Ölkəmizin hər yerində olduğu kimi, cənub bölgələrində də Novruz bayramı ilə əlaqədar rəngarəng tədbirlər keçirilir. Yazın gəlişi hər kəsi sevindirir, könülləri riqqətə gətirir.
Lerik
...Cəmi bir həftə öncə Lerikin dağlarına çoxlu qar yağmışdı. Onda rayon camaatı bunu haqlı olaraq qışın vida həmləsi adlandırmışdı. İndi isə, qardan cəmi bir həftə sonra "Şəlalə" istirahət kompleksində Novruz şənliyinə toplaşan leriklilər əlvan bayram xonçalarının, səmənilərin, gülün-çiçəyin əhatəsində sevinə-sevinə yazı qarşılayır, zirvələrdən, ətəklərdən göz ağardan qara əhəmiyyət vermirdilər.
Meydanda qədim xalq sənətkarlığının, etnoqrafiyamızın, folklorumuzun nümayişi gözləri güldürürdü. At belində, milli geyimli oğlan və qızların əhatəsində meydana gələn Bahar qız sanki özü ilə məclisə özəl bir təravət də gətirdi. Şirin ləhcəsi ilə hamını təbrik elədi, hər kəsə ən xoş arzu və diləklərini yetirdi. Bayram tonqalı yandırıldı və onun işığında igidlər cəngə girdilər, kəndir dartdılar, xalq oyunlarını göstərdilər. Uşaqlar yumurta döyüşdürdü. İncə belli rəqqasələr ortada süzdükcə özləri də bilmədən baharın bütün rənglərini bir yerə cəmlədilər.
Çayrud kənd mədəniyyət evinin "Cangəsə", Cəngəmiran kənd mədəniyyət evinin "Ənzəli" folklor ansambllarının, 3 nömrəli məktəbin "Qönçə" kollektivinin çıxışları hərarətlə qarşılandı. Mahnılar, təsniflər, rəqslər bir-birini əvəz elədi.
Sonra iştirakçılar şadlıq sarayına dəvət edildilər. Yazın şirin avazları indi də buradan eşidilməyə başladı. Folklor nümunələri təqdim olundu. Kosa ilə Keçəl seyrçiləri o ki var əyləndirdilər.
Aparıcılar son illərdə Lerikdə əldə edilən uğurları xatırlatdılar, hər bir sakinin bu nailiyyətlərlə öyündüyünü bildirdilər. İcra hakimiyyətinin başçısı Rövşən Bağırov leriklilərə ürək sözlərini söylədi, hər kəsə yeni uğurlar dilədi. Novruzun artıq beynəlxalq bayramlar siyahısına daxil edildiyi xatırlandı.
Meydan aşıq musiqisinə veriləndə çoxları qol qaldırıb sümüklərə düşən havaya oynadılar. Sonra yanıltmac və atalar sözləri söyləmək, şəkərburaya naxış vurmaq, xalq mahnılarının ardını gətirmək üzrə yarışmalar təşkil olundu, fərqlənənlər hədiyyə qazandılar.
Ayrı-ayrı iştirakçılar ürək sözlərini söylədilər. Şən musiqi sədaları ara vermədən, dalğa-dalğa ətrafa yayıldıqca məclisin ruhuna bir həzinlik, təmtəraq, dəbdəbə qatdı. "Ötüşdü qar fəslimiz, yetişdi bar fəslimiz" nidaları ilə, bol ruzi-bərəkət arzuları ilə el şənliyinə yekun vuruldu.
Dağlar diyarının tarixinə, sakinlərin ömürlərinə yazılan daha bir gün beləcə arxada qaldı.
Neftçala
... Novruz hazırlıqlarını Neftçalanın mərkəzinə aparan yolun üstündəki ilk kəndlərdəncə hiss etməyə başlamışdım. Hasarını, evinin divarlarını rəngləyən kim, ağacların gövdələrinə əhəng vuran kim, həyət-bacada səliqə-sahman yaradan kim... Şəhərə çatmamış isə burada Novruz iməciliklərinin keçirildiyini, adamların elliklə, lap ötən dönəmlərdə deyildiyi kimi, əmək bayramına çıxdığının şahidi oldum. Asfalt yollar təmir edilir, səkilər qaydaya salınır, tullantılar yığışdırılıb daşınırdı. İnsan əllərinin sığalı ilə şəhər üzük qaşı kimi cilalanırdı. Durmadan inkişaf edən, müasirləşən Neftçalanın bağları, parkları sanki məhəbbətlə üzə gülürdü. Neftçalalılar əziz bayramı el adətincə qarşılamağa ciddi hazırlıq görürdülər.
İki gün sonra isə başdan-başa bayram libasına bürünmüş şəhərdə düzənlənən Novruz təntənələri gözlənildiyindən də maraqlı keçdi. Öz ətrafında istedadlı insanları, tanınan musiqiçiləri, aktyorları birləşdirən rayon mədəniyyət və turizm şöbəsinin təqdim etdiyi Novruz çələngi hamının ürəyindən xəbər verirdi. Rəngarəng nümayişlər iştirakçılara bol sevinc bəxş edir, unudulmaz təsir bağışlayırdı.
Rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov yaz müjdəli, günəş təbəssümlü Novruz bayramı münasibətilə sakinkləri təbrik edərək onlara ən xoş arzularını bildirdi. O dedi ki, milli-mənəvi sərvətlərimizin zənginliyini əks etdirən bu gözəl bayram ürəklərdə saf duyğuların oyanması,insanlar arasında səmimiyyətin, mehribanlığın və qardaşlığın möhkəmlənməsi, onların bir-birinə qayğı və diqqətinin artması üçün gözəl zəmin yaradır. Hər kəsə əsl bahar əhval-ruhiyyəsi, Novruz sevinci, xoş günlər arzulayıram.
Şən musiqilər, oyunlar, nağıl personajlarının duzlu-məzəli çıxışları əsrlərin o üzündən süzülüb gələn folklor mədəniyyətinin ululuğunu bir daha gözlər önündə canlandırdı. Cəhrədə ip əyirən, şanada yun darayan, nehrədə yağ çalxalayan, beşik başında layla oxuyan, bayram şirniyyatı hazırlayan ana və bacılar, bədii istedadlarını sərgiləyən oğlan və qızlar şənliyə xüsusi bir kolorit qatırdı. Dədə Qorqud öygüləri, atalar sözləri, xalq oyunları əsl festival təsiri bağışlayırdı. Hər kəsə qəlbləri riqqətə gətirən qeyri-adi bir Novruz ruhu hakim kəsilmişdi.
Bir sözlə, Neftçala əziz el bayramını özünə, adına layiq ola biləcək yüksək bir səviyyədə qeyd elədi.
Masallı
Qızılavar kəndində mavi yanağacın istifadəyə verilməsi ilə bağlı keçirilən toplantını açan Masallı Rayon İcra Hakimiyyəti başçısının ərazi üzrə nümayəndəsi Ağacəfər Cəfərov iştirakçıları salamlayaraq sakinləri bu əlamətdar gün münasibəti ilə təbrik etdi. Kənd sakinlərindən Lətifə Qənbərova, Samit İslamov, Xanəli Ağayev, Mirzəki Kazımov və başqaları çıxışlarında Novruz bayramı ərəfəsində bu sevnci onlara bəxş etmiş ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər. "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi yeni qaz xətlərinin çəkilişi ilə bağlı geniş tədbirlər həyata keçiriləcəyini vurğuladı.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bu mühüm tədbiri ölkə başçısının regionlara diqqəti kimi dəyərləndirərək, bu sahədə işlərin davam edəcəyini qeyd etdi. Natiq çıxışında vurğuladı ki, əhalinin sosial rifah halının yaxşılaşdırılması daim ölkə başçısının diqqət mərkəzindədir.
Nəhayət, gözlənilən an gəlib çatdı və iyirmi illik fasilədən sonra Qızılavar kəndində yenidən mavi qaz alovlandı.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.