Əli Kərimli və İsa Qəmbər bu dəfə də aldatdıqları qeyri-yetkin şəxsləri qabağa verib özləri gizləndilər
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, dünya birliyinə sürətli inteqrasiyası xarici düşmənlərimizi və onların əlində alətə çevrilmiş bir qrup hakimiyyət hərisini ciddi narahat edir. Ölkəmizin tərəqqisini, əhalinin həyat səviyyəsinin getdikcə yüksəlməsini istəməyən belə qüvvələr Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması prosesinin uğurla getməsindən, xalqla iqtidar arasındakı birliyin möhkəmlənməsindən açıqcasına xoflanırlar. Onlar bu inkişafa, birliyə mane olmaq üçün iğtişaşlar törətmək, qarşıdurma yaratmaq və Azərbaycanın beynəlxalq aləmdə gündən-günə artan nüfuzuna xələl gətirməyə cəhd göstərirlər. Dağıdıcı müxalifət 2003-cü ilin oktyabrında törətdiyi iğtişaşları yenidən təkrarlamaq istəyir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası əhali üçün ağır problemə çevrilmiş işsizliyin aradan qaldırılmasında böyük rol oynayıb. Kəndlərin sosial və iqtisadi məsələlərinin həlli üçün geniş və müfəssəl proqramın hazırlanması əhalini narahat edən problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli tədbirlərin həyata keçirilməsindən xəbər verir. Dövlətimizin başçısı gənc nəslin milli ruhda, vətənpərvərlik ruhunda yetişməsi, tərbiyə alması üçün bütün imkanlardan istifadə edir. Yetişən gənc nəsil Vətənə ləyaqətlə xidmət etməli, bilikli, savadlı, geniş dünyagörüşə malik olmalı, müasir həyatda baş verən hadisələrdən dərhal baş çıxarmağa qadir olmalıdır. Bundan ötrü gənclərimizə hər cür şərait yaradılıb. Onların beynəlxalq miqyaslı tədbirlərdə fəal iştirakı üçün bütün imkanlardan istifadə olunur, dövlət büdcəsindən vəsait ayrılır.
Azərbaycan dövlətinin müstəqil siyasəti xalqın maraqlarına tam cavab verir. Artıq Azərbaycan müstəqil dövlət kimi dünya birliyində özünə layiqli yer tutub. İnsan hüquq və azadlıqlarının qorunması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Dövlət başçısının imzaladığı əfv fərmanları və amnistiya aktlarının tətbiqi nəticəsində son illər minlərlə məhbus azadlığa çıxmış, bir çoxunun isə cəzaları azaldılmışdır. Bu humanist addımlar beynəlxalq ictimaiyyət, həmçinin hüquq müdafiəçiləri tərəfindən yüksək qiymətləndirilmiş, ölkəmizdə demokratik prinsiplərin inkişafına böyük önəm verilməsi kimi dəyərləndirilmişdir.
Azərbaycanda xoşagəlməz hallara, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət başçısının müvafiq orqanlara bu barədə ciddi tapşırıqlar verməsi cəmiyyətdə böyük rəğbətlə qarşılanmışdır. İnsanlar bu neqativ hallara qarşı aparılan mübarizənin uğurlu nəticələrini gördükcə dövlət başçısının ətrafında daha da sıx birləşir. Hətta bir sıra müxalifət partiyaları da ölkəmizdə gedən bu inkişafdan məmnun qaldıqlarını bəyan edərək dövlət başçısının həyata keçirdiyi daxili və xarici siyasəti dəstəklədiyini bildiriblər.
Əhalini ciddi narahat edən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyinin artıq dünyanın əksər dövlətləri və tanınmış beynəlxalq təşkilatları tərəfindən birmənalı olaraq dəstəklənməsi xarici siyasətimizin uğurlarıdır. Artıq bir sıra müxalifət partiyalarının nümayəndələri də xarici siyasət sahəsində qazanılmış uğurların yüksək nailiyyət olduğunu dəfələrlə qeyd ediblər.
Təəssüflər olsun ki, hakimiyyət hərisliyində olan bir qrup radikal müxalifət təmsilçiləri bu nailiyyətlərdən sevinmək əvəzinə öz xəbis, çirkin niyyətlərini həyata keçirmək üçün xarici düşmənlərimizin tapşırıqlarını həyata keçirməkdə davam edir, ölkədə qarşıdurma, iğtişaşlar törətmək üçün min oyundan çıxırlar. Onlar 2003-cü ilin oktyabrında keçirilmiş prezident seçkilərindən bir gün sonra təşkil etdikləri qarşıdurmanı, dağıdıcı hərəkətləri, anti-Azərbaycan mövqelərini yenidən təkrarlamaq istəyirlər. Belələri yalan vədlərlə aldadıb ətraflarına topladıqları qeyri-yetkin, ictimai faydalı əməklə məşğul olmayan insanları, xüsusilə, gəncləri dövlətçiliyə qarşı mübarizəyə səsləyərək icazəsiz mitinq keçirməyə cəhd göstərirlər. Həmişə olduğu kimi, bu dəfə də qeyri-qanuni aksiya təşkilatçıları AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər təhlükəsiz yerdə gizlənərək, hətta, öz uşaqlarını da aradan çıxararaq gəncləri antimilli hərəkətlər törətməyə təhrik ediblər.
Martın 12-də də belə bir xoşagəlməz hərəkətlər baş verdi. Hələ onda məlum oldu ki, qondarma "İctimai Palata" adlı qurumun təşkilatçılığı ilə keçirilən belə aksiyalara qoşulan yoxdur. Əhalinin gur olan yerində - Fəvvarələr meydanında mitinq keçirmək istəyən 30-40 nəfər orada istirahət edənləri də öz tərəfdarları kimi təqdim etmək istəyirdilər. Lakin niyyətləri baş tutmadı. Çünki onları ilk növbədə qınayan, lənətləyən Fəvvarələr meydanında istirahət edən, körpə uşaqları gəzintiyə çıxaran valideynlər oldu. Hətta belə xəyanətkarlara, düşmənlərimizin tapşırıqları ilə xalqına, millətinə asi çıxanlara bildirildi ki, dövlət onlara mitinq keçirmək üçün qanuna müvafiq olaraq meydan ayırıb, onların təhlükəsizliyinin təmin olunması da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçiriləcək. Lakin xəyanətkar insanlar aldıqları qrantın məbləğini artırmaq üçün meydanda istirahət edən insanları da mitinq iştirakçısı kimi qələmə vermək niyyətində idilər. Arzuları baş tutmadı!
Aprelin 2-də həmin qüvvələr yenidən icazəsiz aksiya keçirməyə cəhd göstərdilər. Bu dəfə də onlara müvafiq yer ayrılsa da, bundan imtina edərək əhalinin gur olan yeri - Fəvvarələr meydanı seçildi. Xalq tərəfindən dəstəkləndiklərini bildirən, guya insanların hakimiyyətə qarşı müqavimətini təşkil edəcək dağıdıcı qrup yenidən özünü ortalığa atdı. Bu dəfə də Əli Kərimli, İsa Qəmbər və doğmaları gizləndilər. Küçələrə cəmi 150-200 nəfər çıxaran xəyanətkar müxalifət təmsilçiləri martın 12-dən fərqli olaraq bu dəfə daha kəskin dağıdıcı hərəkətlər nümayiş etdirdilər. Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğundan verilən məlumatda da bildirilir ki, icazəsiz mitinq iştirakçıları cəmiyyətə, bu ərazidə yaşayan insanlara açıq hörmətsizlik nümayiş etdirərək aqressiv və qərəzli hərəkətlər törətmiş, daha da azğınlaşaraq fiziki və hüquqi şəxslərə ciddi ziyan vurmuşlar. Vəhşiləşmiş aksiya iştirakçıları polisə məxsus 25-ə yaxın avtomobilə ziyan vurmuş, 17 mağazanın, 1 bank müəssisəsinin şüşələrini və 1 bankomat qurğusunu sındırmışlar. Onlar asayişi tənzimləyən polis işçilərinə qarşı müqavimət göstərmiş, nəticədə 13 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarəti yetirilmişdir. Bütün bunlardan sonra qeyri-qanuni aksiya təşkilatçılarının çirkin niyyətləri bir daha məlum oldu. Xalq bir daha dərk etdi ki, AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər və onların ətraflarındakı şəxslərin əsas məqsədləri heç də özlərinin dedikləri kimi demokratiya, azadlıq, sosial-rifah halının yüksəldilməsi tələbi yox, Molla Nəsrəddinin "yorğan davası"dır. Çünki Azərbaycanda demokratik proseslərin inkişafının dövlətin diqqət mərkəzində saxlanılması beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Nə Əli Kərimlinin, nə İsa Qəmbərin, nə də cüzi olan tərəfdarlarının belə tələblərlə meydanlara atılmalarına heç kimin ehtiyacı yoxdur. Onlar hələ də dərk etmirlər ki, ağıllı, düşüncəli adamlar öz etirazlarını ticarət obyektlərinin, yaşayış evlərinin qapı və pəncərələrinin şüşələrini sındırmaqla bildirməzlər. Belə hərəkətləri yalnız anormal insanlar, ruhi xəstələr, narkotik maddə aludəçiləri, psixi pozuntuluğu olan şəxslər törədə bilərlər. İndi qoy Əli Kərimli və İsa Qəmbər özləri müəyyənləşdirsinlər: icazəsiz aksiyalara cəlb etdikləri insanlar sağlamdır, yoxsa yuxarıda sadaladığımız xüsusiyyətlərə malikdirlər.
Artıq sıravi vətəndaşlar, şəhərin mərkəzində evi, ticarət obyekti olan sahibkarlar dağıdıcı müxalifətin aprelin 2-də törətdiyi qeyri-insani hərəkətləri lənətləyir, onlara vurulmuş ziyanın ödənilməsini tələb edir və belə antimilli insanların vandal aktlarına qanunla son qoyulmasını istəyirlər. Onlar radikal müxalifətin iğtişaşlar törətmək cəhdlərini qətiyyətlə pisləyir, düşmən dəyirmanına su tökən şəxslərin məsuliyyətə cəlb olunmasını israrla tələb edirlər. İcazəsiz mitinqə qoşulanların səviyyəsizliyi, simasızlığı, antimilli mövqedə olmaları bir daha özünü göstərdi.
Hadisələrin gedişi göstərdi ki, Azərbaycan xalqı, Azərbaycan gəncliyi möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşib və heç zaman ölkəmizdə radikalizmə yol verilməyəcək. Anti - Azərbaycan dairələrin əlində alətə çevrilmiş əli kərimlilər, isa qəmbərlər heç nəyə nail ola bilməyəcəklər. Çünki onlar bu gün çox cılız görünürlər. Elə bu cılızlıqlarına görə də tərəfdar toplaya bilmirlər. Onların düşüncələri, qabiliyyətləri olsa, bir daha icazəsiz aksiyalara cəhd göstərməzlər. Çünki nə qədər çalışırlar, iqtidar-xalq birliyini, vəhdətini poza bilmirlər. Xalq möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti bəyənir və dəstəkləyir. Hər kəs yeni açılmış iş yerlərində ictimai faydalı əməklə məşğuldur. Harama vərdiş etmiş, onun-bunun çirkin pulları hesabına xalqına, millətinə qarşı xəyanətkar əməllərlə gün keçirənlərə isə bu cəmiyyətdə yer yoxdur.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.