Şriftin ölçüsü:
07.04.2011 00:01 | Oxunma sayı: 573
Aprelin 7-dən 9-dək Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi çox böyük hadisədir. Mədəniyyətlərin qarşılıqlı əlaqəsi və təsirinin minilliklərlə tarixi vardır.
Bunu AMEA-nın akademik Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva AzərTAc-a müsahibəsində vurğulamışdır.
O demişdir ki, eramızdan əvvəl ikinci minillikdə qədim Şərq mədəniyyətinin yunan mədəniyyətinə təsiri inkaredilməzdir. Müxtəlif xalqların qədim eposlarındakı genetik əlaqələr və analoji süjet və obrazlar buna aşkar sübutdur.
Ellinizm dövründə isə yunan mədəniyyəti Şərq mədəniyyətinə ciddi təsir göstərdi. Orta əsrlərdə mədəni təsirin istiqaməti yenə də Şərqdən Qərbə yönəldi. Barbarların hücumları nəticəsində yunan-rum sivilizasiyası süquta uğradıqdan sonra məhz müsəlman mədəniyyəti antik mədəniyyət və Avropa renessans mədəniyyəti arasında vasitəçi oldu. Xatırladaq ki, dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin yaradıcılığında hələ XII əsrdə Şərq-Qərb paradiqması öz parlaq əksini tapmışdır. "Xəmsə" kimi möhtəşəm əsər yalnız hər iki sivilizasiyanın mədəni-fəlsəfi nailiyyətlərinə dərindən bələd olan müəllifin qələmindən çıxa bilərdi. Xüsusən onun "İsgəndərnamə" poeması bəşər sivilizasiyası tarixində mədəni sintezin ən parlaq nümunəsidir. Nizami Gəncəvinin təkcə Şərq ədəbiyyatı deyil, intibah dövrü Avropa ədəbiyyatına da təsiri məhz onun bu keyfiyyət səciyyəsindən irəli gəlir.
Bəşəriyyətin tərəqqisində hər yeni inkişaf mərhələsi Şərq və Qərb sivilizasiyaları nümunələrinin üzvi sintezi nəticəsində baş vermişdir. Hətta orta əsrlər hind, Şərqi Asiya, Ön Asiya, Bizans və Qərbi Avropa mədəniyyətlərinin təmas xəttində "sərhəd mədəniyyəti" adlanan mədəniyyətlər yaranmışdı.
Taleyin hökmü ilə Azərbaycan Respublikası coğrafi məkan baxımından Şərq və Qərbin qovuşuğunda yerləşir, xalqımız isə zaman-zaman dünya mədəniyyətinə öz dəyərli töhfələrini verməklə yanaşı, hər iki sivilizasiyanın təsiri altında olmuşdur. "Qoca Şərqin qapısı" adlanan, min ildən çox bir müddətdə müsəlman mənəvi-mədəni arealına daxil olan Azərbaycan sonra çar Rusiyasının tərkibində yeni dəyərlər sistemi ilə tanış oldu və rus dili vasitəsilə mütərəqqi Avropa elmini və ictimai-siyasi fikrini mənimsədi, maarifçilik ideyalarını qavradı.
Beləliklə, Şərq və Qərb dəyərlər sisteminin Azərbaycanda qovuşması üçün əlverişli şərait yarandı. Elə o dövrdə hər iki sistemin dəyərlərini təcəssüm etdirən gözəl maarifçi ziyalılar nəsli yetişdi. Mütərəqqi Azərbaycan ziyalıları xalqın yeni dəyərlər sisteminə, sivilizasiyanın qabaqcıl nailiyyətlərinə yiyələnməsi uğrunda böyük iş gördülər. Onların davamçılarının yaradıcılığında Qərb ədəbi-fəlsəfi fikri, müxtəlif sivilizasiyaların vəhdəti problemi öz əksini tapdı. Bütün çətinliklərə baxmayaraq, bu proses Sovetlər dövründə də davam edirdi. SSRİ-nin dağılması ilə Azərbaycan tamamilə yeni bir tarixi reallığa daxil oldu. Bir yandan, sovet dövründə xeyli sarsılmış, varislik əlaqələrini itirmiş ənənəvi mədəniyyətlə, xüsusilə islam mədəniyyəti ilə bağlı dəyərlər dirçəldilməyə başladı. Müsəlman Şərqi Azərbaycanı öz sıralarına qəbul etdi - ölkə İslam Konfransı Təşkilatının üzvü oldu. Digər tərəfdən, xalqın hələ təqribən 150 il öncə baş qaldırmış Avropa mədəniyyətinə, tərəqqiyə qovuşmaq əzmi yenidən alovlandı, Avrasiya məkanında yerləşən bir ölkə kimi Azərbaycan Avropaya açıldı, Avropa Şurasına qəbul edildi. XX əsrin əvvəllərində meydana gələn, sonralar sovet dövründə unudulan "avropalaşma, müasirləşmə və islamlaşma" şüarı yenidən aktuallaşdı və Azərbaycanın dövlət bayrağında öz ifadəsini tapdı. Demokratiya, vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı, insan hüquqları, aşkarlıq, fikir müxtəlifliyi və s. ilə bağlı dəyərlər haqlı olaraq cəmiyyətin inkişafı, müasirləşmənin, modernləşmənin meyarları kimi təqdim edildi.
Eyni zamanda, Azərbaycan dini tolerantlığın hökm sürdüyü nadir bir məkandır. Xalqımızın dinc yanaşı yaşamaq ənənəsi tarixin dərinliklərindən gəlir. Təsadüfi deyil ki, Şərqdə ilk demokratik respublika və ilk demokratik təsisatlar ötən əsrin əvvəllərində məhz Azərbaycanda yaranmışdı. Azərbaycanda mədəni irsin gücü və daxili dinamizmi, qərbləşmə yolundakı əvvəlki uğurları onun modernləşməyə uyğunlaşmaq qabiliyyətini artırır. Hazırda Avropa mədəniyyətinin praqmatik nailiyyətləri başqa müsəlman cəmiyyətlərinə nisbətən Azərbaycan cəmiyyətinin canına qat-qat çox hopmuşdur. Bu amillər modernləşmənin tələblərinə cavab verən dəyərlərin və həyat oriyentasiyalarının Azərbaycan cəmiyyətində yayılmasına və möhkəmlənməsinə geniş şərait yaradır.
Deyilənləri nəzərə alaraq, hesab edirəm ki, sivilizasiyalararası dialoqda Azərbaycan mühüm rol oynaya bilər və oynamalıdır. Bu baxımdan, yenə deyirəm ki, Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi böyük hadisədir. İnanırıq ki, belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi onun çoxsaylı iştirakçıları və bütövlükdə dünya xalqları üçün qarşılıqlı surətdə faydalı olacaqdır. Eyni zamanda, forum xalqımızın zəngin mədəniyyətinin beynəlxalq səviyyədə təbliğinə və daim inkişaf edən ölkəmizin nüfuzunun artmasına öz töhfəsini verəcəkdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.