Şriftin ölçüsü:
18.03.2011 01:46 | Oxunma sayı: 523
Martın 17-də Naxçıvan Şəhər Məhkəməsinin yeni inzibati binası istifadəyə verilmişdir.
Açılışı bildirən rəmzi lenti kəsən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov inzibati binanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, onlara gələcək işlərində uğurlar arzulayaraq demişdir: "Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlətdir. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün bir sıra institutlar yaradılmalı, onların fəaliyyəti təmin olunmalı, hüquqi bazası formalaşdırılmalı, maddi-texniki bazası möhkəmləndirilməli, beynəlxalq hüququn norma və dəyərləri qəbul edilərək həyata keçirilməlidir.
Azərbaycanda hüquq institutlarının fəaliyyəti üçün ulu öndərimiz Heydər Əliyevin həyata keçirdiyi tədbirlər hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir və möhkəmləndirilir. Ölkəmizdə məhkəmə-hüquq institutlarının fəaliyyəti üçün 15 məcəllə, 20-dən artıq müxtəlif qanunvericilik aktları qəbul olunmuşdur. Bundan başqa, bir sıra yeni məhkəmələr yaradılmış, müasir binalar tikilərək məhkəmələrin istifadəsinə verilmiş, onların maddi-texniki bazası gücləndirilmişdir. Qəbul olunan qanunlardan, yaradılan şəraitdən düzgün istifadə etmək isə hakimlərin, məhkəmə işçilərinin üzərinə düşən vəzifələrdir. Dövlətimiz ona görə məhkəmə işçiləri üçün belə şərait yaradır ki, onlar öz vəzifələrini layiqincə yerinə yetirsinlər. Məhkəmələrə müraciət edən insanlara ilk növbədə hüquqi yardım göstərilməli, onlar öz şikayətlərinə haqlı cavab almalı, müraciətlərinin ədalətli həllinə nail olmalıdırlar.
Naxçıvan Şəhər Məhkəməsi üçün yaradılan şərait imkan verəcəkdir ki, Naxçıvan şəhərinin ərazisində yaşayan insanlar məhkəməyə aid işlərini hər cür şəraiti olan bir binada həll etsinlər. Hakimlər isə məhkəməyə müraciət edən insanları müasir iş şəraiti yaradılan binada qəbul edərək onların şikayətlərini araşdırıb lazımi qərar çıxaracaqlar".
Ali Məclisin sədri "Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 noyabr tarixli Fərmanına əsasən, bir sıra məhkəmələrin hakim ştatlarının artırıldığını, Naxçıvan Şəhər Məhkəməsinin isə hakim ştatlarının sayının 3-ə çatdırıldığını bildirərək demişdir: "Naxçıvan şəhərinin ətrafındakı kəndlərin şəhərə birləşdirilməsi, burada əhalinin sayının artması imkan verdi ki, Naxçıvan Şəhər Məhkəməsində hakim ştatlarının sayının artırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə müraciət edək. Müraciət əsasında Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Naxçıvan Şəhər Məhkəməsinin hakimlərinin sayı 2-dən 3-ə çatdırılmışdır. Digər tərəfdən isə, il ərzində Naxçıvan Şəhər Məhkəməsinin iş yükü də nəzərə alınmışdır. Son bir ildə məhkəmənin icraatına 386 mülki iş, 2 cinayət işi, 35 inzibati xəta haqqında material daxil olmuşdur. Bu işlərə vaxtında baxılıb qərar qəbul etmək üçün hakimlərin sayının artırılmasına ehtiyac var idi. Həmin məsələ öz həllini tapdı və bu gün artıq 3 hakimdən 2-si Naxçıvan Şəhər Məhkəməsində fəaliyyət göstərir. Növbəti illərdə bu sahədə çalışmaq istəyən, bilikli, tələblərə cavab verən hüquqşünas seçilərək 3-cü hakim də təyin olunacaqdır".
Ali Məclisin sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin "Ədalətsizliklə ədaləti bərpa etmək olmaz" kəlamını xatırladaraq demişdir: "Hər bir hakim ədalətli qərar qəbul etmək üçün məcəllələri və digər qanunvericilik aktlarını mənimsəməli və eyni zamanda dövlətimizin onların qarşısında qoyduğu tələbləri yerinə yetirməlidir. Əminik ki, muxtar respublikamızın məhkəmə orqanlarında fəaliyyət göstərən hakimlər, eyni zamanda Naxçıvan Şəhər Məhkəməsinin hakimləri, işçiləri yaradılmış şəraitdən düzgün istifadə edəcək, onlara göstərilən etimadı öz layiqli işləri, dövlətimizə sədaqətləri ilə doğruldacaq, məhkəmələrə müraciət edən insanların müraciətləri əsasında çıxarılan qərarlar ədalətli olacaq, insanlar dövlətimizdən, məhkəmə orqanlarından razı qalacaqlar".
Ali Məclisin sədri bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulamışdır.
Naxçıvan Şəhər Məhkəməsinin sədri Hüseyn Məmmədov çıxış edərək məhkəmə sisteminin müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.
Sonra yeni inzibati binaya baxış olmuşdur.
Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan Naxçıvan Şəhər Məhkəməsinin yeni binası şəhərin Əziz Əliyev küçəsində inşa olunmuşdur. Binanın tikintisi üçün müasir memarlıq üslubu seçilmiş, bu zaman milli memarlığın elementləri nəzərə alınmışdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.