Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda BƏT-in baş direktoru Qay Rayder, BƏT-in və digər beynəlxalq qurumların, ayrı-ayrı ölkələrin hökumətlərinin, həmkarlar ittifaqlarının və işəgötürənlər təşkilatlarının yüksək səviyyəli nümayəndələri iştirak edib.
Azərbaycanda dayanıqlı iqtisadi inkişaf şəraitində əhalinin məşğulluq imkanlarının artırılması üçün həyata keçirilən fəal siyasətə görə respublikamız BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci Məqsədin (Layiqli əmək və iqtisadi inkişaf) icrası ilə bağlı region üzrə fokus ölkə seçilib. Tədbir də məhz buna görə Bakıda keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son onilliklər ərzində texniki tərəqqi və sosial inkişaf sahəsində uğurlara nail olunduğunu, lakin eyni zamanda mövcud qlobal problemləri, o cümlədən dünyada 800 milyon insanın yoxsulluqdan aşağı həddə yaşadığını diqqətə çatdırıb. Nazir BMT-nin Davamlı İnkişaf Gündəliyinin bu problemlərin həllinə doğru qlobal siyasi qətiyyəti ifadə etdiyini bildirib.
S.Babayev qeyd olunan məqsədlərin icrası sahəsində ölkəmizdə əldə edilən nailiyyətləri qeyd edib, bu uğurların ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətinin real təzahürləri olduğunu vurğulayıb. O, ölkəmizdə aparılan iqtisadi islahatların əsasında rifah amilinin, insan kapitalının yüksək inkişaf səviyyəsinə nail olunmasının dayandığını, layiqli əməyin təmin edilməsi, qeyri-formal məşğulluğun aradan qaldırılması və s. vacib komponentlər üzrə tədbirlərin tripartizm prinsipi əsasında reallaşdırıldığını qeyd edib.
Eyni zamanda, BƏT-in baş direktoru Qay Rayderin 2013-cü ildə irəli sürdüyü “Əməyin gələcəyi” təşəbbüsünə ölkəmizin də dəstək verdiyini bildirən nazir Q. Rayderin Azərbaycana hazırkı ilk səfərini Azərbaycanla BƏT münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirib.
S.Babayev Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olduğunu, Bakı “Expo2025” sərgisi üçün müəyyən olunan “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusunun ümumbəşəri aktuallıq kəsb etdiyini vurğulayıb, tədbir iştirakçılarına məhsuldar müzakirələr və uğurlar arzu edib.
Konfransın “Əməyin arzuolunan gələcəyi” mövzusunda plenar sessiyasında çıxış edən Baş nazirin müavini Əli Əhmədov BMT-nin Dayanıqlı İnkişaf Gündəliyindən irəli gələn öhdəliklərin icrası sahəsində ölkəmizdə aparılan işləri diqqətə çatdırıb. Ə.Əhmədov gündəliyin mühüm komponenti olan 8-ci Davamlı İnkişaf Məqsədinin, yəni tam və məhsuldar məşğulluğa, hər kəs üçün layiqli əməyə nail olunmasının Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin əsas məqsədlərindən biri olduğunu, bu istiqamətdə ölkəmizdə mühüm addımların atıldığını vurğulayıb.
BƏT-in baş direktoru Q.Rayder Azərbaycana ilk dəfə səfər etdiyini, bu səfərdən və hazırkı konfransda iştirak etməkdən məmnunluğunu bildirib. O diqqətə çatdırıb ki, gələcək biz düşündüyümüzdən daha yaxındır və biz gələcəyə hazır olmalı, dünyada, xüsusən də əmək dünyasında baş verən dəyişiklikərin mahiyyətini anlamalıyıq. Eyni zamanda, baş verən dəyişikliklər fonunda bərabərsizliyin artması meylləri də özünü göstərir. BƏT-in baş direktoru bu baxımdan əmək dünyasında özünü göstərən proseslərə yanaşmada ilk növbədə sosial ədalətin, işçilərin əmək və sosial hüquqarının qorunmasına diqqətin vacibliyini, BƏT-in missiyasının da sosial ədalətlə bağlı olduğunu vurğulayıb.
Plenar sessiyada AHİK-in sədri Səttar Möhbalıyev, ASK-nın prezidenti Məmməd Musayev, Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakov, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti Aleksandr Şoxin, Özbəkistan Respublikasının məşğulluq və əmək münasibətləri naziri Şerzod Kudbiyev, Əfqanıstan İslam Respublikasının əmək, sosial işlər, şəhidlər və əlillər naziri Faizullah Zaki mövzuya dair çıxış ediblər.
Sessiyada həmçinin “Bakı EXPO 2025” ilə bağlı təqdimat olub.
Təqdimatdan sonra Q.Rayder, S.Babayev, S.Möhbalıyev və M.Musayev mətbuat konfransı keçiriblər.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.