Kompleks məhkəmə-tibbi ekspertizaların nəticələri daşnakların cinayətlərinin istintaqının dolğun və tam aparılmasında müstəsna rol oynayacaq

Quba və Neftçala rayonlarında 1918-ci ildə erməni daşnak quldur dəstələri tərəfindən qətlə yetirilənlərin kompleks (antropoloji, bioloji, histoloji, kriminalistik, kimyəvi və s.) məhkəmə-tibbi ekspertizaları aparılmışdır. 
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Şakir Musayev bildirmişdir ki, adıçəkilən rayonların prokurorluqlarının qərarları əsasında aparılmış ekspertiza zamanı skelet sümükləri ilə yanaşı, onların tapıldığı yerdən götürülmüş torpaq və bitki nümunələri, pazvarı mıxabənzər və digər əşyalar da tədqiq olunmuşdur.
AMEA-nın geologiya, mikrobiologiya, arxeologiya və etnoqrafiya, torpaqşünaslıq və aqrokimya, fiziologiya institutlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı İnstitutunun, Milli Hidrometeorologiya və Hidrometeoroloji Proqnozlar Bürosunun əməkdaşları, Səhiyyə Nazirliyinin Milli Elmi Tədqiqat Profilaktika İnstitutunun baş mütəxəssisləri tədqiqatın ayrı-ayrı mərhələlərinə cəlb edilmişlər. Sümüklərin aşkar olunduğu yerin torpaq və bitki nümunələrinin növü və mənşəyi, torpağın flora və faunası, fiziki-kimyəvi tərkibi, ayrı-ayrı dövrlərdə rütubətin, yağıntının miqdarı və s. meteoroloji göstəricilər, skelet sümükləri ilə bağlı onların aid olduğu şəxslərin sağlığında keçirdiyi ehtimal olunan xəstəliklər, travmalar və s. barədə rəylər alınmışdır. Onların konkret nəticələri diaqnostik ekspert meyarlarının qiymətləndirilməsində istifadə edilmişdir.
Respublika Prokurorluğunun tələblərinə uyğun olaraq, ekspert tədqiqatları zamanı əldə olunmuş nəticələrin qanunauyğunluğunu, obyektivliyini və hamı tərəfindən qəbul edilən elmi əsaslılığını tam təmin etmək üçün ekspertizalar BMT-nin kütləvi məzarlıqlar aşkarlanan zaman meydana çıxan məsələlərin həllinə dair tövsiyə etdiyi proqram çərçivəsində aparılmışdır. Belə ki, ekspertizaların icrasında hazırda dünya təcrübəsində hamı tərəfindən qəbul edilmiş metod və vasitələrdən istifadə edilmişdir. Bu metod və vasitələrin imkanlarından düzgün, dürüst və tam istifadəyə nail olmaq üçün birliyin maddi-texniki bazası müasir ekspert avadanlıqları və kompyuter proqramları ilə təchiz olunmuşdur. Bir çox ekspert tədqiqatları molekul, hüceyrə və onun nüvəsi səviyyəsində aparılmışdır. Ekspertizaların gedişi və onların nəticələri, mətn, cədvəl, foto, rentgen, vekto-qrafik analiz, zədələrin frakto-qrafik və morfoloji əlamətlərinin kodlaşdırılması, sxem, kompyuter-modernləşdirmə və s. xüsusi vasitələrlə təsvir edilmişdir. Bununla da kompleks məhkəmə-tibbi ekspertizalar zamanı müasir metod və üsulların tədbiqi ilə həll edilmiş çoxsaylı və çoxşaxəli diaqnostik, identifikasion və situasion ekspert məsələləri əlavə 67 cədvəl, 182 fotocədvəl, 453 fotogörüntü, 24 sxem, 54 spektoqramma, 38 fraktoqramma, 64 rentgen görüntüləri ilə birlikdə 3046 səhifədə şərh olunmuşdur.
Respublika Prokurorluğu tərəfindən birlik qarşısında qoyulan çoxsaylı sualların qanunauyğun və obyektiv həllinə dair irəli sürülən tələblər, sözügedən kompleks məhkəmə-tibbi ekspertizaların nəticələri bu qatı və amansız cinayəti törətmiş erməni canilərinin beynəlxalq aləmdə ifşa olunmasında, baş vermiş soyqırımı hadisəsinin məzmununun və şəraitinin olduğu kimi müəyyənləşdirilməsində, istintaqın dolğun və tam aparılmasında müstəsna rol oynayacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında