Dünyanın nüfuzlu Euronews televiziya kanalı Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı geniş reportaj yayımlamışdır

Dünyanın nüfuzlu Euronews televiziya kanalının Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun geniş coğrafiyada təbliği üçün əsas media tərəfdaşı kimi çıxış etməsi bu tədbirin möhtəşəmliyindən və ona göstərilən beynəlxalq marağın yüksək səviyyəsindən xəbər verir. 
Aprelin 8-də Euronews televiziya kanalı forumla bağlı "Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu" adlı reportaj yayımlamışdır. Reportajın mətni telekanalın saytında yerləşdirilmişdir.
Reportajın əvvəlində sual verilir: "Müxtəlif mədəniyyətlər bir- biri ilə ziddiyyət aparmalı, yoxsa dialoq və qarşılıqlı anlaşma üzərində əməkdaşlıq etməlidir?".
Bu suala cavab axtaran reportyor bildirir ki, Avropanın eyniləşmə böhranı ilə üzləşdiyi və mədəni plüralizm siyasəti həyata keçirərək dalana dirənib-dirənmədiyini aydınlaşdırmaq istədiyi bir vaxtda Azərbaycan Respublikası hesab edir ki, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin birlikdə yaşadığı cəmiyyət yaratmağa müvəffəq olub".
Forumda iştirak etmiş Avropa Mədəniyyət Parlamentinin baş katibi Karl-Erik Norman fikirlərini bölüşərək demişdir: "Yəqin ki, mədəniyyətlərarası siyasətin müvəffəqiyyətsizliyə uğradığını söyləmək düzgün olmaz. Amma, bu da həqiqətdir ki, siyasətçilər və cəmiyyət bu dialoqda öz hüquqları və dəyərlərini tələb etməyi unudublar.
Dünyanın aparıcı ekspertlərinin və mütəxəssislərinin toplaşdığı Bakı Forumunun əsas ideyası mədəniyyətlərarası dialoqun vacibliyini diqqətə çatdırmaq idi.
Bakı Forumu göstərdi ki, rəsmi dairələrin və qeyri-hökumət təşkilatlarının nümayəndələri ümumi dəyərlərə söykənərək qlobal problemləri baxışların və ideyaların mübadiləsi yolu ilə həll etmək istəyirlər".
Avropa Şurasının mədəniyyət, təbii və mədəni irs departamentinin direktoru Robert Palmer Forumun mahiyyəti barədə fikirlərini açıqlayaraq bildirmişdir: "Müasir dünya qarşımızda çoxlu problem qoyur. Dünyanın müxtəlif yerlərində ayrı-seçkilik halları çoxalır, işsizlik artır, iqtisadi bərabərsizlik, təcridolunma və qarşıdurma hökm sürür, insanlar birgə yaşam haqqında baza prinsiplərini qəbul etmək istəmirlər. Bu bizim müasir dünyanın prinsipial çətinliyidir". R.Palmer sual verir: "Ümumi prinsiplər, ümumi dəyərlər fundamentini necə yaratmaq olar, bütün dünyada harmonik şəkildə yaşamaq üçün, bir-birini anlamaq üçün hansı yol tapılmalıdır?". O, qoyduğu sualı belə cavablandırır: "Son illər dünya harmonik birgə yaşam tərzindən uzaq düşüb, cəmiyyətdə zorakılığın artımı qeydə alınıb. Forumun iştirakçılarının əksəriyyəti hesab edir ki, bu vəziyyət siyasi və dini liderlərin dialoq aparmaq üçün uğursuz cəhdlərinin nəticəsidir".
İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Bakı Forumunu yüksək qiymətləndirərək demişdir: "Məqsəd ekstremizmin istənilən təzahürü ilə onun harada - istər Qərbdə, istər Şərqdə, istər Şimalda, istərsə də Cənubda baş verməsindən asılı olmayaraq mübarizə aparmaqdır və insanları birləşdirən prinsiplər üzərində çalışmaqdır. Mən hesab edirəm ki, biz bu ideyaları yaymalıyıq. Bu ideyalar mütləq məktəb proqramlarının bir hissəsi olmalıdır. KİV-lər vasitəsilə mədəni forumlar keçirilməlidir. Bu ideyalar hər yerdə - sinaqoqlarda, kilsələrdə və məscidlərdə təbliğ olunmalıdır. Mən düşünürəm ki, biz uğur qazanacağıq".
Reportajda Fransa Senatının üzvü Natali Qulenin fikirləri də yer almışdır: "Hər şey uşaqlarımızın tərbiyəsindən başlanır. Biz onları digərlərinə hörmət etməyi öyrədirik. Adətən bu məsələ qadınların öhdəsinə düşür, sonra isə estafet məktəbə keçir. Amma siyasətin vacib rolu vardır. Yaxşı siyasətçi axına qarşı gedir, bu, digərləri ilə bir axında getməkdən yaxşıdır. Ksenofobiya siyasəti aparmaqdansa, biz daha açıq olmalıyıq. Amma bu, hazırda Avropada edilənlərin tam əksidir. Bakı Forumu xoş istisnadır".
Reportajda bildirilir ki, qadının cəmiyyətdə rolu və statusu məsələləri qadınlara bir əsr bundan əvvəl seçmək və seçilmək hüququ vermiş müsəlman ölkəsi Azərbaycanda keçirilmiş Forumun əsas mövzularından biri olub.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bu barədə danışaraq demişdir: "Azərbaycanda qadınlar bu gün bütün sahələrdə təmsil olunurlar - həm elm, həm siyasət, həm səhiyyə, həm təhsildə. Mən hesab edirəm ki, Azərbaycan bir çox digər sahələrdə olduğu kimi, bu baxımdan da yaxşı nümunə ola bilər".
"Gender bərabərliyinə meyil mədəniyyətlərarası dialoqda vahid platforma ola bilərmi" sualını qoyan reportyor bəyan edir ki, bu ideyanı islam təşkilatlarının nümayəndələri alqışlayıblar. Buna misal olaraq İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin aşağıdakı fikirləri misal gətirilib: "Hərəkət etmək üçün bizə iki ayaq lazımdır, bir ayaqla getmək olmur. Kişilərlə qadınlar öz cəmiyyətlərini qurmaqda iştirak etmək üçün bərabər hüquqa malik olmalıdırlar. Bu məsələ bəşəriyyətin ləyaqət məsələsidir. Biz hamımız insanıq və bizim aramızda ayrılıq yoxdur".
Jurnalist reportajını bu sözlərlə bitirir: "Hətta konkret addımlar sözdən çox nəticə verə bilər, danışıqlara və bir-birini dinləməyə hazır olmaq yaxşı nəticələr verə bilər".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında