Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dövlət qayğısı artmaqdadır

Azərbaycan Respublikası bu gün öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Ölkəmizdə həyata keçirilən davamlı islahatlar onu Cənubi Qafqazda lider dövlətə çevirmiş, dünyanın nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanı islahatların sürətlə həyata keçirildiyi dövlət kimi xarakterizə edirlər. Söz yox ki, bu inkişafın əsasında ölkədə həyata keçirilən çevik daxili və xarici siyasət dayanır.
İnkişafımızın əsas xüsusiyyəti bundan ibarətdir ki, bu gün Azərbaycan vətəndaşlarının həyatı tamamilə yeniləşmiş, insanların rifah halı ildən-ilə yaxşılaşmışdır. Əhalinin maddi gəlirlərinin davamlı olaraq artırılması sosial sferada vəziyyətin ilbəil yaxşılaşmasını təmin etmişdir.
Bu gün Azərbaycanın ən mühüm problemi torpaqların düşmən tapdağı altında qalmasıdır. Bir milyondan artıq qaçqın və məcburi köçkün öz yurd-yuvalarından didərgin düşmüşdür. Azərbaycan dövləti bu insanlara həmişə böyük qayğı göstərmişdir və bu gün də onların güzəranının yaxşılaşması diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev deyirdi: "...İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir". Dəfələrlə şahidi olmuşuq ki, ulu öndər çadır düşərgələrində olur, didərgin insanların vəziyyəti ilə maraqlanır, onlara mümkün olan hər cür köməkliklər göstərirdi. Ulu öndərin siyasi kursunun çox layiqli davamçısı cənab Prezident İlham Əliyev də məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin olunması istiqamətində əsaslı tədbirlərin reallaşmasını təmin etmişdir.
İlkin olaraq 2004-cü ildə cənab Prezident "Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nı təsdiq etdikdən sonra bu kateqoriyadan olan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çox mühüm tədbirlər reallaşdırıldı. Ən başlıcası isə çadır şəhərciklərində yaşayan didərgin insanlar üçün yeni qəsəbələrin salınmasına start verildi.
Qeyd edək ki, həmin Dövlət Proqramına cənab Prezidentin sərəncamı ilə 2007-ci ildə qəbul edilmiş əlavələr nəticəsində ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınmış, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülmüş, 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilmiş, müvafiq infrastruktur yaradılmışdır. Bundan sonra cənab Prezident "Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 2009-cu il 2 sentyabr, 2010-cu il 17 fevral, 2011-ci il 2 fevral tarixlərdə sərəncamlar imzalamışdır ki, bu sərəncamlarda da məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün əlavə vəsaitlərin ayrılması təmin olunmuşdur.
Cənab Prezident dəfələrlə belə bir fikri vurğulamışdır ki, "...Qaçqın və məcburi köçkün soydaşlarımızın problemləri bizim üçün həmişə gündəlikdə bir nömrəli problemdir". Hələ, 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirən cənab İlham Əliyev "ölkədə bir dənə də çadır şəhərciyi qalmayacaq" - deyə bəyanat vermişdi. Cənab Prezidentin bu vədi vaxtından bir il əvvəl yerinə yetirildi və ağır şəraitdə yaşayan məcburi köçkünlərin çadır şəhərcikləri əsasən ləğv edildi, əvəzində yeni, yaraşıqlı qəsəbələr salındı. Dövlət başçısının bu yeni qəsəbələrin açılışında şəxsən iştirakı, məcburi köçkünlərin yeni evlərində qonaq olması, onlarla birbaşa təması Prezidentin bu insanlara xüsusi qayğısının real göstəricisidir. Cənab Prezident 7 ildə 17 dəfə, o cümlədən 2010-cu ildə 4 dəfə məcburi köçkünlərlə şəxsən görüşüb. Bu görüşlərin hər biri yeni qəsəbələrin istifadəyə verilməsi, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bilavasitə bağlı olub.
Doğrudan da, son illər məcburi köçkünlərə göstərilən dövlət qayğısının artması nəticəsində bu kateqoriyadan olan insanların mənzil-məişət şəraiti əsaslı şəkildə yeniləşmişdir. Bu sahədə əhəmiyyətli layihələrin reallaşmasında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun böyük xidmətləri olmuşdur. Bu fond ümummilli lider Heydər Əliyevin fərmanı ilə 6 dekabr 1999-cu ildə yaradılmışdır. Onun başlıca məqsədi məcburi köçkünlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq, onlar üçün iş yerlərinin açılmasını təmin etmək, sosial infrastrukturun bərpasına yönəldilmiş layihələrin yerinə yetirilməsi üçün vəsait ayrılmasını və bu vəsaitlərdən səmərəli və məqsədyönlü istifadəsini təmin etməkdən ibarətdir.
Fond fəaliyyət göstərdiyi 12 ilə yaxın dövr ərzində çox genişmiqyaslı layihələri reallaşdırmış, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında mühüm proqramları həyata keçirmiş və hazırda bu işləri davam etdirməkdədir.
Onu da qeyd edim ki, bizim təşkilat bir neçə mənbədən maliyyələşir. Bu maliyyə mənbələrinə dövlət büdcəsindən ayırmalar, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Dünya Bankı, İslam İnkişaf Bankı, Yaponiya Sosial İnkişaf Fondu və s. daxildir.
Fondun ilk donorlarından olan Dünya Bankı ilə üç güzəştli kredit sazişi bağlanmış və bu kreditlər məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynamışdır. Son kredit sazişi 2008-ci ildən sonrakı 3 ili nəzərdə tutur. Burada məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdığı yerlərdə mövcud olan sosial problemlərin həlli, infrastrukturun yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan hökuməti bu kredit sazişi çərçivəsində həyata keçirilən "Məcburi köçkünlərin iqtisadi inkişafına yardım layihəsi"nin iştirak payı 8,69 milyon ABŞ dolları həcmində vəsaitdir. Məlumat üçün bildirmək istəyirəm ki, bu kredit sazişi çərçivəsində bu vaxta kimi 136 icma mikrolayihəsi həyata keçirilmişdir. Hazırda daha 26 mikrolayihə üzrə müqavilə bağlanmış, 27 mikrolayihə üzrə isə satınalma prosedurları aparılır. Qalan 112 icma mikrolayihələri üzrə işlər davam etdirilir.
Qeyd edək ki, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na 2007-ci ildə möhtərəm Prezidentimizin sərəncamı ilə əlavələr olunub. Buna müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbirlər həyata keçirilib. Bu tədbirlərin böyük bir hissəsinin reallaşması Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna həvalə olunmuşdur. Belə bir fakta diqqət yetirək. 2005-2007-ci illər ərzində Ağdam, Ağcabədi, Biləsuvar, Füzuli və Sabirabad rayonlarının ərazilərində 26 qəsəbə salınmış və bu qəsəbələrdə 8 mindən artıq ev tikilmişdir. Və ən əhəmiyyətli olan budur ki, 2007-ci ilin sonunda ölkəmizdə son çadır düşərgəsi ləğv olunmuşdur. Beləliklə, Dövlət Proqramında nəzərdə tutulan əsas məsələ həll edilmişdir.
Ümumiyyətlə qeyd edim ki, ölkəmizdə bu kateqoriyadan olan insanlara yüksək diqqət və qayğı beynəlxalq miqyasda da geniş təqdir olunur. Hətta, ölkəmizin adı bu fondda nümunəvi bir dövlət kimi çəkilir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arun Salanqarmo bununla bağlı demişdir: "Qeyd etmək istərdim ki, Azərbaycan hökuməti məcburi köçkünlərə çox böyük diqqət göstərir və bu mənada bir çox ölkələr üçün nümunə ola bilər. Bu faktı hələ 2007-ci ildə Azərbaycanda səfərdə olmuş BMT-nin baş katibinin məcburi köçkünlərin hüquqları üzrə nümayəndəsi Valter Kalin hazırladığı hesabatda da qeyd etmişdi. Əminəm ki, bu hal 2011-ci ilin martında Azərbaycana dair dərc olunacaq yeni hesabatda da öz əksini tapacaq".
Bu sözlər onu təsdiq edir ki, Azərbaycanda qaçqın və məcburi köçkünlər dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunmuşdur. 2007-ci ildən sonrakı dövrdə də MKSİF məcburi köçkünlər üçün yeni qəsəbələrin tikintisini Dövlət Proqramına əlavələrə uyğun olaraq həyata keçirmişdir. Çünki Nazirlər Kabineti Dövlət Proqramına edilmiş əlavələr üzrə əsasən sifarişçi funksiyaları MKSİF-ə həvalə etmişdi. Beləliklə, fond tərəfindən 2008-ci ildə Xocavənd rayonundan olan məcburi köçkünlər üçün Beyləqan rayonunun ərazisində 500 ailəlik bir, Xocalı məcburi köçkünləri üçün isə Goranboy rayonunun ərazisində 500 ailəlik 4 yaşayış qəsəbəsinin tikintisinə başlanmışdır. Eyni zamanda, Goranboy rayonunun Yuxarı Ağcakənd kəndinin ərazisində tikilən 120 ailəlik yeni qəsəbənin tikintisi də 2009-cu ildə başa çatmışdır.
Bundan başqa, Qəbələ rayonunda 155 mənzillik 2 ədəd beşmərtəbəli, Bakı şəhərində 369 mənzillik 6 ədəd 9 mərtəbəli yaşayış binalarının, Göygöl rayonunda isə həyətyanı sahələri olan 26 ədəd fərdi evin tikintisi başa çatdırılıb istifadəyə verilmişdir.
Son vaxtlar bir-birinin ardınca bir neçə rayonda məcburi köçkünlər üçün yeni qəsəbələrin açılış mərasimləri keçirilmiş və cənab Prezident bu tədbirlərdə iştirak etmişdir. Yevlax rayonu ərazisində 612 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət məhəllənin inşası başa çatmış, Azərbaycan Prezidenti cənab İlham Əliyev 11 noyabr 2010-cu ildə bu tədbirdə iştirak etmiş, orada məcburi köçkünlərlə görüşmüşdür.
Bu il fevralın 10-da cənab Prezident Goranboy rayonuna səfəri çərçivəsində 688 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və birinci mərhələdə 165 ailənin məskunlaşdığı yeni yaşayış məhəlləsinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edərək demişdir: "Bizim torpaqlarımız azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl binalar tikəcəyik. Bütün şəhərləri bərpa edəcəyik və öz vətəndaşlarımızı doğma torpaqlara qaytaracağıq. O gün gələcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir".
Azərbaycanın iqtisadiyyatı ildən ilə güclənir. Bu isə məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılmasına imkan yaradır. Bir faktı vurğulamaq istəyirəm ki, bu gün beynəlxalq humanitar təşkilatlar da onlar üçün Azərbaycanda yaradılmış münbit şəraitdən razılıq edirlər. Azərbaycan hökuməti həmin təşkilatların ayırdıqları vəsaitlərə zəmanət verir və onlar hədəfə maneəsiz çatdırılır. Hazırda Azərbaycanda 70 beynəlxalq humanitar təşkilat fəaliyyət göstərir, çoxlu sayda belə qurum isə ölkəmizdə dövlət qeydiyyatına düşmək üçün növbəyə dayanıb.
Bu il fevralın 21-də cənab Prezident İlham Əliyevin imzaladığı "Məcburi köçkünlərin ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncamı təkcə məcburi köçkünlər deyil, bütün ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılandı.
Söz yox ki, bu əlavə tədbirlərin icrası 2011-2015-ci illərdə məcburi köçkünlərin mənzil-məişət şəraitini, sosial vəziyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.
"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na edilən yeni əlavələr, ilk növbədə, yataqxanalarda yaşayan 800 nəfərdən ibarət 210 məcburi köçkün ailəsini yeni və rahat mənzillərə qovuşduracaq. Bu məqsədlə 2011-2012-ci illərdə Abşeron rayonunun Masazır qəsəbəsində ayrılmış torpaq sahəsində Bakı Dövlət Universitetinin 7 yataqxanasından 2-sində müvəqqəti məskunlaşmış 800 nəfərdən ibarət 210 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi təmin olunacaq. Bundan başqa, Təhsil Nazirliyinin tabeliyində olan ilk peşə-ixtisas təhsili müəssisələrinin inzibati binalarında və yataqxanalarda müvəqqəti məskunlaşmış 3901 nəfərdən ibarət 867 məcburi köçkün ailəsi üçün Bakı şəhəri və ya Abşeron rayonu ərazisində 2012-2015-ci illərdə çoxmərtəbəli yaşayış binalarının tikilməsi həyata keçiriləcək. Ümumiyyətlə, respublika ərazisində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün Bakı şəhəri, Abşeron rayonu və respublikanın digər ərazilərində çoxmərtəbəli yaşayış binalarının və fərdi evlərin tikilməsi prosesi 2012-2015-ci illərdə diqqət yetirilən əsas məsələlərdən biri olacaq. Beləliklə, sözügedən yataqxana və inzibati binalardan təyinatı üzrə istifadə etmək mümkün olacaq. Cari və gələn ili əhatə edən müddətdə Naftalan şəhərindəki 4 sanatoriyada ("Goran", "Şirvan", "Azərbaycan", "Mil") müvəqqəti məskunlaşmış 2620 nəfərdən ibarət 524 məcburi köçkün ailəsi üçün Goranboy rayonu ərazisində ayrılmış torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi həyata keçiriləcək.
Məlumdur ki, 1990-cı illərin əvvəllərində doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalmış insanlar ilk illərdə müxtəlif sosial obyektlərlə yanaşı, hətta inşası başa çatdırılmayan binalarda da məskunlaşmağa məcbur olublar. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən Təcili Tibbi Yardım Stansiyasının tikintisi yarımçıq qalmış binaları da bu qəbildəndir. Lakin Prezident İlham Əliyevin yeni sərəncamından sonra daha məcburi köçkünlər sözügedən yarımçıq binalarda, ağır şəraitdə yaşamağa məcbur olmayacaqlar. 2011-2013-cü illər ərzində tikintisi yarımçıq qalmış həmin binalarda müvəqqəti məskunlaşmış 3092 nəfərdən ibarət 736 məcburi köçkün ailəsi üçün Bakı şəhəri və ya Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi reallaşacaq. Bu, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, 9-cu mikrorayonda yerləşən Təcili Tibbi Yardım Stansiyasının tikintisi yarımçıq qalmış binalarında inşaat prosesinin tamamlanmasına və onların təyinatı üzrə istifadəsinə də imkan verəcək.
Dövlətimizin başçısının yeni sərəncamının daha bir önəmli xüsusiyyəti mənzil hüququ pozulan yüzlərlə insanın hüqüqunun təmin edilməsi ilə bağlıdır. Danılmaz faktdır ki, bəzi məcburi köçkün ailələri öz doğma yurd-yuvalarını tərk etdikdən sonra məcburiyyət qarşısında qalaraq başqa insanlara məxsus mənzillərdə məskunlaşdılar. Bu da həmin insanların mənzil hüquqlarının pozulması ilə nəticələndi. Lakin indi bu məsələnin həllində praktik addımlar atılır. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na edilən yeni əlavələrə müvafiq olaraq 2012-2014-cü illər ərzində Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış 5445 nəfərdən ibarət 1210 məcburi köçkün ailəsi üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binaları tikiləcək və həmin ailələrin bu binalara köçürülməsi təmin olunacaq. Bu da 1210 nəfər insanın mənzil hüququnun təmin olunması deməkdir.
2011-2014-cü illərdə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yeraltı qazma və daxmalarda xüsusilə ağır şəraitdə yaşayan 6300 nəfərdən ibarət 1500 məcburi köçkün ailəsinin müvəqqəti yerləşdirilməsi üçün ayrılmış torpaq sahələrində yaşayış evlərinin tikilməsi və ya qəsəbələrin salınması, eyni zamanda, Gəncə şəhərinin Kəpəz rayonunda, Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşmış 2595 nəfərdən ibarət 519 məcburi köçkün ailəsi (Xocalı rayonundan olan 1665 nəfərdən ibarət 333 ailə, Kəlbəcər rayonundan olan 930 nəfərdən ibarət 186 ailə) üçün Göygöl və Goranboy rayonları ərazilərində qəsəbələrin salınması və həmin ailələrin bu qəsəbələrə köçürülməsi reallaşacaq.
Bütün bunlar təbii olaraq daha on minlərlə məcburi köçkünün mənzil-məişət şəraitini daha da yaxşılaşdıracaq, onların sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə imkan verəcək. Bu həm də Azərbaycan Prezidentinin qaçqın və məcburi köçkünlərə yüksək diqqət və qayğısının növbəti bariz təzahürüdür. Prezident İlham Əliyevin siyasətini hər zaman dəstəkləyən və onun ətrafında sıx birləşən qaçqın və məcburi köçkünlər yurd həsrətinə son qoyulacaq günün uzaqda olmadığına qəti əmindirlər. Çünki dövlətin, onun rəhbərinin bu istiqamətdə atdığı addımları, həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələrini aydın görürlər. Rəhbərlik etdiyim Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu da bu tədbirlərin reallaşdırılması üçün bütün səyləri birləşdirəcək.
Artıq məlumdur ki, Azərbaycan hökuməti beynəlxalq maliyyə qurumları, BMT agentlikləri, beynəlxalq humanitar təşkilatları ilə birlikdə "Böyük Repatriasiya (Böyük Qayıdış)" proqramının layihəsinin hazırlanması istqamətində müəyyən işlər görülüb. Bu isə doğma torpaqlarından didərgin düşmüş insanlar üçün yurd nisgilinin tezliklə sona çatacağını bir daha təsdiqləyir.

{nl}

Ayaz ORUCOV, Milli Məclisin deputatı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında