Bu gün dünyanın əsas ehtiyac duyulan sahələrindən biri də energetikadır. Vaxtilə çox məhdud insanın, xüsusilə varlı, aristokrat mühitin yararlana bildiyi bu sahədən indi ən ucqar yerlərdə belə istifadə olunur. Energetika dərin və çoxşaxəli bir sahədir. Üstəlik, energetika insanın təsərrüfat-iqtisadi fəaliyyətinin bir sahəsi, bütün növ enerji ehtiyatlarının istifadəsi, paylanması və dəyişilməsi üçün istifadə edilən böyük təbii və süni yarımsistemlərin toplusudur. Onun məqsədi ilkin enerjini ikinci enerjiyə – elektrik enerjisinə çevirməkdir.
Qısa tarixi arayış
Elektrik enerjisi dünyada əsas lokomotiv sahələrdən biridir və insan həyatının ayrı təsəvvürolunmaz bir normasına çevrilib. Hələ XIX əsrin sonunda dünyada ilk dəfə elektrik enejisinin istehsalı başlanmışdır. Bu dövrə qədər Azərbaycanda artıq neft çıxarılmasına başlandığı vaxtdan elektrik enerjisindən istifadə olunmuşdur. İlkin mərhələdə (1898-ci il) Bakının neft sənayesi dünyada istehsal olunan neftin yarısından çoxunu verirdi. Neft mədənlərini elektriklə təmin etmək üçün ilk dəfə olaraq 5-50 kilovatlıq elektrik stansiyaları quraşdırılmışdı. Neft sənayesinin intensiv inkişafi elektrik enejisini yüksəltməyi tələb edirdi. Bu problemin perspektivliyini və mənfəətliliyini bilən bir sıra xarici elektrotexniki firmalar – “Simens ± Qalske”, “AEQ” və başqaları Bakıda daha güclü elektrik stansiyalan tikmək barədə müraciət etdilər. Bu məqsədlə 1898-ci ildə “Elektrik gücü” Aksioner Cəmiyyəti yaradıldı. Bundan sonra ardıcıl elektrik stansiyaları tikilməyə başlandı. Onların arasında 1900-cü ilin martında yaradılan “Belqorod” və “Bibi-Heybət” elektrik stansiyaları getdikcə məşhurlaşdı. 1912-ci ildə Bibi - Heybət və Belqorod elektrik stansiyaları genişləndirilməyə başlandı. 1914-cü ildə hər iki stansiya arasında əlaqə yaradıldı. Bununla da Azərbaycanda elektrik sisteminin yaranmasının əsası qoyuldu. 1915-1917-ci illərdə Bibi - Heybət stansiyası Rusiyada ən böyük və Avropada ən faydalı stansiyaya çevrildi. 1915-ci ildə bu iki elektrik stansiyasının ümumi gücü 47 min kilovata çatdırıldı.
1913-cü ildən sonra Azərbaycanın bir sıra guşələrində – Gəncə, Şəki, Quba və Lənkəran şəhərlərində ümumi gücü 635 kvt olan bir sıra kiçik elektrik stansiyaları tikildi. Bundan sonra “Elektrotok” energetika kompaniyası əvvəllər xüsusi firmalara məxsus olan daha beş mədən elektrostansiyasını birləşdirdi. Bakının mədənlərində neft istehsalı dünyanın neft istehsalının 17,8 faizini və SSRİ-nin neft hasilatının 80 faizə qədərini təşkil etməsini nəzərə alaraq, ittifaq rəhbərliyi Bakı sənaye rayonunun elektrikləşdirilməsinə diqqəti artırdı.
1957-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Azərbaycan SSR Xalq Təsərrüfatı Sovetinin “Azenerji” Energetika İdarəsi yaradıldı. Qurumun adında həm sovet dövründə, həm də müstəqilliyimizin bərpasından sonrakı illərdə bir neçə dəfə müəyyən dəyişikliklər edildi və dövlət şirkətinə çevrildi, maddi-texniki və hüquqi bazası daha da təkmilləşdirildi.
Hazırda “Azərenerji” ASC Azərbaycanın ən iri enerji istehsalçısı olmaqla yanaşı, paylayıcı şəbəkələr və elektrik verilişi xətlərinin sayına və uzunluğuna görə regionda lider mövqe tutur. Cəmiyyətin tərkibinə gərginliyi 500, 330, 220 və 110 kilovolt olan 124 yarımstansiya, 7 su elektrik, 11 istilik elektrik, 5 kiçik su elektrik stansiyaları daxildir.
Tərtər rayonu ərazisində Tərtər çayının üzərində tikilən və 1977-ci ildə istismara verilən Sərsəng su elektrik stansiyası isə işğal altındadır. Bundan əlavə, münaqişə nəticəsində “Azərbaycan İES - Ağdam-İmişli” elektrik enerjisinin məsafəyə verilməsi də sıradan çıxarılıb.
Ümummilli lider Heydər Əliyevin enerji müstəqilliyi siyasəti
Energetika sahəsindəki indiki uğurlarımız, bugünkü enerji müstəqilliyi, ölkəmizin sabahının parlaq olmasına hesablanan enerji siyasətinin əsası məhz ümummilli lider Heydər Əliyevin həm Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi olduğu dövrlərdə, həm də onun 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə rəhbərlik etdiyi illərdə qoyulub. Məhz ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə 1970-80-ci illərdə Mingəçevirdə Cənubi Qafqazın ən iri istilik elektrik stansiyasının (İES) – “Azərbaycan” İES-in tikilərək istifadəyə verilməsi, 1970-ci ildə ümumi gücü 22 MVt olan Araz Su Elektrik Stansiyasının (SES), 1976-cı ildə ümumi gücü 50 MVt olan və hazırda erməni silahlı birləşmələrinin işğalı altında olan Tərtər SES-in, 1982-ci ildə ümumi gücü 380 MVt olan Şəmkir SES-in inşası, elektrik şəbəkələrinin sistemli inkişafı və respublikamızda dayanıqlı enerji sisteminin yaradılması məqsədilə elektrik verilişi xətlərinin, qovşaq yarımstansiyalarının istismara verilməsi, bir sıra yeni generasiya güclərinin işə salınması bugünkü müstəqilliyimizə xidmət edən misilsiz tarixi nailiyyətlər olub. Bütün bunların məntiqi nəticəsi olaraq hələ sovet dövründə Azərbaycanın enerji müstəqilliyinin mövcud olmasını görmək mümkündür. İttifaq respublikaları arasında enerji sektorunda respublikamızın çəkisi, payı və müstəqilliyi digərlərindən kəskin fərqlənirdi.
Lakin SSRİ-nin dağılması ilə, bütün respubliklarada siyasi vəziyyətin pisləşməsi, münaqişələr, xaos, həmçinin Azərbaycanın müstəqilliyinin ilkin dövrlərində rəhbər şəxslərin səriştəsizliyi ucbatından ölkə energetikası baxımsız vəziyyətə düşdü. Enerji sisteminə, o cümlədən enerji çatışmazlığı üzündən iqtisadiyyata külli miqdarda maddi ziyan dəydi. Ümummilli liderimiz Heydər Əliyev bu problemin qısa müddətdə həlli üçün zəruri tədbirlər müəyyənləşdirdi. Dahi öndərin rəhbərliyi ilə irimiqyaslı layihələrə başlanıldı. Mövcud elektrik stansiyalarının yenidən qurulması və modernləşdirilməsi üçün böyük bir prosesə start verildi. 1996-cı ildə dövlət başçısının fərmanı ilə “Azərenerji” ASC təsis edildi və bu qurumun ölkədə yeni iqtisadi münasibətlərin tələblərinə uyğun qurulması və səmərəli fəaliyyəti üçün lazımi şərait yaradıldı. Ümumilikdə 1993-2003-cü illərdə enerji sisteminin dirçəldilməsi üçün həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycanın enerji siyasəti enerji təhlükəsizliyi üçün basis rolunu oynadı.
Prezident İlham Əliyevin enerji təhlükəsizliyi siyasətinin uğurlu nəticələri
Ümummilli liderin əsasını qoyduğu enerji müstəqilliyi siyasəti 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının apardığı ardıcıl siyasi xətt və qəti addımlar nəticəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, energetika sahəsində də böyük nailiyyətlər əldə edilib, ölkənin elektrik enerjisi sistemi yüksək inkişaf pilləsinə qədəm qoyub. Son illərdə qarşıya qoyulan əsas vəzifələr sırasında milli elektrik enerjisi sisteminin yenidən və müasir texniki tələblərə uyğun şəkildə qurularaq Avropa standartları səviyyəsinə çatdırılması, daxili enerji tələbatının tam ödənilməsi və qonşu ölkələrə elektrik enerjisi satışının artırılması mühüm yer tutur. Bu gün Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu kifayət qədər genişlənib. Bütün bu əməkdaşlıq ölkəmizi elektrik enerjisi üzrə nəinki Qafqazın, eləcə də Yaxın və Orta Şərqin müstəqil enerji ölkəsinə çevirib.
Prezident İlham Əliyev Şirvan şəhərində “Cənub” Elektrik Stansiyasının açılışında demişdir: “Azərbaycanda energetika sahəsinə çox böyük diqqət göstərilir və mən Prezident kimi 2004-cü ildən başlayaraq bu sahəni daim diqqət mərkəzində saxlamışam. Bütün bölgələrdə modul tipli elektrik stansiyaları, böyük elektrik stansiyaları tikilmişdir. Əlbəttə, bu istiqamətdə dövlət siyasəti çox açıqdır, aydındır, birmənalıdır”.
Son illərdə ölkə daxilində enerji təminatı əsaslı şəkildə yaxşılaşdırılıb, böyük infrastruktur layihələri icra olunub, 30-dan çox elektrik stansiyası tikilib, xeyli sayda yarımstansiya inşa edilib və yenidən qurulub, ümumi uzunluğu 10 min kilometrdən artıq elektrik verilişi xətləri çəkilib. Ölkənin hazırkı təqribən 6,5 min meqavat ümumi generasiya gücünün 3,9 min meqavatı məhz son 15 il ərzində ərsəyə gətirilib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2017-ci il ərzində Cənubi Qafqazın ən böyük enerji istehsalçısı olan “Azərenerji” ASC tərəfindən istehlakçılar tələbatlarına uyğun olaraq, etibarlı və fasiləsiz elektrik enerjisi ilə təmin edilib, elektrik enerjisinin istehsalı 21,8 milyard kilovat-saat təşkil edib. Həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün respublikada elektrik enerjisi istehsalı nəinki daxili tələbatımızı tam ödəyir, həm də ixrac potensialı yaranıb. Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib.
Əlavə edək ki, dövlət başçısının 6 dekabr 2016-cı il tarixli fərmanı ilə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə elektrik enerjisi sektorunun strateji və prioritet hədəfləri dəqiqləşdirilib, elektrik stansiyalarının səmərəliliyinin artırılması və mövcud potensialdan səmərəli istifadə olunması, elektrik enerjisi itkilərinin azaldılması, elektrik enerjisi verilişinin və paylanmasının keyfiyyətinin yüksəldilməsi, həmçinin izafi təchizata görə qısamüddətli perspektivdə xalis elektrik enerjisinin ixracı imkanının nəzərdən keçirilməsi investisiya tələbatlı əsas tədbirlər kimi müəyyənləşdirilib.”Azərenerji” ASC bu xəritəyə uyğun olaraq, qarşısında dayanan vəzifələrin icrası ilə bağı fəaliyyət planı hazırlayıb və həyata keçirilməsinə başlayıb.
Azərbaycanda regionların enerjiyə çıxışının tam optimallaşdırılması məqsədilə 6 region üzrə 4 hissədən ibarət “İnkişaf və yenidənqurma proqramı” hazırlanmışdır. Artıq icrasına başlanılmış proqramın birinci hissəsini elektrik şəbəkələrinin reabilitasiyasını əhatə edən tədbirlər təşkil edir. Bu da regionlardakı istehlakçıların, ilk növbədə, əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına, kənd təsərrüfatının inkişafı üçün suvurma sistemlərinin elektrik təminatının yenidən qurulmasına, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının etibarlığının yüksəldilməsinə kömək edəcəkdir. Proqramın ikinci hissəsini bütün regional elektrik şəbəkələrinin modernləşməsinə yönələn və “2013-2025-ci illər üzrə Azərbaycan Enerji Sektorunun Baş Planı”nda nəzərdə tutulmuş təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi təşkil edir ki, bu planda artıq hissə-hissə uğurla icra olunur.
Azərbaycanın enerji ehtiyatları milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumdaxili məhsulunun, əsas maliyyə - iqtisadi göstəricilərinin formalaşmasında həlledici faktorlardan biridir. Enerji təhlükəsizliyində elektrik enerjisindən səmərəli və müstəqil siyasət əsasında istifadə etmək, həm də enerji təhlükəsizliyinin vacibliyi zərurətini artırmış olur. Enerji təhlükəsizliyi isə milli təhlükəsizliyimizin mühüm tərkib hissələrindən biri kimi dəyərləndirilməyə əsas verir. Azərbaycan dövlətinin və onun əlaqədar strukturlarının onillərə söykənən təcrübəsi qarşıda dayanan enerji təhlükəsizliyi məsələlərinə və icra olunan müvafiq proqramlara yetərincə diqqət ayırmaq üçün kifayət edir.
Məqalə, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.