"Qış getdi, yenə Bahar gəldi"

Novruz öz tarixi kökləri, zənginliyi, özünəməxsus mahiyyəti, ülviliyi ilə seçilən çox qədim və müqəddəs bayramdır. Bu bayram neçə-neçə ayinləri, etiqadları, mərasimləri, adət-ənənələri, xeyirxah əməlləri, oyun-əyləncələri, tamaşaları, rəqsləri, nəğmələri ilə yaşayaraq günümüzə qədər gəlib çatmışdır. Novruzla-baharla bağlı müdrik kəlamlar, mənalı deyimlər, zərb-məsəllər, öyüd-nəsihətlər, xeyir-dualar, alqışlar yada düşür. Yüzillərin müşahidələri nəticəsində neçə-neçə inanc və sınama nümunələri yaranmış, onun şərəfinə nəğmələr qoşulmuşdur.
Novruz bayramı, onun ayin və mərasimləri folklorda və klassik ədəbiyyatda, bütün ozan və şairlərimizin, alim və mütəfəkkirlərimizin əsərlərində bayramlar bayramı, el bayramı, yeni il, təbiətin oyanması (di r i l m ə s i), yazın ilk günü, bahar bayramı, yeni gün - yeni həyat, fəsil dəyişməsi bayramı kimi özünə möhkəm yer tutmuşdur.
Novruz bənzərsiz, oxşarsız bir bayram olduğu kimi, onun keçirildiyi, qeyd olunduğu gün də çox müqəddəsdir. Məhz buna görə ulularımız bu günün şərəfini, qədir-qiymətini, çəkisini-sanbalını bir daha artırmaq, əzizləmək məqsədilə ona böyük-böyük adlar vermiş, sallı-salğarlı ünvanlarla tanıtmışlar. Xalqımız baharın gəlişini müjdələyən, göz oxşayan, könül açan, qəlb oxudan incə bir gülə-çiçəyə Novruzgülü, Novruzçiçəyi deyibdir.
Təbiətin dirildiyi bu ilk günün - yeni günün - Novruzun ilk sorağını çiçəklərin ən zərifi novruzgülü torpağın nəfəsi ilə isinərək qar altından baş qaldırıb bir səslə: "Bahar gəlir!, - Bahar gəlir!", - deyə sevinclə bildirir. Boynubükük bənövşə, yarpız, nərgiz də novruzgülü kimi hamını muştuluqlayır.
Təravətiylə yeri-göyü cana gətirən, gəncliyə eşq, məhəbbət, sevgi aşılayan, döyünən ürəkləri, titrəyən qəlbləri təmsil edən qədim "Bənövşə" xalq oyun-əyləncəsi də baharda - Novruzda yaranıb.
Uşaqların, cavanların həyatında yeni bir gün başlayır - "Bənövşə günü". Üz tuturlar bənövşə ətirli dağ ətəklərinə, dərələrə, güney yamaclarına, bulaqların yan-yörəsinə, gül-çiçək toplayırlar. Qız-gəlinlər tellərinin uclarına bənövşə düzür, yaxalarına bənövşə taxır, saçlarına minbir rəhgli, minbir ətirli çiçəklərdən çələng hörürlər. Bənövşədən dəstə tutub "yaz nübarı"dı, - deyə ana və bacılarına, qonum-qonşuya paylayır, nişanlı qızları sevindirir, mahnı oxuyurlar:
Boynu bükük bənövşəm,
Könlü sökük bənövşəm.
Qar üstündən boylanan,
A dərdlərə haylanan,
Yaz ətirli bənövşəm,
Bəyaz ətirli bənövşəm.

Yaşlılara da nübar bənövşə sovqatını aparırdılar. Onlar da "min-min belə nübara çatasınız", - deyərdilər.
Uzun illər boyu xalqımıza, digər türk xalqlarına yaz fəslinin - bayramın yaxınlaşmasını quşlar da xəbər vermiş, onların gəlişi min illər bundan əvvəlki baharın gəlişi kimi qarşılanmışdır. Bu vaxtlar ağacları, damları quş yuvaları bəzəyir. Evlərin taxtapuşunda, eyvanlarında baharın ilk mücdəçisi şanapipiyin, qaranquşun, hacıleyləyin, alacəhrənin cəh-cəhi, civiltisi - nəğməsi eşidilir.
Baharın soraqçısı hacıleylək inamı xalq arasında maraqlı əhvalatla mənalandırılıb. Yazqabağı ilk dəfə hacıleyləyi görən uşaqlar evə qaçıb dövran sürənlərdən muştuluq alardılar. Deyərdilər ki, hacıleyləklər yazın muştuluqçusudur. Baba-nənələri muştuluqlayan kimi soruşardılar: "De görək hacıleyləyin dimdiyində nə var idi?" Deyərdilər ki, sünbül. Bu, bolluq, bərəkət, səadət rəmzi deməkdir.
Yaxın Şərq klassik musiqisində ifa olunan Novruz-bayatı, Novruz-ərəb, Novruz-xara, Novruz-səba şöbələri, Azərbaycan muğam dəstgahlarından olan Rast, Mahur-hindi, Hümayun muğamlarında ifa olunan Novruz-büzürg, Novruz-əcəm, Novruzi-rəvəndə guşə və şöbələri Novruz adının rəmzi ifadəsi kimi meydana gəlmişdir.
Şur muğamı əsasında yaranmış Novruzu adlı Azərbaycan xalq rəqs havası, halay səciyyəli qədim Səməni mahnı-rəqsi məhz Novruz bayramı ovqatı ilə məişətimizə daxil olmuşdur.
Bayram şənliklərində danılmaz payı var Novruzun; bayramı vəsf edən, mahnı və şerləri xüsusi şövq və məharətlə ifa edənlər el içində Novruzxan adı ilə tanınıb. Geniş yayılmış milli atüstü oyun Baharbənd (Yaz bərəsi) qəlbə işıq, gözə nur, könülə sevgi bəxş edib həmişə. Novruz şənliklərində keçirilən bu oyunda el igidləri bəxtlərini sınayırlar. Atın çaparağında çuxasını, arxalığını, çarıqlılarını, kəmər və xəncərini bir-bir çıxarıb yola atır, müəyyən məsafədən sonra atı cəld geri döndərib yenə həmin getdiyi yolu qayıdır, atın cilovunu yığmadan növbə ilə atdıqları əşyaları yerdən qaldırıb geyiləni geyir, bağlananı bağlayırlar. Bu əməliyyatı tez yerinə yetirən atlı qalib sayılır. Oyun daha çox Qarabağda meşə ilə əhatə olunmuş "bənd" adlı düzənlikdə keçirilib. Deyilənə görə, bəndlərdə at çapmaq çətin və təhlükəli imiş, bu da mahir at sürənlərin meydana çıxmasına kömək edirmiş.
Dərdə-qəmə od vurmağıyla, ağırlığa-uğurluğa son qoymağıyla adını elimizə-obamıza, yurd-yuvamıza (Baharlı, Baharabad, Novruzlu, Bayramlı, Bayrambinə) verilən görüb Novruz. Dağı-daşı (Bahar, Bayramdərə) dilləndirib, bağı-bağçanı, çölü-çəməni (Yazçölü, Yazbağı) gülləndirib bu müqəddəs ad, bu ulu ünvan.
Novruz adını vaxtilə Həmədan yaxınlığındakı Bahar əyalətində yaşamış, müxtəlif vaxtlarda Azərbaycan türklərinin - Səlcuqların, Qaraqoyunluların, Ağqoyunluların, eləcə də qızılbaş tayfa birliyinin tərkibində olmuş, Göyçə mahalında, Qarabağ və Zəngəzurda yaşamış qədim oğuz tayfası - Baharlılar da daşımışdır.
Novruzun bayram xonçası kimi allı-güllü, qurşaqlı-qotazlı hüsnü, qədd-qaməti klassik Şərq ədəbiyyatının, o cümlədən Azərbaycan poeziyasının boyuna boy verib, şeiriyyətini daha da mənalandırıb, dadına-tamına özəl dad, şəhdi-şirə verib. Klassik şairlərimiz onu tərənnüm etməkdə yarışıblar. Bahar mövsümünün tərənnümü və təsviri ilə bağlı ədəbiyyatımızda geniş yayılan şeir - Bahariyyə (qəzəl, qəsidə və s.) meydana gəlib. Şeyx, şah və şair babamız Şah İsmayil Xətayi (XVI əsr) 62 beytdən ibarət olan "Bahariyyə"sində yazın - Novruzun bayram xonçası kimi əlvan hüsnünü canlı boyalarla təsvir edir:
Qış getdi, yenə bahar gəldi,
Gül bitdi və laləzar gəldi.
Quşlar hamısı fəğana düşdü,
Eşq odu yenə bu canə düşdü
  və i. a.
M.Füzulinin "Söhbətül-əsmar" ("Meyvələrin söhbəti") əsəri də bahariyyə -baharın təsviri ilə başlanır. Folklor və divan ədəbiyyatında Novruz bayramını, baharın gəlişini vəsf edən şeirlər Bahariyyə adı ilə yanaşı Novruznamə, Novruziyyə adları ilə də tanınıblar.
Yazın ilk günlərində dünyaya göz açan, qaranlıqdan işığa tələsən, nura, şöləyə can atan övladlarımıza, adımıza arxa durub, sanımıza soy gətirən, boyumuza boy ötürən balalarımıza verdik bu əzəli adı. Öz övladlarını-ciyərparalarını həmişəbahar, həmişəyaşar kimi təravətli, yaz ətirli, naz sətirli, sağlam, gümrah görmək istəyən nənə-babalarımız, ata-analarımız yazın-qədim milli bayramımızın rəmzi kimi qız uşaqlarını Bahar, Bənövşə, Yazgül, Qızgül, Nazgül, oğlan uşaqlarını isə Bayram, Novruz, Bəhruz adlandırıblar.
Xalqımız ən xoş gün, toy-büsat vaxtı kimi uğurlu sayıb, sevib-əzizləyib Novruz günlərini. Qız evinin qapısını kəsərlər, qızın hərisini alarlar, bu günlərdə. Allah xeyir versin, xoşbəxt olsunlar, qoşa qarısınlar, oğullu-qızlı olsun, - deyərlər. Nişanlı oğlan evindən qız evinə bayramlıq (bayram sovqatı) göndərilər, hədiyyələr, milli şirniyyatlı, noğullu-badamlı xonçalar yan-yana düzülər. Bayramda nişanlı qızların adına oğlan evindən alnına, ayaqlarına xına (həna) qoyulmuş, boynuna qırmızı parça bağlanmış, zınqırov asılmış qoyun-quzu gedər, sevinc payı yola salınar. Keçmişdə qız-gəlinlərimiz Novruzqabağı biçilib-tikilmiş Baharı adlı al-qırmızı rəngli don geyinərmişlər. Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan nəfis və zərif əl işləri ilə bəzədilmiş bu üst geyim növü gözəlliyi, incəliyi, naxış motivlərinin zənginliyi və yüksək texniki üslubla hazırlanması baxımından diqqəti cəlb edir.
Bu əziz bayram günlərində el alqışlarına üz tutarlar, bir-birinə gözaydınlığı verərlər, bir-birini təbrik edərlər: Bayramımız mübarək, neçə-neçə Novruz adlı yaxşı bayramlarımıza qovuşaq. Novruz ovqatı, Novruz sevgisi, bahar əhval-ruhiyyəsi, təravəti diləyirəm Sizə əziz soydaşlarım. "Həyat ağacı"nızın çiçəkləndiyi dövrünü - ömrünüzün baharını qoruyun! Bütün xeyirxah arzularınız, niyyətiniz həyata keçsin.

{nl}

Tofiq BABAYEV, əməkdar mədəniyyət işçisi

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında