Şriftin ölçüsü:
06.04.2011 01:39 | Oxunma sayı: 417
Aprelin 5-də Daxili İşlər Nazirliyində (DİN) "Cinayətkarlığa qarşı mübarizədə əməliyyat-axtarış fəaliyyətinin təşkili"nin və "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə"nin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilmişdir.
DİN-in mətbuat xidmətindən bildirmişlər ki, nazir, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirmişdir. O, əməliyyat-axtarış fəaliyyətinin təşkili ilə bağlı həyata keçirilən praktiki tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini, xüsusən də qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılmasında önəmli rolunu nəzərə çatdıraraq bu sahədə işin nəticələrinin hər bir əməliyyatçının və rəhbər vəzifəli şəxsin peşəkarlığının əsas göstəricisi olduğunu diqqətə çatdırmışdır.
Eyni zamanda, insanların hüquq və azadlıqlarının, həyat və sağlamlığının, milli genofondun qorunmasında, eləcə də ağır cinayətlərin və əməliyyat şəraitinə mənfi təsirin qarşısının alınmasında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin başlıca şərtlərdən olduğunu qeyd edən R.Usubov bu sahədə qarşıda mühüm vəzifələrin durduğunu, son illər işin daha səmərəli yerinə yetirildiyini, lakin əldə edilmiş nəticələrin mövcud reallığı tam əks etdirmədiyini, uğurlarla yanaşı ayrı-ayrı ərazi polis orqanlarının fəaliyyətində hələ də ciddi nöqsan və çatışmazlıqların mövcudluğunu vurğulamışdır.
Gündəlikdəki məsələlərlə bağlı Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski və Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov məruzə ilə çıxış etmişlər.
Məruzələrdə və çıxışlarda görülmüş işlər, mövcud nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr qeyd olunmuşdur.
İclasa yekun vuran nazir məruzə olunan məsələlərlə bağlı Kollegiya iştirakçılarının diqqətini qarşıda duran vəzifələrə yönəltmişdir.
Bununla bərabər, general-polkovnik Ramil Usubov cinayət hadisələrindən zərər çəkmiş şəxslərə dəymiş maddi ziyanın ibtidai istintaq prosesində ödətdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bütün tədbirlərin görülməsinin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yol verən əməkdaşlar barədə ən ciddi ölçülərin götürülməsinin vacibliyinə toxunmuş, bu istiqamətdə fəaliyyətin davamlı şəkildə həyata keçiriləcəyini nəzərə çatdırmışdır.
Həmçinin son günlər şəhər icra hakimiyyəti ilə razılaşdırmadan paytaxtın mərkəzi küçə və meydanlarında qanunsuz aksiya keçirməklə və polis əməkdaşları ilə bilərəkdən qarşıdurmaya getməklə ictimai asayişi, sabitliyi pozmaq niyyəti güdən bəzi radikal müxalifət partiyalarının və ayrı-ayrı təşkilatların pozuculuq fəaliyyətinə toxunan Ramil Usubov bu qəbildən olan sonuncu mitinqə cəhdin təşkilatçılarının cəmiyyətdə heç bir sosial bazaya malik olmadığını, ölkə vətəndaşlarının mütləq əksəriyyətinin Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini, onun məqsədyönlü, uğurlu daxili və xarici siyasət kursunu tam dəstəklədiklərinin bir daha təsdiqləndiyini vurğulamışdır.
Ölkəmizdə dayanıqlı sabitliyin, əmin-amanlığın təkcə vətəndaşların təhlükəsiz şəraitdə yaşamaları üçün deyil, həm də gənc dövlətimizin qarşısında duran ümummilli məsələlərin və mənafelərin həlli üçün də böyük önəm daşıdığını diqqətə çatdıran nazir ulu öndər Heydər Əliyevin titanik səyləri, böyük zəhməti və əziyyətləri hesabına parçalanmaqdan qoruduğu və yenidən qurduğu müstəqil Azərbaycanı kimlərinsə xaos və anarxiya girdabına yuvarlamasına, respublikamızda qarşıdurma yaratmasına imkan verilməyəcəyini, bunun üçün hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının bütün zəruri tədbirləri görəcəyini bir daha bəyan etmişdir.
Nazir əmin olduğunu bildirmişdir ki, şəxsi heyət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək, sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcəkdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.