Sahil Babayev: Sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyəti təkmilləşdirilməlidiir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məsələlərinə dair keçirilən müşavirədə nazir Sahil Babayev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin sosial sahəyə xüsusi qayğısının daha bir təzahürü kimi, ötən dövrdə ölkədə sosial xidmət və reabilitasiya müəssisələri şəbəkəsi əhəmiyyətli şəkildə genişləndirilib.

O bildirib ki, bölgələrdə əlilliyi olan insanlar üçün yeni reabilitasiya mərkəzləri, habelə son illər Bakıda müəyyən yaşayış yeri olmayan şəxslər və baxımsız, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün sosial müəssisələr yaradılıb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanist təşəbbüslərinin nəticəsi olaraq, Abşeron rayonunda  iki yaşayış evi inşa olunaraq, 243 mənzil dövlət uşaq müəssisələrinin məzunlarına təqdim olunub. “Məzun evi” Sosial Müəssisəsi kimi fəaliyyət göstərən həmin müəssisədə  bu təbəqədən olan gənclər üçün daha bir yaşayış binasının inşası da yekunlaşır. Eləcə də Fondun dəstəyi ilə son illərdə Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi fəaliyyətə başlayıb, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Qeyd edilib ki, hazırda sosial xidmət müəssisələrində 1300-dək şəxs, o cümlədən 290 nəfər sağlamlıq imkanları məhdud uşaq dövlət təminatında yaşayır. Bu müəssisələr müvafiq kateqoriyalardan olan şəxslərə stasionar şəraitdə sosial xidmətlərin göstərillməsi üçün nəzərdə tutulub. Göstərilən xidmətlər yeni, müasir, reabilitasiya məqsədli yanaşmalar əsasında təkmilləşməli, xidmət göstərilən şəxslərin yaşayış tərzində, həyatında müsbət dönüşə, pozitiv keyfiyyət dəyişikliyinə, fəal həyata dönüşünə zəmanət verə bilən istiqamətdə qurulmalıdır. Onlardan əmək qabiliyyətli şəxslərin məşğulluğuna, o cümlədən özünüməşğulluğuna yönəlik tədbirlər də görülməlidir.

S.Babayev vurğulayıb ki, dövlət başçısının tapşırığı əsasında son illərdə reabilitasiya infrastrukturunun ən müasir tələblərə uyğun qurulması üçün mühüm işlər görülür. Artıq  nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində yüksək standartlara uyğun reabilitasiya şəraiti mövcuddur. Mərdəkan Müalicə Pansionatında əsaslı təmir və yenidənqurma işləri artıq yekunlaşır və burada müasir bərpa-müalicə şəraiti yaradılır. Təkcə bu ilin 5 ayında nazirliyin bərpa mərkəzlərində 9000-dən çox şəxsə stasionar və ambulator şəkildə reabilitasiya xidmətləri göstərilib.

S.Babayev diqqətə çatdırıb ki, həm sosial, həm də reabilitasiya xidmətləri sahəsində işlərin əsas məqsədi həmin insanların həyata dönüşünə, onların cəmiyyətə qazandırılmasına nail olmaqdır. Ona görə də bu müəssisələrdə hər bir şəxslə bağlı fərdi reabilitasiya planı hazırlanmaqla iş aparılmalıdır. Eyni zamanda, xidmət göstərilən insanlar özlərini daim qayğı mühitində hiss etməlidirlər, onlara mehriban münasibət göstərilməlidir, etik davranış qaydalarına ciddi riayət olunmalıdır.

Müşavirədə sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyəti ətraflı müzakirə olunub, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinə aidiyyəti üzrə tapşırıqlar verilib.

 

Z. BƏŞİRQIZI, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında