Ölkəmizin hər yerində olduğu kimi, cənub bölgəsində də Novruz şənlikləri yüksək təmtəraqla, coşğu ilə keçir. Baharın gəlişinə sevinən adamlar el şənliklərində böyük həvəslə iştirak edir, sabaha daha böyük inamla baxırlar.
Lənkəran
Şəhərin Heydər Əliyev adına xatirə parkında əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü. İştirakçıların çöhrələri günəş nuruna qərq olmuşdu. Park Novruz rəmzləri ilə bəzədilmiş, meydanın mərkəzində səmənilər qoyulmuş, iri tonqal qalanmışdı. Burada xalq sənəti nümunələrindən, uşaq rəssamlıq məktəbi şagirdlərinin əl işlərindən və rayonda istehsal olunan sənaye məhsullarından ibarət sərgi təşkil olunmuşdu.
Bayram şənliyi ulu Dədə Qorqudun xeyir-duası, təbrikləri ilə başlandı. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov sakinləri müqəddəs Novruz bayramı münasibətilə təbrik edərək, hər bir ailəyə sonsuz sevinc, bol ruzi, firavanlıq arzuladı.
Tədbirdə rayon mədəniyyət şöbəsinin "Nənələr" folklor ansamblının bir-birindən maraqlı çıxışları alqışlarla qarşılandı. Lənkəran şəhər 1 və 2 saylı musiqi məktəbi şagirdlərinin, şəhər 15 saylı uşaq bağçasının balaca fidanlarının ifasında şən, oynaq mahnılar səsləndi. Milli geyimli qızlar meydanda dövrə vurub yallı getdilər. Populyar müğənni Cavad Rəcəbovun ifa etdiyi mahnılar hamıda xoş ovqat yaratdı.
Bahar qız faytonla meydana daxil oldu. Xalqımızın Novruz adətlərindən danışdı, hamıya bahar çiçəkləri kimi təravətli xoş günlər arzuladı.
Kosa, Keçəl tonqal ətrafında dövrə vurub məzəli söhbətlər edir, səhnəciklər göstərirdilər. Rayon idmançılarının çıxışları tədbir iştirakçıları tərəfindən xüsusi bir rəğbətlə, alqışlarla qarşılandı.
Rəngarəng, maraqlı konsert proqramı isə hamının ürəyindən oldu.
... Qocaman Xəzərin aynasında bəzənib-düzənən, yaşının üstünə yaş gəldikcə cavanlaşan Lənkəranın bayram ab-havası bütün könüllərə hakim kəsilmişdi. Hər kəsdə nikbin ruh, iftixar, qürur yaratmışdı. Deyib-gülən, şənlənən sakinlərin baxışları sabahın bugündən də gözəl olacağına, güzəranın daha da yaxşılaşacağına tükənməz inam ifadə edirdi.
Cəlilabad
Allı-güllü Novruz şənlikləri Cəlilabadın gözəlliklərini sanki birə-beş qat artırmışdı. Yeni iştirahət mərkəzlərindən olan "Tut bağı" ərazisində qədim mədəniyyətimizə xas memarlıq atributları, ana təbiətin təbəssümlü çağlarını əks etdirən mənzərələr göz-könül oxşayırdı.
Rayon sakinləri məhz "Tut bağı"nda baharın pişvazına çıxmışdılar. Buranın çal-çağırı ətrafa sevinc, fərəh dolu ovqat yayırdı. Pəhləvanlar məharətlərini göstərir, Kosa, Keçəl, Meydanbəyi isə meydan sulayırdılar. Gül-çiçəkli, səmənili, xonçalı Novruza Cəlilabadın gənc rəssamlarının burada nümayiş etdirilən əsərləri də əlavə rəng qatmışdı.
Aparıcılar elimizin-obamızın milli adət-ənənələrinin davam və inkişaf etdirilməsinə, dünyaya tanıdılmasına görə Prezident İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya cəlilabadlılar adından minnətdarlıq duyğularını ifadə elədilər. Dedilər ki, get-gedə artan mənəviyyat xəzinəmizdən indi hər kəsə pay düşür, sevinc çatır. Bu yöndə rayonda həyata keçirilən tədbirləri də diqqətə çatdıran aparıcılar cəlilabadlıların bayramını ürəkdən təbrik etdilər.
Sonra bəzəkli faytonda Ozan baba və Bahar qız meydana daxil oldular, camaatla səmimi görüşüb ən xoş arzularını çatdırdılar. Müğənnilərin təqdim elədikləri əlvan musiqi çələngi hər kəsin ürəyindən oldu. "Cəngi"nin hünərə səsləyən sədaları, "Qarabağ şikəstəsi", ulu, şux rəqslər ürəklərdə əks-səda verirdi.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da, rayonun digər rəhbərləri də əvvəldən sonadək bayram iştirakçıları ilə birlikdə oldular, onların sonsuz sevincinə, fərəhinə şərik çıxdılar.
Bayram təntənələri şadlıq sarayında Novruz süfrələrinin ətrafında davam etdirildi. Yurdumuza sayalı qədəmlərlə gəlib təbiəti oyadan, suları çağladan, havanı ətirləndirən baharın ən gözəl qönçələri ürəklərdə açdı. Cəlilabadlılar Novruzu ürəklə, arzu-diləklə qarşıladıqları kimi, cari ili də eyni fərəhlə, uğurlu işlərlə yola salacaqlarına əminliklə şənlikdən ayrıldılar.
Biləsuvar
"Novruz - yeni gün" şənliyi qədim Həməşərə düzündə - Heydər Əliyev adına idman və sağlamlıq kompleksində öz ətrafına minlərlə rayon sakinini toplamışdı. Sübh tezdən hər tərəfi zərrin şəfəqlərinə bələyən, hər kəsin qəlbinə hərarət yayan günəş də sanki təbiətin oyanışına sevinirdi. Ötən ili uğurla yola salan, bu ilə fərəhli işlərlə başlayan, doğma yurdun abadlığından, təmizliyindən qürur duyan Biləsuvar sakinləri də üz-gözlərində bir günəş təbəssümü gəzdirirdilər. Hamı bir-birini təbrik edir, ən xoş arzu və istəklərini ifadə edirdi.
Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri və qonaqlar burada məharətlərini sərgiləyən qız-gəlinlərin yuxa bişirməsi, nehrə çalxalaması, cəhrədə yun əyirməsi ilə tanış oldular, qədim məişət əşyalarına, xalçalara, kilimlərə baxdılar.
"Bayram gəlir elimə" mahnısının həzin təranələri ilə, "Azərbaycan" nəğməsinin iftixar doğuran notları ilə süslənən tədbir hər kəsin könlünü sevindirirdi.
Rayon rəhbərliyinin bayram təbrikləri alqışlarla qarşılandı. Sonra təbiətin dilbər qızı Bahar, ulu ozan Dədə Qorqud da camaata təbriklərini çatdırdılar, təzə ilə, yeni günə xeyir-dualarını verdilər.
Milli geyimli qız və oğlanlar, nağıl personajları Kosa və Keçəl şənliyi yetərincə rövnəqləndirdilər.
Meydan rəqslərə verildi. Şux qamətli, sürəvək oğlanlar, incə belli qızlar əsrlərdən süzülüb gələn, adamı gəncliyinə qovuşduran oynaq təranələrin "mehi"ndə məharətlərini göstərdilər. İdmançıların çıxışları da hər kəsi heyran qoydu. Atlıların meydana daxil olması, tonqalı alovlandırması əsrarəngiz təsir bağışlayırdı.
"Qarabağ şikəstəsi"nin sədaları isə vətənpərvərlik duyğularından, hər birimizin vətənin bütövlüyü amalından soraq verirdi.
Biləsuvarlıların sevinc dolu anlar yaşadığı Novruz şənliyi hamıya xoş ovqat bəxş elədi, unudulmaz təsir bağışladı. Qədəmləri uğurlu olsun baharın!
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.