Onları Allah göndərmişdi...

" Qardaş köməyi"nin işığında

{nl}

Bu Vətən uğrunda nələr etmədik?
Kimimiz nitq söylədik
Kimimiz səngərlərdə can verdik...
Orxan Vəli QANIQ

{nl}

Türk varlığı xalqların əbədiyyət karvanında öz köçünün nizamlı gedişini davam etdirmək uğrunda tarixin müxtəlif çağlarında gərəkli mübarizədən geri durmamışdır. Təəssüflər olsun ki, bu ömür-gün savaşında dünya türklüyünün ümumi birliyini nümayiş etdirmək; biri-digərinin tökülən qanını öz damarının qanıymış kimi qəbul edib, soydaşlıq həmrəyliyini ortaya qoymaq; ayrı-ayrı türk soyunun sıra nəfərlərinin "Bir Günəşin zərrələri" olduğu qənaətini soy düşmənlərinə açıq-aşkar bildirmək qeyrətini bariz şəkildə nümayiş etdirmək yönündə qətiyyətli fəaliyyət göstərməyi gərəyincə bacarmamışdır. Tarixin gedişində bu təəssüfləri tez-tez keçirməli olmuşuq. Bu qəflətimiz varlığımıza qənim kəsilmişlərə, əlbəttə, cəsarət verib: onları türk soyunu vəhşət və dəhşət girdabında qərq etməyə daha da şirnikdirib...
İyirminci əsr başdan-başa türk soyunun taleyi ilə mücadilə əsri kimi yadda qalıb. Dünyanın türkə ögey ana kimi amansız münasibət bəslədiyini böyük şairimiz Arif Nihad Asya yazmış olduğu vəcizələrindən birində çox acı-acı dilə gətirirdi: "Dünyanın hər yerində evlərin qapısı, adətən, çöldən döyülür. Biz o məhkumiyyəti yaşayırıq ki, evimizin qapısını içəridən-çölə döyməyə məcbur olmuşuq". Türk istiqlalının bənzərsiz şairi Məhmət Akif Ərsoyun soyumuza qarşı dünyanın tutduğu alçaldıcı mövqeyə qarşı bu zirvədən təəssüfü hansı məkrli mətləbdən xəbər vermir ki:
Bir zamanlar biz də millət, həm də nasıl millətmişiz!
Gəlmişiz cahana: milliyyət nədir öyrətmişiz!..
Amma təkcə bu gözqaraldıcı, xəyalküsdürücü təəssüflə yaşamaq millətə nə verər ki?! O səbəbdən Məhmət Akif türk varlığı üçün, sanki, bir əbədiyyət çağrışı ilə hayqırmağa keçməyi qərarlaşdırmışdır:
Sahibsiz olan məmləkətin batması haqdır!
Sən sahib olarsan, bu Vətən batmayacaqdır!
Bu, bir soydaşlıq çağrışı, özünü dərk etmək, ilkinliyinə boylanmaq, varlığını mühafizə etmək mənzuməsidir.
Həm də bunlar insanın mühafizə etməsi labüd olan təbii haqlarıdır! Bunlara laqeyd qalanda xorlamalar başlayır, tədricən gözdənsalmalar və nəticədə görə-görə gəldiyimiz qanlı mücadilələr, qətliamlar, "qanlı yanvarlar" tüğyan eləyir. Osmanlı xənədanının çöküşündən sonra Anadoluda soydaşlarımızın başına gətirilən fəlakətlər, axır ki, dünya türklüyünün çırpınıb qəflətdən ayılmasına, biri-digərinə kömək etmə qeyrətinin baş qaldırmasına əsaslı dönüş yaratdı.
Bu yolda Azərbaycan türk aydınları və zənginləri, eyni zamanda, tədricən geniş xalq kütlələri türk torpaqlarında maddi cəhətdən ağır vəziyyətə düşmüş biçarələrə yardım məqsədi ilə 1905-ci ilin payızında 1800 imzalı bir ərizə ilə Zaqafqaziya Baş Valiliyinə müraciət edərək, xeyriyyə cəmiyyəti açmağa izn istədilər. Azərbaycan türklərinin bu əlbir və səbatlı çalışmaları, şükürlər olsun ki, səmərəsini verdi...
Axır ki, böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin də unudulmaz maddi yardımı ilə Qafqazda ilk müsəlman cəmiyyəti olan Bakı Müsəlman Cəmiyyəti Xeyriyyəsi 15 noyabr 1905-ci il tarixdə rəsmən təsis edilərək öz fəaliyyətinə başlamışdır.
Yeri gəlmişkən, çox böyük qürur və minnətdarlıqla xalqımızın unudulmaz xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin dünyanın taleyimiz üçün çox amansız olduğu bir vaxtında göstərdiyi qəhrəmanlıq və kişilik örnəyi haqqında " Qardaş köməyi" kitabına əsasən bilgilərimizi bir az da artırmağa fürsət tapırıq. O, Azərbaycanda olduğu qədər də Anadolu türklüyünə əllərini uzatmış, onlardan hər yönünə atalıq qayğısını əsirgəməmişdir. Onun fəaliyyəti bunu deməyə haqq verir: Hacı, sanki, hərəkətə gəlmiş xeyrxahlar ordusunun başında duran kimsə komandan idi. Onun təmənnasız qıyıb verdiyini, əməli fəaliyyətini hər kəs komandirin əmri kimi qarşılayırdı.
Hacı Zeynalabdin Azərbaycandan toplanılıb Türkiyəyə göndərilən vəsaitdən başqa oradakı bərpa və quruculuq işlərinə də imkan tapırdı. Bir misal : Belədir ki, türk varlığına qənim kəsilmiş canilər qundaqçılıq hərəkətləri ilə də ən iyrənc şəkildə məşğul olurdular. Qundaqçılıq qurulu sarayları, evləri od vurub külə döndərir, məsum xalq çılın-çılpaq çölün düzündə qalırdı. İstambulda Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi möhtəşəm bina bu gün dərin minnətdarlıq hissi ilə onun ruhuna dualar oxutdurur. Əvvəlcə məqsədi fəqir və möhtac müsəlmanlara yardım göstərmək, yetimlərə əl tutmaq, valideynlərini itirmiş yoxsul uşaqları oxutmaq, möhtaclara pul və ərzaq yardımı göstərmək, imkansız xəstələri xəstəxanalarda müalicə etdirmək olan Xeyriyyə Cəmiyyəti az müddət ərzində diqqətəşəyan fəaliyyəti ilə xalqın ümid qapısına çevrildi. Birinci dünya savaşı illərinə qədər cəmiyyətin fəaliyyəti məhdud bir dairəni əhatə edirdi; sonra fəaliyyət çevrəsini genişləndirərək, bütünlüklə Qafqazda, Rusiyada yaşayan müsəlmanlar arasında xeyriyyə işlərini əsaslı şəkildə artıraraq, deməli, həm də müsəlmanları birləşdirmə kimi mühüm məsələyə də təkan vermiş oldu.
Bakı Müsəlman Cəmiyyəti Xeyriyyəsi əsaslı çalışmalarını Birinci dünya savaşı illərində Rusiyanın işğalı altında inləyən Qafqaz, Cənubi Anadolu və Cənubi Qaradəniz bölgələrində gerçəkləşdirməyi bacarmışdır. Yardımdan başqa rus idarəçilərinin müsəlman türk əhaliyə uyğuladıqları amansız haqsızlıqlara qarşı da faliyyətlərini genişləndirmiş və bu yöndə diplomatik çalışmalarını artırmağı bacarmışlar.
Bakı Müsəlman Cəmiyyəti - Xeyriyyəsinin idarə heyətinin üzvləri o zamanın xalq içində böyük nüfuz sahibi olan məşhur adamlar arasından seçilmişdilər. Hacı Zeynalabdin Tağıyev, Həsən bəy Zərdabi Məlikov, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, doktor Əli bəy Hüseynzadə, Mirzə Əsədullayev kimi cəmiyyətin üzdə olan məşhurları bu qurucular heyətinin yüksək səviyyəsini gözlər qarşısında sərgiləməkdə idi. Bu insanlar zəngin və imkan sahibi olan hər kəsi Cəmiyyəti- Xeyriyyə ətrafında sıx birləşməyə, zamanın amansız sınaqlarından soyumuzun taqətsiz və aciz kimsələrini salamat keçirməyə, qeyrət göstərməyə təşviq edirdilər. Dinindən, milliyətindən və siyasi mənsubiyyətində asılı olmayaraq kamil insanlar bu xeyirxahlar arasında yer almağa, fəaliyyət göstərməyə çalışırdı. Bu işdə qeyrət göstərməyənlərə dövrü mətbuatın vətənpərvər və humanist qələm sahibləri, sözün həqiqi mənasında, nifrət atəşi yağdırmaqda idi.
Yüksək məramı və nəcib fəaliyyəti nöqteyi-nəzərindən Cəmiyyəti Xeyriyyə Şərqdə bir zamanlar İslami Xeyriyyə müəssisəsi olan " Beytül-mal"ın, demək olar ki, bir bənzəri idi. Yaranmışa Yaradan xatirinə hörmət göstərmək; onun dərdlərinə şərik olmaq; qayğısına qalmaq... Dünyanın ilk böyük insanpərvərlik örnəyinin gerçəkləşdiyi "Beytül-mal"ın hər yönünə bənzəri sayıla bilər Bakı Müsəlman Cəmiyyəti-Xeyriyyəsi. Anadoluda müharibə şiddətləndikcə Azərbaycan türkləri təkcə bu cür yardımla kifayətlənə bilməzdi. Vətənpərvərlik ruhu yüksək olan gənc müəllimlər, hətta təhsilini yarımçıq qoyaraq Balkan savaşında könüllü iştirak edən tələbələr öz fəaliyyətləri ilə türk varlığının getdikcə möhkəmlənən birliyinə ümidi artırmaqda idilər. Onların çoxu bu hərbdə fəal iştiraklarına görə türk ordusunun hərbi təltiflərinə layiq görüldü.
Azərbaycandan axın etmiş bu könüllülərdən İstambulda "Qafqaz Könüllü Qitəsi" təşkil edilmişdi. Könüllülər içərisində Əhməd Cavad və Abdulla Şaiq kimi məşhur şairlər də vardı. Türkiyədə olan böyük turançı şair Əli bəy Hüseynzadə müxtəlif xəstəxanalarda həkim kimi ciddi çalışmalarına başlamışdır. Müxtəsər, Balkan savaşlarında Azərbaycan türkləri gücü və maddi imkanları daxilində sözün həqiqi mənasında, bir-biri ilə yarışmışlar.
* * *
Bir daha təkrar etməyə dəyər ki, yuxarıda sözü keçən Cəmiyyəti Xeyriyyə təkcə Azərbaycandakı və ümumən Qafqazdakı soydaşlarımızın taleyini düşünməklə qalmırdı. Anadolu türklüyünün başı üzərində fırlanmaqda davam edən tərs dəyirmanları dayandırmağa yollar düşünür, onun biçarə qalan hərbzədələrinə iqtisadi yardımlarını hərtərəfli artırmağa çalışırdı. Cəmiyyətin Birinci dünya müharibəsinə qədər mümkün olan çalışmaları, əlbəttə, qeyri-qənaətbəxş idi. Beynəlxalq münasibətlərin, xüsusilə Rusiya-Azərbaycan münasibətlərinin buzu hələ qırılmamışdı; fəaliyyət meydanında olanların əli-qolu, demək olar, bağlı vəziyyətdə idi. Bu səbəblərdən Anadoludakı soydaşlarımızın ağlar halına Cəmiyyət fəal köməklik göstərə bilmirdi.
Dövrün başbilənlərinin birgə çalışmaları sayəsində Rusiya ilə münasibətlərdə bir isinmə başladı; soydaşlarımıza kömək cəbhəsində irəliləyişlər mümkünləşdi.
Bakıda fəaliyyət göstərən ayrıca "Qardaş köməyi" Türkiyə torpaqlarında, xüsusilə Oltu, Sarıqamış və Kağızman bölgələrində müharibə çarxının altında qalıb faciəli hala düşmüş hərbzədələri, müdafiəsiz məsum xalqı qorumağa daha intensiv şəkildə girişməyə fürsət tapdı. Valideynsiz və sahibsiz uşaqları müharibə cəbhələrindən toplayıb, himayə etmək fəaliyyəti gerçəkləşdi...
Dünyanın dəhşətlər püskürən o çağında Azərbaycanın bükülmüş qəddini qaldırmağa və Anadolu torpaqlarında ermənilərin törətdikləri dəhşət və vəhşətlərin saysız qurbanlarına köməyə çatmağa bütün qüvvə və bacarığını səfərbər etmiş insanlarımızın soydaşlıq təəssübkeşliyini böyük ürək ağrısı ilə və həssaslıqla qələmə alan dosent, doktor Bətül xanım Aslanın Atatürk Kültür Mərkəzi Başkanlığında 2000-ci ildə nəşr olunmuş "Birinci dünya savaşı əsnasında Azərbaycan türklərinin Anadolu türklərinə "Qardaş köməyi" və Bakı Müsəlman Cəmiyyəti - Xeyriyyəsi"kitabında yaxın tariximizin bu qanlı səhifələrinə ayna tutulur.
Möhtərəm oxucu! Taleyimizə aydın güzgü tutan bu kitabla bağlı bir tanıtma yazısı səciyyəsi daşıyan qarşınızdakı məqalənin əsas ruhu və faktları da həmin kitabdan alınmışdır. Yazının əvvəlində geciksəm də, bu cəfakeş araşdırmaçı xanım əfəndiyə dərin minnətdarlığımı bildirirəm.
Ərzurum Atatürk Universitetinin dosenti olan Bətül xanım Aslan Türkiyə və Azərbaycan arxivlərində səmərəli işləmiş, kitabları, qəzet -jurnalları, çox sayda məqalə , xatirə və əlyazmaları nəzərdən keçirmiş; topladığı gərəkli faktları heyrətli səriştəsi və elmi-publisist bacarığı ilə kitablaşdırıb, soyunun istifadəsinə vermə qeyrəti göstərmişdir. Müəllif çox mötəbər mənbələrdən və tanınmış araşdırmaçılardan aldığı bilgini kitabın ruhuna uyğun gərəkli yerində, sanki, əriş-arğac kimi istifadə edir. Hiss olunur ki, möhtərəm Bətül xanım ədəbiyyata, xüsusilə poeziyaya dərindən bələd olan bir araşdırmaçıdır. Birinci dünya savaşının dəhşətlərini, tökülən türk qanlarının doğurduğu ağrı-acıları dövrün şair və yaradıcı aşıqlarının şeirlərinə hopan fəryadını ağlar bir ürəklə dəyərli yazılarına yavanlıq etmişdir. Ən başlıcası budur ki, istər Azərbaycanda olsun, istər Anadoluda axıdılan soydaş qanlarını öz ürəyinin axar damarlarından sellənən qan kimi qələminə çəkib, kağıza köçürməyə, sözün həqiqi mənasında, fədakarlıq göstərmişdir.
Deməli, tarixi gerçəklikləri də istiqanlılıqla, oxucunun ruhuna işləyən hiss və həyacanla yazmaq olarmış! Bətül xanım Vətən sevdalı oxucu üçün soyun gerçək bir anası-bacısı kimi həssaslıq göstərir: sətirlər arasında ağlar gözü görünməkdə, qəzəbli və acı hönkürtüləri eşidilməkdədir. Böyük faciələrlə bürülüb-bükülüb arxivlərin küncünə sıxışdırılmış müsibətnamə mahiyyətindəki tarixi sənədləri nə böyük ürəklə qaranlıqlardan çıxarıb, soyunun mühakiməsinə verən, qələmi süngü olan bu xanımın çəkdiyi əzab-əziyyəti neçəmiz Azərbaycanın çağdaş mətbuatının aynasından soyumuza örnək göstərə bilmişik ki?
Bu da bir qəhrəmanlıq, bu da bir qələm mücahidliyi, bu da bir insanlıq abidəsidir! Əslində, əməl qəhrəmanları öz fəaliyyətləri ilə həm də özlərinə heykəl ucaldırlar.
(ardı var)

{nl}

Rüstəm KAMAL PAŞABƏYLİ

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında