Xəyanətkarlara aramızda yer yoxdur

Qubada keçirilən "dəyirmi masa"da dövlətçiliyə qarşı təxribat yolu tutanların hərəkətləri kəskin şəkildə pislənildi
Aprelin 2-də "İctimai Palata" adlı qurumun təmsilçiləri Bakı şəhərində qeyri-qanuni mitinq keçirməyə cəhd göstərmişlər. Qeyd edək ki, mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti müvafiq yer ayırsa da, Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının başbilənləri şəhərdə qarşıdurma yaratmaq, ictimai asayişi pozmaq məqsədilə qəsdən qarşıdurmaya getmişlər. Bu, əhaliyə xeyli ziyan vurmuş, aksiyanın keçirildiyi ərazidə sahibkarlar işə çıxa bilməmiş, nəqliyyatın ahəngdarlığı pozulmuş, mülki şəxslərə xeyli ziyan dəymişdir. Respublikamızın hər yerində olduğu kimi, Quba rayonunun ictimaiyyəti də radikal müxalifətin bu qanunazidd hərəkətlərini kəskin şəkildə pisləyir və hüquq-mühafizə orqanlarını onlara təxribatına qarşı qanunun gücündən istifadə edərək müvafiq tədbirlər görməyə çağırırlar.
Bu barədə aprelin 6-da Quba rayonunda çıxan "Şəfəq" qəzeti redaksiyasında keçirilmiş "dəyirmi masa"da geniş söhbət getdi.
Səlim Kərimov, İsnovqışlaq kənd tam orta məktəbinin direktoru:
-Uzun illər mən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olmuşam. Xalq hərəkatının fəallarından biri kimi dövlət müstəqilliyimizin əldə edilməsi, kommunist rejiminin ifşası üçün əlimdən gələni etmişəm. 1990-cı ildən bu hərəkata qoşulan müəllim kimi həmişə istəmişəm ki, dövlətimiz müstəqil olsun. İstəyimizə nail olmuşuq. 1991-ci ildə Azərbaycan Dövlət Müstəqillik Aktını qəbul etdikdən sonra hakimiyyətə Xalq Cəbhəsi və Müsavat partiyasının fəalları gəldi.
O vaxt onlara çox inanırdıq. Lakin sonradan şahidi oldum ki, bu qaragüruhçular dövləti idarə edə bilmirlər. Ölkədə xaos, özbaşınalıq hökm sürürdü, qanunlar işləmirdi. Bir-birinin ardınca cəbhəyanı kəndlərimiz ermənilər tərəfindən işğal olunurdu. Ölkədə qayda-qanun, nizami ordu yaratmaq əvəzinə, "bəylər" hakimiyyət uğrunda az qala bir-birini qırırdılar. Vətəndaş müharibəsi təhlükəsi yaranmışdı.
Belə bir vaxtda onların qanunsuz hərəkətlərinə qarşı mübarizəyə başladım. Yaxşı ki, 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtdı. Ulu öndərimizin uzaqgörən siyasəti nəticəsində, görün, nə qədər müvəffəqiyyətlər qazanmışıq. Azərbaycan iqtisadiyyatı dünyada görünməmiş dərəcədə inkişaf edib. Adambaşına düşən gəlirlər artıb. Bu gün dövlətimiz dünyanın ən inkişaf etmiş ölkələri ilə ticari-iqtisadi əlaqələr saxlayır.
Bütün bunları radikal müxalifət görmürmü? Qanunsuz aksiyaların keçirilməsini birmənalı şəkildə pisləyirəm və Xalq Cəbhəsi Partiyasının sıralarını tərk edirəm. Bir müəllim, valideyn, vətəndaş, ziyalı kimi tələb edirəm ki, hüquq-mühafizə orqanları radikal müxalifətin törətdiyi vəhşilikləri qanunla araşdırsın, təqsirkarlar cəzalandırılsın.
Rasim Lətifov, Vəlvələ kənd sakini, sahibkar:
-Ötən əsrin 90-cı illərinin əvvəllərində mən də xalq hərəkatının fəal üzvlərindən olmuşam. O vaxt ağır dövrlər idi. Hamımızın əsas məqsədi, məramı dövlət müstəqilliyini əldə etmək, erməni qəsbkarları tərəfindən Vətən torpağının işğalına son qoymaq idi. Ölkə daxilində vəziyyət çox pis idi. Kənd mağazalarında un tapılmadığı üçün səhər tezdən şəhərə çörək almağa gedirdik. Bəzən də növbədə o qədər çox adam olurdu ki, əliboş qayıdırdıq. Ümid edirdik ki, Xalq Cəbhəsi və Müsavat partiyaları ölkə iqtisadiyyatını dirçəldəcək. Ancaq sonradan gördük ki, onları ölkənin taleyi deyil, özlərinin şəxsi mənafeləri, daha çox maraqlandırır. Hakimiyyət uğrunda mübarizə vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Allaha min şükür ki, 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdı. Ölkədə torpaq islahatı həyata keçirildi, nizami ordu yaradıldı, neft kontraktları imzalandı və s.
Mən kənd adamıyam. İxtisasca aqronomam. Həyatım boyu torpaqla təmasda olmuşam. Ancaq ölkədə gedən ictimai-siyasi proseslərdən də geri qalmıram. 20 il bundan əvvəl Qubada bağçılıq məhv olmuşdu. Torpaq islahatından sonra meyvəçilik çox inkişaf edib, əhalinin məşğulluğu artıb, dolanacağımız yaxşılaşıb. Təkcə mənim yaşadığım kənddə, xüsusi minik maşınlarını demirəm, 50-dən çox yük avtomobili və traktor var. Halbuki 20 il əvvəl 5-6 kəndi birləşdirən sovxozumuzda bu qədər texnika yox idi.
Müxalifətin gözü kordurmu? "İctimai Palata"nın başbilənləri bunları görmürmü? Onların belə bədnam hərəkətlərinə, haqsızlığa etiraz əlaməti olaraq mən də Müsavat Partiyasının sıralarını tərk edirəm və deyirəm: Xarici ölkələrin dəstəyi ilə doğma Azərbaycanımızda, Bakımızda qarşıdurma yaradanalara ar olsun! Bu dağıdıcı hərəkət müvafiq orqanlar tərəfindən araşıdırılmalı, ciddi tədbirlər görülməlidir.
Seyran Dəmirov, Alekseyevka kənd sakini, Quba Şahmat Məktəbinin baş məşqçisi:
- Bakı şəhərində aprelin 2-də baş vermiş hadisələri - radikal müxalifətin qanunsuz hərəkətlərini həyəcansız izləyə bilmədim. Doğrusu, bütün bunlar mənə çox təəccüblü gəlir. Ona görə ki, görəsən, radikal müxalifət ölkəmizdə gedən böyük quruculuq işlərindən xəbərsizdirmi?
Hörmətli Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı nəzərəçarpacaq dərəcədə inkişaf edib. Son yeddi ildə ölkədə 900 mindən çox yeni iş yeri açılıb. Təkcə Quba rayonunda 50-dən çox yeni məktəb binası tikilib istifadəyə verilib. Respublikamızın hər bölgəsində xeyli diaqnostika mərkəzi, Olimpiya idman kompleksi tikilir. Azərbaycan idmançılarının qazandığı möhtəşəm uğurlar dünyada böyük heyrət doğurur.
Bu yaxınlarda dövlət müstəqilliyimizin 20 illiyi qeyd ediləcəkdir. Belə bir vaxtda, böyük iqtisadi artım dövründə kütləvi ixtişaşlar törətmək ancaq düşmən dəyirmanına su tökmək kimi bir şeydir. Bakı şəhərində keçirilən mitinqləri kəskin şəkildə pisləyirəm və onların bu əməllərinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını tələb edirəm.
Firudin Babayev, İkinci Nügədi kənd 3 saylı orta məktəbinin müəllimi:
- Özlərini müxalifət adlandıran bir qrup insanın paytaxtda yaratdığı zorakılıqlar hər bir Azərbaycan vətəndaşı kimi məni də çox hiddətləndirdi. Belə ki, onların qeyri-qanuni hərəkətləri nəticəsində onlarca insana maddi və mənəvi cəhətdən ziyan dəymişdir. Mən də bir vaxtlar AXCP üzvü olmuşam. Lakin özlərini azadlıq fədaisi adlandııran bu şəxslərin qeyri-qanuni hərəkətlərini görüb partiyadan çıxmışam. Çünki bu insanların məqsədi ölkədə baş verən müsbət dəyişikliklərə kölgə salmaq, hər bir yeniliyi qara rəngə boyamaqdı.
Yaxşı yadımdadır onların hakimiyyəti dövründə Azərbaycanın "olum və ölüm" məsələsi həll olunurdu. Yalnız ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində ölkəmizin ərazi bütövlüyü qorunub saxlandı. Azərbaycan inkişaf etmiş ölkələr sırasına çıxdı. Bu siyasət indi də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Demokratiya pərdəsi altında gizlənən radikal müxalifətin bu əməlləri bir daha onu göstərir ki, bu insanlar ölkədə anarxiyaya, hərc-mərcliyə yol açmaq istəyirlər. Lakin nə Azərbaycan 20 il bundan əvvəlki Azərbaycandı, nə də onun başında duran rəhbərlik səriştəsizdir. İnsanlar yaxşı başa düşürlər ki, bu hərəkətlər onlara nə isə yaxşı bir şey vəd etmir. Bizim bir problemimiz var. O da ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızı azad etmək, Azərbaycanın ərazi bütövlüyünü qorumaqdır. Belə bir vaxtda dövlətçiliyə qarşı xəyanətkar mövqedə dayananlara aramızda yer yoxdur.

{nl}

Hazırladı: Qəhrəman QASIMOV, Quba rayonu, "Şəfəq" qəzetinin baş redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında