Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sistemi təkmilləşdirilir

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi məsələlərinin müzakirəsi, bu sahədə qarşıda duran vəzifələrin müəyyən olunması məqsədilə müşavirə keçirib.

 S.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizdə yeni iş yerlərinin açılmasının daimi xarakter aldığını, əhalinin məşğulluq səviyyəsinin artdığını, əmək bazarında sabitlik və inkişaf tempinin mövcud olduğunu, eyni zamanda, əmək bazarında qanunvericiliyin icrasına nəzarətin vacibliyini diqqətə çatdırıb. Bu istiqamətdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) fəaliyyətinin hazırda tələb olunan səviyyədə olmadığını qeyd edən S.Babayev bildirib ki, ilk növbədə əmək müfəttişliyi sistemində, məmur-sahibkar münasibətlərində şəffaflıq tam təmin edilməli, korrupsiyaya şərait yaradan halların qarşısı alınmalı, bu sahədə süründürməçilik hallarına yol verilməməlidir.

Nazir qeyri-rəsmi məşğulluğun qarşısının alınmasının mühüm sosial-iqtisadi əhəmiyyətini qeyd edib. O bildirib ki, DƏMX dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrasında konkret nəticələrə nail olmaqla, qeyri-rəsmi əmək münasibətlərinin leqallaşdırılması sahəsində məqsədyönlü tədbirlərlə ölkənin sosial-iqtisadi inkişafına öz dəyərli töhfəsini verməlidir. Bu sahədə nazirliyin elektron informasiya sisteminin aidiyyəti dövlət qurumlarının elektron informasiya sistemlərinə inteqrasiyası vacib əhəmiyyət daşıyır.

Azərbaycan Prezidentinin təşəbbüsünə əsasən, qəbul edilmiş qanunla sahibkarlıq subyektlərində yoxlamaların aparılması 2021-ci ilədək dayandırılıb və bu qanunun tələblərinə DƏMX tərəfindən də ciddi riayət olunmalıdır. “ASAN Xidmət”in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti sahələrində aparılan monitorinqlərin nəticələri ilə bağlı xidmət aidiyyəti araşdırmalarını operativ şəkildə yerinə yetirməlidir.

Nazir diqqətə çatdırıb ki, istehsalat qəzaları ilə bağlı təhqiqat işlərinin aparılmasında operativlik artmalı və adekvat tədbirlər görülməlidir. Habelə, əmək qanunvericiliyinin pozulması halları ilə bağlı inzibati tədbirlərin görülməsi ilə iş yekunlaşmamalı, müvafiq sahədə işəgötürənlərə fəal şəkildə metodiki dəstək göstərilməlidir. Xidmət öz fəaliyyətini nazirliyin digər struktur bölmələri, xüsusilə də nazilrik yanında Dövlət Məşğulluq Xidməti, Dövlət sosial Sosial Müdafiə Fondu ilə əlaqəli, habelə sosial tərəfdaşlarla – həmkarlar və işəgötürənlər təşkilatları ilə fəal əməkdaşlıq müstəvisində qurmalı və bu fəaliyyət işçi hüquqlarının müdafiəsində vətəndaş məmnunluğuna səbəb ola biləcək praktik nəticələri özündə ehtiva etməlidir.

Nazir vurğulayıb ki, ümumilikdə əmək bazarı iştirakçılarının qanuni mənafelərinin qorunmasında və ümumən əmək bazarının iqtisadi inkişaf prosesinə uyğun tənzimlənməsində DƏMX-nin rolunun artırılması və beynəlxalq innovativ təcrübələrdən irəli gələn səmərəli iş mexanizmlərinə malik olması üçün ciddi islahatlar aparılmalıdır. Nazir bununla bağlı təkliflər paketinin hazırlanmasını tapşırıb.

Müşavirədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində mövcud vəziyyət müzakirə olunub, qarşıda duran vəzifələr müəyyən edilib, müvafiq tapşırıqlar verilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında