Abşeron Rayon Polis Şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir

Martın 29-da Abşeron Rayon Polis Şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak etmişdir.  
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, R.Usubov rəmzi açılışı bildirən lenti kəsmiş və bina ilə yaxından tanış olmuşdur.
Məlumat verilmişdir ki, tikintisinə ötən ilin aprelində başlanmış 4 mərtəbəli inzibati binanın ümumi sahəsi 3162 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilmiş, həyətdə idman meydançası salınmışdır. Yeni tikilidə 61 xidməti otaq, 132 yerlik akt zalı vardır. Binada havalandırma, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya, elektrik xətləri quraşdırılmış, digər yardımçı sahələr yaradılmışdır. Ərazi metal şəbəkə ilə hasarlanmış, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilmişdir.
General-polkovnik Ramil Usubov növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompyuter sistemi ilə təchiz edilmiş tədris otağına, akt zalına, Müvəqqəti Saxlama Təcridxanasına baxmış, foyedə ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən guşə və fotostendlərlə tanış olmuşdur.
Görülən işləri yüksək qiymətləndirən nazir Abşeron RPŞ-nin şəxsi heyətinin normal fəaliyyəti üçün lazımi şəraitin yaradılmasından məmnunluğunu bildirmiş, tövsiyələrini vermişdir. Nazir vurğulamışdır ki, Prezident İlham Əliyev daxili işlər orqanlarının ictimai qaydanın qorunmasında, cinayətkarlıqla qətiyyətli mübarizədə, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, insan hüquq və azadlıqlarının təminində müstəsna rolunu hər zaman yüksək qiymətləndirir, onun lazımi texniki vasitələr və avadanlıqla təchizatına xüsusi diqqət yetirir. Məhz belə ali diqqət və qayğı sayəsində bu gün Daxili İşlər Nazirliyi müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunmuşdur. Şəxsi heyətin iş, həmçinin sosial-məişət şəraiti ilbəil yaxşılaşmaqdadır. Bütün bunlar şəxsi heyəti daha yaxşı işləməyə ruhlandırır, polislə ünsiyyətdə olan vətəndaşların rahatlığına xidmət edir.
Daha sonra R.Usubov inzibati binanın akt zalında Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış 5 yeni mənzilin açarlarını RPŞ-nin əməkdaşlarına təqdim etmişdir. Nazir yeni mənzillərin sahiblərini təbrik etmiş, polis əməkdaşlarının mənzil-məişət məsələlərinin həllində yaxından iştirakına görə Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir. Bir fakt da məmnunluqla vurğulanmışdır ki, son beş ildə Abşeron RİH tərəfindən RPŞ-nin əməkdaşlarına Xırdalan şəhərinin ərazisində inşa edilmiş yeni binalarda 36 mənzil verilmiş, 196 nəfərə isə fərdi torpaq sahəsi ayrılmışdır.
Nazir dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizdə gedən böyük quruculuq işlərinin Abşerondan da yan keçmədiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icrası nəticəsində bu rayonun simasının xeyli dəyişdiyini, müasir və yaraşıqlı tikililərin hesabına gözəlləşdiyini diqqətə çatdırmışdır.
Z.Fərəcov yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə RPŞ-nin əməkdaşlarını təbrik etmiş, rayon ərazisində ictimai asayişin qorunmasında və cinayətkarlıqla uğurlu mübarizədə polis əməkdaşlarının rolunu yüksək qiymətləndirmişdir.
Tədbirə yekun vuran daxili işlər naziri əmin olduğunu bildirmişdir ki, RPŞ-nin şəxsi heyəti bu diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək, rayonda sabitliyin, əmin-amanlığın nümunəvi qorunmasına və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfəsini verəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında