Dövlətçilik tariximizin öyünclü hadisəsi

Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş konfransda da 1 əsr bundan əvvəl dövlətçiliyimizin dirçəldilməsinin əsasını qoymuş bu şanlı hadisənin  milli varlığımızın yaşadılmasında və xalqımızın sivil dəyərlərə qovuşmasında, 70 il sonra isə dövlət müstəqilliyimizin yenidən bərpa edilməsində tarixi önəminə geniş nəzər salınıb.

Toplantını giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, çoxminillik tariximizin misilsiz hadisəsi olmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini ölkəmizdə və dünyada layiqincə qeyd etmək üçün Prezident İlham Əliyev bir il bundan əvvəl sərəncam imzalayıb. Bu ilin əvvəlində isə dövlət başçısısı başqa bir sərəncamla 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edib. Hər iki sənəd ölkə rəhbərliyinin xalqımızı öz istiqlalına qovuşdurmuş Azərbaycan Xalq Cümhuriyyətinə və onun dövlətçilik irsinə verdiyi yüksək qiyməti ifadə edir.

Rektor daha sonra deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti qədim və zəngin dövlətçilik tariximizdə itirilmiş suverenliyin bərpası baxımından, həqiqətən,  müstəsna missiyası olan siyasi təsisat kimi öyünclü yer tutur. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq, istiqlal duyğularının güclənməsində mühüm rol oynayıb. AXC hakimiyyəti həyatımızın bir çox sahələrində, o cümlədən elm və təhsil sahəsində zəruri tədbirlər həyata keçirib. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, Azərbaycan Xalq Cümhuriyyəti bizim qürur mənbəyimizdir. Müstəqil Azərbaycan Respublikası bu dövlətin varisidir.

Konfransda “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutu” mövzusunda çıxış edən ABŞ-ın Prinston Universitetinin professoru  Maykl  Reynolds Qafqaz və Yaxın Şərq ölkələrinin tarixinin tədqiqi sahəsində apardığı elmi-tədqiqatlar barədə ətraflı məlumat verib. Əcnəbi alim bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin araşdırılması onun elmi tədqiqatlarında xüsusi yer tutur. AXC hakimiyyəti mürəkkəb beynəlxalq siyasi şəraitdə fəaliyyət göstərib. I Dünya müharibəsi, Osmanlı imperiyasının süqutu və Rusiyada bolşevizm amili o zamankı beynəlxalq siyasi vəziyyəti şərtləndirib. Cümhuriyyət liderləri demokratik, dünyəvi dövlət qurmağa çalışıblar. Müasir dövrümüzdə liberal demokratiya təhlükə altındadır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 il bundan əvvəl bu sahədə əldə etdiyi naliyyətlər bu gün həqiqi demokratiya dəyərlərinin yaşadılmasına stimul verir.

Sonra yazıçı-publisist Nəcibə Bağırzadənin “Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti”, Azərbaycan tarixi kafedrasının  baş müəllimi Elman  Mirzəyevin  “Şərqdə ilk demokratik dövlət” mövzusunda məruzələri dinlənilib. Tarix fakültəsinin  tələbəsi  Aytək  Rəhimli isə AXC-nin 100 illiyi mövzusunda xüsusi təqdimatla çıxış edib.

Konfransın davamında ali məktəbin prorektoru Nigar Abbaszadə, tarix və coğrafiya fakültəsinin dekanı Şahin Pənahov, Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının baş müəllimi Taleh Cəfərov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və onun dövlətçilik tariximizdəki mövqeyi ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

T. AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında