Rayonda əhalinin sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır
{nl}
Bu il yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı qeyd etmişdir ki, 2009 və 2010-cu illər tarixdə maliyyə və iqtisadi böhran illəri kimi qaldığı halda, Azərbaycanda aparılan düzgün islahatlar və iqtisadi siyasət nəticəsində həmin illərdə ölkəmizin iqtisadiyyatı inkişaf etmişdir. 2009-cu ildə ümumi daxili məhsul 9,3 faiz, 2010-cu ildə isə 5 faiz artmış, Azərbaycanın makroiqtisadi vəziyyəti sabit qalmış, 2010-cu ildə inflyasiya cəmi 5,7 faiz təşkil etmiş, əhalinin pul gəlirləri isə 12,3 faiz artmaqla inflyasiyanı 2,1 dəfə üstələmişdir. Yeddi il ərzində ölkədə yoxsulluğun səviyyəsi 4-5 dəfə aşağı düşmüşdür.
Prezidentin sözlərinə görə, nəzərdə tutulmuş bütün sosial proqramlar icra edilmiş, regionların inkişafı proqramları uğurla yerinə yetirilmişdir. Bölgədə mühüm regional amilə çevrilmiş Azərbaycanın imkanları bundan sonra da artacaq və növbəti illərdə də davam edəcəkdir.
Ölkədə qazanılmış bu nailiyyətlərdə, şübhəsiz ki, bütün şəhər və rayonların, kənd və qəsəbələrin öz payı vardır. Bu yüksəlişə Abşeron rayonu da öz layiqli töhfələrini vermişdir. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məhz nailiyyətlər haqqında söhbət edərkən bildirdi ki, möhtərəm dövlət başçısının tapşırıq və tövsiyələrini fəaliyyət proqramı kimi götürmüş, qarşıya qoyulmuş sosial-iqtisadi vəzifələri, o cümlədən, quruculuq-abadlıq layihələrini uğurla həyata keçirmək istiqamətində addımlar atmışıq.
Doğrudan da, Bakı və Sumqayıt kimi iki iri sənaye şəhərinin əhatəsində yaşayan abşeronlular kənd təsərrüfatının, rayon üçün ənənəvi sahələr olan heyvandarlığın, bağçılıq və tərəvəzçiliyin intensiv yollarla inkişafı istiqamətində uğurlu addımlar atmışlar. Son illərdə dövlət tərəfindən edilən güzəştlərdən bəhrələnərək qiymətli ərzaq olan zeytun sahələri genişləndirilmiş, yeni üzümlüklər salınmış, örtülü sahələrdə tərəvəz yetişdirilməsi, tövlə şəraitində mal-qara bəslənməsi, quşçuluq təsərrüfatları yaradılması istiqamətində fəaliyyət genişləndirilmişdir. Bunun nəticəsidir ki, 2010-cu ildə rayonda əvvəlki illərə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalı xeyli artırılmışdır. İl ərzində rayonda 2167 ton ət, 32931 ton süd, 169,5 milyon ədəd yumurta, 1425,5 ton meyvə, 6684,6 ton tərəvəz, ümumilikdə 45,2 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur.
Rayonun kənd təsərrüfatı müəssisələrində, əhali sektorunda və kəndli (fermer) təsərrüfatlarında 1 yanvar 2011-ci il vəziyyətinə 18.622 baş qaramal, 105.885 baş davar, 1 milyon 80 min baş quş saxlanılır. Abşeronda zəfəranın əkin sahəsi daha 5 hektar artırılaraq 23 hektara çatdırılmış, keçmiş Zirə sovxozuna məxsus 200 hektar yararsız torpaq sahəsi bərpa olunaraq zeytun bağı salınmağa başlanılmışdır. Rayonda sənaye məhsulunun ümumi həcmi isə 6 faiz artırılaraq 91,1 milyon manata çatdırılmışdır. Əlbəttə, bunu xüsusilə qeyd etmək yerinə düşər ki, rayonun iqtisadi inkişafında Masazır duz zavodu mühüm rol oynayır. Gündəlik istehsal gücü 300 ton olan müəssisənin açılışı 21 iyul 2010-cu ildə olmuş, mərasimdə Prezident İlham Əliyev də iştirak etmiş və demişdir ki, zavodun yaradılması Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük dəstəkdir.
Bundan başqa, tikinti müəssisələri də ötən il fəaliyyətini xeyli canlandırmış, 288,3 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüşdür.
Bütün maliyyə mənbələrindən əsas kapitala 66,9 milyon manat investisiya yönəldilmişdir. Xırdalan şəhərində, qəsəbə və kəndlərdə çoxmərtəbəli, çoxmənzilli yaşayış evlərinin tikintisi davam etdirilmiş, 264 fərdi evin tikintisi başa çatdırılmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə özəl sektorda tikinti işlərinin yerinə yetirilməsi 3,8 dəfə artmışdır. Güzdəkdə icra nümayəndəliyinin inzibati binası əsaslı şəkildə yenidən qurularaq ümumi sahəsi 420 kvadratmetrə çatdırılmış, burada qəsəbə kitabxanası, klub və polis sahə müvəkkilliyi yerləşdirilmişdir. Xırdalan şəhər qəbiristanlığının Bakı-Sumqayıt avtomagistralı boyunca hündürlüyü 3 metr olmaqla 650 metr uzunluqda daş hasarın tikintisi başa çatdırılmış və hazırda divarın fasadı cilalanmış əhəng daşları ilə üzlənir. Eyni zamanda, rayon ərazisində tikinti işinə nəzarət gücləndirilmiş, aşkar edilmiş 142 qanunsuz tikinti ləğv olunmuşdur. Ötən il çoxmərtəbəli yaşayış evlərinin təmiri işi də davam etdirilmiş, Xırdalan şəhərindəki bütün çoxmənzilli yaşayış binalarının əsaslı təmiri tamamlanmış, Aşağı Güzdək qəsəbəsində birlikdə 52 mənzili olan dörd ikimərtəbəli yaşayış evi əsaslı təmir olunmuş, Pirəkəşkül kəndində 90-cı illərin əvvəllərində tələsik inşa olunmuş, son illər qəzalı vəziyyətə düşmüş 175 fərdi evdən 112-də bərpa işləri aparılmışdır. Ceyranbatan qəsəbəsində də mənzil fondunun bərpası işi davam etdirilmişdir. 2010-cu ildə Abşeron rayonunda yaşayış məntəqələrinn abadlaşdırılması, yol infrastrukturunun inkişafı və bərpası istiqamətində genişmiqyaslı layihələr həyata keçirilmişdir. Xırdalan şəhərində Heydər Əliyev prospektinin genişləndirilməsi və yenidən qurulması işi davam etdirilmiş, prospekt boyu 4,5 kilometr uzunluqda 758 metr səki daşı və 1311 kvadratmetr tamet düzülmüş, milli ornamentlərlə, rəngli qaya və çay daşları, cilalanmış əhəng daşları ilə nəfis şəkildə üzlənmiş, 4576 kvadratmetr hasar çəkilmiş, müxtəlif təyinatlı obyektlərin fasadları alkapon təbəqələrlə örtülmüşdür. Burada 2826 ədəd Xan çinarı, 35430 ədəd dekorativ kol və qızılgül tingləri əkilmişdir. Şəhərin küçələrinin abadlaşdırılması, xüsusilə yeni yaşayış məhəllələrindəki yolların sahmana salınması məqsədilə 36,7 kubmetr çınqıl tökülüb yayılmış, 102,2 min kvadratmetr sahə asfaltlanmışdır.
Kənd və qəsəbələrdə də abadlıq işləri davam etdirilmiş, daxili küçə və yollara 85.395 kubmetr çınqıl döşənib bərkidilmiş, 215,6 min kvadratmetr yol, küçə və səkiyə asfalt örtük çəkilmişdir. Yaşayış məntəqələrinin baş küçə və yolları boyunca daş hasarların, müxtəlif təyinatlı obyektlərin fasadları suvanıb qaya və çay daşları, alkapon təbəqələrlə üzlənmişdir. Masazır və Novxanıda 1080 kvadratmetr hasar hörülmüş, 920 kvadratmetr sahə cilalanmış əhəng daşı ilə üzlənmiş, Saray, Masazır, Fatmayı və Novxanıda tikililərin fasadlarına 850 kvadratmetr alkapon, 17.140 kvadratmetr mozaika vurulmuşdur.
2010-cu ildə rabitə xidmətinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülmüşdür. 22 poçt şöbəsi və 2 poçt agentliyi vasitəsilə Abşeron Poçtamtı üzrə tarif gəliri proqnoz tapşırığına 102 faiz əməl etmişdir. Abşeron Telekommunikasiya Qovşağının da əldə etdiyi gəlirin həcmi əvvəlki illə müqayisədə 12 faiz artaraq 2 milyon 804 min manata çatmışdır.
İl ərzində 30,6 kilometr yeni telefon kabeli çəkilmiş, 3,5 kilometr kabel təzələnmişdir.
3725 nömrə istifadəyə verilmiş, hər 100 nəfərə düşən telefon aparatlarının sayı 88 ədədə çatdırılmışdır. Qovşaq üzrə internet istifadəçilərinin sayı ümumi telefon istifadəçilərinin 93 faizinə, geniş zolaqlı şəbəkə abonentlərinin sayı isə 2069-a çatmışdır.
Nəqliyyat sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən 822 min ton yük, 17 milyon 301 min nəfər sərnişin daşınmışdır. Əldə edilən gəlir 9,2 milyon manat olmuşdur ki, bu da keçən ilə nisbətdə 6 faiz çoxdur.
Pərakəndə ticarət və iaşə şəbəkələrindən əhaliyə 133 milyon manatlıq və ya 2009-cu ildəkindən 88 faiz çox istehlak malları satılmış, 33,3 milyon manatlıq və ya 16 faiz çox digər pullu xidmətlər göstərilmişdir.
İl ərzində əhalinin elektrik enerjisi, qaz və su ilə təmin olunması daim diqqət mərkəzində saxlanılmışdır. Yaşayış məntəqələrində müxtəlif gücə malik 5 ədəd yeni transformator qurulub istifadəyə verilmiş, 11 ədədi əsaslı təmir olunmuşdur. Yüksək gərginlikli xətlərdə 115 ədəd, 0,4 kv-luq xətlərdə isə 231 ədəd dayaq və 29,4 kilometr naqil təzələnmiş, sayğaclaşma işi aparılmışdır.
Ölkə başçısının imzaladığı "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda və regionların sosial-iqtisadi inkişafı ilə bağlı digər sənədlərdə yaşayış məntəqələrində sosial və ictimai obyektlərin təbii qaz təminatının yaxşılaşdırılması da nəzərdə tutulmuşdur. "Azəriqaz" İstehsalat Birliyinin sifarişi əsasında tikinti təşkilatları tərəfindən Xırdalan şəhərində və digər yaşayış məntəqələrində polietilen borularla 525 kilometr, metal borularla isə 192,4 kilometr, cəmi 717,4 kilometr yeni qaz xəti çəkilmişdir. İl ərzində 4496 fərdi ev qazlaşdırılmışdır. Mehdiabad qəsəbəsində müxtəlif diametrli borularla 1235 metr yeni qaz xətti çəkilmiş, Xırdalan, Saray, Novxanı və Masazırda 598 metr korroziyaya uğramış qaz xəti dəyişdirilmişdir.
Əhalinin içməli su ilə təminatı sahəsində də müəyyən tədbirlər həyata keçirilmişdir. Rayonun daxili imkanları hesabına 4,8 km yeni su xətləri çəkilmiş, korroziyaya uğramış 3,4 km xətt təzələnmişdir. Xırdalan, Mehdiabad, Masazır, Saray və Ceyranbatanda 6,6 kilometr yeni kanalizasiya xətti çəkilmişdir.
Prezident İlham Əliyevin Azərbaycan xalqının taleyində və tarixində əvəzsiz rol oynayan Oğuz-Qəbələ-Bakı su kəməri layihəsini reallaşdırması Bakı əhalisinin yüksək keyfiyyətli içməli su ilə fasiləsiz təminatı problemini həll etməklə abşeronluların da ehtiyacının ödənilməsinə imkan yaradacaqdır. Rayonda əhalinin su ilə təminatında, eləcə də kanalizasiya şəbəkəsinin yaradılmasında uzun illərdən qalmış problemlərin hələ də mövcud olduğunu nəzərə alsaq, bu layihənin "həyata vəsiqə" qazanmasının əhəmiyyəti birə-beş artır.
Son beş ildə rayonda 13 yeni orta məktəb binasının, üç əlavə tədris korpusu və çoxsaylı sinif otaqlarının tikilib istifadəyə verilməsi, mövcud məktəblərin əsaslı təmiri, çoxillik fasilədən sonra istilik şəbəkələrinin yenidən qurulması, bütün məktəblərdə inventarların təzələnməsi təhsil şəraitinin kökündən yaxşılaşdırılmasına geniş imkanlar yaratmışdır. Məktəbəqədər uşaq müəssisələrinin şəbəkəsi də genişlənmiş, Qobu qəsəbəsində 4 qrupluq uşaq bağçası istifadəyə verilmiş, Xırdalan şəhərindəki 3, 15, 17, Saray qəsəbəsindəki 14 saylı uşaq bağçaları əsaslı təmir olunmuşdur. Ötən il ali məktəblərə daxil olanların sayı daha 8 faiz artaraq 40 faizə çatmışdır. Məzunlardan 23 nəfəri 600-dən çox, 62 nəfəri isə 500-dən artıq bal toplamışdır.
Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonda bir neçə uşaq müəssisəsinin tikintisi və yenidən qurulması reallaşmışdır. 40 ildən bəri təmir olunmamış 7 saylı Saray internat evi fondun təşəbbüsü ilə yenidən qurulmuş, ərazisi başdan-başa abadlaşdırılaraq yaşıllaşdırılmış, ən müasir avadanlıq, bərk və yumşaq inventarlarla təchiz olunmuşdur. Mehriban Əliyeva ötən il dekabrın 24-də internat evinin açılışında iştirak etmiş, elə həmin gün Masazır kəndinin "Qurtuluş-93" yeni yaşayış massivində fondun təşəbbüsü ilə 2009-cu ildə tikilib istifadəyə verilmiş 500 şagird yerlik orta məktəblə və tikilməkdə olan mini-stadionla tanış olmuş, yeni istifadəyə verilmiş bağçanın açılışı münasibətilə burada tərbiyə olunacaq körpələri təbrik etmişdir.
Yaşayış məntəqələrində daxili imkanlar hesabına, əsasən yerli bələdiyyələrin maliyyə dəstəyi ilə əhaliyə səhiyyə xidmətinin lazımi səviyyədə təşkili üçün zəruri şərait yaradılmış, yeni geniş və işıqlı binalar tikilib istifadəyə verilmiş, stasionar müalicə müəssisələri əsaslı qaydada yenidən qurulmuşdur. Ötən il yüksək potensiallı gənc həkimlər Türkiyə, Almaniya və Rusiyanın tibb müəssisələrində ixtisaslarını artırmışlar. Evdə uşaq doğumunun qarşısını almaq üçün ciddi tədbirlər görülmüş, nəticədə bu hal 2009-cu ildəki 69 haldan 4-dək azalmışdır. Məqsəd həkim nəzarətindən kənarda uşaq doğumu hallarını tam aradan qaldırmaqdır. Səhiyyə xidmətini daha da yaxşılaşdırmaq üçün 100 min nəfərdən artıq əhalisi olan Xırdalan şəhərində mərkəzi xəstəxana, uşaq poliklinikası və təcili yardım şöbəsi üçün münasib binalar tikilməlidir.
Ötən il Heydər Əliyev adına mədəniyyət və istirahət parkında musiqili fəvvarə qurulmuş, Mehdiabad musiqi məktəbi və "Dostluq" kinoteatrı əsaslı təmir olunmuş, Qobu və Ceyranbatan mədəniyyət evlərinin tikintisi davam etdirilmişdir. Dövlət bayramları, tarixi günlər, görkəmli elm, incəsənət və ədəbiyyat xadimlərinin yubileyləri və yaradıcılıq gecələrinin keçirilməsi ənənəsi davam etdirilmişdir.
Gənclər arasında idmanın kütləviliyini inkişaf etdirmək diqqət mərkəzində saxlanılmışdır. Rayon uşaq idman gənclər məktəbi ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılar yetişdirməkdə xüsusilə fərqlənmişdir. 2010-cu ildə abşeronlu idmançılar beynəlxalq yarışlardan ölkəyə 5 qızıl, 7 gümüş, 3 bürünc medal gətirmişdir. Respublika yarışlarında iştirak edən idmançılar isə 19 qızıl, 23 gümüş, 16 bürünc medala layiq görülmüşdür. 2010-cu ilin "Ekologiya ili" elan olunması rayonda genişmiqyaslı tədbirlərin reallaşdırılmasına rəvac vermişdir. Rayon ərazisində 193 min ədəd çoxillik ağac, o cümlədən, Xan çinarı, akasiya, iydə və digər tinglər əkilmişdir. Məlumdur ki, Prezident İlham Əliyev qoruqların bərpasına xüsusi qayğı ilə yanaşır. Rayon ərazisində yaradılmış Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığına dekabrın 24-də ilk ceyran sürüsünün buraxılması prosesini izləyən dövlət başçısı bildirdi ki, təbiətimizi bəzəyən ceyranların tarixi məskənlərində bərpasını təmin etməklə Avropa məkanında ən böyük ceyran sürüsünə nail olmaq mümkündür və biz buna nail olmalıyıq. Dövlət başçısının bu fikirlərini əsas tutan abşeronlular təbiətin bu zərif məxluqlarını qorumağa xüsusi səy göstərirlər.
2010-cu il üçün dövlət büdcəsindən rayona ayrılmış vəsaitin təyinatı üzrə istifadəsi sosial-iqtisadi inkişafı, eləcə də büdcədən maliyyələşən sahələrin ehtiyaclarını əsasən təmin etmişdir. İl ərzində fiziki və hüquqi şəxslərdən yerli xəzinə orqanına 34,3 min manat vəsait daxil olmuşdur.
Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı ərazi şöbəsi ötən il dövlət əmlakının və torpaqların özəlləşdirilməsindən, qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsindən büdcəyə 594,3 min manat vəsaitin cəlb olunmasını təmin etmişdir.
Ötən il rayon üzrə 1370 ailə (5715 nəfər) ünvanlı sosial yardımla əhatə olunmuş və onlara 1 milyon 370 min manat yardım təyin edilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi vasitəsilə 17170 nəfər pensiyaçının hər birinə ayda orta hesabla 114,7 manat pensiya ödənilmişdir.
Aztəminatlı və şəhid ailələrinə, kimsəsizlərə, tənha və ahıllara ümumilikdə 483 nəfərə RİH başçısı yanındakı büdcədənkənar inkişaf və bərpa fondundan 90,7 min manat yardım göstərilmişdir.
Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə işçilərin əmək haqlarının ödəniş kartları vasitəsi ilə aparılması təmin edilmiş, DSMF rayon şöbəsi və Əhalinin Sosial Müdafiəsi Mərkəzi üzrə pensiya və müavinətlər, qaçqın və köçkünlərə yemək xərcləri, kənd təsərrüfatı məhsulları istehsalçılarına, bütövlükdə 60 min nəfərdən çox vətəndaşa ödənişlər "Kapital Bank"ın rayon filialının səkkiz bankomatı vasitəsilə aparılmışdır.
Ötən il yeni yaranmış, eləcə də faəliyyəti bərpa edilmiş müəssisələr hesabına 1500-dək yeni iş yerləri açılmışdır. RİH-in İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə birgə 28 dekabr 2010-cu ildə keçirdiyi seminar müşavirədə sahibkarlara fondun dəstəyindən səmərəli istifadə metodları geniş izah olunmuşdur. Başqa bir konfransda isə sahibkarların istehlakçı hüquqlarının qorunmasında vəzifələri və məhsulların keyfiyyətinə cavabdeh olduqları onlara geniş izah olunmuşdur.
Abşeron rayonunda məskunlaşmış məcburi köçkünlər də diqqətdən kənarda qalmırlar. 25516 nəfər (6600 ailə) məcburi köçkünün yığcam yaşadıqları ərazilərdə elektrik enerjisi, su və qazla təminat xeyli yaxşılaşdırılmış, bunun üçün müvafiq tədbirlər görülmüşdür. Ceyranbatan peşə liseyi və onun ətrafındakı digər ictimai binaların istismara yaramayan kanalizasiya xətti yenidən çəkilmişdir. Masazır ərazisindəki Laçın orta məktəbinin bir kilometrlik yolu asfaltlanmışdır. Mehdiabad qəsəbəsində 3 ailənin məskunlaşdığı ictimai binanın 170 kvadratmetrlik dam örtüyü şiferlənmişdir. Köçkünlərin rayon rəhbərliyi qarşısında qaldırdıqları məsələlərin həllinə daim diqqət və qayğı ilə yanaşılmışdır. Yerli icra strukturları, vəzifəli şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əhalinin haqlı narazılığına səbəb olan neqativ hallara qarşı mübarizə gücləndirilmişdir. Rayonda vətəndaşların hüquq və azadlıqlarının təbliğində İnsan Hüquqları üzrə Müvəkkilliklə (Ombudsman) birgə keçirilmiş konfrans, yerlərdə təşkil olunmuş müzakirələr, əhali arasında canlı söhbətlər maraqla qarşılanmışdır.
Ötən il rayon icra hakimiyyəti başçısı aparatına 3983 ədəd, o cümlədən, Prezident Administrasiyasından 825, Milli Məclisdən 67, Nazirlər Kabinetindən 107 ərizə, şikayət və müraciət daxil olmuşdur. Həmin müraciətləri doğuran səbəblər təhlil olunmuş, qaldırılan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görülmüş, vətəndaşlara vaxtında və konkret cavablar verilmişdir. RİH başçısı tərəfindən il ərzində 573, o cümlədən, bilavasitə yerlərdə 262 vətəndaş qəbul edilmişdir. Həmçinin "Dövlət qulluğu haqqında" Qanuna uyğun olaraq ehtiyat kadrların hazırlanması və seçilib yerləşdirilməsi işinin səmərəli təşkilinə diqqət artırılmışdır.
Son illər, xüsusilə 2005-ci ilin ikinci yarısından sonra Abşeron rayonunda baş verən yenilikləri izləmək və müşahidə etmək mənə də müyəssər olub. Buna görə də rayonun bu günü ilə dünənini müqayisə etməkdə heç də çətinlik çəkmirəm. Ən azı ona görə ki, buradakı yeniləşmənin, inkişafın həcmi gözlə görülə biləcək qədər çoxdur. Bu gün Abşeron rayonu, sözün əsl mənasında, işıqlı yoldadır. Bu yol isə daha yaxşı günlərə aparır.
{nl}
Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.