"Nuru Paşa" dastanı poetik qardaşlıq abidəsidir

Nəriman Həsənzadə - 80

Ömrünün 80-ci ildönümü yenicə tamam olan xalq şairi Nəriman Həsənzadənin əsərlərində bitib-tükənməyən torpaq sevgisi, Vətən və millət məhəbbəti daim bahar təravəti saçır. Onun irihəcmli dram əsərlərində, poema və lirik şeirlərində canından çox sevdiyi xalqının tarixi keçmişi, bu günü, sevinc və acıları əks olunmuşdur. Şairin "Atabəylər", "Cavid", "Nəriman", "Midiya", "Zümrüd quşu", "Qaçaq Kərəm", "Pompeyin Qafqaza yürüşü", "Qafqaz" kimi əsərlərində Azərbaycanın müxtəlif dövrlərinin tarixi həqiqətləri bədii salnaməyə çevrilmişdir.
Nəriman Həsənzadənin bu yaxınlarda nəşr etdirdiyi "Nuru Paşa" poeması Azərbaycanın XX əsrin əvvəllərindəki çox mürəkkəb və kəşməkəşli tarixinin mühüm dövrünü əhatə edir. Poemaya AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov ön söz yazmışdır: Tarixin daha əvvəllərində yaranmalı olan, amma milli istəkdən asılı olmayaraq yarana bilməyən "Nuru Paşa" dastanı, yaxud simfoniyası çox gec yarandı... Ancaq yarandı... Və nə edək ki, bizim qəhrəmanlıq dastanlarımızın ömrü qəhrəmanlığımızın ömründən daha uzun olur. Hətta onu yaradan sənətkarın ömründən də ... Yaşa, "Nuru Paşa".
Tanınmış türk şairi İsmət Bora Binatlı "Nuru Paşa" poemasını Türkiyə türkcəsinə çevirmiş, əsər Türkiyədə bir neçə dərgidə yayımlanmışdır.
"Nuru Paşa" poeması Azərbaycan tarixinin XX əsrin əvvəllərindəki daha bir faciəli dövrünün əksidir. Bu dövr 16 mart 1918-ci ildən başlayaraq 15 sentyabr 1918-ci ilədək - daşnak-bolşevik quldurlarının törətdikləri soyqırımdan Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi gününədək olan hadisələri əhatə edir. Nəriman Həsənzadə bu qısa, lakin Azərbaycan Demokratik Cümhuriyyətinin (1918-1920) yaşaması üçün həlledici olan bir tarixi bədii şəkildə qələmə almışdır. Oxucu poemanın qəhrəmanı Nuru Paşanın hərbi yürüşünün dramatik epizodlarını əvvəldən sona qədər həyəcanla, nəfəs çəkmədən izləyir.
1918-ci ildə Çar Rusiyasının müstəmləkə zəncirindən qopub müstəqil dövlət qurmaq istəyən Azərbaycan və Dağıstan torpaqlarını işğal etmək, onlara sahiblənmək niyyətində olan, azərbaycanlıları kütləvi surətdə qıran bolşeviklərin və onların əlaltıları olan xain ermənilərin bu torpaqlardan qovulması yerli milli qüvvələrin gücü xaricində idi. O qanlı-qadalı günlərdə Osmanlı ordusunun köməyinə ehtiyac var idi. Bu məqsədlə Azərbaycan və Şimali Qafqaz liderləri o zaman Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşaya (1880-1922) müraciət etmişdilər. Ənvər Paşa qardaşı Nuru Paşanın (1889-1949) rəhbərliyi altında hərbi heyət təşkil edərək Qafqaza göndərmişdi. Türk hərbçilərindən təşkil edilən bu qoşuna "Qafqaz İslam Ordusu" adı verilmişdi.
1918-ci il mayın 25-də Gəncəyə gələn Nuru Paşa bolşevik-daşnak qüvvələrin Göyçaya qədər irəlilədiklərini görərək güclü bir qüvvəyə ehtiyac olduğunu və nizamlı bir bölmə göndərilməsini Ənvər Paşaya bildirmişdi. Beşinci Qafqaz diviziyasının Göyçay cəbhəsinə gəlməsi ilə bolşevik erməni-daşnak qüvvələrin qarşısı alınmışdı. Qafqaz İslam Ordusu bir ay müddətində düşmənləri geri sıxışdırmışdı. Nuru Paşanın Azərbaycana gəlişini - bu əzəmətli yürüşü Nəriman Həsənzadə belə mənalandırır:
Nuru Paşa at belində
Türkiyədən - Qarsdan gəlir.
"Azərbaycan" deyə-deyə,
Yaralanmış aslan gəlir.
Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunda türk zabit və əsgərlərinin göstərmiş olduqları fədakarlıq və qəhrəmanlığa heyran kəsilən vətəndaş şair Nəriman Həsənzadə bu xilaskarlığı bədii sözün ucalığına yüksəldir:
Azərbaycan! Səndən ötrü
gör neçə min şəhid gəlir!
Türkdən doğulan türk gəlir,
Kərbəladan Kərkük gəlir,
İzmirdən, Sivasdan gəlir.
Bakı döyüş meydanıdı
Hələbdən - savaşdan gəlir.
...Annəm! Annəm!, - deyib gəlir.
Anasını Türkiyədə qoyub gəlir -
Azərbaycan anasının köməyinə.
Göyçayı, Salyanı, Ağsunu, Kürdəmiri, Şamaxını düşmən qüvvələrdən təmizləyən Qafqaz İslam Ordusu çoxlu şəhid verərək, 8 min osmanlı əsgəri və 6 min Azərbaycan qüvvəsi ilə 15 sentyabrda Bakını erməni və ruslardan azad etdi. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa qalib türk əsgərləri ilə birlikdə zəfərlə Bakıya girdi. Nuru Paşadan sonra isə Şərq orduları qrupu komandanı Xəlil Paşa şəhərə daxil oldu. Xilaskar orduları və komandanları yerli əhali təntənə və sonsuz təşəkkür hissləri ilə qarşıladı. Azərbaycan Cümhuriyyətinin Baş naziri Fətəli Xan Xoyski Nuru Paşaya ünvanladığı müraciətnaməsini "Qafqaz İslam Ordusu" komandanı sədaqətli Nuru Paşa həzrətlərinə" - deyə başlamış və belə davam etmişdi: "Əmriniz altında olan cəsur türk əsgərlərimiz tərəfindən Bakının düşməndən təmizlənməsi münasibətilə millətimə, Allaha və dünyanın ən cəsur və soylu əsgəri olan türk oğullarına minnətdar olduğumu bildirməklə iftixar edirəm".
Poemada bu qalib türk sərkərdəsinə qardaş minnətdarlığı belə tərənnüm edilir:
Var ol səni, arxam mənim,
Arxalı səs-sədam mənim.
Fatehlərin varisidir,
Turanlı şahzadəm mənim.
Türküm mənim, irqim mənim.
Osmanlı ordusunun minlərlə şəhid verərək Azərbaycan torpaqlarını düşmənlərdən xilas etməsi qardaşın qardaşa zəruri yardımının ən yüksək nümunəsi idi. Nuru Paşa daşnak-erməni və bolşevik-rusların 1918-ci il martın 18-dən aprelin 1-dək həyata keçirdikləri soyqırımda on minlərlə Azərbaycan türkünün öldürüldüyünü ürək ağrısı ilə xatırlayaraq, Ənvər Paşaya göndərdiyi məktubda "Bakının azad edilməsi əsnasında müsəlman xalqla ermənilər arasındakı çatışmaların baş verməsini, bir qism erməni və bir neçə rusun öldürülməsini, ancaq onların 18 martda öldürülən müsəlmanların yüzdə birini təşkil etmədiyini" yazmışdı.
15 sentyabrda Bakı əsl sahiblərinin əlinə keçmişdi. Türk əsgərinin əzm və müharibə qüdrəti qarşısında məğlubiyyətə uğrayan ingilis qoşunları da xilas yolunu gəmilərə minərək Ənzəliyə qaçmaqda görmüşdülər. Bu qələbə, əslində, 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Demokratik Cümhuriyyətini xilas etmiş oldu:
Türk can qoydu bu torpaqda
"Azərbaycan"deyə-deyə,
Tarix! Səni oxuyuram
Mən türkə "can" deyə-deyə.
Çox təəssüf ki, I Dünya müharibəsi hadisələrinin Osmanlı dövləti əleyhinə inkişaf etməsi türk ordusunun Azərbaycanda qalmasını imkansız hala gətirdi. Qəhrəman türk əsgərinin qanı ilə suladığı Azərbaycan torpağını bir müddət sonra, 1920-ci ilin 28 aprelində XI qızıl ordu, bolşeviklər işğal etdilər. Türk ordusunun o zaman Azərbaycanda tökülən qanları və şəhid məzarları unutdurulsa da, 70 il sonra haqq öz yerini tapdı. Bu məzarlarda yatanların ruhu qanad açdı. Nuru Paşa yenidən yaddaşlarda doğuldu, azad etdiyi hər qarış torpağın fəxri vətəndaşı oldu:
Bakı, Şirvan, Gəncə,
Qazax Vətənidi.
Qədim Dərbənd, Mahaçqala
Vətənidi,
Uçurulmuş neçə Saray,
Dağıdılmış neçə Qala Vətənidi.
Şair Nuru Paşa kimi cəsur sərkərdələrin tarixin hər zamanında doğulduğunu, bu gün də az olmadığını ümid və iftixarla söyləyir.
Nə qədər ki, sərhəd boyu
Hədələyir bizi yağı,
Nə qədər ki, almamışıq
Zəngəzuru, Qarabağı
- deyən şair bu torpaqları azad edəcək türk oğullarının varlığına və qeyrətinə inanır. Poemada Nuru Paşa tarixi şəxsiyyət, yenilməz bir sərkərdə, qeyrətli bir türk qəhrəmanı kimi ucalır. Onun tərcümeyi-halından çox, fədakarlığı, cəsarət və şücaəti göz önündə canlanır:
Nuru Paşa Gəncəyə birbaşa gəlir,
O fikir ki, başa gəlir,
Deyirlər ki, fikirdən yox,
Başdan keçər, Nuru Paşa.
İndi bildim, Paşa sözü
Daşdan keçər, Nuru Paşa.
Vətən səni şəhid verir,
Girov qoyur, Nuru Paşa.
"Nuru Paşa" poeması məfkurə tariximizin bədii əksi, milli tarixin heykəlləşmiş şeiriyyətidir. Bu poemada türk tarixinin cəsur sərkərdələrindən biri olan Nuru Paşa poeziya dili ilə dastanlaşmışdır. Bu əsər bu günlərdə 80 yaşı tamam olmuş Nəriman Həsənzadənin ciddi yaradıcılıq uğuru, oxucularına, Azərbaycan - Türkiyə qardaşlığına poetik töhfəsidir.

{nl}

Maarifə HACIYEVA, filologiya elmləri doktoru, professor

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında