Artıq neçə illərdir ki, 20 faiz torpaqlarımız düşmən tapdağı altındadır. Erməni işğalçıları bu müddət ərzində işğal altında olan rayonlarımızın təbii sərvətlərini talan etmiş və bu proses hazırda da davam etməkdədir.
İşğal altında olan 1,73 milyon hektar ərazinin 595,6 min hektarını kənd təsərrüfatı üçün yararlı torpaqlar, 247,4 min hektarını meşə örtüyü, 10,7 min hektarını həyətyanı sahələr təşkil edir.
Hesablamalara görə təbii sərvətlərimizin talan edilməsi nəticəsində ölkəmizə təxminən 23,3 milyard manat məbləğində ziyan vurulub. Belə bir fakta diqqət yetirək. İşğal olunmuş ərazilərə 1999-2002-ci illər ərzində xarici şirkətlər tərəfindən qoyulmuş investisiyaların məbləği 85 milyon AZN-dən çox olmuşdur.
Respublikamızda 126,6 milyon kubmetr oduncaq ehtiyatı mövcuddur. Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində 247352 hektar meşə sahələri (Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin 3 oktyabr 2005-ci il tarixli məlumatı) qalmışdır ki, bu Ermənistanın bütün meşələrininin 55%-dən çoxdur. Bütövlükdə Azərbaycan meşələri isə Ermənistanın meşələrindən 2,5 dəfə artıqdır.
Hazırda işğal olunmuş ərazilərdə dövlət təbiət abidələri mühafizə olunmamaqla sahibsiz qalmış, hətta həmin ərazilərdə məskunlaşmış ermənilər böyük əhəmiyyətə malik olan bu abidələrin əksəriyyətini məhv etmişlər. İşğal olunmuş rayonlarda 152 ədəd belə ağac növü, 13197,5 ha qiymətli meşə sahələri, 5 ədəd geoloji obyekt qalmışdır.
Ayrı-ayrı mənbələrdən alınan məlumatlara görə, həmin abidələr vəhşicəsinə məhv edilir və müəyyən məqsədlər üçün istifadə olunur.
Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 16 mart tarixli 167 nömrəli qərarının 2 nömrəli əlavəsinə uyğun olaraq Azərbaycanın dövlət tərəfindən qorunan dövlət təbiət abidələrinin - xüsusi ilə qiymətli meşə sahələrinin mühafizə olunaraq artırılması məqsədi ilə uzun illər geniş tədbirlər həyata keçirilmiş və külli miqdarda vəsait xərclənmişdir.
Ən zəngin faydalı qazıntı yataqları ölkənin işğal olunmuş ərazilərində qalmışdır. Məlum olduğu kimi işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s.) 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir ki, bunlar da respublikanın iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edirdi.
Azəbaycanın işgal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllərin qidalanması-su ilə dolması qar və yeraltı suların hesabınadır. Göllərin içərisində ən çox antropogen təsirə məruz qalanı Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu arasında yerləşən İşıqlı Qaragöldür. Uzunluğu 1950 metr, maksimal eni 1250 metr, maksimal dərinliyi 7- 8 metr, suyunun həcmi isə 10 milyon kubmetr olan İşıqlı Qaragölün şəffaflığı 4,6 metrdir. Göl ətrafında ermənilərin məskunlaşması və göl suyundan suvarma məqsədilə istifadə olunması (iri nasos stansiyaları quraşdırılmışdır) gölün suyunun tükənməsinə (qurumasına) və çirklənməsinə səbəb olur.
Ətraf mühitin qorunması və davamlı inkişafa dair Rio-de-Janeyro bəyannaməsinə görə müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. Lakin Ermənistan nəinki bu prinsipləri gözləmir, əksinə onları kobud surətdə pozaraq işğal etdiyi əraziləri viran qoyur.
Son zamanlar ermənilərin işğalı altında qalmış ərazilərdə tez-tez törədilən yanğınlar bu torpağın flora və faunasının məhvinə səbəb olmaqdadır. Ekoloji tarazlığın pozulmasına, atmosferin çirklənməsinə səbəb olan bu yanğınlar qlobal ekoloji problemlərin yaranmasına səbəb olur. Bu, təkcə Azərbaycanın deyil, lokal miqyasda regionun, qlobal baxımdan isə planetimizin bioloji müxtəlifliyinə vurulan zərbədir.
Başqa sözlə, bütün bunlar bəşəriyyətə qarşı həyata keçirilən ekoloji terrordur. Və bu terror planetin taleyini və gələcəyinə cavabdehlik yükünü öz üzərinə götürmüş bəzi dövlətlərin dəstəklədiyi və mütəmadi yardımlar etdiyi ermənilər tərəfindən həyata keçirilir.
{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.