Suraxanıda qələbənin 73-cü ildönümü qeyd olunub

Qələbə bayramı Suraxanı rayonunda geniş qeyd edilib. Bu münasibətlə rayonun bütün qəsəbələrində təntənəli tədbirlər keçirilib, müharibə qurbanlarının xatirəsinə ucaldılan abidə komplekslərinin önünə tər güllər qoyulub.

Bayram günündə isə keçirilən ümumrayon tədbirinə rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, Böyük Vətən müharibəsi və arxa cəbhənin veteranları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri qatılıblar.

Tədbir Qaraçuxur qəsəbəsindəki “Vətən şəhidləri unudulmur” abidəsinin ziyarətindən sonra “Aura” şadlıq evində davam etdirilib. Əlamətdar bayram münasibətilə veteranları və mərasim iştirakçılarını təbrik edən icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar - o günlərin canlı şahidləri hər birimiz üçün əzizdir.

Natiq vurğulayıb ki, müharibə başlananda respublikamızda orduya səfərbərlik ümumxalq hərəkatına çevirilib, 700 min nəfər cəbhəyə yollanıb. Döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif edilib. Onlardan 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adı, 34 nəfər həmyerlimiz isə “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib, 420 min həmyerlimiz döyüşlərdə qəhrəmancasına həlak olub.

O dövrdə bütün sovet neftinin 90 faizi Azərbaycanın payına düşüb. Burada Suraxanı neftçilərinin əməyi də az olmayıb. Onlar gecə-gündüz əzmlə çalışaraq cəbhəni yanacaqla təmin ediblər.

Xalqımız müharibə veteranlarına dərin ehtiram bəsləyir. Hazırda Suraxanıda 12 müharibə iştirakçısı, 22 arxa cəbhə veteranı və 131 nəfər həlak olan və ya vəfat edən müharibə iştirakçısının dul qadını yaşayır.

Rayonda həyata keçirilən yerli proqramlardan biri də “Şəhid xatirə komplekslərinin əsaslı təmiri və yenilərinin tikintisi”dir. Bu proqrama əsasən indiyədək 19 ünvanda 63 şəhidin xatirəsini ədəbiləşdirən xatirə kompleksləri əsaslı təmir olunub və yeniləri tikilib.

İlqar Abbasov xüsusi vurğulayıb ki, ümummilli lider Heydər Əliyev müharibə veteranlarına daim xüsusi qayğı və diqqət göstərib, onların problemləri ilə yaxından maraqlanıb. Ulu öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev də İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından şərəflə keçən veteranların qayğılarına daim həssaslıqla yanaşır. Böyük Vətən müharibəsi iştirakçılarının, habelə bəzi kateqoriyadan olan şəxslərin hər il Qələbə bayramı ərəfəsində orden və medallarla təltif edilmələri, birdəfəlik maddi yardım verilməsi, Prezident təqaüdünün artırılması, xüsusi avtonəqliyyatla təmin olunması barədə dövlətimizin başçısının imzaladığı müvafiq sərənsamlar ölkəmizdə insan amilinin daim diqqət mərkəzində saxlanılmasının bariz ifadəsidir.

Mərasimdə 1941-1945-ci illər müharibəsinin veteranları Cənnət Hüseynov və İldırım İmanov döyüş xatirələrini söyləyiblər, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsi rəisinin müavini - Səfərbərlik Hazırlığı və Səfərbərlik şöbəsinin rəisi Vüsal Həsənov, Aprel hadisələrinin iştirakçısı Elşən Qarayev isə çıxış edərək veteranları qələbənin 73-cü ildönümü münasibəti ilə təbrik ediblər.

Mərasimdə Müharibə, Əmək, Silahlı Qüvvələr rayon təşkilatına icra hakimiyyəti tərəfindən kompüter dəsti hədiyyə edilib.

Tədbirin sonunda Qurban Abbasov adına mədəniyyət sarayı kollektivinın konsert proqramı maraqla qarşılanıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında