"İnsanların canlı ünsiyyəti sivilizasiyalararası dialoqun möhkəmlənməsində mühüm rol oynayır"

Aprelin 7-də Bakıdakı "Gülüstan" sarayında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.
Forumun birinci gününün işində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. 20 ölkədən 435 qonağın təmsil olunduğu forumda müxtəlif ölkələrdən yüksək səviyyəli dövlət məmurları, nazirlər, eyni zamanda, mədəniyyət xadimləri, media və QHT nümayəndələri iştirak edirlər. Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, AŞ-nın sabiq baş katibi, Dünya İctimai Forumunun Beynəlxalq Əlaqələndirmə Komitəsinin sədri Valter Şvimmer, YUNESKO və BMT rəsmiləri də tədbirdə təmsil olunurlar. Bundan başqa, Azərbaycanın dövlət və hökumət nümayəndələri, millət vəkilləri, diplomatik korpusun üzvləri, media və QHT təmsilçiləri, elm xadimləri forumda iştirak edirlər.
Dünən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu "Qadınlar - mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri" mövzusunda üçüncü sessiyası ilə öz işini davam etdirib. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Forumun işində iştirak edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və YUNESKO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenounun sədrliyi ilə keçirilən sessiyada qadınların mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri kimi cəmiyyət həyatında oynadığı rolun təşviq edilməsi məqsədi ilə nəzəri və praktiki çərçivənin müəyyən edilməsi məsələləri müzakirə olunmuşdur.
Forum iştirakçılarından Bakıda keçirilən tədbirin əhəmiyyəti barədə fikirlərini öyrəndik.
Rəşidə Dati, Paris şəhərindəki 7-ci rayonun meri, Avropa Parlamentinin üzvü:
- Dünyada müxtəlif siyasi, sosial və mədəni məsələlərin çoxsaylı istinad nöqtələri vardır. Bununla bərabər müxtəlifliklər, mürəkkəbliklər də mövcuddur. Ona görə də dünyada dialoqu gücləndirmək məqsədilə qadınların təcrübə və istəklərinin müxtəlifliyinə ədalətlə yanaşmaq, bu müxtəliflikdən bəhrələnmək və dialoqun miqyasını artırmaq təklif edilir. Bunu etmək üçünsə qadınlarla bağlı mədəniyyətlərarası dialoqun mahiyyətini, onun növlərini və qarşılaşdığı maneələri daha dərindən anlamaq lazımdır. Bu, təhsil, elm, tədqiqatlar, media və mədəniyyət sahələrində xüsusilə vacibdir.
O ki, qaldı Bakıda keçirilən beynəlxalq forumun əhəmiyyətinə, deməliyəm ki, Azərbaycan müxtəlif din və mədəniyyətlərə, konfessiyalara mənsub insanların uzun əsrlərdən bəri birgə, çiyin-çiyinə yaşadığı maraqlı bir ölkədir. Burada insanlar heç bir münaqişə olmadan, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Zənnimcə, Azərbaycan vətəndaşları onilliklər və əsrlər boyu formalaşdırdıqları bu ənənələrlə öyünməkdə haqlıdırlar. Görülən işlər çox əhəmiyyətlidir və dinindən, milliyyətindən asılı olmayaraq bütün insanların rifahına xidmət edir. Bu mənada Mədəniyyətlərarası Dialoq Forumuna məhz Azərbaycanın ev sahibliyi etməsi lap yerinə düşür.
Bu forum bir neçə cəhətdən əhəmiyyətlidir. Birincisi, Azərbaycan artıq çoxdandır ki, bütün dünyada, o cümlədən, Avropada tolerantlıqda nümunə ola biləcək ölkə kimi tanınır və bu cür tədbirlərin keçirilməsi bu nümunənin bütün dünyaya yayılması baxımından böyük önəm daşıyır. İkincisi, apardığımız müzakirələr və müxtəlif xalqların nümayəndələri ilə canlı ünsiyyət, şübhəsiz ki, gələcəkdə sivilizasiyalararası dialoqun daha da möhkəmlənməsində mühüm rol oynayacaq. Mən Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki səylərini yüksək qiymətləndirirəm.

{nl}

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında