Bütün cinayətlərin cəzasını yüngülləşdirmək üçün müəyyən çıxış yolları tapılır, təkcə Vətənə xəyanət edənlərin bağışlanılması mümkün deyil.
Pol GİBSON
{nl}
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda hansısa irəliləyiş qeydə alınan kimi dünyanın müxtəlif yerlərindəki antiazərbaycan dairələri dövriyyəyə yeni ssenari atırlar. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin son görüşündən sonra da bu köhnə variant işə düşdü. Münaqişənin həlli yolunda uğurlu addımların atılacağından qorxuya düşən düşmənlər Azərbaycandakı daxili sabitliyi pozmaq üçün bilavasitə ölkə daxilindəki təmsilçilərinin əli ilə yeni qarşıdurma dalğasına rəvac verdilər.
Ancaq son zamanlar müxalifət adına iddialı radikal qaragüruhçuların fəallaşmasının başqa səbəbləri də var. Məsələn, Azərbaycanın beynəlxalq nüfuzu artdıqca bədxahlarımızın narahatlığı da çoxalır və bu narahatlığı ölkədaxili sabitliyi pozmaq cəhdləri ilə büruzə verirlər. Son 17 ildə qazandığımız sürətli sosial-iqtisadi inkişafımızı gözü götürməyənlərin xaos və anarxiya arzusu elə həddə çatıb ki, həmin arzunu reallaşdırmaq üçün nədən başlayıb nədən qurtaracaqlarını da bilmirlər.
Xaricdən idarə olunan, hansısa maraqlı qüvvələrin əlində oyuncağa çevrilmiş insanların siyasətlə məşğul olması hələ götür-qoy etməyi bacarmayan, kor-koranə hərəkət edən uşağın əlinə bıçaq verilməsi kimi bir haldır. Uşaq ya öz əlini kəsəcək, ya da evdə nəyəsə ziyan vurmaqla qan-qaraçılıq törədəcək. Bu tezisi Azərbaycanda fəaliyyət göstərən radikal müxalifətin addımlarına şamil etsək, yadımıza düşər ki, həmin uşaqlar artıq bir neçə dəfə öz əlini kəsib, antiazərbaycan qüvvələrin tapşırıqlarını yerinə yetirərkən evə - yəni ölkəmizə ziyan vurub, gələcəyimiz, daha firavan sabahımız üçün çalışanların hər addımını ləngitməyə çalışıblar. Bir həqiqət də var ki, radikal müxalifət dediyimiz qaragüruh dəstəsi nə edibsə də, Azərbaycanın sürətli inkişafına mane ola bilməyib. Çünki bu inkişafı xalq istəyib və xalq dəstəkləyib. Bir ovuc xaricdən idarə olunan adamlar sadəcə ürək bulandıra biliblər, vəssalam.
Bəs özü və üzü görünməyən qüvvələrin təlimçi çubuğuna bənzər göstərişləri ilə hərəkət edənlər nə istəyirlər? Sadəcə, pul göndərən ağalarının göstərişlərini yerinə yetirirlər ki, bu da əslində milli mənafelərə xəyanətdən başqa bir şey deyil. İkinci, xaricdəki antiazərbaycan qüvvələrin oyuncağına çevrilmiş insanları Azərbaycanın sosial-iqtisadi inkişafı və ya daha firavan gələcəyi deyil, hansı yolla olursa-olsun hakimiyyətə gəlmək məsələsi maraqlandırır. Hesab edirlər, ölkədə 20 Yanvar faciəsi və ya Xocalı soyqırımı kimi qanlı hadisələr törənərsə, yenə də xaos, anarxiya, hərki-hərkilik, özbaşınalıq girdabını bərpa edə bilərlər.
Odur ki, radikal müxalifət başbilənləri Xocalı və ya 20 Yanvar faciəsinin analoqu olan bir hadisənin törənməsini arzulayır, sabitliyi pozmağa çalışırlar. Ərəb ölkələrində baş verən hadisələrdən ruhlansalar da, xalq xəyanətkarlara nifrət edir. Ərəb ölkələrindəki hadisələrin heç birinin müəllifi ərəb insanı deyil. Həmin hadisələrin hamısı Qərbdəki bəzi siyasi dairələrin ssenarisi üzrə başlayır, davam edir və zərər çəkən məhz ərəb övladı, ərəb insanı olur. Qərb dairələrinin bütün müsəlman dünyasını qarışdırmaq kimi iyrənc fitnəsinə hansısa ölkədə kimlərsə uyubsa, Azərbaycanda bu ssenarinin baş tutması qeyri-mümkündür. Azərbaycan xalqı Əli Kərimlini də, İsa Qəmbəri də çox yaxşı tanıyır.
Bu adamlara kimsə desə ki, Azərbaycanın bir hissəsini hansısa ölkəyə verməyə hazır olun, sizin hakimiyyətə gəlməyinizi dəstəkləyək - əlüstü razılaşarlar. İndi ona görə dilləri qısadır ki, sosial bazaları yoxdur, hamı onların iç üzünə bələd olandan sonra tək qalıblar. Bir də ki, Prezident İlham Əliyevin bilavasitə xalqa xidmət edən siyasəti radikal müxalifətin böyür-başındakı insanların haqqa qayıtmasını təmin edib. İnsanlar ayda bir dəfə mitinqdə verilən 15-20 manatı deyil, daimi iş yerlərini üstün tutaraq öz siyasi mövqelərində düzəliş ediblər. Digər tərəfdən Azərbaycanın ordu potensialının güclənməsi, müasir, çevik Silahlı Qüvvələrin Dağlıq Qarabağ münaqişəsinin milli maraqlarımız çərçivəsində həllinə təminat yaratması müxalifətin ətrafında olan az-çox sosial bazanın xalqın iqtidarını dəstəkləməsinə səbəb olub.
Yəni bizim müxalifət indi "Facebook" kimi "informasiya mənbələrindən" bəhrələnən qeyri-yetkin gəncləri başına toplamaqdan başqa bir yol tapmır. Unudurlar ki, həmin səriştəsiz və mövqesiz gənclərin sayı 50-60 nəfərdirsə, xalqın sabahını, dövlətçiliyimizin gələcəyini düşünən savadlı, mütərəqqi, müasir təfəkkürlü gənclərimiz on minlərlə, yüz minlərlədir. Müxalifətin lokal dairəsi "Facebook"la əməkdaşlığını genişləndirdikcə, milyonlarla azərbaycanlı Azərbaycan iqtidarının ətrafında daha sıx birləşir, daha mütəşəkkil qaydada dövləti və dövlətçiliyi müdafiə edir.
Yeri gəlmişkən, başqa bir məsələni də xüsusilə qeyd etməyə zərurət var. Belə ki, son zamanlar ölkəmizdə gedən bir çox proseslər xalqın dövlətə olan inamını qat-qat artırır. Korrupsiya, rüşvətxorluq, inhisarçılıq, süründürməçilik və digər neqativ hallara qarşı mübarizənin daha da gücləndirilməsi böyük rəğbətlə qarşılanıb. Əslində bu mübarizə 1993-cü ilin payızından etibarən həmişə aparılıb. Son zamanlar isə dövlət bu məsələdə daha konkret və daha qətiyyətli mövqe nümayiş etdirir. Ona görə də xalqın iqtidara inamı gündən-günə artır və bu tendensiya müxalifəti ciddi narahat edir. Bir sözlə, xaricdəki anti-Azərbaycan qüvvələrin sifarişi ilə fəaliyyət göstərən radikal qaragüruhçular (onlara müxalifət demək mümkün deyil) irad tutmaq üçün heç bir əsas tapmayanda mütləq "qaşınmayan yerdən qan çıxarırlar".
Mən əvvəllər bu qəbildən olan adamların ümumxalq qınağına tuş gəlməsini arzulayırdım. Ancaq bizim son 17 ildə əldə etdiyimiz sosial-iqtisadi uğurları, qazandığımız nailiyyətləri heçə endirmək, vurub dağıtmaq istəyən adamların cəzası tamamilə başqa cür olmalıdır. Bu cəzanı təyin etmək üçün əksər Avropa ölkələrinin qanunlarından da mükəmməl olan Azərbaycan qanunları mövcuddur. Hamı qanuna tabe olmalıdır. Hüquq-mühafizə orqanları sabitliyi pozanların, inkişafımıza əngəl törədənlərin qanun çərçivəsində cəzalandırılması üçün sərt mövqe tutmalıdırlar.
{nl}
Müqamət ƏLİYEV, Gənc Vətənpərvərlər Birliyinin sədri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.