Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri dövlətin daim diqqət mərkəzindədir

İnsan üçün ən ağır dərdlərdən biri onun doğma torpağından, yurd-yuvasından didərgin düşməsi, qaçqın və məcburi köçkünə çevrilməsidir. Harada məskunlaşmasından, özünə necə şərait qurmasından asılı olmayaraq, ömrünün dünənində qalan ayları-illəri unuda bilmir. Hər gün, hər saat uşaqlığı, gəncliyi keçən yerlərə dönəcəyinə ümid bəsləyir. Yaddaşında dərin iz salan, gecələr yuxusunu ərşə çəkən 
ev-eşiyinin, dağ-dərəsinin, bulaqlarının, otunun-çiçəyinin həsrətini çəkir. Əsirlikdə qalan qəbiristanlıqda uyuyan doğmalarının məzarlarını ziyarət etmək həsrətilə alışıb-yanır...
 
Bax, bu gün Azərbaycanda 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün bu cür tale yaşayır...  
 
Ermənistanın etnik təmizləmə siyasətinin acı nəticələri 
 
Ermənistanın 1988-ci ilin qarlı-şaxtalı qış günlərindən başladığı etnik təmizləmə siyasəti çox keçmədən soydaşlarımızın öz ata-baba torpaqlarından zorla qovulması, Azərbaycan Respublikasının 20 faiz ərazisinin işğal olunması ilə nəticələndi. 
Doğma torpaqlarından didərgin düşən qaçqın və məcburi köçkün soydaşlarımız ilk vaxtlar adi kommunal şəraiti olmayan yerlərdə, yataqxanalarda, çadır şəhərciklərində məskunlaşdılar. Həmin dövrdə onlara dövlətimiz, qonşu dost ölkələr tərəfindən ara-sıra yardımlar edilsə də, bu iş yalnız 1993-cü ilin iyunundan, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra mütəmadi xarakter aldı. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər, iqtisadi islahatlar, ordu quruculuğu sahəsində atılan uğurlu addımlar respublikamızın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasını, iqtisadiyyatın güclənməsini təmin etdi. Ölkəmizin müxtəlif bölgələrində, çadır şəhərciklərində, vaqonlarda ağır sosial vəziyyətdə yaşamağa məhkum olan insanlar tezliklə dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olundular.
Ümummilli liderimiz hakimiyyətdə olduğu 10 il ərzində qaçqın və məcburi köçkünlər xüsusi diqqət və qayğı ilə əhatə olunmuşlar. Ulu öndər bu insanların yaşayışlarını yaxşılaşdırmaq məqsədilə  çox sayda qanun və sərəncam imzalamış, dəfələrlə onların məskunlaşdığı çadır şəhərciklərinə gedərək, şəraitləri ilə yaxından tanış olmuşdur. Dahi şəxsiyyət qaçqın və məcburi köçkünlərin çətinliklərini  özünün bir nömrəli problemi adlandıraraq demişdir: -“... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir”.
 
Qaçqın və məcburi köçkünlər diqqət və qayğı əhatəsində
 
Ümummilli liderin siyasi kursunu bu gün uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev son 15 il ərzində qaçqın və məcburi köçkünlərin probleminin həllini daim diqqət mərkəzində saxlayıb. Belə ki, əsası ulu öndər tərəfindən qoyulan neft strategiyası öz bəhrəsini verdiyi vaxtdan ilk vəsait qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilib. Azərbaycanda mövcud 12 çadır düşərgəsindən Biləsuvar rayonu ərazisindəki 5-i 2003-cü ildə, Bərdə və Ağcabədi rayonlarındakı 4-ü 2006-cı ildə, Saatlı, Sabirabad rayonları ərazisindəki 3-ü isə 2007-ci ildə ləğv edilib. Respublikamızın müxtəlif bölgələrində məcburi köçkünlər üçün yeni, müasir tipli qəsəbələr salınıb. Dövlətimizin başçısı həmin qəsəbələrin açılışında şəxsən iştirak edib, məcburi köçkünlərlə görüşüb, hökumətin bu sahədə həyata keçirdiyi tədbirlərlə bağlı onlara məlumatlar verib, insanların problemləri ilə dərindən maraqlanıb.
2013-cü il aprelin 1-də Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınan məhəllənin açılış mərasimində Azərbaycan Prezidenti deyib: “Görülən bütün bu işlər bir daha onu göstərir ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu günə qədər 140 min məcburi köçkün yeni evlərə, mənzillərə köçürülmüşdür”.
Prezident İlham Əliyevin 1 iyul 2004-cü il tarixli sərəncamı ilə təsdiqlənən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na və 31 oktyabr 2007-ci il tarixli sərəncamı ilə həmin proqrama edilən əlavələrə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində qaçqın və məcburi köçkünlərin məşğulluğunun gücləndirilməsi, bu qəbildən olan insanların işlə təmin edilmələri, müasir peşələr üzrə hazırlıq kurslarına, müvəqqəti xarakterli haqqı ödənilən ictimai işlərə cəlb olunmaları sahəsində indiyədək müəyyən işlər görülüb. Bununla yanaşı, 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 200 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə, 161 min nəfəri isə müvəqqəti işlə təmin edilib, 3 min nəfər peşə hazırlığı kurslarına cəlb olunub.  
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2 min nəfərdən çox məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 44,3 milyon manat məbləğində güzəştli kredit ayrılıb.  
Dünya Bankı və Azərbaycan Hökumətinin maliyyə vəsaiti hesabına Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu vasitəsilə 24 min məcburi köçkünə 14,8 milyon  manat məbləğində mikrokredit verilib  ki, bu proqramlardan 46 min nəfər məcburi köçkün faydalanıb. 
Məcburi köçkünlər üçün salınan 25 qəsəbədə Dünya Bankı və Azərbaycan Hökuməti arasında imzalanan “Azərbaycan: məcburi köçkün gənclərin dəstəklənməsi layihəsi” çərçivəsində Yaponiya Sosial İnkişaf Fondunun xətti ilə ayrılan 2 milyon ABŞ dolları məbləğində qrant vəsaiti hesabına 101 icma mikrolayihəsi reallaşdırılıb, 242 nəfər  gənc məcburi köçkün müxtəlif peşə təlimini bitirib, 14 idman kompleksi, 22 kompüter, 16 gənclər-əyləncə və 13 məişət-tədris, 1 elektron kitabxana yaradılıb.  
Yuxarıda qeyd olunan sərəncam və ona edilən əlavələrin icrası nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizə enib. Bundan başqa, Nazirlər Kabinetinin 2000-ci il 6 noyabr tarixli “Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə kreditlərin verilməsi qaydalarının və şərtlərinin təsdiq edilməsi haqqında” qərarına uyğun olaraq 2001-2002-ci illərdə büdcədən ayrılan 2 milyard manat vəsait hesabına min nəfərdən çox məcburi köçkünə kənd təsərrüfatı ilə məşğul olmaq üçün mikrokreditlər ayrılıb.  
Məcburi köçkünlərin məşğulluğunun artırılması   üçün xarici investorlar da cəlb edilib. Məsələn, Dünya Bankı və Azərbaycan hökuməti arasında bağlanılan kredit sazişi (“Məcburi köçkünlərin iqtisadi inkişafına yardım layihəsi”) üzrə Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 10,8 min nəfər məcburi köçkünə 7,66 milyon manat məbləğində mikrokredit verilib.
Qeyd edilənlərdən başqa, dövlət başçısının müvafiq fərmanına əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 1 yanvar 2017-ci il tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib. 
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da öz fəaliyyətində sözügedən məsələyə daim diqqətlə yanaşır. 2017-ci ilin martında Birinci vitse-prezidentin sədrliyi ilə məcburi köçkünlərin sosial problemlərinə həsr edilən müşavirənin keçirilməsi, müvafiq qurumlar qarşısında konkret vəzifələr qoyulması məhz bunun bariz ifadəsidir.
Xatırladaq ki, Mehriban xanım Əliyeva ötən il iyunun 27-də Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimində iştirak edib. Həmin gün Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən soydaşlarımızın bir qismi yeni mənzillərlə təmin olunub, onların yaşayış şəraiti yaxşılaşdırılıb.
Birinci vitse-prezident ­Mehriban xanım Əliyeva yeni mənzillərə köçürülən qaçqınlarla görüşdə deyib: “Mən öz fəaliyyətimdə sosial problemlərin, xüsusilə də qaçqın və məcburi köçkün ailələrinin problemlərinin, çətinliklərinin həllinə xüsusi diqqətlə yanaşıram. Birinci vitse-prezident vəzifəmdə ilk müşavirəm məhz bu problemlərin həllinə yönəlmişdir. Bizim qarşımızda duran məqsəd ilkin mərhələdə Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı, yarımçıq tikilmiş binalarda məskunlaşmış dörd min məcburi köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir. Bunun üçün bütün lazımi göstərişlər verilib, artıq tədbirlər görülür və əminəm ki, biz bu məqsədimizə nail olacağıq.”
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva cari ilin may ayının 24-də Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınan “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak ediblər.
Məlumat üçün deyək ki, kompleksdə 1026 ailəlik 108 bir­otaqlı, 396 ikiotaqlı, 360 üçotaqlı, 162 dördotaqlı olmaqla 11 ikibloklu doqquzmərtəbəli yaşayış binası inşa olunub.
Bundan başqa, burada 344 nömrəli  220 yerlik ikimərtəbəli körpələr evi-uşaq bağçası, 624 şagird yerlik 32 nömrəli köçkün tam orta məktəb,  tibb məntəqəsi, poçt məntəqəsi, polis məntəqəsi, ümumilikdə yaşamaq üçün bütün şərait yaradılıb. Gözəl ictimai zonalar yaradılıb, ağaclar əkilib, parklar salınıb.
Kompleksin açılışında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Biz hər il minlərlə köçkünü evlərlə təmin edirik. Bu il 20 min köçkün yeni mənzillərlə, evlərlə təmin ediləcək. Bu yaşayış kompleksində 1026 mənzil var. Yəni, burada 1026 ailə yaşayacaq və yaxşı şəraitdə yaşayacaq... Bu ilin sonuna qədər, ümumiyyətlə, son illər ərzində görülmüş işlər nəticəsində 285 min köçkün artıq evlərlə təmin olunacaq”. 
 
Torpağın üzü gülür...
 
Yeni salınan şəhərciklər arasında Cocuq Mərcanlının   bərpası  xüsusi önəm daşıyır. 2017-ci ildə bu qəsəbənin yenidən qurulmasının təntənəli açılış mərasimi keçirildi. Hazırda bu yaşayış məntəqəsində  150 ev, məktəb, uşaq bağçası tikilib. Qəsəbədə ermənilər tərəfindən dağıdılan Şuşa məscidinin bənzəri inşa edilib.
Cocuq Mərcanlı kəndinin bərpası Azərbaycan xalqının əyilməz ruhunun göstəricisidir. Ermənistan rəhbərliyi və onların havadarları bilməlidirlər ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq.
Xatırladaq ki, Cocuq Mərcanlı kəndinin yenidən qurulması 2016-cı ilin Aprel döyüşlərinin nəticəsindən, Azərbaycan Ordusunun tarixi zəfərindən sonra mümkün olub. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının ərazilərinin bir hissəsi işğalçılardan təmizlənəndən sonra bu qəsəbənin bərpasına başlanılıb. 
Cocuq Mərcanlıdan olan köçkünlər, uzun illər müxtəlif yerlərdə yaşamış insanlar şərait yaranan kimi dərhal öz kəndlərinə gəlməyə üstünlük verirlər... 
* * *
Bu günlərdə Azərbaycanın Müdafiə Nazirliyi daha bir sevindirici məlumat yaydı. Bildirilirdi ki, Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Ordumuz  Xunut, Qızılqaya, Mehridağ, Ağbulaq yüksəkliklərindəki mövqelərə sahiblənib  Ümumilikdə 11 min hektara yaxın ərazi, İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yolu  nəzarət altına alınıb. Bununla da düşmən  bir daha yəqin etdi ki, Azərbaycan  tarixi ərazisinin işğal faktı ilə heç vaxt barışmayacaq. 
Qabil YUSİFOĞLU,
 “Xalq qəzeti”
 

 

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və 22 iyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümü ilə əlaqədar keçirdiyi fərdi 
jurnalist yazıları müsabiqəsinə təqdim edilir.
 
 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında