Ağadadaş Qurbanov - 100
Xalqımızın sənət salnaməsində çox qüdrətli yaradıcı insanların adları yaşayır. Azərbaycan xalqının mənəvi dünyasının zənginləşməsində əhəmiyyətli rol oynamış belə insanların xatirəsini biz həmişə əziz tutur, onların yaradıcı irsinin gələcək nəsillərə çatdırılmasına çalışırıq.
Dəyərli sənətçilərimizin yubileylərini keçirir, onların əsərlərini təkrar-təkrar televiziya vasitəsilə nümayiş etdirir, haqlarında elmi araşdırmalar aparırıq, bir sözlə, hər vəchlə bu insanların unudulmaması, xatirələrdə əbədiləşməsi istiqamətində tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının xalq artisti, aktyor Ağadadaş Qurbanovun 100 illiyi ərəfəsində keçirilən tədbirlər də bu amala xidmət edir. O, teatrı öz varlığı qədər sevirdi. Xalq artisti Gülxar xanım Həsənova ilə həyat qurmuşdu. Övladlarının ikisi aktyor idi: xalq artistləri Gülşən Qurbanova, Hamlet Qurbanov. Firəngiz xanım isə rəssamlığı seçmişdi.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının banilərindən biri, həm faciə, həm dram, həm də komediya yönümlü rolların ifaçısı Ağadadaş Qurbanov 8 mart 1911-ci ildə Bakıda doğulub. 1927-ci il martın 15-də "Dənizçilər klubu"nda Lətif Kərimlinin "Fırtına" pyesinin tamaşası oynanılıb. Bu tamaşanı, başda Ağadadaş Qurbanov olmaqla, talelərini teatra bağlayan məktəblilər hazırlamışdılar. Bununla da Bakıda Fəhlə Uşaqlar Teatrının (sonralar Gənc Tamaşaçılar Teatrı adlandırıldı) bünövrəsi qoyulub. Ağadadaş Qurbanov həmin vaxtdan 1952-ci ilədək bu teatrda işləyib və kollektivin əsas simalarından biri olub.
Aktyor Gənc Tamaşaçılar Teatrında böyüklər üçün nəzərdə tutulan Cəfər Cabbarlının "Aydın" (Aydın), Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" (Molla İbrahimxəlil), Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" (Hacı Qəmbər), Fridrix Şillerin "Qaçaqlar" (Karl Moor), Nikolay Qoqolun "Müfəttiş" (Xlestakov), Rabindranat Taqorun "Qaneşin yolu" hekayəsi əsasında "Əfilər" (Qaneş) pyeslərinin tamaşalarında iştirak edib.
Ağadadaş Qurbanov 1952-ci ildən ömrünün sonunadək Milli Dram Teatrında işləyib. O, bu teatrda Mirzə Səməndər, Əbu Übeyd, Ötgün ("Almaz", "Od gəlini" və "Dönüş", Cəfər Cabbarlı), Şeyx Mərvan və Şeyx Sənan, Səyavuş ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid), Kamillo ("Qış nağılı", Vilyam Şekspir), İbrahim xan və Vaqif ("Vaqif", Səməd Vurğun), Şults ("Uzaq sahillərdə", İmran Qasımov və Həsən Seyidbəyli), İvanov ("Göz həkimi", İslam Səfərli), Dəmirçi Musa ("Toy", Sabit Rəhman), Yəhudi ("Mariya Tüdor", Viktor Hüqo) rollarında çıxış edib. Onun teatr yaradıcılığı üçün xas olan əsas cəhət bundan ibarət idi ki, aktyor klassik teatr ənənələrinə söykənərək obrazların bütövlüyünü, tamlığını təmin edə bilirdi. Aktyor yaradıcı obrazları özününküləşdirməyi bacarırdı, sanki onların həyatını yaşayırdı. Hacı Qara ("Hacı Qara"), Gülcamal ("Yaxşı adam"), Akif ("Həyat"), Əşrəf bəy ("Hacı Qəmbər") kimi rollarını indi də yaşlı tamaşaçılar böyük məhəbbətlə xatırlayırlar.
Teatr onun üçün hər şey idi. Ağadadaş müəllim bütün mənalı ömrünü bu sənətə həsr etdi, bir-birinə bənzəməyən, həmişə tamaşaçıların sürəkli alqışları ilə qarşıanan rollar yaratdı. Çox təəssüf ki, bu tamaşaların lent yazıları bu günümüzə çatdırılmayıb. Ancaq həmin tamaşaların köhnə afişalarında Ağadadaş Qurbanovun adı həmişə ön sırada yazılardı. O, teatrın əsl fədailərindən idi. Bəzən eyni tamaşada müxtəlif rolları ifa edirdi. Buna aktyorun geniş yaradıcılıq potensialı imkan yaradırdı.
O dövrün aktyorlarının əksəriyyəti kimi, Ağadadaş Qurbanov da dəfələrlə kino çəkilişlərinə dəvət almış, çox maraqlı ekran qəhrəmanlarına həyat bəxş etmişdi. Onun kino qəhrəmanları müxtəlif xarakterli insanlardır. 1941-ci ildə "Səbuhi" filmində çəkilən aktyor A. Bakıxanovun maraqlı obrazını yaratmışdı. Bu obraz onu kinoya gətirdi və aktyor sonralar bir neçə filmdə əsas rolların ifaçısı oldu. 1957-ci ildə "Qızmar günəş altında" filmində professoru oynayan aktyor maraqlı ifa tərzi ilə kino tamaşaçılarının böyük marağına səbəb oldu.
Sonralar "Bir qalanın sirri", "Koroğlu", "Bizim küçə", "Telefonçu qız" kimi filmlərdə yaddaqalan obrazlara ekran həyatı verdi. "Koroğlu"da qəzəbli Həsən xanı ifa edirdi, ancaq "Bir qalanın sirri" filmində mülayim təbiətli usta rolunda çıxış edir.
Ağadadaş Qurbanovun çox uğurlu kino qəhrəmanlarından biri Argentina yazıçısı O.Draqunun "İtə çevrilən adam" hekayəsi əsasında rejissor Kamil Rüstəmovun ekranlaşdırdığı "Zəncirlənmiş adam" filmindəki Alvardo obrazıdır. Aktyor bu filmdə hər cür mıəhrumiyyətlərə məruz qalmış bir insanın dəhşətli həyatının ağır anlarını canlandırır.
Kinoda onun son işi "Arşın mal alan" filminin 1965-ci ildə rejissor Tofiq Tağızadənin çəkdiyi II variantındakı Soltan bəy rolu idi. Filmin birinci variantında bu rolu Ələkbər Hüseynzadə ifa etmişdi. O da çox uğurlu rol idi. Ancaq Ağadadaş Qurbanov bu obrazı özünəməxsus şəkildə yüksək sənətkarlıqla tamaşaçılara çatdıra bilib. Bəzi yazılarda "Arşın mal alan" filminin bu variantı tənqid olunurdu. Məsələn, "Elm və həyat" jurnalının 1971-ci ildə çap olunmuş 1-ci sayında bu barədə geniş yazı verilib. Orada deyilir: "Cəsarətlə demək olar ki, son "Arşın mal alan" filmində Soltan bəy rolunda Ağadadaş Qurbanov və Cahan xalanı oynayan Nəcibə Məlikovadan başqa qalan obrazlar öz oyunu ilə bizi qane etmir". Həqiqətən də, Ağadadaş Qurbanov öz yüksək ifa tərzi ilə tamaşaçının diqqətini cəlb edir. Bu rolun ifaçısının professional aktyor olduğu çox aydın hiss olunur.
Təəssüflə qeyd etməliyik ki, Ağadadaş Qurbanovun başına gələn faciə nəticəsində onun filmdəki işi yarımçıq qalmış, son epizodları başqa aktyor oynamalı olmuşdur.
Ağadadaş Qurbanovla bağlı həmin hadisəni xatırlayan xalq artisti Rafiq Əzimov deyir: "1965-ci ildə Masallı rayonuna getmişdik. Qastrolumuz sona yetirdi, axırıncı tamaşamızı göstərməli idik. Sonra Lənkərana və Salyana getməliydik. Uşaqlar üçün darıxdığımdan tamaşadan sonra axşam qatarla Bakıya gəldim. Ertəsi gün axşamçağı geri qayıtmaq üçün yola düşdüm, çünki "Toy" tamaşasında oynamalı idim. Mən Mirzəhüseyni, Ağadadaş Qurbanov isə Musa rolunu oynayacaqdıq. Yol maşınına əyləşdim. O vaxtlar elə də tanınmırdım. Elə rayona çataçatda sürücü birdən dedi ki, heyif o artistdən, balkondan yıxılıb rəhmətə getdi". Heç nə başa düşməyib soruşdum: "Kimi deyirsiniz?". Sürücü "Arşın mal alan"da Soltan bəyi oynayır ha, bax onu" - dedi. Bu sözü eşidəndə elə bil üstümə qaynar su tökdülər. Yanımda oturanlar gördülər ki, mən pis olmuşam, tez maşını saxlatdılar. Mən: "Siz nə danışırsınız, mən onunla tamaşada oynamağa gedirəm, ola bilməz!" - dedim. Təəssüf ki, deyilənlər həqiqət idi.
Sürücü soruşdu ki, indi necə edək, qayıdaq Bakıya, yoxsa yolumuza davam edək? Dedim, yox, özüm gedib hər şeyi gözümlə görməsəm inanmaram. Salyana çatanda gördüm ki, dekorasiyaları daşıyan yük maşını Bakıya qayıdır...
Hadisə belə olub. Aktyorlarımız "Toy" tamaşasını oynamaq üçün Salyana gəlirlər. Mehmanxanada Ağadadaşın kiçik qızı Gülşən Qurbanova, aktrisa Rəhilə Mirzəyeva və onun İbrahim Topçubaşovdan olan qızı Rəna Topçubaşova, bir də bizim qrim ustası Bahadur bir otaqda imişlər. Ağadadaş oturub çay içəndə Gülşən balkona çıxıb və atasını çağırıb ki, ata, gəl bax, əlil maşınına Stalinin şəklini vurublar. Bu zaman Ağadadaş qızının qəlbini qırmır, balkona çıxır. Onunla bərabər hamı balkona çıxır. Bu vaxt balkon ağırlığa tab gətirməyib uçur. Ağadadaş Qurbanov birinci yıxılır, qalanlar da onun üstünə. Ciyəri, böyrəyi parçalanır və dünyasını dəyişir.
Ağadadaş Qurbanov çox mənalı bir həyat yolu keçmişdir. Bu gün onun və mərhum övladları Gülşən və Hamlet Qurbanovların xalqımız üçün yadigar qoyduqları yaradıcı irs mənəvi xəzinəmizin qiymətli nümunələridir.
Milli aktyorluq məktəbimizin görkəmli nümayəndəsi Ağadadaş Qurbanovun xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.
{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.