İşğal edilmiş ərazilərdə ümumi vəziyyətin qiymətləndirilməsi məqsədilə göndərilən missiya çoxsaylı vandalizm aksiyalarını qeydə alıb
Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasət, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün nümayiş etdirdiyi qətiyyət və əzmkarlıq öz müsbət nəticələrini verməkdədir.
Dünya ictimaiyyəti artıq birmənalı şəkildə ölkəmizin mövqeyini dəstəkləyir və bildirir ki, Ermənistan işğal edilmiş Azərbaycan ərazilərindən geri çəkilməli, öz dədə-baba yurdlarından didərgin salınmış məcburi köçkünlər ev-eşiklərinə qayıtmalıdır. Bəzən belə fikirlər səsləndirilir ki, beynəlxalq təşkilatlar bu etirafı dilə gətirsələr də, konkret olaraq Ermənistana heç bir təzyiq göstərilməməsi həmin bəyanatların səmimiliyinə şübhə yaradır. Ancaq nəzərə alaq ki, beş-altı il əvvəl həmin bəyanatlar da verilmirdi. Dünya ictimaiyyətinin iradəsinə xüsusi təsir edə bilən qüvvələr ikili standartlardan əl çəkə bilmirdilər. Hətta, on il əvvələ qədər Ermənistanın işğalçı dövlət olduğunu söyləməkdən belə çəkinirdilər. İndi isə haqqında söz açdığımız missiyanın təmsilçiləri nəinki işğal edilmiş ərazilərdə vandalizm əməllərinin törədildiyini qeyd edirlər, hətta, belə bir fikir dilə gətirilir ki, torpaqlar işğaldan azad edildikdən sonra oraya qayıdacaq azərbaycanlı köçkünlərin yaşaması üçün heç bir sosial şərait qalmayıb. Faktın bu şəkildə açıq ifadə edilməsinin özü bir daha göstərir ki, dünya ictimaiyyəti münaqişənin həll edilməmiş qalmasından böyük narahatlıq keçirir.
Söhbət Azərbaycanın müraciəti əsasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ ətrafında olan işğal edilmiş ərazilərdə ümumi vəziyyətin qiymətləndirilməsi məqsədiylə həyata keçirdiyi Sahə Qiymətləndirmə Missiyasının hazırladığı hesabatdan gedir. Əvvəlcə onu qeyd edək ki, beynəlxalq ictimaiyyətin heç bir qərarı ilə razılaşmayan, dünya birliyinin istənilən rəyi ilə hesablaşmaqdan imtina edən ermənilər bu missiyanın hesabatından da çox böyük narazılıq edirlər. Erməni siyasətçiləri bu hesabatın nəinki Azərbaycanın mövqelərinə cavab verən şəkildə hazırlandığını söyləyirlər, hətta, utanmadan qeyd edirlər ki, Minsk qrupu həmsədrləri həmin sənədi Azərbaycanda fəaliyyət göstərən Qarabağ Azadlıq Təşkilatının tələb etdiyi şəkildə tərtib ediblər. Əslində isə həmin hesabat sadəcə bir sıra faktların konkret olaraq göstərildiyinə görə rəsmi Bakı tərəfindən qəbul edilir.
Xarici İşlər Nazirliyinin bu sənədə münasibətində bildirilib ki, işğal edilmiş ərazilərimizdə 2010-cu il oktyabrın 7-dən 12-dək həyata keçirilən qiymətləndirmə missiyasında ATƏT-in Minsk qrupunun rəsmiləri ilə yanaşı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının iki mütəxəssisi və ATƏT-in 2005-ci ildə bölgəyə göndərdiyi faktaraşdırıcı missiyasının bir təmsilçisi də iştirak etmişdir. BMT-nin qeyd edilən qurumunun mütəxəssislərinin bu əraziyə göndərilməsi münaqişənin həll edilməsindən sonra oraya qayıdacaq azərbaycanlı məcburi köçkünlərin üzləşəcəyi vəziyyətin qiymətləndirilməsi məqsədini daşıyırdı. 2005-ci ildəki faktaraşdırıcı missiyanın təmsilçisinin indiki missiyanın tərkibinə daxil edilməsi isə son beş ildə baş vermiş dəyişikliklərin obyektiv şəkildə qiymətləndirilməsinə xidmət edirdi. Nəticə göstərdi ki, ATƏT missiyasına bu üç nəfərin də daxil edilməsi barədə qəbul edilmiş qərar tamamilə haqlı idi. Belə ki, missiyanın hazırladığı yekun hesabatında açıq şəkildə göstərilir ki, keçmiş sakinlərin bütün şəxsi və ticarət əmlakları dağıdılmışdır. Bu isə azərbaycanlı məcburi köçkünlərin geriyə qaytarılmasını tamamilə mümkünsüz edir. Bu qayıdış bölgələrdə evlərin və əsas infrastrukturun genişmiqyaslı inşası ilə müşayiət edilə bilər. Hesabatda bu məsələnin öz əksini tapması missiya tərkibində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təmsilçilərinin də olmasının nəticəsi idi.
Missiya tərkibində 2005-ci ildə bölgəyə göndərilmiş faktaraşdırıcı missiyanın təmsilçisinin olması isə başqa bir məsələdə öz müsbət nəticəsini vermişdir. Belə ki, hesabatda 2005-ci ildən fərqli olaraq indi işğal edilmiş ərazilərin hamısında mobil rabitə imkanlarının olduğu barədə xüsusi qeyd vardır. Yəni ötən missiyanın nümayəndəsi 2005-ci ildə bu imkanların olmadığını sübut etmişdir. Bu faktın əhəmiyyəti nədən ibarətdir? Azərbaycan rəsmiləri həm beynəlxalq təşkilatların tribunalarından, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı istənilən müzakirə və danışıqlarda dönə-dönə qeyd ediblər ki, işğal edilmiş Azərbaycan ərazilərindən qanunsuz silah alveri, narkoticarət, narkotik vasitələrin əkilməsi, istehsal edilməsi və bu məhsulların tranziti məqsədiylə istifadə olunur. Beynəlxalq ictimaiyyətin bəzi nümayəndələri bu həqiqəti qəbul etsə də, həmin arqumentlə razılaşmayanlar da var idi. İndi ortaya sual çıxır: heç bir yaşayış şəraiti, sosial infrastrukturu - yolu, mağazası, xəstəxanası, hətta ibtidai məktəbi olmayan rayonlarda mobil rabitəyə nə ehtiyac var? Əlbəttə, silah alverinin, narkoticarətin təşkili və nizamlanması üçün bu rabitəyə ehtiyac böyükdür. Fikrimizcə, ATƏT rəsmilərinin hazırladığı hesabatda qeyd edilən bu məqam beynəlxalq təşkilatların daha dərindən düşünməsinə səbəb olmalıdır. Çünki bu gün dünya ictimaiyyətini ən çox narahat edən əsas məsələlərdən biri də məhz qanunsuz silah alverinə və narkoticarətə qarşı birgə mübarizə aparılması məsələsidir. Azərbaycanın bu barədə olan haqlı çağırışlarını ATƏT rəsmilərinin hazırladığı son hesabat da əsaslandırır.
Yeri gəlmişkən, Sahə Qiymətləndirmə Missiyasının hazırladığı hesabatda diqqətçəkən əsas məqamlardan biri də işğal edilmiş yeddi rayonda məskunlaşdırılmış ermənilərin sayı barədə məlumatdır. Həmin 7 rayonun ərazisində cəmi bir kəndin əhalisi qədər erməni yaşayır. Ermənistan rəhbərləri torpaqların işğal edilməsindən ötən 18-20 ildə bu yeddi rayona cəmi 14 min ermənini məskunlaşdıra biliblər. Bunun da bir neçə səbəbi var. Əvvəla, bütövlükdə Ermənistan əhalisi nəinki aydan-aya, hətta, gündən-günə azalır. Yoxsulluq, işsizlik və məhrumiyyətlər Ermənistan əhalisinin kütləvi şəkildə başqa ölkələrə miqrasiyasına səbəb olub. Ona görə də adam tapıb işğal olunmuş ərazilərə göndərə bilmirlər. İkinci, istənilən erməni çox yaxşı başa düşür ki, həmin 7 rayonu da, bütövlükdə Dağlıq Qarabağı da mütləq Azərbaycan geri qaytaracaq. Ona görə də həmin rayonlara köçüb ev-eşik tikmək istəyən yoxdur. Azərbaycanlılardan qalan hazır ev-eşiklər isə çoxdan viran olunub, vandalcasına dağıdılıbdır. Üçüncü, Ermənistan dövləti işğal olunmuş Azərbaycan torpaqlarına köçürmək istədiyi erməniləri həvəsləndirmək üçün maddi imkan tapmır. Ölkə büdcəsini əvvəlcə Robert Koçaryan, sonra isə Serj Sarkisyan əsaslı şəkildə talan ediblər. Dördüncü, Azərbaycanın iti sürətli inkişafı və Prezident İlham Əliyevin nümayiş etdirdiyi qətiyyət beynəlxalq aləmdəki erməni diasporunun əl-qolunu elə boşaldıb ki, indi heç kəs Ermənistana maddi yardım etmək istəmir. 1987-1997-ci illərdə dünyanın istənilən ölkəsindəki ermənilər Qarabağ məsələsinin perspektivinə inanırdı. İndi həmin xülya daha heç kimə inandırıcı gəlmir. Ona görə də Ermənistana pul göndərən yoxdur və işğal edilmiş ərazilərdə məskunlaşma siyasəti yeritmək istəyən rəsmi İrəvanın əli göydə qalıb.
Bir sözlə, ATƏT-in Minsk qrupunun adı çəkilən missiyasının hesabatı tam şəkildə bizi qane etməsə də, bir çox həqiqətlərin üzə çıxarılması baxımından uğurlu sənəd kimi qiymətləndirilir. Azərbaycanın müraciəti əsasında ərsəyə gələn bu hesabat növbəti - daha qətiyyətli sənədlər üçün zəmin ola bilər.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.