Qafqaz Müsəlmanları İdarəsinin nümayəndə heyəti Rusiyanın Şimali Qafqaz regionunda səfərdə olmuşdur

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti martın 15-dən 17-dək Rusiya Federasiyasının (RF) Şimali Qafqaz regionunda səfərdə olmuşdur. 
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, martın 15-də nümayəndə heyəti RF-in Kabarda-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində olmuşdur. Şeyxülislam A. Paşazadə burada dini-tədris kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir. Elə həmin gün nümayəndə heyəti Kabarda-Balkar Respublikası Müsəlmanlarının Dini İdarəsinin VI növbədənkənar qurultayında iştirak etmişdir. Qurultayda əsas məsələ respublikanın yeni müftisinin seçilməsi olmuşdur.
Qurultayda Qafqazın din xadimlərinin qarşısında duran vəzifələr və ümumi evimiz olan Qafqazın xoş gələcəyinin qurulması işində onların fəal iştirakının vacibliyindən danışan QMİ sədri A.Paşazadə Kabarda-Balkar Respublikası Müsəlmanları Dini İdarəsinin rəhbəri vəzifəsinə hazırda müfti vəzifəsini icra edən Həzrətəli Dzasejevin namizədliyini layiq bildiyini diqqətə çatdırmışdır. Müfti əvəzi H. Dzasejevin çıxışını dinlədikdən sonra onun namizədliyi səsə qoyulmuş və yekdilliklə qəbul edilmişdir. Qurultay başa çatdıqdan sonra şeyxülislam A. Paşazadənin adından ehsan süfrəsi açılmışdır.
Martın 15-də şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti RF-in Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərinə gəlmiş və səhərisi gün Qaraçay-Çərkəz müsəlmanlarının VIII hesabat-seçki qurultayında iştirak etmişdir.
Qurultayda Qaraçay-Çərkəz Respublikası Müsəlmanları Dini İdarəsinin sədri müfti İsmayıl Berdiyev məruzə ilə çıxış etmişdir. Sonra çıxış edən QMİ sədri şeyxülislam A. Paşazadə İ. Berdiyevin Qaraçay-Çərkəz Respublikasının müftisi vəzifəsində fəaliyyətini davam etdirməsini təklif etmişdir.
Şeyxülislam A.Paşazadə ümumi Qafqaz əhəmiyyətli məsələlər, o cümlədən Azərbaycanın 20 faiz torpağının Ermənistan tərəfindən işğalının davam etməsi, Qarabağ torpağında hələ də dinc insanların qanının axıdılması barədə fikirlərini iştirakçılarla bölüşmüşdür. Qurultay İ. Berdiyevin növbəti 5 il üçün Qaraçay-Çərkəz Respublikasının müftisi seçilməsinə yekdilliklə səs vermişdir.
Martın 16-da QMİ nümayəndə heyəti Şimali Osetiya-Alaniya Respublikasına səfərə gəlmişdir. Hava limanından Azərbaycan nümayəndə heyəti 7 il bundan əvvəl Beslan şəhərində törədilmiş terrorun qurbanlarının uyuduğu "Mələklər şəhəri" xatirə abidəsini ziyarətə yollanmışdır.
Martın 17-də QMİ sədri Vladiqafqazdakı Cümə məscidini ziyarət etmiş, burada yaşayan azərbaycanlılarla görüşmüşdür.
Sonra QMİ sədri şeyxülislam A. Paşazadə Şimali Osetiya-Alaniya müsəlmanlarının qurultayında iştirak etmişdir. Burada çıxış edən A. Paşazadə yeni müfti seçilməsi ilə bağlı Hacımurad Qatsalovun namizədliyini irəli sürmüşdür. Qurultay yekdilliklə Hacımurad Qatsalovu Şimali Osetiya-Alaniya müsəlmanlarının dini rəhbəri vəzifəsinə seçmişdir.
Martın 17-də QMİ sədri şeyxülislam A. Paşazadə başda olmaqla Şimali Qafqazın din xadimlərini Şimali Osetiya-Alaniya Respublikasının başçısı Taymuraz Mamsurov qəbul etmişdir. Şeyxülislam A. Paşazadə səmimi qəbula görə din xadimləri adından Osetiya-Alaniya Respublikasının Prezidentinə minnətdarlığını bildirmişdir.

{nl}

Novruz Azərbaycana martın 20-dən 21-nə keçən gecə saat 3.20 dəqiqə 55 saniyədə qədəm qoyacaqdır
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə xalqımızı təbrik etmişdir.
Təbrikdə deyilir ki, Novruz Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan bayramlardandır. Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirir. Bu bayramda savaşlar dayandırılır, küsülülər barışır, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşürlər. Bu əziz günlərdə dünyadan gedənlərə rəhmət diləmək, valideynləri, ağbirçək və ağsaqqalları yada salmaq, ailə məhəbbətini və dostluq tellərini bərkitmək xalqımızın milli mədəniyyətinin ən gözəl nümunəsidir. Uca yaradandan süfrələrə xeyir-bərəkət, nemətlərə təşəkkür diləyi ilə Novruza qədəm qoyan xalqımızın ümdə duaları Vətənimiz, dövlətimiz və zəfərli sabahımız üçündür. Allaha çox şükürlər olsun ki, hər yeni Novruz bayramı dövlətimizin başçısı, Zati-aliləri İlham Əliyevin yorulmaz səyləri nəticəsində ölkəmizin və millətimizin uğurlu inkişafının göstəricisinə çevrilir, Qarabağda qələbəmizə inam və əzmimizi artırır. Əminik ki, inşallah, gün gələcək və biz Novruzu doğma Qarabağda - Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə qarşılayacaq, el adəti üzrə illərin acısını tonqallarda yandırıb, arzularımızı səməni kimi göyərdəcəyik.
Müraciətdə deyilir: "Astronomik hesablamalara görə, martın 20-dən 21-nə keçən gecə saat 03.20.55-də il təhvil olur. Bir daha elimizin gözəl bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir, hər ailəyə xoşbəxtlik, hər evə rifah və əmin-amanlıq diləyirəm".

{nl}

Azərbaycanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına xəbərdarlıq etmişdir
Azərbaycanın Xarici İşlər Nazirliyi respublikanın vətəndaşlarına Yaponiyadakı mövcud vəziyyətlə bağlı xəbərdarlıq etmişdir.
Nazirliyin rəsmi saytında yerləşdirilmiş xəbərdarlıqda deyilir ki, cari il martın 11-də Yaponiyanın şimal-şərqində, Sakit okeanda 2,5 dəqiqə davam edən 8,8 bal gücündə zəlzələ baş vermiş, zəlzələdən sonra 100 "aftershock" qeydə alınmışdır. Təbii fəlakət nəticəsində Yaponiyanın şərq bölgələrində yerləşən 9 prefekturaya, əsasən İvate, Miyaqi, Fukuşima, İbaraki, Toçiki, Qunma, Saitama və Tokio prefekturalarına daha çox ziyan dəymişdir. Zəlzələ nəticəsində yaranmış sunami Yaponiyanın şimal-şərq və şərq sahillərində yerləşən Fukusima, Miyaqi və İvate prefekturalarına dağıdıcı təsir göstərmiş, yaşayış məntəqələri su altında qalmışdır. Fukusima prefekturasında fəaliyyət göstərən iki nüvə elektrik stansiyası - Fukusima-1 və Fukusima-2 atom elektrik stansiyalarında nasazlıq əmələ gəlmiş, stansiyaların yaxınlığında radiasiyanın həcmi mümkün normanı min dəfə üstələmişdir.
Bunları nəzərə alaraq, Yaponiyaya səfər etmək istəyən Azərbaycan Respublikasının vətəndaşlarına vacib olmadıqda bu ölkəyə səfərlərini təxirə salmaları tövsiyə olunur.
Yaponiyada daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarının ölkədə baş verən zəlzələ və radiasiya təhlükəsi ilə əlaqədar Yaponiya rəsmiləri tərəfindən elan olunan təlimatları mütəmadi izləmələri və mövcud qaydalara əməl etmələri, eləcə də yaranmış hər hansı problemlə bağlı yardım göstərilməsi üçün Tokioda yerləşən Azərbaycanın səfirliyinə müraciət etmələri məsləhət görülmüşdür.

{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında