Yardımlı: Əhali ilə görüşlərin müsbət nəticələri

Dağlar diyarı Yardımlıda əhali ilə səyyar qəbul və görüşlər keçirmək ənənə halını alıb. Bu, idarəetmə sisteminin mühüm tərkib hissəsidir, daxili siyasətdə insan amilinə, əhalinin rifah halının yaxşılaşdırılmasına necə böyük önəm verildiyini göstərir.

Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərovun il ərzində yerlərdə 50-dək görüşü təşkil olunub. Deməli, həftəyə azı bir görüş düşür. Hər dəfə belə tədbirlərə xeyli vətəndaş qatılır, müxtəlif məsələlər qaldırılır və əksərən də həllini tapır. Rayonun ağsaqqalları, gəncləri, sahibkarları və xidmət sahələrinin təmsilçiləri ilə görüşləri, icra hakimiyyəti aparatındakı fərdi qəbulları da bu sıraya əlavə etsək, ünsiyyətin daha intensiv xarakter daşıdığı aydınlaşar.

Görüşlər zamanı adamları narahat edən məsələlərin öyrənilib həll olunması uğurlu fəaliyyətə təminat verir. Qaldırılan məsələlər cari və perspektiv iş planlarına salınır, ciddi nəzarətdə saxlanılır, tapşırıqlar vaxtında icra olunur. Bu çevik idarəetmə metodunun tətbiqi sayəsində gözdən uzaq olan yurd yerlərində belə sakinləri narahat edən məsələlər çözülür.

Rayon rəhbərliyi son üç ildə hər bir yaşayış məntəqəsində dəfələrlə səyyar qəbul və görüşlər keçirib. Son ayların səyyar qəbul və görüşlərinin siyahısına baxanda diqqətimi Gavran kəndi cəlb elədi. Rayon rəhbəri ötən il dekabrın 20-də bu kənddə görüş keçirmişdi. Həmin görüşün üstündən üç ay keçməmiş, yəni mart ayının 13-də Ayaz müəllim yenidən Gavrana, sakinlərin görüşünə gedib. Deməli, ondan ötrü hər növbəti görüş həm də daha öncə qaldırılmış məsələlərin həlli ilə bağlı hesabat xarakteri daşıyır. Əgər verilən vədlər yerinə yetirilibsə, nəticəyə nail olunubsa, növbəti dəfə də həmin ünvana könül rahatlığı ilə getmək olar.

Mən aprelin sonlarında Yardımlıya səfərim zamanı icra başçısı ilə görüşmək istəyəndə onun Hamarkəndə səyyar qəbula getdiyini bildirdilər. Dedilər ki, sabah da Osnəkəranda camaatla görüşəcək. Nəhayət, bizə də növbə çatdı. Ayaz Əsgərov səyyar qəbullarla bağlı qənaətini belə ifadə etdi:

– Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəllifi olduğu bu gözəl ənənə camaatın ürəyindən xəbər verir, yaddaşlarda silinməz izlər buraxır. Rayon rəhbərlikləri səviyyəsində də ardıcıl şəkildə səyyar qəbul və görüşlər təşkil olunur. Biz bu yolla real həyatın nəbzini tutaraq vacib məsələlərin həllini sürətləndirməyə çalışırıq.

Rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinin böyük bir qismi məhz yerlərdə görüşlər zamanı səslənən təkliflərin əks-sədası sayıla bilər. İcra başçısı görüşlərə inzibati orqanların, idarə və təşkilatların rəhbərləri ilə bərabər getdiyi üçün qaldırılan şəxsi məsələlər dərhal həll edilir. Adamlar daha çox toplumu narahat edən problemləri qaldırır, el-obanın növrağı üçün təkliflər verirlər.

Ötən ili Yardımlı sakinləri üçün sayalı hesab etmək olar. Şəhərin 6 küçəsində istinad divarları hörülmüş və üzlənilmişdir. Heydər Əliyev küçəsində su və kanalizasiya çəklişi zamanı sıradan çıxmış avtomobil yoluna asfalt vurulmuş, Ünəç küçəsi, məhəllədaxili yollar çınqıl örtüklə təmir olunmuşdur.

Rayonda işsizliyin aradan qaldırılması məqsədilə 159 daimi yeni iş yerləri yaradılmış, 321 nəfər müxtəlif idarələrdə müvəqqəti məşğulluğa cəlb edilmişdir. 9 çoxmənzilli bina təmir olunmuşdur. Tikinti-quruculuq işləri kənd yaşayış məntəqələrində də davam etdirilmişdir. Avur kəndində modul tipli məktəb binası tikilərək istifadəyə verilmişdir. Honuba-Şıxlar və Avaş kəndlərində tibb məntəqəsi inşa olunmuşdur. Bu il isə Yaponiya səfirliyi tərəfindən rayonun Porsova kəndində tibb məntəqəsi tikiləcək. Hazırda Horavar və Şəfəqli kəndlərində iki şəhid ailəsi üçün, şəhərdə və digər kəndlərdə isə təbii-texnogen hadisələrin təsirindən evləri qəzalı vəziyyətə düşmüş 6 ailə üçün fərdi evlər inşa olunur.

Artıq Alçabulaq kəndində bir ev tamamlanaraq istifadəyə verilmişdir.

 Zəngələ, Sırıq-Astanlı, Şovut-Gölyeri, Bərcan-Gölyeri, Vərov, Yolocaq, Horavar və Xənəgə-Şıxhüseyinli avtomobil yolları çınqıl örtüklə təmir edilmişdir. Ümumiyyətlə, ölkə Prezidentinin sərəncamı ilə, eləcə də daxili imkanlar hesabına 274 kilometrə yaxın yol əsaslı şəkildə bərpa olunmuşdur ki, bunun da 110 kilometri asfalt örtüklüdür. Hazırda Prezident sərəncamı ilə Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisi davam edir. Payız-qış mövsümündə yollara, körpülərə dəymiş ziyan qısa müddət ərzində aradan qaldırılmışdır. Əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində işlər davam etdirilmişdir.

“Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə” çərçivəsində əhalisinin sayı 7 min 400 nəfər olan Yardımlı şəhərinə ümumi uzunluğu 75 kilometr olan su və 45 kilometrlik kanalizasiya xətlərinin çəkilişində tamamlama işləri aparılır. Su sarıdan korluq çəkən kəndlər də diqqətdədir. Əvvəlki üç ildə 6, ötən il isə daha 3 yaşayış məntəqəsi içməli su ilə təmin olunmuşdur. Qaz və işıq təchizatı, rabitə xidməti də yaxşılaşır. Tütünçülüyün inkişafı məqsədilə “Dəniz-2010” MMC üçün torpaq sahəsi ayrılmış və müəssisə tərəfindən orada qurutma kameraları, talvar və anbar inşa edilmişdir. Fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı da addımlar atılmış və 65,2 hektar sahədə findıq bağları salınmışdır.

Bu il də əhalinin təklifləri nəzərə alınaraq müəyyən işlər gerçəkləşdirilmişdir. Məsələn, Sırıq kəndindən Ərus kəndi istiqamətində 6 kilometr məsafədə suötürücü qurğular quraşdırılmış, torpaq işləri görülərək yolun eni 10 metr genişləndirilmişdir. Şəhid ailələri üçün, eləcə də təbii hadisələr səbəbindən qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin tikintisi işləri davam etdirilmişdir. Hazırda üç şəhid ailəsi üçün birmərtəbəli müasir evlər inşa olunur. Təbii-texnogen hadisələrin təsirindən qəzalı vəziyyətə düşmüş rayonun 4 yaşayış məntəqəsində 6 fərdi yaşayış evinin tikintisi davam etdirilir, yaxın aylarda sakinlərin istifadəsinə veriləcək. ­Yolocaq kəndində inşa olunmuş su anbarı su mənbəyinə yaxın hündürlükdə tikildiyi üçün xüsusilə yay mövsümündə anbara su vermək qeyri-mümkün olur. Buna görə də rayon sukanal idarəsinə tapşırılmışdır ki, su xətti Yolocaq kəndinin mərkəzinə çəkilsin və kəndin mərkəzi hissəsində su anbarı tikilsin.

Görüşlər və qəbullar davam edir. Müraciətlərin heç biri diqqətdən kənarda qalmır. Sözü eşidilən, ümidi doğrulan, pənah ünvanından razı qayıdan adamlar çoxdur. Onların evlərinin təmirinə, digər sosial problemlərinin çözümünə həssaslıqla yanaşılır. Yanvardan üzübəri Çayüzü, Arvana, Pirembel, Gavran, Horavar, Əvçədulan, Hamarkənd, Osnakəran, Aşağı Astanlı kəndlərində keçirilən görüşlər hər kəsə unudulmaz təsir bağışlayıb.

Yardımlıda küçə və parkların abadlaşdırılması, sakinlərin normal istirahəti üçün şərait yaradılması, ucqar dağ kəndlərinə gedən ­yolların, qaz xətlərinin təmiri və çəkilişi istiqamətində aparılan işlər əhalinin xoş güzəranı üçündür. Əkin-biçin işlərinin daha da genişlənməsi də günün aktual məsələsidir. Toxumluq məhsul, gübrə, texnika ilə bağlı qayğılar diqqətdən qətiyyən yayınmır.

Son görüşlərdə söz alan sakinlər işıq, qaz və su kimi təchizat məsələlərinin daha da yaxşılaşdırılmasını arzu etdiklərini söyləyiblər. Rayon elektrik şəbəkəsinin və qaz istismar sahəsinin rəhbərləri qaldırılan məsələlərlə əlaqədar görülmüş və görüləcək tədbirlərdən danışıblar.

İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov qaldırılan hər bir məsələnin həllinin çətinlik törətməyəcəyini bildirib. Bu istiqamətdə ölkə miqyasında ciddi tədbirlər görülür, çünki sürətli iqtisadi inkişaf ən qlobal məsələlərin belə həllinə real imkanlar yaradır.

Əli NƏCƏFXANLI,
 “Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında