Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) sosial sığorta daxilolmaları və əhaliyə xidmətlər sahəsində mövcud vəziyyətin müzakirəsi, bu sahələrdə qarşıda duran vəzifələrin müəyyən olunması məqsədilə müşavirə keçirib.
Fondun rayon (şəhər) şöbələrinin rəhbərlərinin iştirakı ilə keçən müşavirədə S.Babayev vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin əmək və sosial müdafiə sahəsi ilə bağlı tapşırıqları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyəti üçün bir yol xəritəsidir və bu tapşırıqlar xüsusilə əhaliyə xidmət sahələrində şəffaflığın və sosial ədalət prinsipinin tam təmin edilməsini nəzərdə tutur. Nazirliyin, o cümlədən, nazirlik yanında DSMF-nun fəaliyyətinin əsas xətti məhz bu prinsipə söykənməlidir. Əhaliyə xidmətlər vətəndaşlarda narazılıq yaradan hallardan, həmçinin süründürməçilikdən uzaq, tam şəffaf müstəvidə, ədalətli yanaşmalar üzərində, vətəndaş məmnunluğu doğura biləcək səviyyədə qurulmalıdır.
Fondun fəaliyyətinin nəticələrinin qənaətbəxş olmadığını qeyd edən nazir diqqətə çatdırıb ki, sosial təminat növlərinin təyinatı ilə əlaqədar müraciət edən vətəndaşlara həssaslıqla yanaşılmalıdır. Onlara qanunla nəzərdə tutulan təminat növlərinin təyin edilməsi zamanı süründürməçiliyə yol verilməməlidir.
Sosial sığorta daxilolmaları ilə bağlı proqnozun icrasının fondun fəaliyyətinin əsas məqsədlərindən olduğunu qeyd edən S.Babayev vurğulayıb ki, bu sahədə çatışmazlıqlar özünü göstərir. Fond həmin istiqamətdə fəaliyyətini gücləndirməli, eyni zamanda, bu proqnozların düzgün, reallığa əsaslanan şəkildə tərtib edilməsini də vacib şərt kimi diqqətdə saxlamalıdır. Debitor borcların yaranması hallarına yol verilməməli, sosial sığorta ödəyicilərinə münasibətdə subyektiv, qeyri-bərabər yanaşmaya son qoyulmalıdır.
Fərdi sahibkarların, torpaq mülkiyyətçilərinin çox az qisminin sosial sığorta sistemində iştirak etdiyini və onların da həmin sistemə cəlb olunması yönündə işlərin, habelə bu məqsədlə stimullaşdırıcı tədbirlərin gücləndirilməsinin zəruri olduğu diqqətə çatdırılıb. S.Babayev qeyd edib ki, ölkəmizdə pensiyaçıların sayının getdikcə artmasına uyğun olaraq, sosial sığorta haqları üzrə yığım səviyyəsi getdikcə yüksəlməlidir. Ümumilikdə, fondun fəaliyyət sferalarında ilk növbədə inzibatçılığın gücləndirilməsi təmin olunmalıdır ki, bu da sistemli islahatlar üçün zəmin formalaşdırılması baxımından vacib amildir. O, pensiya təyinatı ilə bağlı məmur-vətəndaş kontaktlarının minimuma endirilməsi üçün pensiya təyinatı sisteminin tam avtomatlaşdırılması barədə tapşırıq verib.
Ünvanlı dövlət sosial yardımı sistemində təkmilləşdirmə işlərinin aparıldığı qeyd edilib. Bildirilib ki, aktiv əmək bazarı proqramları vasitəsilə aztəminatlı ailələrin yoxsulluqdan çıxışına və kiçik biznesə sahib olmalarına imkan yaradılmalıdır. Bu mənada proqramlara cəlb edilənlərin ən azı 50 faizi ünvanlı dövlət sosial yardımı alan ailələrin əmək qabiliyyətli üzvlərindən ibarət olmalıdır.
Bildirilib ki, hazırda nazirlik 2,5 milyona qədər insana xidmət göstərir. Həmin insanlara göstərilən xidmətlərin vəziyyəti ictimai rəyə də əhəmiyyətli təsir göstərir. Bu baxımdan əhaliyə xidmət səviyyəsinin daim şəffaf və sosial ədalət prinsipi üzərində təşkili, insanlara mədəni xidmətin göstərilməsi nazirliyin hər bir yerli qurumunun fəaliyyətində əsas istiqamət olmalıdır. Ümumilikdə bu qurumlar “Sosial ev” modeli kimi fəaliyyət göstərməlidir.
Müşavirədə fondun fəaliyyət sahələrində mövcüd problem və çatışmazlıqların aradan qaldırılması, idarəetmənin müasir və səmərəli təşkili, əhaliyə xidmətlərin tam şəffaflaşdırılması məqsədilə islahatlar proqramının hazırlanması barədə tapşırıq verilib. S.Babayev vurğulayıb ki, fondun fəaliyyətində qısa müddətdə ciddi dönüşə nail olunmalı, sosial sığorta sistemi təkmil iş mexanizmlərinə əsaslanmalı, sosial təminat növləri üzrə əhaliyə xidmətlərdə şəffaflıq və sosial ədalət tam təmin edilməlidir.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.