Torpaqların səmərəli istifadəsində Peyk Nəzarət Sistemi qurulur

Azərbaycanda ilk dəfə olaraq Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən torpaqların səmərəli istifadəsində Peyk Nəzarət Sistemi qurulur. Artıq bununla bağlı işlərə başlanılıb. Bir sıra qabaqcıl Avropa ölkələrinin təcrübəsi araşdırılıb, kifayət qədər təcrübəyə malik Sloveniyadan olan mütəxəssislər işə cəlb edilib.

Komitənin yaydığı məlumatda bildirilir ki, məqsəd torpaq idarəçiliyində effektiv dövlət nəzarətinin həyata keçirilməsi, qeyri-qanuni tikililərin ünvanına getmədən onların məsafədən müəyyənləşdirilməsi, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş vermiş dəyişikliklərin müəyyən edilməsi, torpaq ehtiyatlarının mühafizə edilməsidir.

Sistem hər 5 gündən bir bütün ölkə ərazisinin 10 metr miqyasda çəkilişini aparacaq. Bu sistem vasitəsilə əldə ediləcək peyk məlumatları torpaqlardan təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, daha operativ qaydada tədbirlər görməyə imkan verəcək. Sistemin tətbiqi torpaq sahələri üzərində monitorinqin aparılmasını təmin etməklə, yeni tikililərin inşasının qanunvericilik çərçivəsində olub-olmadığını müəyyənləşdirəcək.

Eyni zamanda, vizual və statistik analizlər toplanmaqla ölkədə torpaq sahələri daha sistemli istifadə olunacaq, torpaqların münbitliyi qorunacaq və rahatlıqla geobotanik tədqiqatların aparılması mümkün olacaq. Həmçinin sistem vasitəsilə torpaqların məhsuldarlığının araşdırılması, quraqlıq sahələrinin kateqoriyalara bölünməsi və rəqəmsal xəritələrinin tərtibi işləri də həyata keçiriləcək.

Artıq Peyk Nəzarət Sisteminin yaradılması ilə bağlı ƏMDK-da operator qrupu formalaşdırılır. Çəkiliş nəticəsində əldə olunan məlumatlar avtomatik olaraq bu qrupa daxil olacaq. Operator qrupu məlumatlarda olan dəyişiklikləri manual olaraq yoxladıqdan sonra komitənin yanında fəaliyyət göstərən Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə, ərazi idarələrinə göndərəcək.

Gələcəkdə sistemə yeni modullar əlavə edilərək genişləndiriləcək. Bununla da hüquqi və fiziki şəxslər, həmçinin digər dövlət qurumları sistemin məhsullarından istifadə edəcək.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında