Şriftin ölçüsü:
19.03.2011 01:02 | Oxunma sayı: 502
Martın 18-də YAP Yasamal rayon təşkilatının qadınlar şurası Kənd Təsərrüfatı Nazirliyində qadınların cəmiyyətdə roluna həsr olunmuş seminar keçirmişdir.
Yeni Azərbaycan Partiyasının yaradıcısı və ilk sədri ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra partiyanın siyasi şurasının üzvü, kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov çıxış etmişdir. O, qadınların cəmiyyətdəki rolunu Məhəmməd peyğəmbərin "Cənnət anaların ayaqları altındadır" deyimi ilə əsaslandırıb Azərbaycanda qadın hərəkatının formalaşdırılıb canlandırılmasında ümummilli liderin misilsiz xidmətlərini qeyd etmişdir. Natiq bu gün dövlətçiliyimizin möhkəmləndirilməsində qadınların əvəzsiz xidmətlərindən danışmış, Azərbaycana şöhrət gətirən qadınlardan söz açmış, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətini diqqətə çatdırmışdır.
Nazir müavini qadınları Novruz bayramı münasibətilə təbrik etmişdir.
YAP Kənd Təsərrüfatı Nazirliyi ərazi təşkilatı qadınlar şurasının sədri Solmaz Hüseynova qadınlara dövlətimizin qayğısından söz açmış, ulu öndər Heydər Əliyevin qadınlara verdiyi qiymətdən danışmış, müvafiq Dövlət Komitəsinin yaradılmasını bu qayğı və qiymətin təzahürü adlandırmışdır. O, kənd təsərrüfatının intensiv inkişafında qadınların xidmətinin çox olduğunu qeyd etmiş, tanınmış əmək qəhrəmanları olan qadınların adlarını sadalamışdır. Cəmiyyətdə qadınların rolunun və nüfuzunun artdığını diqqətə çatdırmış, onlara dövlət qayğısından danışmış, qadın sahibkarlığının inkişafı məsələsinə toxunmuş, ölkədə gender proqramlarının davam etdirildiyini bildirmişdir.
YAP Yasamal rayon təşkilatının sədri professor Fikrət İsmayılov qeyd etmişdir ki, Azərbaycan qadını nümunəvi qadındır, ailəcanlıdır. Bu gün o, kişilərlə çiyin-çiyinə çalışır. Natiq milli-mənəvi dəyərlərin qorunub saxlanmasında qadınların rolunu xüsusi vurğulamışdır.
Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova müstəqillik illərində cəmiyyətdə qadınların rolunun daha da artdığını, ölkənin çətin vaxtlarında onların həm ailəyə, həm də dövlətə dayaq olduqlarını qeyd etmişdir. Xatırlatmışdır ki, qadınlar ən ağır şəraitdə belə, hətta çadır şəhərciyində övlad tərbiyə edirlər. Natiq Prezident İlham Əliyevin quruculuq fəaliyyətindən söz açmış, bu prosesdə qadınların iştirakının vacibliyini vurğulamışdır.
G.Məmmədovanın qadınların universitetdə fəaliyyəti, Yasamal rayonunun ictimai həyatında, təhsil, səhiyyə və digər sahələrin inkişafında xidmətləri barədə dedikləri maraqla qarşılanmışdır.
YAP Yasamal rayon təşkilatı qadınlar şurasının sədri Tamilla Şahbazova cəmiyyətdə qadınların rolundan, onlara dövlətimizin qayğısından danışmışdır.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ölkəmiz üzrə nümayəndəsi Təranə Bəşirova Azərbaycan qadınının siyasi-iqtisadi həyatda rolundan, ümummilli lider Heydər Əliyevin qadınlara qayğısından, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsindən söz açmışdır. O, Mehriban xanım Əliyevanın beynəlxalq aləmdə nüfuzunu nəzərə çarpdırmışdır.
T.Bəşirova qloballaşma şəraitində BMT-nin dünyada qadın hüquqlarının qorunmasına, gender bərabərliyinin təmin edilməsinə diqqət yetirdiyini xatırlatmış, bu qurumun keçirdiyi müxtəlif konfranslar, qəbul etdiyi sənədlər, gender bərabərliyi istiqamətində Azərbaycanda reallaşdırılan layihələr barədə danışmış, Azərbaycanın müvafiq konvensiyalara qoşulduğunu bildirmişdir. Məlumat vermişdir ki, növbəti iki ildə Azərbaycanda və Türkiyədə həyata keçiriləcək daha iki layihə hazırlanmışdır.
Kənd Təsərrüfatı Nazirliyi Tərəvəzçilik İnstitutu direktorunun müavini Brilyant Məmmədzadə və başqaları qadınlara dövlət qayğısına görə minnətdarlıqlarını bildirmiş, tədbirin iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etmişlər.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.