Azərbaycanda böyük uğurla keçirilən Ümumdünya Mədəniyyətlərası Dialoq Forumunun çoxsaylı iştirakçıları arasında Misirin "Əl Mavrid Əl Təkafi"təşkilatının direktoru xanım Basma El Hüseyni də var. Misirli qonaqla forumun "Daha mənalı dialoqa dogru: mədəniyyət, incəsənət və irs" mövzusunda təşkil olunan ikinci sessiyasında görüşüb ondan sessiyanın işi, bütövükdə forum barədə fikirlərini qəzetimizin oxucuları ilə bölüşməsini xahiş etdim. Xanım Basma El Hüseyni bunları dedi:
- Mən bir qədər əvvəl forumun ikinci sessiyasında çıxış etmişəm. Məruzəmdə vurğuladım ki, o ölkələr, məmləkətlər daha inamla tərəqqi edir ki, orada elmə, mədəniyyətə davamlı qayğı var. Nə yaxşı ki, Azərbaycanda bu həqiqəti yaxşı başa düşürlər. Bilirəm ki, Azərbaycan müxtəlif dinlərə, dillərə, adət-ənənələrə mənsub olan çoxsaylı xalqların mehriban şəraitdə yaşadığı çox tolerant bir ölkədir. Sizin sabitlik, davamlı tərəqqi sahəsindəki uğurlarınızın əsasında düzgün qurulmuş dövlət siyasəti durur. Mən Azərbaycan Prezidenti, çox hörmətli cənab İlham Əliyevin forumun açılış sessiyasındakı parlaq nitqini dərin maraqla dinlədim. Azərbaycanın gənc, xarizmatik dövlət başçısının sivilizasiyalararası dialoqun vacibliyi barədə maraqlı fikirləri ürəyimdən oldu. Qəlbimdə Azərbaycanın qarşıdakı illərdə daha böyük qələbələr əldə edəcəyinə əminlik yarandı. Sizin uğurlarınızı bundan sonra daha böyük bir maraqla izləyəcəyəm.
Belə nüfuzlu tədbirlərin Bakıda keçirilməsinin Azərbaycanın bütün dünyada tanıdılması üçün böyük əhəmiyyəti var. Qoy dünyanın hər yerində görsünlər ki, müstəqilliyini cəmi 20 il əvvəl bərpa etmiş, müsəlman ölkəsi olan Azərbaycan bu gün öz iqtisadi, mədəni potensialı ilə nəinki dünya mədəniyyətinə öz töhfəsini verə bilir, həm də sivilizasiyalararası dialoqun təmas nöqtəsinə, daha konkret desəm, ən azı bu bölgədə mədəni mərkəzinə çevrilir.
Deməliyəm ki, sizin ölkənizlə bağlı əvvəllər də məlumatım vardı. Bakıya gəlməzdən qabaq bir daha Azərbaycanın son illərdəki sosial-iqtisadi inkişafı barədə, eləcə də ölkənizin qədim və zəngin mədəniyyəti haqqında əlavə məlumatlar əldə etdim. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xalqınızın mədəniyyətinin təbliği sahəsində gördüyü işlərin miqyası məni heyrətə gətirdi.
Amma necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bakıya gəlişimdən çox məmnunam. Azərbaycanın paytaxtı məni yaxşı mənada çox təəcübləndirdi. Bura öz səliqə-sahmanı, təkrarsız memarlıq üslubu ilə Qərb dövlətlərinin ən gözəl şəhərləri ilə yarışa bilər. Bakı həm də öz sakinlərinin istiqanlılığı, səmimiyyəti ilə əsl bir Şərq şəhəridir. Düşünürəm ki, məhz Bakının Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi mötəbər bir tədbirə ev sahibliyi etməsi üçün seçilməsi təsadüfi deyil. Tədbirin yüksək səviyyədə təşkilini də xüsusi qeyd etmək istəyirəm.
Bu gün bütün dünyada qloballaşma prosesi vüsət alıb. İnternetin süərtli inkişafı xalqları, mədəniyyətləri bir-birinə çox yaxınlaşdırıb. Lakin dünya mədəniyyəti o vaxt harmonik surətdə inkişaf edə bilər ki, bütün çeşidli mədəniyyətlərin tərəqqisi üçün uyğun şərait yaradılsın. Qarşılıqlı anlaşma, etimad mədəniyyətlərə hava-su kimi lazımdır. Əks təqdirdə, təhlükəli məqamlar ola bilər. Sivilizasiyaların özünütəcridi mənfi hal olduğu kimi, birtərəfli informasiya axını kiçik mədəniyyətləri sıxışdıra bilər. Bu gün heç kəsə sirr deyil ki, Qərb dövlətlərində nəşr olunan transmilli qəzetlər, böyük televiziya kanalları, İnternet vasitəsilə Yaxın Şərq, ərəb ölkələrinə bəzən yabançı, zərərli ideyalar da ixrac edilir. Ərəb dünyasının orta əsrlərdə İbn Xəldun adında çox böyük bir mütəfəkkiri olub. Deyib ki, öz mədəniyyəti olmayan xalqlar başqa mədəniyyətlərin təsiri altına düşə bilər. Bundan qorunmaq üçün kiçik xalqların öz mədəniyyətlərini təqdim etmək qabiliyyəti, necə deyərlər təpərli olmalıdır. Bu mənada da Azərbaycan dövləti, onun mədəniyyət siyasəti təqdir olunmalıdır. Yəni Azərbacan mədəniyyəti bütün dünyaya açıqdır, amma öz keçmişinə, bügününə sahib dura bilir.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilatçıları tədbirin mədəni proqramını da yaxşı təşkil ediblər. Biz aprelin 7-də Heydər Əliyev Sarayında Azərbaycan və Litvanın incəsənət xadimlərinin iştirakı ilə keçirilən "Küləyin nağılları" adlı konsert proqramına dərin məmnunluq hissilə tamaşa etdik. Hər iki ölkənin incəsənət ustaları öz xalqlarının, eləcə də bir çox dünya xalqlarının milli rəqslərini oduqca məharətlə ifa etdilər.
Sonda qeyd etmək istərdim ki, mədəniyyətlərin gücü ondadır ki, mədəni sərvətləri paylaşdıqca, onlar tükənmir, əksinə, artır, mədəniyyətlər bir-birləri ilə təmasda olduqca daha da rəngarəng və zəngin olurlar. Mədəniyyətlər dostlaşanda silahlar susur, terror və zorakılıqlar qeybə çəkilir. Düşünürəm ki, Bakı Forumu belə dialoqa, anlaşmaya xidmət edir. Mən Bakı forumu, bakılılarla bağlı xoş xatirələrimi uzun müddət unutmayacağam. Azərbaycanda olduğum üçün, belə bir mötəbər tədbirin işinə fəal surətdə qatılmaq şansına görə taleyimə minnətdaram. Tədbirin bütün təşkilatçılarına bir daha səmimi təşəkkürlərimi bildirirəm.
{nl}
Söhbəti yazdı: Məsaim ABDULLAYEV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.