Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi Bakıda və bölgələrdə geniş qeyd edilmişdir

Xətai

 

Xətai rayonundakı Heydər Parkı son illər heç zaman belə möhtəşəm təntənənin və izdihamın şahidi olmamışdı. Mayın 9-da axşam saat 19:00-dan insanlar dəstə-dəstə ulu öndərin adını daşıyan parka axışırdı. Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Televiziyasının dəstəyi ilə xalqımızın ümummilli lideri, dünyanın siyasi ponteonunda yer almış dahi siyasətçi və böyük azərbaycanlı Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə möhtəşəm bayram konsertinə hazırlıq işlərinin son akkordları vurulurdu.

İlk ziyarət yeri, təbii ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin çiçəklərə qərq olmuş möhtəşəm abidəsi idi. Bayram təntənəsində iştirak edən icra başçısı Razim Məmmədov, Milli Məclisin deputatları Hüseynbala Mirələmov, Cavanşir Paşayev, Hadi Rəcəbli, xarici ölkələrdən gəlmiş qonalar, rayonun idarə və müəssisə rəhbərləri kimi sadə insanlar da əllərindəki gül dəstələrini abidənin önünə qoyur və milli müstəqilliyimizin xilaskarı, müstəqil Azərbaycanın memarı və qurucusunun xatirəsinə ehtiramla baş əyir və izdihama qoşulurdular. Bu gün ellər bayramı idi və bayram libasında, bayram əhvalında olan insanlar Bakının hər yerindən axışıb bu şənlikdə iştirak etməyə gəlirdilər. Meydanda iynə atsan yerə düşməzdi. Parkın özü də əsl bayram libasına bürünmüşdü.

Konsertin başlamasına bir neçə dəqiqə qalmış, ulu öndərin 95 illik yubiley tədbirlərində iştirak etmək üçün Azərbaycana səfər edən Xətai rayonu ilə qardaşlaşmış Türkiyənin Tarsus şəhərinin, Belarusun paytaxtı Minsk şəhərinin Leninsk rayonunun və Yaponiyanın nümayəndə heyətləri də qonaqlar üçün ayrılmış məkanda yer aldılar. Türkiyənin, Yaponiyanın və Belarusun ölkəmizdəki səfirləri də tədbir iştirakçılarının arasında idi.

Bütün meydan boyu, əllərində Azərbaycanın üçrəngli bayrağı ilə yanaşı ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin portretlərini tutmuş insanlar əvəzsiz dövlət xadiminə sevgilərini ifadə etmək üçün səhnədən onun adına qoşulmuş mahnıları səsləndirən sənət adamlarına qoşulur və onlarla bərabər mahnı oxuyurdular.

Səhnəyə bir-birindən maraqlı çıxışları ilə izdihamı coşduran tanınmış müğənnilər çıxırdılar. Xalq artistləri Mübariz Tağıyev, Mənsum İbrahimov, Gülyaz, aşıq Əli, aşıq Samirə, Ramil Qasımov və meyxana ustası Namiq Qaraçuxurlunun oxuduqları şən və şaqraq mahnıların bayram şənliyində iştirak edən qonaqlara da xoş təsir bağışladığı kənardan aydın duyulurdu. Yaponiyadan gəlmiş müğənni Yamamoto Kyukonun Azərbaycan dilində oxuduğu “Sarı gəlin” mahnısı ilk sözlərdəncə tamaşaçıların sürəkli alqışları ilə qarşılandı. Belaruslu sənətçi Yevgeni Yermalkoviçin şən və ritmik mahnıları ilə yanaşı, tamaşaçıları Azərbaycan dilində salamlaması və onları təbrik etməsi bir andaca izdihamı coşdurdu və hamının gurultulu alqışlarını qazandı.

Dahi liderə həsr edilmiş bayram konsertinin ən möhtəşəm nömrəsi isə qardaş Türkiyənin ünlü sənətçisi Sərdar Ortacdan və onu müşayiət edən Laradan gəldi. Məşhur türk müğənnisinin bir-birindən maraqlı mahnılarından sonra, Azərbaycan bəstələrinin ifasına da tamaşaçı izdihamının sürəkli alqışları gözlətmədi. Hətta Sərdar Ortac bir neçə dəfə səhnədən meydana düşüb populyar şərqilərini tamaşaçıların “dəstəyi” ilə oxudu.

Beləcə gecə yarıdan keçənədək uzanan bayram konsertinə, saat 00:00-da ümummilli lider Heydər Əliyevin doğum gününün 95 ilinin tamam olması şərəfinə düzənlənən möhtəşəm atəşfəşanlıqla yekun vuruldu.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”

 


SƏBAİL

 

Səbail rayonundakı “Sahil bağı”nda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində rayon icra hakimiyyətinin təşkilatşılığı ilə «Heydər Əliyev və Azərbaycan» mövzusunda məktəblilərin və gənc rəssamların rəsm müsabiqəsi keçirilmişdir.

Bayramsayağı bəzədilmiş bagda böyük abadlıq isləri aparılmış, müxtəlif gül kompozisiyaları hazırlanmışdır. Rayonun orta məktəblərində, həmçinin Bakı Oksford məktəbində oxuyan 200-dən çox şagird, ali məktəblərin tələbələri, 100-dən çox gənc rəssam ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın portretlərini, həmçinin doğma Azərbaycanın gözəl mənzərələrini əks etdirən rəsmlər çəkmişlər.

Eyni zamanda, parkda gənc rəssamların rəsmlərindən ibarət sərgisi təşkil olunmuşdur. Sərgidə nümayiş olunan rəsmlər tədbir iştirakçıları və parka toplaşan paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanmışdır. Rayonun musiqi kollektivləri konsert proqramları ilə çıxış etmişlər. Məktəblilərin iştirakı ilə müxtəlif fləşmoblar keçirilmişdir.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağali İbrahimovun sədrliyi ilə Uşaq Yaradıcılıq Mərkəzi və rayon nümayəndələrindən ibarət münsiflər heyəti məktəblilərin rəsmlərinə baxaraq qalibləri müəyyənləşdirmişdir. Müsabiqənin qalibləri Səbail RİH-in Fəxri fərmanları və hədiyyələri ilə, digər iştirakçılar isə sertifikatlarla mükafatlandırılmışlar.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və digər qonaqlar parkı gəzmiş, məktəblilərin çəkdikləri rəsmlərlə, burada yaradılan gül kompozisiyaları ilə tanış olmuşlar.

Ə.BAYRAMOV,
“Xalq qəzeti”


Ulu öndərin xatirəsinə həsr edilmiş şahmat turniri

 

Dünən KİV nümayəndələri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş şahmat turnirinə yekun vurulmuşdur. Tədbir “Azərbaycan” nəşriyyatının təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının, Milli Olimpiya Komitəsinin və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının dəstəyi ilə təşkil edilmişdir.

Tədbirin açılışında “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov jurnalistləri salamlayaraq qeyd etdi ki, dünya şöhrətli siyasətçi və görkəmli ictimai-siyasi xadim, ulu öndər Heydər Əliyev Azərbaycanda bütün sahələrin, o cümlədən idmanın, eləcə də şahmatın inkişafına xüsusi diqqət və qayğı göstərmişdir. Hazırda bu xətt ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Mərasimdə bu mötəbər turnirin artıq 22-ci dəfə təşkil edildiyi qeyd olundu. Bildirildi ki, bu dəfə 9 mətbu orqanından 14 şahmatçı qeydiyyatdan keçib. KİV əməkdaşlarının vaxt azlığı nəzərə alınaraq, turnir “rapid” üsulu üzrə keçirilib. Turnirə aprelin 29-da Respublika Şahmat Mərkəzində start verilib. Qaliblər yalnız sonuncu, 9-cu turdan sonra müəyyən edilib. Nəticədə, “AzərTAc”ın əməkdaşı Ramiz Quliyev, “Metro” qəzetinin müxbiri Rövşən Abbasov, “Azxəbər.com” saytının əməkdaşı Mehdi Abbasov və “Sport.24Az”ın jurnalisti Ceyhun Əliyev hərəyə 7 xal toplayaraq birinci yeri bölüşüblər. Yeri gəlmişkən, adətən belə olduğu halda qaliblər FİDE-nin qaydalarına əsasən əmsallar cədvəlindən istifadə etməklə müəyyənləşir. Lakin bu dəfə xallar eyni olduğu üçün oyunçuların dördü də birinci yerə layiq görülüb. Sonrakı yerləri 6 xalla veteran jurnalist Tofiq Ağayev və “Azərbaycan” qəzetindən Ağəli Məmmədov, “AzərTAc”ın müxbirləri Elvin Camalov, Samirə Allahverdiyeva, Milli Olimpiya Komitəsindən Camaləddin Rəhmanov , “Olimpiya dünyası” qəzetindən Azər Əlizadə, “Seçmə” qəzetindən Fikrət Məmmədov və digərləri tutmuşlar.

Sonda “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov tərəfindən turnir iştirakçılarına medal və mükafatlar təqdim olunub.

Elçin ABBASOV,
“Xalq qəzeti”


Mingəçevir

 

Ulu öndərin anadan olmasının 95-cu ildönümü ilə əlaqədar Mingəçevirdə silsilə tədbirlər keçirilib. Mayın 10-da ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzə minlərlə şəhər sakini toplaşmışdı. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhər ictimaiyyətinin nümayəndələri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyublar.

Hər il olduğu kimi bu il mayın 10-da da ümumşəhər “Kitab bayramı” keçirilib. Tədbir iştirakçıları ayrı-ayraı bölmələr üzrə nümayiş etdirilən kitab sərgisi ilə tanış olublar. Qeyd olunub ki, bu gün sərgiyə 1000-ə yaxın kitab çıxarılıb.

Sonra Mingəçevir İstək liseyinin və Mingəçevir təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ərsəyə gələn bilik festivalına baxış keçirilib. Ulu öndərin anadan olmasının 95 ci ildönümü ilə bağlı keçirilən bilik festivalında əsas məqsəd yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik olan uşaqları (gəncləri) üzə çıxarmaq, onların bacarıqlarını inkişaf etdirmək, məktəbliləri ictimayyətə tanıtmaq, dostluq, birlik,vətənə məhəbbət, sülhsevərlik, milli-mənəvi vəümumbəşəri dəyərlərə hörmət hisslərini tərbiyə etmək və müsbət əhval ruhiyə yaratmaq olub.


Zaqatala

 

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Zaqatalada da silsilə tədbirlər keçiriib. Əsas tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatı fəalları və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Heydər Parkında ulu öndərin abidə kompleksini ziyarət edib, önünə tər çiçəklər düzüb, Azərbaycanın dahi oğluna öz ehtiramlarını bildiriblər.

Sonra Heydər Əliyev Mərkəzində məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış olub, “XX əsr bəşər tarixinin parlaq şəxsiyyəti” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb, rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin geniş məruzəsi dinlənilib.

Məruzədə rayon rəhbəri xalqımızın dahi oğlu, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başladığını, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə cəsarətlə sinə gərərək mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünə inam və siyasi uzaqgörənlik kimi iradi keyfiyyətlərdən məharətlə bəhrələnərək xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdiyini, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olduğunu qeyd edib.

Konfransda çıxış edən natiqlər Heydər Əliyevin bütün həyatını Azərbaycana bəxş etdiyini, xalqımızın xöşbəxt gələcəyi naminə ömrünü xalqına bağışladığını, dövlətçiliyimizin, ölkəmizin iqtisadiyyatının, sosial-mədəni həyatının inkişafında, milli adət-ənənələrinin qorunub saxlanılmasında sonsuz fədakarlıq göstərdiyini qeyd ediblər. Heydər Əliyev siyasi irsinin zəngin bir xəzinə olduğunu bildirən natiqlər bu xəzinədən xalqımızın mənəvi cəhətdən daim bəhrələnəcəyini və ondan Azərbaycan dövlətinin siyasətində həmişə istifadə olunacağını xüsusi vurğulayıblar.


 Kürdəmir

 

 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, YAP-ın üzvləri, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri, rayon sakinləri ulu öndərin adını daşıyan parkda ucaldılmış möhtəşəm abidə önünə tər-çiçəklər düzüb və onun nurlu, əziz xatirəsini bir daha ehtiramla yad ediblər.

Mərasim iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin çoxşaxəli həyat və fəaliyyətini əks etdirən foto-stendlərə, bir-birindən maraqlı eksponatlara böyük maraqla tamaşa ediblər. Tədbir iştirakçıları müzakirələri “Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının yeganə xilaskarıdır” adlı “dəyirmi masa”da davam etdiriblər.

Tədbirdə geniş məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov bildirib ki, bu günlər ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ölkənin hər bir bölgəsində geniş surətdə qeyd edilir: “ Zaman göstərdi ki, ulu öndərimizin bütün addımları gələcəyə hesablanmış, bugünkü Azərbaycan xalqının firavan yaşaması üçün atılmışdır. Ulu öndərimizin Azərbaycan rəhbərliyinə gəlişi sovet dövrünə təsadüf edirdi. Bu dövrdə müstəqillikdən danışmaq ölümə bərabər idi. Müstəqil Azərbaycan haqqında yalnız düşünmək olardı. Müstəqilliyin mənəvi, mədəni, iqtisadi əsaslarını yaratmaq olardı. Heydər Əliyev də bu yolu tutdu. Azərbaycanın inkişafı üçün sovet dövrünün və dövlətinin verdiyi bütün imkanlardan istifadə etdi. Qısa bir müddətdə Azərbaycanı kiçik xammal respublikasından böyük sənaye mərkəzinə çevirdi. Milli-mənəvi dəyərlərimiz inkişaf etdi. Azərbaycan vətəndaşı bir şəxsiyyət kimi yetişdi və tanındı”.

Tədbirdə “Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının yeganə xilaskarıdır” mövzusunda Karrar kənd tam orta məktəbinin direktoru Mais Bayramov, “Heydər Əliyev Kürdəmirdə” mövzusunda əmək qəhrəmanı Sevil Osmanova, “Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda şəhər 3 saylı məktəbin dil-ədəbiyyat müəllimi Əsbət Musayeva, “Böyük xilaskar, əbədiyaşar lider” mövzusunda Carlı kənd tam orta məktəbinin müəllimi Abduləziz Xanəhmədoğlu ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən geniş məruzə ilə çıxış ediblər.


İsmayıllı

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar bütün yaşayış məntəqələrini, ümumtəhsil məktəblərini, idarə, müəssisə və təşkilatları əhatə edən məzmunca zəngin, formaca rəngarəng tədbirlər keçirilib. May ayının 10-da şəhər əhalisi ulu öndərin Mərkəzi meydandakı abidəsini ziyarət edib. Rayon icra hakimiyyəti adından abidənin önünə əklil qoyulub.

Ziyarətdən sonra Dövlət Himni səslənib. RİH-nin başçısı Mirdaməd Sadıqov iştirakçılarla birgə “Kitab bayramı” çərçivəsində təşkil edilmiş kitab sərgisi ilə tanış olub, uşaq bağçaları və ümumtəhsil müəssisələrinin milli mənəvi, etnoqrafik və tarixi dəyərləri təcəssüm etdirən lövhələrinə, ifa olunan rəqslərə, 4 saylı məktəbin şagirdlərinin asfalt üzərində çəkdikləri rəsm işlərinə baxıb. Mədəniyyət mərkəzinin təşkil etdiyi konsert bayram iştirakçıları tərəfindən maraqla qarşılanıb.

“Kitab bayramı”nda fəal iştirakları ilə İsmayıllı sakinləri ulu öndərin xatirəsini daim əziz tutduqlarını, onun müəyyən etdiyi yüksəliş yollarına sadiq olduqlarını bir daha nümayiş etdiriblər.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında