Aprelin 2-də işdən çıxıb evə gedirdim. Heydər Əliyev sarayının yaxınlığındakı dayanacaqda avtobus gözləyən sərnişinlərdən biri uca səslə, əsəbi şəkildə kimlərinsə ünvanına nalayiq sözlər deyirdi. Etika xatirinə həmin sözləri yazmıram. Ancaq həmin xanımın dediklərindən bəzilərini diqqətə çatdırmaq istərdim: "...Özlərinin hər şeyləri var: maşınları, dəbdəbəli evləri, villaları, xarici ölkələrdə malikanələri. Ailələri Azərbaycanı bəyənməyib xarici ölkələrdə yaşayır. İmkan vermirlər ki, rahat yaşayaq. Nə istəyirsiniz bu xalqdan, camaatdan. İndi-indi balalarımızı ağ günə çıxarırıq. Yenə də başlayıblar aranı qatmağa".
Mən həmin xanıma yaxınlaşıb bu sözləri kimin ünvanına dediyini soruşdum. Yenə də əsəbi halda dedi: "Kimlərə deyəcəyəm. Özlərini azərbaycanlı adlandıran Əli Kərimli, İsa Qəmbər, ətraflarına topladıqları yaramazlara... Mən onların həqiqi azərbaycanlı olmalarına artıq şübhə edirəm. 20 Yanvarda axıtdıqları qandan deyəsən hələ də doymayıblar. İndi də qardaşı qardaşla üz-üzə qoyurlar. Cavanlarımızı uçruma aparırlar. Bəs sizin uşaqlarınız hanı, ay... (etika xatirinə onun dediyi sözləri yazmıram). Mağazaların, binaların şüşələrinin nə günahı var? Bu cansız əşyalardan da demokratiya tələb edirsiniz?"
Məlum oldu ki, söhbət aprelin 2-də İctimai Palata adlı qanunsuz qurumun Bakının mərkəzində keçirmək istədiyi icazəsiz mitinqdən gedir. Xəbər verildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyəti mitinq təşkilatçılarına "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna müvafiq olaraq yer ayırsa da, hətta aksiya iştirakçılarının təhlükəsizliyinin təmin olunmasına zəmanət versə də, AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər yalan vədlərlə aldadıb ətraflarına topladıqları 150-200 nəfəri əhalinin gur olan yerinə - Fəvvarələr bağına göndərməyi qərara aldılar. Bu da səbəbsiz deyildi. Çünki burada istirahət edən ağsaqqallar, nəvələrini gəzintiyə çıxaran nənələr və uşaqlarını əyləndirən analar daha çoxdur. Radikallar həmin insanları da öz adamları kimi onlara çirkli pullar verən "ağa"larına təqdim edib "tərəfdarlarının" getdikcə "çoxaldığı" barədə məlumat vermək və bu yolla onlara verilən qrantın məbləğini artırmaq istəyirdilər.
Doğrudan da faciəli, ikrah doğuran haldır. Adını azərbaycanlı qoyanlar, bu ölkənin havası, suyu, çörəyi hesabına yaşayanlar ermənilərin və erməniyə bənzəyən qüvvələrin verdikləri pullar hesabına öz xalqına Vətəninə, millətinə xəyanət edir. Görəsən belə xəyanətkarlar öz əməllərindən xəcalət çəkmirlərmi? Onlara qrantlar verib Azərbaycanda iğtişaşlar törətmək, sürətli inkişafımıza mane olmaq istəyən qüvvələr dərk etmirlərmi ki, artıq Azərbaycanı tərəqqi və demokratiya yolundan döndərmək qeyri-mümkündür.
Bir anlığa diqqətinizi bir neçə il əvvəl baş vermiş bir hadisəyə yönəldək. Daha doğrusu, AXCP sədri Əli Kərimlinin aldadaraq tora salıb ermənilərlə sövdələşməyə göndərdiyi Ruslan Bəşirlini gözlərimiz önünə gətirək. Onun ermənilərdən pul aldığı video görüntüləri xatırlayın. Erməni Azərbaycanda iğtişaşlar yaratmaq üçün Ruslan Bəşirliyə verdiyi pulu necə təhqiramiz şəkildə ona tullayır. R.Bəşirli isə pulu göydə qapıb: "Yarısını verərəm Əli Kərimliyə, qalanını isə özümə götürərəm" deyir. Erməni işbazı isə onu istehza ilə süzür. Tarix təsdiqləyib ki, satqınlar, Vətən xainləri, xalqına, millətinə, xəyanət edənlər ən iyrənc insanlar tərəfindən belə nifrətlə qarşılanır. Bu gün həmin xəyanətkar qüvvələr yenidən baş qaldırıblar. Onları qıcıqlandıran, xoflandıran nədir? Təbii ki, Azərbaycanın sürətli iqtisadi inkişafı, dünya birliyində özünə layiq yer tutması, əhalinin həyat səviyyəsinin getdikcə yaxşılaşması, beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsi, əlaqələrinin genişlənməsi. Xalqını, millətini, Vətənini sevən hər bir azərbaycanlı bu uğurlardan sevinməli, qürur hissi keçirməlidir. Bəs AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər və digərləri neylədilər? Xoflandılar, yanıb-yaxıldılar və son anda Ruslan Bəşirli əqidəsində olan gənclərdən 30-40 nəfərini tapıb küçələrə çıxartdılar ki, dağıdın, sındırın, sökün. Onlar da sındırdılar, dağıtdılar, lakin istəklərinə nail ola bilmədilər. Asayiş keşikçiləri dağıdıcı və pozucu qüvvələrin qanunsuz əməllərinin qarşısını aldılar. Müxaliflər hələ də anlamayıblar ki, müxalifətçilik mağazaların, yaşayış evlərinin, sahibkarlara məxsus obyektlərin vitrinlərini sındırmaqdan ibarət deyil.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da verdiyi müsahibələrinin birində aprelin 2-də radikal müxalifətin keçirmək istədiyi icazəsiz mitinqə münasibət bildirərkən deyib ki, bir daha təsdiqləndi ki, Azərbaycanda radikal müxalifətin heç bir ciddi sosial dayağı yoxdur. Onun sözlərinə görə, Azərbaycan hakimiyyətinin cəmiyyətdə dəstəyi yetərincədir.
Ə.Həsənov dağıdıcı, pozucu, dövlət həyatının ahəngini pozmağı özləri üçün yol seçmiş radikal müxalifəti kəskin tənqid edərək deyir: "Bunun heç bir perspektivi yoxdur, belə cəhdlər də bir dəfə, iki dəfə, üç dəfə, bir neçə dəfə ola bilər. Buna görə də günün birində qanun qarşısında ciddi şəkildə cavab vermək lazım gələcək və cavab verəcəklər də. Müxalifətçilik belə olmur. Müxalifətçiliyin nə missiyası bu tipli fəaliyyət üzərində qurulur və ona söykənərək hakimiyyət uğrunda mübarizə aparılır, nə də bu yollarla, vasitələrlə müxalifətçilik etmək olmaz".
Aprelin 2-də icazəsiz mitinqə cəhd göstərilməsi bir daha göstərdi ki, Azərbaycanda dağıdıcı, pozucu yol seçən radikal müxalifətin heç bir sosial bazası, dayağı, tərəfdarları yoxdur. Cəmiyyət birmənalı olaraq həmin insanları rədd edir və onlara öz nifrətlərini gizlətmir. Belə antimilli şəxslərin xalqın adından danışmağa mənəvi haqları çatmır. İndi onlar özlərinin himayəsində olan qəzetlərə verdikləri müsahibələrdə bildirirlər ki, guya sonuncu aksiyaları beynəlxalq qurumlar tərəfindən dəstəklənir. Həmin qurumlardan isə yalnız birinin - ATƏT-in Bakı ofisinin adını çəkirlər. Radikal müxalifətə xatırladırıq ki, ATƏT-in hadisələrə obyektiv münasibət göstərməsini müəyyənləşdirmək üçün bu qurumun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı fəaliyyətinə nəzər yetirmək kifayət edər. Münaqişənin nizamlanmasında 17 ildir ki, heç nəyə nail ola bilməyən ATƏT müxalifətin mitinqinə hansı obyektiv qiyməti verə bilər? ATƏT-in Minsk qrupunun Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilik missiyasında ölkəmizə qarşı daim ikili standart nümayiş etdirməsi göz qabağındadır. Ərazilərimizin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan artıq soydaşımızın öz doğma yurd-yuvalarından didərgin salınaraq bu gün də qaçqın və məcburi köçkün vəziyyətində yaşamasını görməməzliyə vuran ATƏT nümayəndəsi nə yaxşı dağıdıcı müxalifətin "pozulmuş hüquqlarını" gördü? Özünü nüfuzlu, mötəbər, haqq-ədalət tərəfdarı hesab edən bu qurumun nümayəndəsi qaçqın və məcburi köçkün vəziyyətində yaşayan soydaşlarımızın pozulmuş hüquqlarını niyə görmür? Görəsən sabah qaçqın və məcburi köçkün halında yaşayan insanlar küçələrə çıxıb haqq-ədalətin bərpasını tələb etsələr, ATƏT nümayəndəsi bu məsələni necə qiymətləndirəcək? Yəqin deyəcək ki, qaçqın və məcburi köçkünlər icazəsiz aksiya keçirirlər. Bax budur ATƏT-in hadisələrə verdiyi qiymət. Ona görə də bu qurumun nümayəndəsinin hər hansı bir hadisəyə obyektiv qiymət verəcəyi artıq hər kəsdə şübhə oyadıb.
Aprelin 2-də radikal müxalifətin keçirmək istədiyi icazəsiz aksiyaya ATƏT-in Azərbaycandakı diplomatik nümayəndəliyinin qeyri-obyektiv qiymət verməsi vətəndaşları hiddətləndirir. Bu qurumun nümayəndəsi bilməlidir ki, bütün ölkələrdə, o cümlədən ATƏT-ə üzv olan digər ölkələrdə olduğu kimi, Azərbaycanda da sanksiyalaşdırılmamış qarşıdurmaya, sabitliyin, ictimai asayişin pozulmasına səbəb ola biləcək istənilən aksiyanın qarşısı alınır. Belə qeyri-qanuni yolları seçən, zorakı hallara cəhd edən insanlar inzibati və cinayət məsuliyyətinə cəlb edilir, qanun qarşısında cavab verirlər. Bütün dünyada olduğu kimi, Azərbaycanda da hüquq-mühafizə orqanı əməkdaşları ilə qarşıdurma yaradan, onlara ağır bədən xəsarəti yetirən, vətəndaşların mülkiyyətinə ziyan vuran, qanunlara tabe olmayan insanlar siyasi mənsubiyyətindən asılı olmayaraq saxlanılır, törətdikləri qanunazidd əməllərinə görə məsuliyyətə cəlb olunurlar. Aprelin 2-də Bakıda belə bir hadisə baş vermişdir. Bir qrup adam müxalifət adı ilə maskalanaraq insanların istirahətini pozmuş, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara ciddi ziyan vurmuşlar. Onlar törətdikləri əməllərinə görə cəzalarını almalıdırlar.
Azərbaycan demokratik prinsiplərin inkişafına xüsusi önəm verərək beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirir. Artıq ölkəmiz dünya birliyində söz sahibidir. Bəzi araqarışdıranların, Azərbaycanı gözü götürməyən qüvvələrin təhriki və çirkli pulları hesabına yaratmaq istədikləri hər hansı bir qarşıdurma baş tutmayacaq. Çünki Azərbaycanda radikal müxalifət xalq tərəfindən nifrətlə qarşılanır və onlar iflasa məhkumdurlar.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.