Azərbaycan - İsveçrə münasibətləri uğurla inkişaf edir

Biz İsveçrəni Azərbaycan üçün vacib tərəfdaş, dost ölkə hesab edirik. Biz əlaqələrimizi daha sürətlə inkişaf etdirmək, ikitərəfli gündəliyimizi genişləndirmək üçün əlimizdən gələni edirik. Bir daha qeyd etmək istəyirəm ki, siyasi əlaqələrimiz çox yüksəkdir.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı, 14 mart 2011-ci il

{nl}


Azərbaycan ilə İsveçrə arasında iqtisadi münasibətlər dinamik və yaxşıdır. 2010-cu ildə ölkələrimiz arasında ticarət olduqca müsbət dərəcədə artıb, lakin hesab edirəm ki, bu sahədə hələ də potensial vardır. Bu gün Azərbaycan İsveçrədə istehlak olunan xam nefti təchiz edən ən mühüm ölkələrdən biridir.

{nl}

Mişelin Kalmi-Rey İsveçrə Prezidenti
Bakı, 14 mart 2011-ci il

{nl}


Rəsmi Bakı İsveçrə şirkətlərini müxtəlif infrastruktur layihələrində iştirak etmək üçün ölkəmizə dəvət etdi
Müstəqil Azərbaycan Respublikası özünün uğurlu xarici siyasəti və beynəlxalq münasibətlərə verdiyi özünəməxsus töhfələrlə dünya ictimaiyyətinin xüsusi inam və etimadını qazanmışdır. Xüsusən, Avropa ölkələri və beynəlxalq təşkilatlar rəsmi Bakının mövqeyinə hörmətlə yanaşırlar. Bu gün Avropa ölkələri nəinki Azərbaycanın uğurlarına sevinirlər, hətta, bu nailiyyətlərin gələcəkdə daha da genişlənməsi üçün ölkəmizə hərtərəfli yardım etməyə çalışırlar. Bəzi ekspertlər bu məsələni təkcə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol ilə əlaqələndirirlər. Ancaq Avropa rəsmiləri etiraf edirlər ki, Azərbaycan təkcə iqtisadi maraqlar baxımından deyil, eləcə də siyasi müstəvidə Avropa qurumlarının ciddi tərəfdaşı, etibarlı dostudur. Bu zaman ölkəmizdə demokratik dəyərlərin daha da dərinləşdirilməsi üçün atılan addımlar, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, istənilən seçkinin ədalətli və şəffaf keçirilməsi, söz və fikir azadlığına daha geniş meydan verilməsi - bir sözlə, vətəndaş cəmiyyətinin yaradılması üçün lazım olan bütün tədbirlərin reallaşdırılması əsas götürülür.
Bu da bir həqiqətdir ki, Avropa ölkələri, xüsusən, bir çox beynəlxalq məsələlərdə tamamilə neytral mövqe tutan İsveçrə kimi dövlətlər SSRİ-nin çökməsindən sonra yaranan gənc müstəqil dövlətlərlə əməkdaşlıq etməyə başlayanda xeyli ciddi məqamları əsas götürürlər. Onların "yüz ölçüb,bir biçdikdən" sonra genişmiqyaslı əməkdaşlıq etdiyi ölkələrdən biri də Azərbaycandır. Bu əməkdaşlıq özü-özlüyündə ölkəmizə əski qitədə göstərilən inam və etimadın təzahürüdür. Əslində bu əməkdaşlığa hələ ulu öndərin ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra start verilmişdir. Heydər Əliyev bütövlükdə Avropa ölkələri ilə olduğu kimi İsveçrə ilə əməkdaşlığa da xüsusi önəm verirdi. Elə xanım Mişelin Kalmi-Rey də Bakıda çıxış edərkən Azərbaycan - İsveçrə əməkdaşlığının 10 ildən artıq tarixi olduğunu söylədi.
Hətta, bu dövlət hələ 2002-ci ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında suvarma sisteminin genişləndirilməsi üçün xüsusi layihə həyata keçirməyə başlamışdı. İsveçrə Əməkdaşlıq və İnkişaf Agentliyinin xətti ilə həyata keçirilən həmin layihə xüsusi yardım proqramı çərçivəsində icra olunur. Dost ölkənin Prezidenti Azərbaycana səfəri çərçivəsində Naxçıvana gedərək həmin layihənin icra vəziyyəti ilə yerindəcə tanış oldu.
Naxçıvanda qeyd edildi ki, dəyəri 3 milyon 314 min İsveçrə frankı olan layihə 35 yaşayış məntəqəsini əhatə edir. Layihəyə əsasən 97 kəhriz bərpa ediləcəkdir. İndiyədək 69 kəhrizin bərpası başa çatdırılıb, 28 kəhrizdə isə iş davam edir. Bu layihənin icrası 20 il Ermənistan tərəfindən blokadada saxlanılan muxtar respublika əhalisinə çox böyük dəstəkdir.
Azərbaycan və İsveçrə rəsmilərinin görüş, dialoq, müzakirə və digər təmasları son beş ildə xüsusilə artmışdır. 2007-ci ildə ölkələrimiz arasında imzalanmış Anlaşma Memorandumu tərəfləri bu təmaslara daha da yaxınlaşdırmışdır. Prezident İlham Əliyevin İsveçrədə rəsmi səfərdə olmasından sonra xanım Mişelin Kalmi-Rey də Azərbaycana rəsmi səfərə gəldi. Ancaq dövlət başçılarımız təkcə rəsmi səfərlərdə deyil, əksər beynəlxalq təşkilatların toplantılarında da dövri olaraq görüşür, tərəflərin hər ikisini maraqlandıran məsələləri müzakirə edirlər. Sonuncu belə görüş Davos İqtisadi Forumu çərçivəsində olmuşdu. Martın 14-də təkbətək görüş başa çatdıqdan sonra prezidentlər nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar apardılar. Həmin danışıqlarda Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, enerji təhlükəsizliyi məsələləri daim müzakirələrimizin bir hissəsidir. "Biz İsveçrəni Azərbaycan üçün vacib tərəfdaş, dost ölkə hesab edirik. Biz əlaqələrimizi daha sürətlə inkişaf etdirmək, ikitərəfli gündəliyimizi genişləndirmək üçün əlimizdən gələni edirik. Bir daha qeyd etmək istəyirəm ki, siyasi əlaqələrimiz çox yüksəkdir".
Xanım Mişelin Kalmi-Rey Azərbaycan Prezidentinin "siyasi əlaqələrimiz yüksək səviyyədədir" - ifadəsinə cavab olaraq mətbuat üçün verdiyi bəyanatda xüsusi bir ifadə işlətdi: "Bu gün səhər keçirdiyimiz danışıqlar və apardığımız müzakirələr zamanı məmnunluqla qeyd etdim ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər əladır. Həmin münasibətlər ikitərəfli əlaqələri möhkəmləndirmək və inkişaf etdirmək iradəsinə əsaslanır". Bu isə tərəflərin bir-birinə olan inam və etimadını göstərməklə yanaşı ortaya qoyulan səmimiyyətin də göstəricisi kimi qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyev bütün görüş və müzakirələrdə olduğu kimi İsveçrə Prezidenti ilə görüşdə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasından öz narahatlığını ifadə etdi. Eyni zamanda dövlət başçımız danışıqlar prosesindəki son vəziyyəti də dost ölkə başçısının nəzərinə çatdırdı: "Biz, eyni zamanda, Dağlıq Qarabağa özünüidarəetmə statusunu güclü siyasi və təhlükəsizlik zəmanətləri ilə verə bilərik. Bu düstur müzakirə olunmaqdadır. Danışıqlarda konstruktiv mövqe tutan Azərbaycan, danışıqları bir formatda davam etdirməyə hazırdır". Dost ölkə Prezidenti mətbuat üçün verdiyi bəyanatda öz ölkəsinin neytral ölkə olduğunu yada saldı və bununla yanaşı münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğuladı: "İsveçrənin xarici siyasətinin prioritetlərindən biri də münaqişələrin sülh yolu ilə həllidir".
Xanım Mişelin Kalmi-Reyin Azərbaycanda keçirdiyi çoxsaylı görüş və müzakirələrin ölkələrarası əməkdaşlığın daha da genişləndirilməsinə xüsusi təkan verəcəyi şəksizdir. Ancaq Prezident İlham Əliyevin qeyd etdiyi məqam - İsveçrə şirkətlərinin müxtəlif infrastruktur layihələrində iştirak etmək üçün Azərbaycana dəvət edilməsi, Azərbaycan şirkətlərinin İsveçrədə fəaliyyət göstərməsi bu əməkdaşlığı daha sürətlə inkişaf etdirəcəkdir.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında