Sahil Babayev: Əhaliyə xidmətlərdə şəffaflıq və sosial ədalət tam təmin edilməlidir

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) sosial sığorta daxilolmaları və əhaliyə xidmətlər sahəsində mövcud vəziyyətin müzakirəsi, qarşıda duran vəzifələrin müəyyən olunması məqsədilə müşavirə keçirib.

Fondun rayon (şəhər) şöbələrinin rəhbərlərinin də iştirak etdiyi müşavirədə S.Babayev vurğulayıb ki, Azərbaycan
Prezidenti cənab İlham Əliyevin əmək və sosial müdafiə sahəsi ilə bağlı tapşırıqları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyəti üçün bir yol xəritəsidir və bu tapşırıqlar xüsusilə əhaliyə xidmət sahələrində şəffaflığın və sosial ədalət prinsipinin tam təmin edilməsini nəzərdə tutur. Nazirliyin, o cümlədən ­DSMF-nin fəaliyyətinin əsas xətti də məhz bu prinsipə söykənməlidir.

Əhaliyə xidmətlər vətəndaşlarda narazılıq yaradan hallardan, həmçinin süründürməçilikdən uzaq, tam şəffaf müstəvidə, ədalətli yanaşmalar üzərində, vətəndaş məmnunluğu doğura biləcək səviyyədə qurulmalıdır.

Fondun fəaliyyətinin nəticələrinin qənaətbəxş olmadığını qeyd edən nazir diqqətə çatdırıb ki, sosial təminat növlərinin təyinatı ilə əlaqədar müraciət edən vətəndaşlara həssaslıqla yanaşılmalıdır. Onlara qanunla nəzərdə tutulan təminat növlərinin təyin edilməsi zamanı süründürməçiliyə yol verilməməlidir. Ölkəmizin özündə vətəndaş məmnunluğuna səbəb olan “ASAN Xidmət” modeli mövcuddur ki, fondun yerli orqanlarında bu müasir, mədəni xidmət təcrübəsindən istifadə edilə bilər. Vətəndaşlarla kobud davranmaq halları aradan qaldırılmalı, müvafiq hallarda insanlara qanunvericiliyin tələbləri barədə aydın, dolğun izahatlar verilməldir.

Sosial sığorta daxilolmaları ilə bağlı proqnozun icrasının fondun fəaliyyətinin əsas məqsədlərindən olduğunu qeyd edən S.Babayev vurğulayıb ki, bu sahədə nöqsanlar özünü göstərir. Fond həmin istiqamətdə fəaliyyətini gücləndirməli, eyni zamanda, bu proqnozların düzgün, reallığa əsaslanan şəkildə tərtib edilməsini də vacib şərt kimi diqqətdə saxlamalıdır.

Nazir, eyni zamanda, fərdi sahibkarların, torpaq mülkiyyətçilərinin çox az qisminin sosial sığorta sistemində iştirak etdiyini və onların da həmin sistemə cəlb olunması yönündə işlərin, habelə bu məqsədlə stimullaşdırıcı tədbirlərin gücləndirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. S.Babayev qeyd edib ki, ölkəmizdə pensiyaçıların sayının getdikcə artmasına uyğun olaraq, sosial sığorta haqları üzrə yığım səviyyəsi də getdikcə yüksəlməlidir.

S.Babayev pensiya təyinatı ilə bağlı məmur-vətəndaş kontaktlarının minimuma endirilməsi üçün pensiya təyinatı sisteminin tam avtomatlaşdırılması barədə tapşırıq verib.

Hazırda ünvanlı dövlət sosial yardımı sistemində təkmilləşdirmə işlərinin aparıldığı da qeyd edilib. Aktiv əmək bazarı proqramları vasitəsilə aztəminatlı ailələrin yoxsulluqdan çıxmasına və kiçik biznesə sahib olmalarına imkan yaradılmalıdır. Bu mənada özünüməşğulluq proqramına cəlb edilənlərin ən azı 50 faizi ünvanlı dövlət sosial yardımı alan ailələrin əmək qabiliyyətli üzvlərindən ibarət olmalıdır.

S.Babayev bildirib ki, hazırda nazirlik 2,5 milyona qədər insana xidmət göstərir. Həmin insanlara göstərilən xidmətlərin vəziyyəti ictimai rəyə də əhəmiyyətli təsir göstərir. Bu baxımdan əhaliyə xidmət səviyyəsinin daim şəffaf və sosial ədalət prinsipi üzərində təşkili, insanlara mədəni xidmətin göstərilməsi nazirliyin hər bir yerli qurumunun fəaliyyətində əsas istiqamət olmalıdır. Ümumilikdə bu qurumlar “Sosial ev” modeli kimi fəaliyyət göstərməlidirlər.

Nazir vurğulayıb ki, fondun fəaliyyətində qısa müddətdə ciddi dönüşə nail olunmalı, sosial sığorta sistemi təkmil iş mexanizmlərinə əsaslanmalı, sosial təminat növləri üzrə əhaliyə xidmətlərdə şəffaflıq və sosial ədalət tam təmin edilməlidir.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında