Liviyanın xarici işlər naziri Londona sığındı

Martın 30-da Tunisdən Londona gələn Liviyanın XİN başçısı Musa Kusa Böyük Britaniyadan siyasi sığınacaq istəyib.
Londona uçmazdan əvvəl Musa Kusa Tunisə "qeyri-rəsmi səfər" edib və orada iki gün qalıb. Liviyalı diplomat Britaniya parlamentində vəzifəsini tərk etdiyini və ölkədən qaçdığını bəyan edib.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Musa Kusanın Londona gəlməsi xəbərini təsdiqləyib. Amma XİN-də qeyd ediblər ki, liviyalı nazir bu addımı "şəxsi iradəsilə" atıb.
Böyük Britaniya hakimiyyətinin liviyalı nazirin Londona gəlişi ilə bağlı yaydığı xəbərdə bildirilib ki, Müəmmər Qəddafinin hökumətində əsas fiqurlardan biri olan M.Kusa indiyədək bu rejimi beynəlxalq səviyyədə təmsil edib, amma "daha bunu etməyi arzulamır".
Qeyd edək ki, Musa Kusa 2009-cu ilin martından Liviyanın xarici işlər naziri təyin olunub. Bu vəzifəyə qədər o, 15 il ərzində Liviyanın kəşfiyyatına başçılıq edib və dövlətdə ən nüfuzlu şəxslərdən biri sayılıb.
Bu olaydan əvvəl isə Britaniya hakimiyyəti ölkədən Liviyanın hərbi attaşesinin və daha dörd diplomatının çıxarılmasını elan etmişdi. Rəsmi London bu addımı həmin diplomatların Böyük Britaniya üçün təhlükə doğura biləcəyi ilə izah etmişdi.
Yeri gəlmişkən, "Əl-Cəzirə" telekanalı xəbər verib ki, Tunis hökuməti Qəddafinin bu ölkədəki bütün hesablarını dondurub. Qeyd olunub ki, bu qərar Tunis ərazisindəki mehmanxanalara, yanacaqdoldurma məntəqələri şəbəkəsinə və neft terminalına qoyulmuş Liviya sərmayələrini əhatə edəcək.
Dünən isə məlum olub ki, Ağ evin başçısı Barak Obama ABŞ ordusunun Liviyada məxfi əməliyyata başlaması haqda gizli sərəncam imzalayıb. "ABC News" telekanalının şəxsi mənbələrinə istinadən yaydığı xəbərə görə, əməliyyat Müəmmər Qəddafi ilə mübarizədə üsyançılara yardım göstərilməsinə yönəlib.
Sənəddə gözlənilməz vəziyyətin yaranacağı təqdirdə Qəddafinin əleyhdarlarının silahla təchiz edilməsinə imkan yaradan bəndlər nəzərdə tutulub. Lakin əməliyyatın hazırkı mərhələsində üsyançılara silahın ötürülməsi barədə göstəriş yoxdur.
Ağ evin təmsilçiləri, sənədin məxfi səciyyə daşıdığına əsaslanaraq, bu xəbəri şərh etməkdən imtina ediblər. "Üsyançıların silahla təchiz olunması haqqında qərar qəbul olunmayıb. Biz (bu cür imkanı) istisna etmirik, amma təsdiqləmirik də. Biz Liviya xalqını dəstəkləmək üçün bütün variantları nəzərdən keçiririk", - deyə Barak Obamanın təmsilçilərinin bəyanatında qeyd olunur.
Amma bəlli olub ki, senator-respublikaçı Rənd Pol Obamanın əmr etdiyi məxfi əməliyyatın ABŞ Konstitusiyasına müvafiq gəlib-gəlməməsinin müzakirə edilməsinə təşəbbüs göstərib. Debatların yekununda Senat prezidentin öz səlahiyyətlərini aşmasını elan edən sənəd qəbul edə bilər. R.Polun fikrincə, əməliyyatın başlaması anında ABŞ-ın mövcudluğuna "dönməz və ya aşkar təhdid" olmaması bu qərarın qəbul edilməsinə əsas ola bilər.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında