə müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara  fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunur. Aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika – məhsulları saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış, yaşıl marketlər və fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi nəticəsində rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradılacaq.           Aqropark ölkənin ixrac əməliyyatları ilə məşğul olan aparıcı logistika mərkəzləri ilə əməkdaşlıq edəcək, yerli məhsulların «Made in Azerbaijan» brendi ilə ixracını və xarici istehlakçılara çatdırılmasını, eləcə də daxili bazara çıxarılmasını təmin edəcək. Bildiyiniz kimi, keçən ilin avqustunda ölkə Prezidenti İlham Əliyev  Logistika Mərkəzinin açılışını bildirən qırmızı lenti kəsmişdir.

          Alimpaşa Məmmədovun iqtisadiyyatı, onu inkişaf etdirməyin yollarını, bu işin incəliklərini yaxşı bilməsi rayonda bir çox layihələrin uğurla icra olunmasına bilavasitə şərait yaratmışdır. Adi bir misal. Bələdiyyələr (təkcə Şəmkirdə yox) daim gəlirlərinin vəsaitlərinin olmaması ucbatından rayonda gedən abadlıq-quruculuq işlərində iştirak edə bilmədiklərindən şikayət edirdilər. Rayon rəhbərinin təşəbbüsü ilə onların nəzdində MMC-lər yaradıldı. Çox keçmədi ki, bələdiyyələr dirçəlməyə başladı. Hətta keçən il Arif Rəhimzadənin  Milli Məclisdə rəhbərlik etdiyi komissiyanın üzvləri Şəmkirdə bələdiyyələrin iş üsulunu öyrənib yaymaq üşün geniş respublika tədbiri keçirdi.

– Gərək heç nədən qorxmayasan, deyə Alimpaşa Məmmədov bayaqkı söhbətin üstünə qayıdır.  – Yaxşı iş görənin də əl-ayağına dolaşmayasan, mane olmayasan. Biz şəhərdən bir qədər kənarda müasir bir bazar salmaq istəyəndə bəziləri onun perspektivinə inanmadı, “Ora kim gedəcək?” deyib dodaqbüzənlər də oldu. Yəni kəndli nə vaxta qədər becərdiyi məhsulu yol kənarlarında, tozun- torpağın içərisində satmalı idi?! Biz onu istifadəyə verdik. İndi görün heç orada indi bir yer belə tapmaq olarmı? Müasir, hər cür şəraiti olan bir bazardır. “Şəmkir səbəti”nə indi nəinki təkcə şəmkirlilər, Gəncədən, Tovuzdan, Gədəbəydən, digər yerlərdən də gəlirlər.

          ...Bu gün Şəmkir çox gözəldir. Onun görməli, gəzməli yerləri o qədər çoxdur ki, bir gündə hamısı ilə tanış olmaq sadəcə mümkün deyil. Alimpaşa Məmmədov deyir ki, cənab Prezidentimizin Şəmkirə və şəmkirlilərə olan qayğısının nəticəsidir ki, bu rayon indi hamının diqqətini cəlb edir. Özü təvazökarlıq edib deməsə də, bilirik ki, Şəmkirin hər daşında, kəsəyində Alimpaşa müəllimin böyük zəhməti var. O, bəzən günlərlə, həftələrlə fəhlələrin yanından əl çəkməyib. Çalışıb ki, Şəmkir daha gözəl, daha firavan olsun.

          Söhbətimiz Şəmkirdən, şəmkirlilərdən düşəndə rayon rəhbərinin çöhrəsi tamam dəyişir, daha da işıqlanır. Soruşuram niyə belədir? Deyir başçılıq etdiyin rayonun firavan olmasını istəyirsənsə, gərək ilk növbədə onu sevməyi bacarasan. Bu məhəbbət, bu istək yoxdursa, heç nə alınmayacaq. Nə iqtisadiyyatı bir iqtisadiyyat olacaq, nə günü-güzəranı:

          – Şəmkiri çox sevirəm, onun hər sakinini doğmam bilirəm. Onlara çox güvənirəm. Ən çətin işləri də onlarla görürəm və heç vaxt darıxmıram. Bilirəm ki, onların köməyi ilə istədiyimizə nail olacağıq.

          Alimpaşa müəllimlə görüşümüz sona çatır. Xidməti maşınına əyləşməzdən əvvəl redaksiyamızın kollektivinə salamlarını çatdırmağımı xahiş edir. Deyir ki, “Xalq qəzeti”ni daim izləyir, maraqlı yazılar oxuyuram. Elə də olur ki, hansısa bir məqaləni aparatda bir yerdə oxuyub müzakirə edirik...

İcra  başçısından ayrılıb evə gəlirəm və kompüterimi açarkən iki saat əvvəl keçirdiyimiz görüş haqqında icra hakimiyyətinin «facebook» səhifəsində verilmiş geniş yazı və şəkillər çıxır qarşıma. Bu o səhifədir ki, artıq onun Azərbaycandan başqa dünyanın 70-dən çox ölkəsində izləyicisi var və bu izləyicilərin sayı həftə ərzində 60-70 min nəfərə çatır. Bax, əsl ideoloji iş budur! Şəmkirdə son illər həyata keçirilən bu cür işlərin nəticəsidir ki, əhalisinin sayı 220 min nəfərə çatan bir rayonda əmin-amanlıq, sabitlik hökm sürür, dövlətə və dövlətçiliyə sədaqət, Prezidentimizə dərin hörmət və inam addımbaşı hiss olunur. Bunu adını çəkdiyimiz sosial şəbəkələrdən də, adamlarla söhbətdən də öyrənmək çox asandır...

         

Hamlet Qasımov,

“Xalq qəzeti”nin  bölgə müxbiri,

Əməkdar jurnalist,

Şəmkir şəhəri

        


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında