Azərbaycanın bugünkü müstəqil dövlətçiliyi bizim babalarımızın və ulu babalarımızın ən ülvi və əlçatmaz arzularından biri olmuşdur. Ötən əsrin 90-cı illərində tarixi zərurət nəticəsində əldə etdiyimiz bu müstəqilliyi qorumaq Azərbaycanda hər bir vətəndaşın şərəf işi və konstitusion borcudur.
Son günlər yenidən baş qaldıran müsavatçıların və cəbhəçilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlər yaşadığımız yaxın tarixin bir parçasıdır.
Onların bir illik hakimiyyəti dövründə Azərbaycan dövlətinin və xalqının başına nələr gəlmədi?! Respublikanın iqtisadiyyatını bərbad hala saldılar, naşılıqlarından daxili və xarici siyasəti iflic etdilər, təcrübəli kadrları məhv etdilər. Zurnaçını polis rəisi, baytar həkimini məktəb direktoru təyin etdilər.
Bu qısa vaxtda Azərbaycanda qardaş qırğınına rəvac verdilər. Gəncədə, Bakıda, rayonlarda qardaş qanı töküldü. Bəlkə də hamıdan çox onlar, bu gün sağ qaldıqları üçün ümummilli liderimiz Heydər Əliyevə minnətdar olmalıdırlar. Yoxsa, Puqaçov üsyankarları kimi Surət Hüseynov Hacıqabuldan Bakıya qədər yol boyu onlar üçün dar ağacları qurdurmuşdu. Onların hakimiyyətinin generallarını tutub "padvala" salmışdılar. Nə tez yaddan çıxdı bunlar. Ölkədə qayda-qanun yaratmaq üçün bir-birinin ardınca Heydər Əliyevdən xahiş edir və yalvarırdılar. Çünki hər şey nəzarətdən çıxmışdı. Onların isə dövlət idarəçiliyində heç bir səriştələri yox idi.
Azərbaycan dövlətinin, Azərbaycan xalqının taleyi tükdən asılı qalmışdı. Ölkədaxili satqınlarla xaricdən olan ünsürlər bir araya gəlib öz şəxsi maraqları naminə bu gənc dövləti dağıtmaq istəyirdilər. Ancaq Heydər Əliyev kimi bir müdrik siyasətçi min illərlə xalqın arzusunda olduğu Azərbaycan dövlətini dirçəltdi, qorudu, yaşatdı, yeni inkişaf yoluna çıxardı. Bu yol bu gün də Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu gün dağıdıcı müxalifət 15-20 nəfər çılğın, həyatda hələ yaxşını pisdən ayırmağı bacarmayan gənci öz ətrafına yığıb, mağazaların və ofislərin pəncərə və vitrinlərinin şüşələrini sındırmaqla məşğuldur. Onların xəyalında hələ də 90-cı illərin ab-havası qalıb. Onlar unudurlar ki, ölkədə yaradılmış siyasi sabitlik və əmin-amanlıq Azərbaycanın uğurlu iqtisadi inkişafının təməlidir. İndi AXCP bəylərinin hakimiyyəti dövründə olduğu kimi hər kəs əlinə keçən odlu silahla, daşla, dəmirlə silahlanıb, şəhərin küçələrinə düşüb hüquqazidd əməllər törədə bilməz.
Dövlət idarəçiliyindən xəbərsiz olan, insanların taleyinə biganəlik göstərən, 2 aprel nümayişinin əsas təşkilatçılarından olan İsa Qəmbər hansı ədalətdən və qanundan danışır bilmirəm?! 1992-ci ildə Azərbaycan prezidenti seçilmiş mərhum Elçibəyin andiçmə mərasimi günlərində Milli Məclisin sədri kimi Azərbaycan Respublikası prezidentinin səlahiyyətini müvəqqəti həyata keçirən İsa Qəmbər məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilmiş 9 nəfərin ölüm hökmünün yerinə yetirilməsi barədə tez-tələsik fərman imzalayanda görən heç ədalətli olmaq ağlına gəlirdimi?! Bu məsələnin hüquqi tərəfinə qiymət vermək hüquqşünasların işidir. Ancaq onu qeyd etmək lazımdır ki, o vaxtlar bir çox ölkələrdə ölüm hökmlərinin icrasına moratorium qoyulmuşdu. Sonralar Şərqdə ilk dəfə olaraq Azərbaycanda Prezident Heydər Əliyev ölüm hökmünün ləğvi barədə fərman imzaladı.
Respublikamızın iqtisadi durumu gündən-günə yüksəlir, neft gəlirləri artır, ölkəmizin paytaxtı Bakıda və regionlarda nə qədər abadlıq, tikinti-quruculuq işləri görülür. Dövlət başçısının son illərdə Azərbaycanda regionların iqtisadi və sosial inkişafı ilə bağlı qəbul etdiyi proqramlardan sonra minlərlə iş yerləri açılmış, yeni zavodlar, fabriklər tikilmiş, iş adamları üçün hər cür şərait yaradılmışdır. Ən uzaq dağ kəndlərində müasir tipli məktəblər, idman komplekslərinin tikilməsi, minlərlə azərbaycanlı gəncin xarici ölkədə təhsil alması, yeniləşən, ildən-ilə inkişaf sürətini artıran Azərbaycanın uğurlarından xəbər vermirmi? Bütün bunları görməmək, qiymətləndirməmək sadəcə, nankorluqdur.
Özlərini müxalifətin nümayəndələri kimi qələmə verən ancaq xarici ölkələrdən maliyyələşdirilən, yalnız öz şəxsi mənafelərini güdən, xalqı qardaş qırğınına səsləyən bu insanların fitnə fəsadına heç kim uymayacaqdır. Rayon və şəhərlərimizdə yaşayan hər bir ağsaqqal, hər bir ağbirçək gənclərimizə bu təxribatçı çağırışların mahiyyətində xalq arasına təfriqə salmaq niyyətinin durduğunu açıqlamalıdır.
Bu işdə bütün ictimai təşkilatlar, ağsaqqallar, əmək və müharibə veteranları öz mövqelərini bildirməli, gənclərimizi dövlətimizə, xalqımıza, torpağımıza məhəbbət ruhunda tərbiyə etməlidirlər.
Azərbaycanda əldə olunan saysız-hesabsız uğurlarla yanaşı, hər bir cəmiyyətdə olduğu kimi, neqativ hallar da mövcuddur və bu hallara qarşı ən yüksək dövlət səviyyəsində mövqe bildirilmiş, bu gün də bildirilir. Hazırda belə hallara qarşı kəskin mübarizə aparılır. Dövlət səviyyəsində korrupsiyaya qarşı aparılan bu mübarizə əhali tərəfindən də böyük inam və rəğbətlə qarşılanmışdır.
Eyni zamanda, son günlər dövlət başçısının xalqla görüşlərində əhalinin böyük əksəriyyətini əhatə edən bir çox sosialyönlü tədbirlərin həyata keçirilməsi məramı da Azərbaycan xalqının gələcəkdə daha firavan yaşamasına inam yaradır. Azərbaycanın ictimaiyyəti, ağsaqqalları və müharibə veteranları Heydər Əliyevin qurduğu ümümxalq dövlətini həmişə qorumağa hazırdırlar. Azərbaycanda sabitliyi pozmaq heç kimə nəsib olmayacaqdır. Vicdanı olan hər bir vətəndaş, məmur, tələbə ikili mövqe tutmamalı, müxalifətin təxribat xarakterli çağırışlarına, aksiyalarına yox deməli və qəti mövqeyini bildirməlidir.
{nl}
Cabir KAZIMOV, Silahlı Qüvvələr veteranı, Yasamal Rayon Ağsaqqallar Şurasının sədr müavini
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.