60 illik bu ömrü Bəhram müəllim əsl vətənpərvər insan kimi başa vurub. Öz şeirləri, xeyirxah əməlləri ilə Vətənə, xalqa xidmət edib. Bunu şairin tərcümeyi-halı da sübut edir.
Bəhram Fərmanzadə 1951-ci ildə Azərbaycanın qədim məskənlərindən olan Beyləqan rayonunun Şahsevən kəndində dünyaya göz açmışdır. Ali təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsində almış, sonradan isə Bakı Ali Partiya Məktəbini bitirmişdir.
Uzun illər Beyləqan rayonunda komsomol, partiya sistemində məsul vəzifələrdə çalışmış, İstehlak Cəmiyyəti İdarə Heyətinin sədri, fabrik direktoru olmuşdur. Amma özü deyir ki, "mənim tərcümeyi-halım yazdığım şeirlərim, bir də xeyirxah insanların mənə olan məhəbbətidir". Bəhram müəllim, doğrudan da, insanların məhəbbətini qazana bilib. Onu həmişə sevib, sənətini yüksək qiymətləndiriblər."İncəsənət" qəzetinin baş redaktoru Musa Ələkbərlinin dediyi kimi: "Bəhram müəllim iş, peşə sarıdan tamam başqa sahələrdə çalışsa da, ədəbi mühitin içində olub. Şairlərin, ədəbiyyat adamlarının ən yaxşı dostuna çevrilib". Yazıçılar Birliyinin üzvü İslam Kəbirli isə yazır ki, "sözü sözdən seçmək, söz oyunçusu olmaq, sözü şahmat taxtasında fiqurlar kimi layiq olduğu yerə düzmək hər şairin işi deyil. Bu mənada Bəhram Fərmanzadə fikir dünyasının ən gözəl şairidir". Bəli, Bəhram müəllim hər şeydən əvvəl şairdir. Onun şeirlərində Azərbaycanın əsrarəngiz təbiəti, dünyaya poetik baxış, zamanın balansı, mürəkkəb dünyamızın problemləri, insana və vətənə məhəbbət hissləri əks olunub.
Amma bu şeirlər içərisində ulu öndər Heydər Əliyevin yüksək insani hisslərinə, qurub-yaratmaq əzminə həsr olunan poetik nümunələr özünəməxsusluğu ilə seçilir. Şairin "Şuşa" nəşriyyatında çap olunan "Müqəddəs gün" kitabında bu böyük şəxsiyyətin keçdiyi yola, xalqa bağlılığına həsr olunmuş şeirləri toplanmışdır. İncə ştrixlərlə ulu öndərin portret cizgilərini yaratmağa çalışan şair xalqının ağır, məşəqqətli günlər yaşadığı bir vaxtda ümid yerinin məhz Heydər Əliyev olduğunu maraqlı poetik detallarla oxucuya çatdırır. Onun ulu öndərin Beynəlxalq Atatürk mükafatı alması münasibəti ilə yazdığı "Etibarlı bir ələ Allah tapşırıb bizi" şerində deyilir:
Qəlbin dönüb məşələ,
Ulu türk dünyasını
Üçüncü minilliyə
Aparır sənin zəkan
Etibarlı bir ələ
Allah tapşırıb sükan.
Kitaba salınmış "Tarixi qələbə", "Müqəddəs gün", "Tanrı sənə tapşırıb", "Mən arxanca gedəcəm", "Əbədi heykəl", "Onun sinəsi üstə", "Böyüklük", "Ali baş komandanım", "Hanı elə bir insan" və s. şeirlərində şair ulu öndərə xalqın hədsiz inam və sevgisini oxuculara çatdıra bilib.
Bəhram müəllim yaradıcılığa hələ gənc yaşlarından başlamışdır. 1964-cü ildən onun şeirləri mətbuatda dərc olunur. Sonralar oxucular onun şeirləri ilə "Ulduz", "Azərbaycan", "Kənd həyatı", "Azərbaycan qadını", "Göyərçin", "Günəş", "Körpü" və s. jurnallarda, "Ədəbiyyat və incəsənət", "Azərbaycan gəncləri", "Mədəniyyət", "Ədalət", "525-ci qəzet", "Yeni Azərbaycan", "Həyat" və s. qəzetlərdə tanış ola biliblər. Ümumiyyətlə, onun 700-dən çox şeiri 70-dən artıq qəzet və jurnal səhifələrində dərc olunub. "Unut sevdaları", "Dünya dolu, dünya boş" kitabları da çap olunaraq oxuculara çatdırılmışdır.
O, həmişə bu xalqın sevincinə, kədərinə şərik olub, şeirlərində bu hissləri necə yaşadığını sözün sehri ilə çatdırır. Onun şeirlərində Qarabağla bağlı nisgilli misralar çoxdur. Amma bu şeirlərdə nikbin notlar da var. Bu mövzuya həsr etdiyi şeirlərində şair xalqın düşdüyü bu bəlanı öz dərdi kimi təsvir edir:
Şair deyir ki, "Mənim sevincimə indi qəsd olub". Bu duyğular məhz Beyləqandan üzü Bakıya qaçqın seli gedən zaman yaranıb. O, bu insanların ağrısı ilə yaşayır, onların vətənə qayıdacaqları günü həsrətlə gözləyir. "Dağım da qaçqın düşüb, aranım da ..." misrası da şairin ağrılı anlarının yaratdığı poetik duyğulardır.
Bəhram müəllimi həm poetik, həm də romantik şair adlandıranlar yanılmırlar. Onda vətəndaşlıq pafosu olduqca güclüdür. O, hadisələrə fəlsəfi məna verməyi, ictimai motivləri qabartmağı bacaran şairdir.
Şair bəzən dünyanın vəfasızlığından gileylənir, "nə arxa, nə kömək olandı dünya", - deyir.
Bəhram Fərmanzadənin yaradıcılığı çoxcəhətli və rəngarəngdir. O, hansı mövzuda yazır-yazsın, xalq ruhunu, milli-mənəvi keyfiyyətlərimizi həmişə uca tutur. Onun yaradıcılığında poetik cəsarəti, hadisələrə obyektiv yanaşmasını, ətrafa açıq gözlə baxmasını xüsusi olaraq vurğulamaq lazımdır. Onu tanıyanlar deyirlər ki, Bəhram müəllim maddi cəhətdən deyil, mənəvi cəhətdən özünü zənginləşdirən bir insandır. Elə şair şeirlərinin birində də bunu təsdiqləyir.
Sözün poetik dəyərini, çəkisini, siqlətini yaxşı bildiyindən həmişə özünə, sözünə məsuliyyətlə yanaşıb. O, əlinə qələm götürəndə öncə üzərinə düşən məsuliyyəti, missiyanı dərk etməyi, yaşı minilliklərlə ölçülən poeziyamızın yaşarı ənənələrinə sadiq qalmağa cəhd göstərib. Şair Davud Nəsib yazır ki, "Bəhram Fərmanzadə Nizami, Füzuli, Vaqif, Səməd Vurğun poeziya bulağından su içmiş şairdir" O, doğrudan da, Azərbaycan klassik və müasir poeziya ənənələrindən bəhrələnən və özünün sərbəst üslubu olan şairlərimizdəndir.
Bəhram müəllim mənəvi dəyərlərimizin qorunub gələcək nəsillərə çatdırılmasını ən başlıca vəzifələrdən hesab edir. Deyir ki, hörmətli Prezidentimiz İlham Əliyevin bu dəyərlərin qorunmasına, inkişafına göstərdiyi qayğı nəticəsində bu gün Azərbaycan ədəbiyyatı, mədəniyyəti dünyada tanınır. Eləcə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahəyə qayğısından ürək dolusu danışır. Azərbaycan muğamının, xalça və aşıq sənətimizin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınmasını böyük uğur kimi qiymətləndirir.
Bəhram müəllim, dövrün, zamanın nəbzini tutmağı, öz xalqının xoş anlarından ilham almağı bacaran bir şairdir.
60 illik həyatında çox şeylər qazanıb, şair. Gözəl ailəsi, dostları var. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Çoxlu mükafatları var. Ancaq ən böyük mükafatını xalqının ona olan məhəbbəti hesab edir.
Bu yazını onun "Bu da bir ömürdü..." şeirindən bir beytlə yekunlaşdırıram:
Günümü sovurub vermədim yelə,
Bu da bir ömürdü yaşadım belə.
{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.